FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Böyük qayıdış
15-06-2021, 10:50 | TƏDQİQATLAR-ANALITIKA
Böyük qayıdış

Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu gün Azərbaycan dövləti yaşadıqca millətin yaddaşında əbədi qalacaqdır. Müstəqilliyimizin bərpasından ötən illərə nəzər saldıqda bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Dahi şəxsiyyətlər nadir hallarda yetişir və özləri tarix yaradırlar. Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi. Müasir Azərbaycan tarixinin 34 illik bütöv bir epoxası, bu illərdə xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafı və dirçəlişi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq.

1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini ikinci dəfə qazanmış respublikamız 1993-cü ilin iyununa qədərki müddətdə böhran, xaos və anarxiya, çaxnaşmalarla qarşılaşmışdı, böhran son dərəcə kəskinləşmişdi. Belə bir ağır və çıxılmaz vəziyyətdə Azərbaycanın əsl xilaskara ehtiyacı vardı. Artıq hamıya aydın idi ki, nə o vaxtkı iqtidar, nə də o dövrdə hakimiyyətə iddialı olan müxtəlif qüvvələr ölkəni düşdüyü bu iflic vəziyyətdən çıxara bilməyəcək. Xalq öz fədakar oğlu Heydər Əliyevə müraciət etdi. Xalqımız yaxşı bilirdi ki, belə bir anda yalnız və yalnız Heydər Əliyev dühası milləti bu düşdüyü bəlalardan qurtara bilər. Xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyinin nicatı üçün Heydər Əliyevi təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Xalqın çağırışına, taleyinə heç vaxt biganə olmayan ulu öndərimiz 1993-cü il iyunun 9-da respublika paytaxtına gəldi və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sessiyasında Ali Sovetin sədri seçildi. Heydər Əliyevin ölkə rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətdən xilas etdi. Ölkədə tüğyan edən hərc-mərclik, vətəndaş müharibəsi, qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələr və digər xoşagəlməz mənfi amillərin qarşısının alınması üçün öz həyatını belə böyük təhlükə altına ataraq bu hallara qarşı kəskin mübarizəyə başladı və qısa bir zaman kəsiyində bu neqativ ünsürlərin, özbaşınalığın qarşısını birdəfəlik aldı, qanunsuz silahlı dəstələr tərk-silah edildi. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu. Bu, böyük ürəkli, cəsarətli Vətən oğlunun öz milləti, öz Vətəni qarşısındakı misilsiz fədakarlığı idi. Həmin tarixi dövr xalqımızın taleyində dönüş anı, itirilmiş inamının qaytarılması, anarxiyadan sabitliyə və inkişafa doğru yeni bir mərhələ oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin dövrü belə xarakterizə etmişdir:

“Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoyuldu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı”. Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı. Azərbaycanı həmişə müstəqil, inkişaf etmiş dünya dövlətləri sırasında görmək istəyən Heydər Əliyev bu barədə demişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun olaraq istifadə olunmasında ulu öndər Heydər Əliyevin neft strategiyası mühüm əhəmiyyət daşıyır.

Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir. Heydər Əliyev böyük siyasət ustadı olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. 1995-ci ildən Azərbaycanda aparılmış hüquqi islahatlar respublikada sabitliyin və inkişafın təməl prinsiplərini müəyyənləşdirmişdir. Heydər Əliyev ölkəmizin gələcək inkişaf istiqamətlərindən danışarkən demişdir:

“Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Dahi şəxsiyyət Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir:

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu gün qürur hissi ilə deyə bilərik ki, dahi Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur. 2003-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən 17 il ərzində ulu öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam və ardıcıllıqla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, — deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu. Prezident cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən vurğulayıb ki, Azərbaycanda Heydər Əliyev siyasi-iqtisadi inkişaf kursu davam etdiriləcək. Çünki bu kursa alternativ yoxdur, bu kurs yüksək inkişaf və tərəqqi yoludur. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurların miqyası olduqca böyükdür. Ötən 17 il ərzində İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində davamlı islahatlar aparılmış, beynəlxalq aləmdə ölkəmizin nüfuz və hörməti artıb, sosial məsələlərə diqqət artırılıb, demokratik inkişaf yolu ilə gedən Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu gün Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir.

Qeyd olunduğu kimi, bu gün Azərbaycanda bütün sahələrdə yüksək inkişafa nail olunub. Bunun təməlində isə xalq-iqtidar birliyi dayanır. Prezident seçkilərində xalqımızın böyük əksəriyyəti öz iradəsini nümayiş etdirərək Heydər Əliyev siyasətinə, onu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevə, bir sözlə, ölkənin sosial-iqtisadi inkişafına, quruculuğa və xalqımızın firavan gələcəyinə səs verdilər. Cənab Prezident andiçmə mərasimində qeyd etmişdir ki, xalq mənə inanır, məni dəstəkləyir və mən də öz növbəmdə xalqa verdiyim sözlərə əməl edirəm və bundan sonra da əməl edəcəyəm.

Son 17 ildə ulu öndərin siyasi kursunu uğurla davam etdirən, Vətənə layiqincə xidmət edəcəyəm deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev öz vədinə sadiq qalaraq ölkəmizin bütün sahələrdə uğurlu inkişafını təmin etdi. Bu gün Azərbaycan iqtisadi inkişafına görə dünyada lider dövlətlərdən biridir. Lakin cənab Prezidentin həyata keçirdiyi siyasi kursda ən əsas məsələ torpaqlarımızın erməni işğalından azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. O, həmişə qətiyyətlə bildirirdi ki, biz heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağıq, torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Ölkə başçısı həmişə bəyan edirdi ki, biz münaqişəni danışıqlar, sülh yolu ilə həll etmək istəyirik, ancaq Ermənistan danışıqlarda konstruktiv mövqe tutmasa biz bu məsələni hərbi yolla həll edəcəyik. Bunun üçün Azərbaycan güclü orduya və iqtisadi gücə malikdir. 30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan erməni vandalları ərazilərimizi əbədi işğal altında saxlamaq istəyirdi və hətta yeni ərazilər ələ keçirmək iddiasında idilər. 2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələri Tovuz rayonu, dövlət sərhədində yeni ərazilər zəbt etmək məqsədilə növbəti təxribata əl atdılar. Bu təxribatın qarşısını Şanlı Ordumuz qətiyyətlə aldı və əks-hücum əməliyyatı keçirərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə torpaqlarımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qazanılan bu şanlı qələbə Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə həkk olundu. Cənab Prezident İlham Əliyev bu barədə deyib ki, bizim Qələbəmiz tarixi Qələbədir: “Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni-Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Vətən müharibəsi parlaq qələbəmizlə başa çatdıqdan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan mütəmadi olaraq, tez-tez işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir və bu səfərlər çox zəngin və əhatəlidir. Belə ki, azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yaradılmasıdır.

2021-ci ilin ilk ayları Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə səfərləri mühüm əhəmiyyət daşıyan hadisələrlə əlamətdar olmuşdur. Belə ki, fevral ayının 14-də ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərini xüsusi qeyd etmək lazımdır. Çünki bu adi bir səfər deyildi. Dövlət başçısının etdiyi səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə dayanarkən ciddi mesajlar vermiş, təməlqoyma mərasimlərinə qatılmış, mühüm obyektlərin açılışında iştirak etmişdir. Əslində bu tədbirləri həm də azad olunmuş ərazilərimizə Böyük Qayıdışın ilk addımları kimi dəyərləndirmək olar.

Azərbaycan Prezidenti İlham Əliyev 16 mart tarixində Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırmışdır. Cıdır düzündə Novruz bayramı ilə əlaqədar xalqımızı təbrik edən ölkə başçısı vurğulamışdır ki, bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq deyirdim ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Novruz bayramını Qarabağda qeyd edəcəyik və bu gün gəldi və Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu böyük xoşbəxtlikdir. Vaxtilə ümummilli liderimiz Heydər Əliyev Novruz bayramı ilə bağlı demişdir: “O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik, o biri il Laçında, o biri il Kəlbəcərdə...”. Böyük öndərin və xalqımızın bu arzusunu Müzəffər Ali Baş Komandan İlham Əliyev gerçəkləşdirdi. May ayının 12-də 29 ildən sonra cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak etdilər. Festivalın açılışında çıxış edən ölkə başçısı bu münasibətlə festival iştirakçıları və Azərbaycan xalqını təbrik etdi və vurğuladı ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik. Uzun illərdən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Biz bu gün buradan -Şuşadan, qədim torpağımızdan mesaj veririk. Şuşa Azərbaycanın, xalqımızın milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir, bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bundan sonra biz Şuşada əbədi yaşayacağıq. Prezidentin Ağdama səfəri çərçivəsində Ağdam şəhəri üçün önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Bundan əlavə, gələcəkdə iş yerlərinin yaradılması məqsədilə Ağdam Sənaye Parkının təməli qoyuldu. Şəhər ən müasir tələblərə uyğun tikiləcək. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq və bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Ağdam və digər şəhərlərimiz tezliklə bərpa olunacaq, bu ərazilərdən məcburi köçkün düşmüş soydaşlarımız öz doğma torpaqlarına qayıdacaq və əbədi olaraq el-obalarında rahat, təhlükəsiz yaşayacaq və qurub-yaradacaqlar.

Bu gün bütün sahələrdə əldə etdiyimiz uğurların əsasında ulu öndərin möhkəm təməlini qoyduğu iqtisadi-siyasi inkişaf strategiyası dayanır. Azərbaycana böyük uğurlar gətirən bu inkişaf, tərəqqi kursu bundan sonra da Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdiriləcək, Azərbaycan daha da çiçəklənəcək, ölkəmiz yeni-yeni uğurlara imza atacaq. Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Ceyhun MƏMMƏDOV, Milli Məclisin deputatı

Bizi İnstagramda izləyin




Baxış sayı: 741
Azərbaycan əhalisinin sayı açıqlandı Bu gün, 17:00 Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 ayda 13 milyard kubmetrdən çox qaz nəql edilib Bu gün, 17:00 “Əsas məqsədimiz İranın nüvə silahına malik olmasına yol verməməkdir” - Tramp Bu gün, 15:30 Azad edilmiş ərazilərdə daha 132 mina, 614 PHS aşkarlanıb Bu gün, 14:30 DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib Bu gün, 10:30 Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb Bu gün, 10:00 Tarixin yaddaşına işıq salan alim — Qafar Cəbiyev Bu gün, 09:30 Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Dünən, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Dünən, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Dünən, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Dünən, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Dünən, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31