FACT-INFO.AZ » İQTİSADİYYAT » Vüsal Qasımlı: Ermənistan beynəlxalq hüquqi məsuliyyətə cəlb olunacaq
13-11-2020, 08:00 | İQTİSADİYYAT
Vüsal Qasımlı: Ermənistan beynəlxalq hüquqi məsuliyyətə cəlb olunacaq

Fact-info.az AZƏRTAC-a istinadən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının müsahibəsini təqdim edir:

- Ermənistanın Azərbaycana qarşı təcavüzünü beynəlxalq hüquq prizmasından necə qiymətləndirmək olar?

- Azərbaycan beynəlxalq ekspertləri də cəlb etməklə Ermənistanın torpaq, su, meşə və faydalı qazıntılara, habelə əmlaka və mədəni sərvətlərimizə vurduğu ziyanı dəqiq hesablayacaq.

Ermənistan dinc azərbaycanlılara vurduğu zərərə görə humanitar hüquq, sülh hüququ və insan hüquqları kimi hüququn fərqli istiqamətləri üzrə məsuliyyətə cəlb oluna bilər.

Humanitar hüquq ümumi hüququn bir qolu olaraq insan hüquqlarını tənzimləyən hüquqi bazadan daha əvvəl formalaşıb. Humanitar hüququn əsasını 1949-cu ildə imzalanan Cenevrə konvensiyalarına dayanan “Cenevrə hüququ”, Haaqa konvensiyalarına (1899-cu və 1907-ci illər) dayanan “Haaqa hüququ” və BMT-nin Baş Assambleyasının bəzi qətnamələri təşkil edir. “Cenevrə hüququ” döyüşlər zamanı bu döyüşlərdə iştirak etməyən şəxsləri, o cümlədən yaralılar, əsirlər, mülki şəxslər və başqalarını qoruyur. “Haaqa hüququ” isə zorakılığın qarşısının alınması üçün döyüş aparılmasının müəyyən metod və vasitələrinin məhdudlaşdırılması və qadağan olunmasını təmin edir.

Cenevrə konvensiyaları 4 hissədən ibarət olmaqla müharibə zamanı yaralılara qarşı davranış, dənizdə gedən hərbi döyüşlərdə zərərçəkən şəxslərə qarşı davranış, hərbi əsirlərə qarşı davranış və 4-cü konvensiya isə müharibə zamanı mülki şəxslərin qorunması ilə bağlı olub. Cenevrə konvensiyalarında əməl etməyə nəzarət Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən aparılır.

4-cü Cenevrə Konvensiyasının tənzimlədiyi mülki şəxslərin qorunması “hüquqi adət normaları” - hər kəsə aid olan və ya əksər dövlətlər tərəfindən hüquqiləşdirilən adətlər olaraq BMT tərəfindən təsdiqlənib. Hüquqi adət normalarının hər hansı bir dövlət üçün tətbiqi müvafiq təşkilatın hüquqi bazasını ratifikasiya etməsindən asılı olmayaraq nəzərdən keçirilir. Başqa sözlə, hüquqi adət normaları, məsələn müharibə zamanı mülki şəxslərin qorunması BMT-nin Ədalət Məhkəməsinin Statusunu ratifikasiya etməyən ölkələrə də şamil olunur. Bu baxımdan Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi mümkündür.

Bəzi hüquqi adət normaları daha önəmli hesab olunaraq imperativ hüquqi normalar (jus cogens) kimi qəbul edilir və mütləq şəkildə hər kəsə aid olunur. Hüquqi adət normaları dövlətin öz hüquqi bazasına zidd olduqda tətbiq olunmasa da, imperativ normalar istisna hesab edilir. Belə ki, bu normalar həmin dövlətin özünün hüquqi bazası ilə təsdiqlənməsə və ya fərqli şəkildə əks olunsa da beynəlxalq müstəvidə vacib və şərtsiz öhdəliklər hesab olunur. Bu normalarla beynəlxalq cinayət, insanlığa qarşı cinayət, aqressiv siyasət (işğalçılıq) və aqressiv müharibə, soyqırımı, quldarlıq kimi məsələlər tənzimlənir.

- Biz deyə bilərikmi ki, Azərbaycana qarşı imperativ hüquqi normaların pozulması faktları baş verib?

- Azərbaycana qarşı məhz beynəlxalq hüquqda qeyri-şərtsiz keçərli olan imperativ hüquqi normaların pozulması faktları baş verib. Belə ki, ilk başda elə ermənilərin Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi beynəlxalq hüquqda aqressiv siyasət olaraq qiymətləndirilir və bu prosesdə kütləvi şəkildə insanların ölümünə yol verilməsi aqressiv müharibə və hətta digər imperativ norma ilə tənzimlənən soyqırımı faktlarını ortaya qoyur. Önəmli fakt aqressiv müharibənin bu addımları atmağa başlayan (təşəbbüskar) tərəfin adına yazılmasıdır, yəni bu hərbi davranışlara cavab verən tərəf beynəlxalq hüquqda aqressiv müharibə aparmış hesab olunmur.

Aqressiv müharibə, həmçinin Haaqa konvensiyalarının pozulması anlamına gəlir. Belə ki, bu konvensiyalarda boğucu qazlar və zərərli maddələr ifraz edən, eyni zamanda, lazımsız əzablara səbəb olan silah və maddələrin istifadəsinə, əmlakın hərbi ehtiyac olmadan məhv edilməsinə, qarət və müsadirəsinə qadağalar nəzərdə tutulur. Bildiyiniz kimi, bu qadağaların bütün punktları üzrə ermənilər Azərbaycana qarşı ciddi pozuntulara yol veriblər. Belə ki, düşmən tərəfindən Azərbaycanın mülki şəxslərinin yaşadığı zonalara ağ fosfor ifraz edən mərmilərin atılması, kasset bombalarından istifadə, işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus olan əmlakın talan və ya bütünlüklə məhv edilməsi faktları qeydə alınıb. Qadağan olunmuş silahların digər nümunəsi olan kassetli silahlardır ki, bu silahların əhalinin sıx yaşadığı ərazilərdə istifadəsi “Beynəlxalq Kassetli silahlar üzrə Konvensiya”da qadağan edilib. Bu silahlar da ermənilər tərəfindən Gəncə, Bərdə və digər yaşayış məntəqələrində mülki əhaliyə qarşı istifadə edilərək kütləvi itkilərə səbəb olub.

- Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı Ermənistanın vandal hərəkətləri beynəlxalq hüquqda öz əksini necə tapır?

- “Haaqa hüququna” əsasən mədəniyyət abidələrini və tibbi müəssisələri qorumaq üçün mümkün olan bütün tədbirlərin görülməsi tələb olunur. Bu tələblər digər beynəlxalq hüquqi sənəd olan “Döyüş əməliyyatları zamanı tarixi və dini abidələrin qorunmasına dair Konvensiya”da da əks olunub. Bu istiqamətdə də ermənilərin ciddi pozuntuları xüsusilə qeyd olunmalıdır. Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində demək olar ki, bütün tarixi və dini abidələri məhv edib və ya dinimizə hörmətsizlik edərək məsciddə donuzlar saxlayıblar. Bundan başqa, sadəcə işğal olunmuş ərazilərdə deyil digər Azərbaycan torpaqlarına silahlı hücumlar zamanı altı həftəlik müharibədə 20-dən çox dini obyekt və tarixi abidənin zərər çəkməsinə səbəb olublar.

- Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti hansı formalarda həyata keçirilə bilər?

- Beynəlxalq hüquqi məsuliyyət - mütləq məsuliyyət hesab olunmaqla beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşı beynəlxalq hüquq öhdəliyinin pozulması nəticəsində vurduğu ziyanı aradan qaldırmaq və vurulmuş ziyanı ödəmək öhdəliyidir. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə reparasiya, restitusiya, təzminat və satisfaksiya məsuliyyəti yaranıb. Bu məsuliyyət həm maddi, həm də qeyri-maddi olmaqla müxtəlif formalara malikdir. Reparasiya hərbi əməliyyatlar nəticəsində məğlub tərəfin qalib tərəfə ödədiyi onlar tərəfindən vurulmuş zərərin qarşılanması prosesidir. Restitusiya isə bir dövlətin cinayət törədilməzdən əvvəl mövcud vəziyyətinə qayıtmasıdır. Buna qanunsuz olaraq tutulmuş şəxslərin sərbəst buraxılması, ələ keçirilmiş əmlakın geri qaytarılması misal göstərilə bilər. Təzminat və ya kompensasiya- müasir beynəlxalq hüquqda maddi və ya mənəvi ziyana görə maddi vəsaitlərin ödənilməsini ifadə edir. Kompensasiya, beynəlxalq münasibətlərdə zərərin ödənilməsinin ən çox istifadə edilən formasıdır. Eyni zamanda, pozuntuları törədən tərəfin əks tərəfdən ictimai formada üzr istəməsi - satisfaksiya, eyni və ya oxşar davranışların təkrarlanmayacağına dair öhdəlik götürməsi də beynəlxalq hüquqda nəzərdə tutulan addımlardır.

- Dünya təcrübəsində beynəlxalq hüquqi məsuliyyətin praktik tətbiqi halları barədə nə demək olar?

- Reparasiya ilk dəfə Birinci Dünya müharibəsi nəticəsində təyin olunub. 1919-cu ildə Almaniyanın və müttəfiqlərinin məsuliyyətini qeyd edən Versal Sülh Müqaviləsi bağlanıb və 269 milyard qızıl marka - təxminən 100 min ton qızılın ekvivalentində təzminat miqdarı təyin olunub.

İkinci Dünya müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub. Bu qərar 1945-ci ildə Yalta Konfransında qəbul edilib. Nəticədə Almaniyadan SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, 2885 fabrik avadanlıqları, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, 1 milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün göndərilib. Bundan başqa, Humboldt Universitetinin astronomik rəsədxanasından teleskoplar, Berlin metro vaqonları və kruiz laynerləri və digər texnoloji avadanlıqlar reparasiya məhsulu olaraq SSRİ-ə ödənildi. Almaniya tərəfindən digər ölkələrə də reparasiya ödənişi mərhələlərlə həyata keçirilib.

Digər nümunə Yaponiya və İndoneziya arasında olan münaqişə nəticəsində təyin olunan reparasiyadır. 1958-ci il yanvarın 20-də imzalanan sülh müqaviləsi və təzminat müqaviləsi nəticəsində Yaponiya 12 il ərzində İndoneziyaya 223 milyon dollar ödəməli idi. Bundan başqa, BMT tərəfindən İraqa 1990-1991-ci illərdə Küveytə qarşı qanunsuz işğal nəticəsində dəyən ziyana və itkilərə görə təzminat ödəmək öhdəliyi irəli sürülüb. Təzminatın ödənilməsini təmin etmək üçün isə Beynəlxalq Millətlər Təşkilatının Təzminat Komissiyası qurulub.

- Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunma mexanizmi necə olacaq?

- Beynəlxalq müstəvidə məsuliyyətə cəlbetmə, həm də Azərbaycan Respublikasının “Cinayət Məcəlləsi”ndə öz əksini tapıb. Bu baxımdan ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmə həm beynəlxalq hüquq qaydasında, həm də dövlətdaxili qanunvericilik əsasında həyata keçirilə bilər. Dövlətdaxili hüquq qaydasına əsasən, cinayətdə məsul tutulan şəxslər beynəlxalq axtarışa verilir, daha sonra olduğu hər hansı bir ölkənin müvafiq orqanları tərəfindən şəxs tutularaq istintaq orqanına təhvil verilir və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən mühakimə olunur. Bu mümkün olmadıqda beynəlxalq hüquqda və beynəlxalq məhkəmələrdə bu məsələnin həlli nəzərdən keçirilir.

Azərbaycanda beynəlxalq cinayətlərə görə məsuliyyət ilk dəfə 1999-cu il “Cinayət Məcəlləsi”ndə müəyyən olunub və “Cinayət Məcəlləsi”nin 10-cu maddəsinə əsasən əməlin cinayət sayılması və həmin əmələ görə cəza bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir – yəni cinayət - hüquqi normaların retroaktiv (geriyə) tətbiqi qadağandır. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri bu tarixdən sonra törədildiyi halda daxili məhkəmələr tərəfindən məsuliyyətə cəlb oluna bilər.

Azərbaycan Respublikası Baş Prokurorluğu bu sahədə sistemli və təqdirəlayiq fəaliyyətlər göstərir. Artıq qeyd olunduğu kimi, ermənilər tərəfindən törədilmiş cinayətlər beynəlxalq cinayət hesab olunur və universal yurisdiksiyaya malikdirlər, bu o deməkdir ki, digər dövlətlər öz dövlətdaxili qanunvericiliyinə arxalanıb Azərbaycanda beynəlxalq cinayətləri törətmiş şəxsləri məsuliyyətə cəlb edib mühakimə edə bilər. Danimarkanın, Almaniyanın və bəzi başqa dövlətlərin son illərin praktikasında məhz universal yurisdiksiyaya söykənərək dövlətdaxili qanunlarla Yuqoslaviyada və Ruandada insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin mühakimə edilməsi praktikasını misal göstərə bilərik.

- Beynəlxalq müstəvidə məsuliyyətə cəlb etmənin daha hansı formalarından istifadə edə bilərik?

- Burada “Ad hoc” - müvəqqəti yaradılmış tribunallar yaradıla bilər. Bu tip orqanlar konkret bir münaqişənin həll olunması, bu istiqamətdə təqsirləndirilən tərəfin məsuliyyətə cəlb edilməsi üçün müvəqqəti olaraq yaradılır. Bu tip tribunallar BMT-nin Təhlükəsizlik Şurasının və ya BMT Baş katibinin təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının qərarları əsasında təşkil oluna bilər. Dünya təcrübəsində Yuqoslaviya, Ruanda, Livan və ya Syerra-Leone tipli “Ad hoc” tribunalların yaradılmasını qeyd etmək olar.

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) 124 ölkə tərəfindən ratifikasiya olunan Roma Statusu əsasında fəaliyyət göstərərək beynəlxalq müstəvidə törədilmiş cinayətlər üzrə günahkar tərəflərin məsuliyyətə cəlb olunmasını təmin edir. Beynəlxalq Cinayət Məhkəməsi hazırda üç cinayət növünü əhatə edir: soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər. Roma Statusu qüvvəyə minməmişdən əvvəl törədilmiş hər hansı cinayətlə bağlı yurisdiksiya həyata keçirə bilmədiyindən Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən törədilən vəhşiliklər məhkəmənin baxdığı hər 3 istiqaməti əhatə etsə də, təəssüflər olsun ki, tribunaya çıxarılması mümkün olmayıb. Lakin bu gün Qarabağın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində düşmənin etdiyi beynəlxalq hüququ pozan davranışlar BMT vasitəsilə Beynəlxalq Cinayət Məhkəməsinə də çıxarıla bilər.

- Ermənistanın Azərbaycana qarşı təzminat ödənişini necə tələb etmək olar?

- BMT-nin Təzminat Komissiyası (UNCC) Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsinə əsasən, 1991-ci ildə, İraqın 1990-1991-ci illərdə Küveytə qanunsuz işğalı nəticəsində təzminat ödənməsini təmin etmək məqsədilə qurulub. Komissiya tərəfindən 2,7 milyon iddiaya qarşılıq bu günə qədər 350 milyard dollar təzminatın ödənilməsi təmin olunub. Komissiya altı tələb kateqoriyası üzrə təzminat ödənilməsini tənzimləyir.

Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin ali məhkəmə orqanı olaraq iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir.

Avropa İnsan Hüquqları Məhkəməsi “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəməyə bu Konvensiyanı ratifikasiya etmiş dövlətlərin vətəndaşları müraciət edə bilər. Lakin Konvensiya üzrə müdafiə yalnız fərdlə hakimiyyət arasında olan münasibətlərə tətbiq edilir. Yəni, zərərçəkmiş hər bir Azərbaycan vətəndaşı Ermənistan dövlətini bu şəkildə şikayət edərək məsuliyyətə cəlb edə bilər. Artıq bu istiqamətdə fəaliyyətlər başlayıb.

- Ermənistanın vurduğu ziyanın qiymətləndirilməsi sahəsində hansı işlər görülür?

- Konfliktlərin vurduğu zərərlərin ölçülməsi istiqamətində iki üsuldan istifadə oluna bilər. Birincisi, birbaşa zərərlərin qiymətləndirilməsi, burada birbaşa olaraq dağıdılmış infrastruktura dəymiş zərərlərin real dəyəri ilə qiymətləndirilməsi aparılır. İkincisi, dolayı zərər, burada isə infrastrukturun məhvi nəticəsində itirilmiş imkanlar və əlavə faydaların qiymətləndirilməsi aparıla bilər.

Müxtəlif münaqişələrdə əsas təsirlərin qiymətləndirilməsi metodlarından da istifadə edilib. Örnək olaraq, Yəməndə 2019-cu ildə BMT-nin İnkişaf Proqramı tərəfindən dəymiş təsirlərin qiymətləndirilməsi aparılıb. Bu daha çox nəticə əsaslı qiymətləndirmə metodologiyasına əsaslanıb. Müharibənin vurduğu zərərlərin qiymətləndirilməsi və nəticədə yeni infrastruktur sisteminin qurulması üzrə ehtiyacların müəyyənləşdirilməsi üçün digər bir qiymətləndirmə isə Dünya Bankı tərəfindən 2018-ci ildə İraqda aparılıb. İŞİD terror təşkilatı tərəfindən dağıdılmış infrastrukturun sosial, istehsal, kommunal təsərrüfatı, dağıdılmış evlər, turizm obyektləri, nəqliyyat, dövlət obyektləri, ekologiya və sair sahələr üzrə qiymətləndirilməsi aparılıb.

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.




Baxış sayı: 1 104
Polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi qaziləri ilə görüşüb Dünən, 20:00 COP29-da əldə olunan razılaşma Britaniyanın maraqlarına tam cavab verir Dünən, 19:00 TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri bir araya gəliblər Dünən, 13:30 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib Dünən, 11:00 Azərbaycan kəlağayısının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub Dünən, 10:30 ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb Dünən, 10:00 Moldovanın Aİ-yə üzv olmaq üçün real şansı var Dünən, 09:30 “Azərbaycan kəlağayısı günü” Dünən, 09:30 Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib 26-11-2024, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər 26-11-2024, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib 26-11-2024, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub 26-11-2024, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq 26-11-2024, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir 26-11-2024, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib 26-11-2024, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib 26-11-2024, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930