FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Qubadlı rayonunun işğal olunmasında 27 il ötdü
31-08-2020, 06:55 | TƏDQİQATLAR-ANALITIKA
Qubadlı rayonunun işğal olunmasında 27 il ötdü

XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-yə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. Sovet rəhbərliyinin çox ciddi və bağışlanmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistan ilə həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.

SSRİ rəhbərliyinin himayədarlığı sayəsində Ermənistan Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatları genişləndirməklə yanaşı, 1988-ci ildən - 1991-ci ilin sonunadək Azərbaycanın Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarına 304 dəfə silahlı hücum etmiş, 1249 dəfə kütləvi artilleriya atəşinə tutmuş, nəticədə 411 nəfər öldürülmüşdü. Hücumlar Naxçıvan, Sədərək və Ordubad istiqamətlərində də edilmişdi. Halbuki, adı çəkilən və Ermənistanla sərhəddə yerləşən bu rayonların ermənilərin ərazi iddiası olan Dağlıq Qarabağa aidiyyəti yox idi. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün təkcə Dağlıq Qarabağla məhdudlaşmadığını göstərirdi.

1991-ci il oktyabrın sonu - 1992-ci ilin əvvəllərində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, Salakətin, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan, Malıbəyli, Quşçular, Kosalar, Qaradağlı və digər strateji əhəmiyyətə malik, azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi, əhalisi təcavüzə və soyqırımına məruz qalaraq öz doğma yurdlarından məcburən köçkün düşdü. XX əsrin sonunda - 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur. 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri və rayonun 30 kəndi işğal edildi.

İyirmi yeddi il əvvəl – 1993-cü il avqust ayının 31-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən 802 km² sahəsi, 30,3 min nəfər əhalisi, 1 şəhər və 93 kənddən ibarət olan qədim Qubadlı rayonunu bütünlüklə işğal etdilər. Hazırda Qubadlı rayonunun 42 mindən çox əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşmışlar.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ silsiləsinin cənub-qərb ətəklərində yerləşir. Ən uca nöqtəsi dəniz səviyyəsindən 2003 metr yüksəklikdəki Topağac zirvəsidir. Ərazisindən Bərgüşad və Həkəri çayları axır. Şimalda Laçın, qərbdə Ermənistan Respublikası (120 km), şimal-şərqdə Xocavənd rayonu (42 km), şərqdə Cəbrayıl, cənubda və cənub-qərbdə isə, Zəngilan rayonu ilə həmsərhəddir.

İşğaldan əvvəl Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi, 111 mədəni maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub, 23 kino qurğusu, eləcə də, 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti, 21 rabitə müəssisəsi fəaliyyət göstərirdi.

Bununla yanaşı, Qubadlı şəhəri ərazisində aşkar olunmuş “Xırman yeri” adlı yaşayış yeri, Əliquluuşağı kəndində aşkar olunmuş “Qalaça”, “Koroğlu qalası”, Muradxanlı kəndi ərazisində “Mal təpə” abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir. Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.

Bunların sırasında Əliquluuşağı kəndi ərsizində “Mağara” məbədi (IV əsr), “Qalalı” qalası, qədim “Göy qala” (V əsr), Gayr dərəsində “Mağara” məbədi (IV əsr), Zor və Balahəsənli kəndindəki sığınacaqlar (IV əsr), Muradxanlı kəndində yeraltı keçidlə “Qalalı” qalası (V əsr), Laləzar körpüsü (1867-ci il), Mahmudlu kəndi ərazisində “Qara qaya” sığınacağı, Xocamusaxlı kəndində “Qalaçid” qalası (XIV əsr), Dondarlı kəndində Hacıbədəl körpüsü (XVIIIəsr), eləcə də Əyin, Dondarlı, Dəmirçilər, Yusifbəyli, Seytas, Qarağaclı, Mahrızlı, Xocamsaxlı kəndlərindəki qədim Daş sandıq, Daş qoyun fiquru, Cavanşir türbəsi, eləcə də bir sıra qədim məscidlər, türbələr, sığınacaqlar, körpülər, bulaqlar və digər tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vandalizminə məruz qalmış, dağıdılmış və məhv edilmişdir. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan etmiş, eləcə də digər tarixi abidələr hazırda işğal altındadır.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmışdır. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 mln. kitab və qiymətli tarixi əlyazmalar məhv edilmiş, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilmiş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalmış, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşmüşdür. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Bununla yanaşı, 1988-1994-cü illərdə müxtəlif səpkili yaşayış məntəqələrində və mülki obyektlərdə, sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, hava nəqliyyatında, Bakı Metropolitenində, sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı nəticəsində 1200 nəfər dinc sakinlər həlak olub, 1705 nəfər yaralanıb. Bu faktlar, soyqırımı və vandalizm aktları təsdiq edir ki, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Bu baxımdan, iyulun 12-də qəsdən Azərbaycan-Ermənistan sərhədində baş verən mülki əhaliyə qarşı təcavüz aktı ictimai fikri işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini göstərir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq indiyə kimi Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması nəticəsində münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini tapmayıb.

Qeyd etmək lazımdır ki, XX əsrin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Bununla yanaşı, Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Beynəlxalq hüquq normalarının ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın dövlətinin öz milli maraqları uğrunda, ərazi bütövlüyümüzün bərpa olunmasına nail olmaq üçün sona qədər mübarizə aparacağını bildirib. Dövlət başçısı son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmişdir.

Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğuldur. Buna rəvac verən ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları da elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şirnikləndirir. Ona görə ATƏT Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməli, Dağlıq Qarabağ və ətraf yeddi rayondan etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır. Təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in Minsk qrupuna olan ümidləri də heçə endirmişdir.

Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.

Ona görə də dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdır. Əks təqdirdə, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ vardır və bundan istifadə edəcək.




Baxış sayı: 2 408
Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb Dünən, 12:00 Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb Dünən, 12:00 Şuşada Türk Dövlətləri Rəqabət Forumu Dünən, 11:30 Media nümayəndələri üçün insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiya keçirilib 12-06-2026, 19:30 İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq 12-06-2026, 19:00 HDİM İB növbəti tədbirini Ağsuda keçirdi 12-06-2026, 18:30 Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib 12-06-2026, 18:00 AIR Center Chairman: Azerbaijan's principled position towards Armenia remains unchanged 12-06-2026, 16:30 “Təbii Zəka - Natural Intelligence” sərgisi açılıb 12-06-2026, 10:00 “Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib 12-06-2026, 09:30 İşğaldan azad edilmiş ərazilərdə builki məzunların sayı açıqlanıb 12-06-2026, 09:30 Tramp: Bu gün İranla müharibəyə son qoyduq 12-06-2026, 09:30 “Maqadan: Sonuncu dayanacaq” kitabı 11-06-2026, 20:00 Aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq 11-06-2026, 19:00 Fərid Şəfiyev: Azərbaycanın Ermənistanla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır 11-06-2026, 18:30 Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir 11-06-2026, 18:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq 11-06-2026, 13:00 Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır 11-06-2026, 12:30 Tanınmış Xalq rəssamının irsinə həsr olunan təqdimat hazırlanıb 11-06-2026, 12:30 “İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabı 11-06-2026, 11:00 Vaşinqtonda keçirilən Trans-Xəzər Forumu Orta Dəhlizin artan strateji rolunu önə çıxarıb 11-06-2026, 10:00 Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək 11-06-2026, 08:30 Qurtuluşun əbədi işığı 10-06-2026, 20:30 Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib 10-06-2026, 20:30 Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır 10-06-2026, 19:30 Klassik ənənə və müasir yanaşma 10-06-2026, 16:00 Sovet repressiyasının hədəfində hər zaman böyük şəxsiyyətlər olub 10-06-2026, 12:00 İl ərzində 8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib 10-06-2026, 12:00 Medianın İnkişafı Agentliyində ictimai müzakirə 10-06-2026, 12:00 Azərbaycanda bu şəxslər hərbi xidmətə çağırılmır - Yeni qaydalar 10-06-2026, 10:00
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930