FACT-INFO.AZ » CƏMİYYƏT » Bəhmən Mirzə Qacar, hanı sənin övladların?!
28-01-2019, 08:15 | CƏMİYYƏT
Bəhmən Mirzə Qacar, hanı sənin övladların?!

Geniş mənada ölkə prezidentinin, məhəlli anlayışda isə icra başçılarının adı ilə bağlı olan bu işləri birmənalı olaraq hamı bəyənir və təqdir edir. Yerli sakinlər isə göz qabağında yeniləşən, genişlənən, müasirləşən və təmiz saxlanan şəhərləri ilə həm də qürur duyur, onu həvəslə öz qonaqlarına göstərir və fərəhlərini bölüşürlər. Mənim qohumlarım da bu baxımdan istisna təşkil etmirdilər, Tərtər çayı boyunca salınmış gözəl bulvar, Heydər Əliyev Parkı, şəhərin geniş küçələri və abad yolları, yeni tikilmiş, eləcə də daş üzlüklə örtülərək yaraşıqlı hala salınmış köhnə binalar həqiqətən bu şəhərin görkəmini xeyli dəyişib. Xüsusilə, son illər bütün regionlarda bir qayda olaraq tətbiq edilən tarixə söykənən arxitektura üslubu - şəhərlərdə, rayon mərkəzlərində və ümumiyyətlə, hər rayonun giriş və çıxış göstəricisi olan ərazilərdə qala divarları, gümbəzlər və s. bu kimi klassik Şərq memarlıq elementləri şəklində tikililərə Bərdə də təsadüf olunur. Ən gözə görünəni isə kilometrlərlə uzanan və qədim qala divarlarını xatırladan hasarlardır ki, birbaşa təyinatından - şəxsi evlərdən ibarət yaşayış məhəllələrini "gizlətməkdən" başqa, həm də şəhərin qədimliyinə bir işarə kimi qavranılır. Bərdə kimi həqiqətən qədim bir şəhərdə bu divarlar tarixlə müasirlik arasında bir ahəngdarlıq yaradır və biz yeni Bərdədən aldığımız bu xoş təəssüratlarla qədim Bərdənin görüşünə gedirik...

İlk olaraq məşhur Bərdə türbəsinin yerləşdiyi və el içində Nüşabə qalası da adlanan tarixi abidə-qalaya gəlirik... Və xoş əhval-ruhiyyəmiz yavaş-yavaş pozulmağa başlayır. Əvvəla, istirahət günü olmasına baxmayaraq, qalaya giriş darvazası qarşısında heç kimin olmaması və ətrafdakı dərin sükut təəccüb doğurur. Sanki Sovet dövründən qalmış köhnə, rəngi solmuş dəmir qapıdan kiçik bir qıfıl asılıb. Qohumum ətrafı dolaşır, yaxın evlərin qapılarını döyür, nəhayət, bir nəfər gəlib qıfılı açır. İstirahət günü, yəni belə yerlərə ziyarət üçün ən münasib bir zamanda muzey-qalaya girişin nə üçün bağlı olduğunu soruşuruq və məlum olur ki, qala, ümumiyyətlə həmişə və bütün gələnlər üçün bağlıdır, yəni "işləmir". Nə üçün sualına: "Rəhbərliyin göstərişidir" cavabını alırıq və yerli sakinlərin, məktəblilərin və bu qədim abidəni könüllü ziyarət etməyə gələnlərin üzünə bağlı olan bu tarixi məbədin yalnız xüsusi qonaqlar üçün icazə ilə açıldığını öyrənirik. Həmçinin, bura heç bir turist dəstələrinin, xarici qonaqların - filanın da gəlmədiyi, daha dəqiq deyilərsə, gətirilmədiyi aydın olur. Bakıdan gəldiyimizi və tarixçı olduğumuzu biləndə bizi içəri buraxırlar və gördüklərim məni, düzü, əvvəlcə bir qədər şübhə ilə qarşıladığım həmin məlumatların həqiqətə uyğun olduğuna inandırır. İlk olaraq, əlbəttə ki, Bərdə türbəsini ziyarət edirik.

Azərbaycanın nadir memarlıq nümunələrindən sayılan bu türbə 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub Hafiz tərəfindən inşa olunub. Üzərində 200 dəfədən çox "Allah" sözü yazılıb və bu sözü bütün istiqamətlərdən oxumaq mümkündür. Bu abidənin tarixi haqqında ətraflı yazmağa lüzum görmürəm, maraqlananlar ən azı internetdə xeyli məlumat tapa bilərlər. Bircə onu qeyd edim ki, əsrlərdən bəri müxtəlif dağıntılara məruz qalan Bərdə türbəsinin bərpasına 1950-ci (bəzi mənbələrdə - 60-cı) illərdə başlanılıb, lakin səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib, kitabələr silinib. Türbənin bərpasına bir də müstəqillik illərində, 2012-ci ildə dövlət tərəfindən başlanılıb, 2018-ci ildə başa çatıb və 25 mart tarixində, yəni təxminən 10 ay bundan qabaq ölkə başçısının iştirakı ilə onun təntənəli açılışı olub. Türbənin divarlarındakı sarı kərpiçlərin (deyilənə görə, Daşkənddə xüsusi sifarişlə hazırlanıb) 1-2-sinin, bəzi yerlərdə isə suvağın tökülməsinə baxmayaraq, hər halda bərpa işlərinin nəticəsi göz qabağındadır. Amma türbənin ətraf ərazilərindəki tör-töküntü, zibillik, yəqin ki, açılış üçün hazırlanmış taxta istirahət köşklərinin sınıq-salxaq görünüşü, həmin təntənəli açılışdan sonrakı aylarda buraların baxımsız qaldığını büruzə verir. Bizə bələdçilik edən sakinin Türbə ərazisindəki mövcud vəziyyəti, bura nə üçün ziyarətçilərin buraxılmadığı, ərazidə çayxana kimi tikilmiş obyektin niyə işləmədiyi və s. bu kimi hallarla bağlı danışdıqlarını burada təkrar etməyi lazım bilmirəm. Amma heç cür ağla, məntiqə sığmayan, tariximizə hörmətsizlik, təhqir saydığım vəziyyəti diqqətə çatdırmağı zəruri hesab edirəm.

Bərdə türbəsi, inşası - bəzi mənbələrə görə eramızdan əvvələ, yaxud da IV-VI əsrlərə aid edilən Bərdə Torpaqqala adlı müdafiə qurğusunun içərisində yerləşir. İlk baxışda bu torpaq-palçıq qala nə üçünsə nəzəri cəlb etmir, yalnız türbədən sonra ətrafa diqqət etdikdə onun həqiqətən o qədər də hündür olmayan, palçıq divarların içindəki ərazidə yerləşdiyini görürsən. Bu diqqətsizliyə bir səbəb qala divarının alçaq olmasıdırsa, əsas səbəb onun hər tərəfdən az qala bitişik tikilmuş yaşayış evləri ilə əhatə edilməsidir. Dövlət tərəfindən qorunan bu Qala-abidənin bir küncü isə tamamilə uçurulub, özü də insan əli ilə! Belə ki, qonşuluqda yaşayan bir kəs, görünür ki, lap yuxarı səviyyədə icazə alaraq (bu işi icazəsiz görmək olarmı?) evini böyütmək məqsədilə qala divarının bir hissəsini söküb və evini abidə ərazisinin içinə salıb. Bələdçimizin dediyinə görə, son vaxtlara qədər qalanın divarlarında və xüsusilə künclərində gözətçi bürcləri varmış. Həmin bürclərdən birini məhz həmin bu "imtiyazlı" ev yiyəsi söküb və beləliklə, öz evinin bir hissəsini "tarixiləşdirib". Qalan bürclərin vəziyyətini fotolardan görə bilərsiniz.

Nə deyəsən? Nə edəsən? Alban dövlətinin varisi olduğumuzu bu dövlətin paytaxtına - Partava-Bərdənin ən qədim memarlıq nümunəsinə belə münasibətimizləmi sübut edirik? Bu torpaq qalanın kiçik bir divar parçasının cild-cild yazılan kitablardan, ağzı köpüklü nitqlərdən daha inandırıcı olduğunun fərqinə varırıqmı?

Tarixi Bərdənin qədim Qala divarları zibilliklər, çürümüş ağac-yarpaq təpələri içində itib-batırkən, qonşu evlərin, su çənlərinin, saysız dəmir boruların, təsərrüfat tikililərinin "təcavüzünə" məruz qalırkən müasir Bərdənın "tarixisayaq" üslubda tikilmiş möhkəm, hündür daş hasar-divarlarını necə qəbul edəsən? Tarixə ehtiram, yaxud sadəcə təqlid kimi?! Bəlkə elə bu səbəbdən və elə yaxşı ki, vaxtilə Böyük İpək yolunun üstündə yerləşən, şöhrəti əsrləri aşan Bərdəyə bu gün turist axını təşkil edilmir? Bəlkə elə buna görə Bərdə qalasının qapısı günlərlə, aylarla bağlı qalır? Öz tariximizə həqiqi varislik etməyi bacarmırıqsa, bəlkə doğrudan da bunu, heç olmasa başqalarına nümayiş etdirməyək?

Dövlət tərəfindən qorunan (belə qorunan!) qala divarlarının özlərinin tarixən möhkəm və davamlı olacağı ümidi ilə buranı tərk edirik. Bərdə sakinləri kimi həm öz gördüklərindən, həm də biz - qonaqların əhvalının pozulmasından qanı qaralmış qohumlarım - "Gedək, daha bir tarixi yerə baxın, ora burdan abaddır" deyə məni və rəfiqəmi ruhlandırmağa çalışır. Gedirik...

Bərdənin tarixi abidələri ilə tanışlığımızı davam etdiririk və "İmamzadə" memarlıq kompleksinə gəlirik. Kompleks şəhərin mərkəzində qəbiristanlıq ərazisində yerləşir və İmamzadə türbəsi ilə məşhurdur. Ehtimal olunur ki, türbədə İmam Cəfərin qız nəvəsi hansısa İsmayıl adlı bir şəxs dəfn olunub, onun qəbri ətrafındakı məscidi isə İbrahim adlı bir bərdəli tacir tikdirib. El içində həm də "İbrahim" məscidi adlanan bu abidənin və türbənin dəqiq tikilmə tarixi məlum deyil, XII, yaxud XIV əsrlər göstərilir, sonrakı əsrlərdə onun bir neçə dəfə bərpa olunduğu bildirilir. İstənilən halda məscidin də, içindəki qəbrin, ətrafdakı tikililər və qəbirlərin də vəziyyəti bu kompleksin abad saxlanıldığı və yaxşı qorunduğundan xəbər verir. Türbəyə gedən yolda sıra ilə qəbirüstü daşlar düzülüb. Əsasən XIX əsrdə yaşamış insanlar haqda məlumatların (adı, yaşı, ölüm tarixi, Qurandan ayələr və s.) ərəb hərfləri ilə yazılmış bu baş daşlarının sinə daşları kimi səliqə ilə yan-yana yerləşdirilməsi belə düşünməyə əsas verir ki, qəbiristanlıqda bərpa işləri aparılarkən, görünür ki, yazıları yaxşı saxlanmış bu daşları qəbirlərin üzərindən götürərək yenidən nizamla düzüblər. Başdaşlarının üzərindəki yazıların latın əlifbasına keçirilərək kiçik lövhələrdə ayrıca göstərilməsi də bu işin məhz kompleksin bərpası zamanında görüldüyündən xəbər verir. Köhnə qəbir daşlarının bu cür "istifadəsinin" nə qədər münasib olduğunu qiymətləndirməkdə çətinlik çəksəm də, hər halda bu işin qəbiristanlığın qədimliyini (tarixiliyini) göstərmək fikri ilə görüldüyünü düşünürəm. Ətrafa nəzər salırıq. İri, qara mərmər baş daşları bu qəbiristanlığın yalnız tarixi olmadığını göstərir. Qohumlarım Bərdənin ayrı-ayrı tanınmış, hörmətli ailələrinin nümayəndələrinin dəfn olunduğu qəbirlər arasında gəzirlər, şəkillərinə baxırlar, onların çoxunu tanıyırmışlar, haqlarında ehtiramla danışır, ruhlarıma rəhmət oxuyurlar. Sinə daşlarına həkk olunmuş yazılardan, şeir parçalarından bu qəbirüstü abidələrin əksəriyyətinin mərhumların övladları tərəfindən qoyulduğu məlum olur. Məscidin hər iki tərəfində mərasim keçirmək üçün yanları açıq, üstüörtülü geniş tikililər var ki, onları da Bərdənin bir imkanlı sakini ehsan olaraq inşa edib. Bir qədər kənarda İbrahim məscidinə bənzər, iki minarəli, günbəzli, bu yerlərin memarlıq uslubuna uyğun sarı kərpiçdən inşa edilmiş, lakin daha kiçik ölçüdə bir tikili görürük. Məlum olur ki, bu da Bərdənin çox hörmətli bir sakininin şərəfinə övladları tərəfindən ucaldılmış sərdabədir.

Bütün bu möhtəşəm tikililərin, qəbirüstü abidələrim arasında diqqətimizi qəbiristanlığın düz ortasında olan birmərtəbəli, köhnə, sadə görünüşlü, bir günbəzli kərpiç bina cəlb edir. Üstünə böyük bir məlumat lövhəsi vurulub. Yaxınlaşıb oxuyanda gözlərimə inanmıram... Bir də oxuyuram: "... Bəhmən Mirzə türbəsi. 1880-ci ildə ...." Söhbətin Qacarlar sülaləsinin tanınmış nümayəndəsi, İran şahı Fətəli şahın nəvəsi, Cənubi Azərbaycanın hakimi, vəliəhd Abbas Mirzənin oğlu, ömrünün mürəkkəb bir kəsiyində həyatında kəskin dönüş etmiş, Rusiya imperatorluğunun himayəsinə girmiş və taleyini əbədi olaraq Qarabağla bağlamış şahzadə Bəhmən Mirzə Qacardan getdiyi aydındır. Düzü, onun Şuşada məskən saldığını bildiyimdən dünyasını dəyişdikdən sonra elə orada dəfn olunduğunu düşünürdüm. İndi öyrənirəm ki, bütün Qarabağı qarış-qarış gəzən Bəhmən Mirzə Bərdəni çox sevərmiş və ahıl çağında, 1880-ci ildə burada, İmamzada türbəsindən bir qədər aralıda özü üçün o zaman üç gümbəzli - üç otaqlı bu türbəni tikdirib və oğlanlarına həmin türbədə dəfn olunmasını vəsiyyət edib. 1884-cü ildə onun bu vəsiyyətinə əməl olunub.

Təbii ki, türbənin içinə keçmək istəyirik, kiçik göy rəngli taxta qapının üstündəki qıfıla baxmayaraq, onun açıq olduğuna sevinirik... Və bütün bu qəbiristanlıq ərazisində gördüyümüz abadlıq, təmizlik, möhtəşəmlikdən sonra qarşımızda açılan mənzərədən acı bir heyrətə gəlirik! Üç kiçik, iç-içə otaqların hamısının divarları və bir-birinə birləşdirilmiş gümbəz-tavanların hər üçü nəmişlikdən kif bağlayıb, rəngləri solub, suvaqları tökülüb... Görünür, tikildiyi vaxtdan türbənin içinə əl gəzdirilməyib. Üç otaqdan ikisinin günbəzi xaricdən sökülsə də, içəridə dairəvi tavan şəklində qalır. Birinci, giriş qapısı olan otağa yəqin ki, nə vaxtsa kompleksin həyətinə vurulmuş, indi isə çıxardılmış "İbrahim məscidi" adlı geniş məlumat-lövhə qoyulub. Görünür ki, bu lövhəni atmaq, yaxud harasa aparmaq istəməyərək Bəhmən Mirzənin türbəsinin bu boş otağını anbar kimi istifadə ediblər. İkinci otaq boşdur. Yalnız üçüncü otağın divarlarına nəstəliq xətti ilə Quranın ayələri yazılmış 6 qara mərmər lövhələr hörülüb. Mütəxəssislərin fikrincə, bu ayələr iztirab, təlaş, həsrət və sarsıntılarla dolu ömür yaşamış bir şəxsə aid edilə bilər. Və elə bu otaqda da həmin ayələrin məzmununa uyğun bir həyat yaşamış şəxsin - Bəhmən Mirzənin məzarı yerləşir. Lakin məzarın görünüşü Bəhmən Mirzənin keşməkeşli həyat yolu haqda hər hansı fikirləri arxaya qoyur.

Üstü palçıqla örtülmüş və bəzi yerlərdə çat vermiş bu məzarın doğurduğu təəssüratı sözlə ifadə etmək mümkün deyil. Qəbrin üzərində aliminium "profil" və şüşədən quraşdırılmış "sarkofak" təyinatlı örtük bu türbəyə son dövrlərdə ayrılan "diqqətin" yeganə nişanəsidir. Şüşənin iç tərəfdən damcılarla örtülməsi bu qurğunun hava buraxdığını, nəm çəkdiyini və qəbrin üstündəki palçıq çatların da bu səbəbdən yarana biləcəyini göstərir. Burada istər-istəməz Şüvəlanda, Gəncədə və digər yerlərdə, elə Bərdənin özündə müqəddəslik zirvəsinə qaldırılaraq ziyarətgaha çevrilmiş qəbirlərin üstlərinin və onların üzərində ucaldılmış məqbərələrin İrandan məxsusi dəvət olunmuş mütəxəssislər tərəfindən kaşı, güzgü və digər elementlərlə bəzədilmiş zəngin və təmtəraqlı görkəmi ilə müqayisə etmək istəyi doğur... Tarixi şəxsiyyət Bəhmən Mirzənin xatirəsinə bu qədərmi ehtiram yoxdur?...

Qacarlar dövlətinin məhz Azərbaycan dövləti olduğunu ağız dolusu sübut etməyə çalışan bir ölkənin məsullarının və alimlərinin Şimali Azərbaycanı bilavasitə Qacarlar sülaləsi ilə bağlayan ən yüksək mənsəbli şəxsin - şahzadə Bəhmən Mirzənin qəbri və sərdabəsi bu vəziyyətdəmi saxlanılmalıdır?

Bəhmən Mirzənin qəbrinə olan bu izahedilməz münasibəti nə ilə izah etmək olar? Doğrudanmı bu Şahzadənin öz həyatının ən mühüm seçiminə - Rusiya təbəəliyinə keçməsinə İranda verilən mənfi qiymətlə? Yaxud həmin mövqedən çıxış edən bizim də bəzi tarixçilərimizin bir şəxsiyyətin həmin hərəkətini az qala satqınlıq, xəyanət kimi qiymətləndirməsi ilə?

Yox! Əlbəttə ki, yox! Təbii ki, yox! Bəhmən Mirzənin heç də Rusiya torpağına deyil, Azərbaycan-Qarabağ torpağına köçdüyü və bu tayda Qacarlar qolunun bütöv bir nəslinin əsasını qoyduğu həqiqəti danılmazdır. 38 yaşında İran sarayında şahzadə qardaşlar arasında hakimiyyət davası nəticəsində həyatını və ailəsini xilas etmək məqsədi ilə İranın siyasi həyatında iştirakdan əl çəkmək qərarını vermiş Bəhmən Mirzə Çar Rusiyasına pənah gətirmiş və öz hərəmləri (7 xanımı), o vaxt hələ 19 övladı və yaxın ətrafındakılarla Şuşada məskunlaşmışdır. Öz dövrü üçün İranın artıq tanınmış simalarından olan bu şahzadə Rusiya hökuməti tərəfindən böyük şərəf və dəbdəbə ilə qarşılanmış, şah ailəsi üzvü kimi ən yüksək səviyyədə titullara və təqaüdə layiq görülmüş, ona Rusiyanın istənilən güşəsində yaşamaq hüququ verilmiş, övladları üçün İmperiyanın bütün qapıları açıq olmuşdur. Dövrünün işıqlı şəxsiyyətlərindən olan Bəhmən Mirzə də bütün bu imtiyazlardan layiqincə faydalanmışdır. İrandan özünün kitabxanasını və xəzinəsini Şuşaya köçürə bilən Bəhmən Mirzə burada tarixə dair kitablar, müxtəlif həcmli əsərlər yazmış, əlyazmalar şəklində tarixi bir irs qoymuş, rəsm əsərlərindən ibarət zəngin kolleksiya toplamış, bütün Qarabağın ictimai-mədəni həyatında yaxından iştirak etmişdir. Siyasi xadim və sərkərdə kimi təhsilin və hərb sənətinin əhəmiyyətini yüksək qiymətləndirən Bəhmən Mirzə bu tayda sayı 31-ə çatmış oğlanlarına və çoxsaylı oğlan nəvələrinə Rusiyanın ən ali təhsil ocaqlarında mükəmməl Avropa təhsili vermişdir. Bu nəsildən yetişən Qacar soyadlı onlarla hərbçi Rusiya ordusunda xidmət edərək ən yüksək rütbələrə - general, polkovnik və s. çatmışlar.

Bu oğullar Azərbaycanın nüfuzlu ailələrinin qızları ilə evlənmiş və Qacarlar nəslinin yeni - Qafqaz - Şimali Azərbaycan zadəgan qolunun əsasını qoymuşlar. Məsələn, onlardan biri, Xanbaba Mirzə Qacar Mirzə Fətəli Axundovun kürəkəni olmuşdur. Bəhmən Mirzənin 32 qızı da istər Qacarlar sülaləsinə məxsus, istərsə də bu tayın - Qarabağ, Gəncə, Naxçıvan və s. bölgələrin adlı-sanlı ailələrin gəlinləri olmuş və neçə-neçə nəsilləri ana tərəfdən Qacarlar soyadına bağlamışlar. Məs., Azərbaycanın görkəmli dövlət xadimləri, ata tərəfdən də Qacar sülaləsinə məxsus İsmayıl Xan və Adil Xan Ziyadxanovların anası Bəhmən Mirzənin qızı idi. Bu qızlardan birinin Qarabağın məşhur Bədəlbəylilər ailəsinin gəlini olduğu bəllidir. Bu sıradan saysız nümunələr gətirmək, adlar çəkmək olar. Ümumiyyətlə, Qarabağda Bəhmən Mirzə Qacar nəsli ilə bu və ya digər dərəcədə qohum olmayan ailə, yəqin ki, tapılmaz.

Bəhmən Mirzənin Qacar soyadı daşıyan onlarla hərbçi oğul və nəvələri haqqında hərb tariximizə dair kitablardan geniş bilgilər almaq olar. Xüsusi vurğulayaq ki, onların böyük hissəsi Cümhuriyyət dövrü yaradılan Azərbaycan milli ordusunda xidmət etmiş, bolşevik işğalı ilə barışmamışdı...

İndi bu böyük və şərəfli Qacarlar ailəsinin başçısı - Bəhmən Mirzə Qacar - haqq dünyasına qovuşduğu 135 ildən sonra bərbad hala düşmüş sərdabəsinin divarlarına ən azı əhəng çəkilməsinə, qəbrinin üstünə də ən ucuz aqlay daşından heç olmasa sinə daşı qoyulmasına da layiq olmadımı?

Bəhmən Mirzənin 63 övladından törənmiş, bu gün Qacar soyadı daşıyan, yaxud Qacarlar ailəsinə mənsubluğu ilə fəxr edən saysız varislər, haradasınız? Öz ulu babanızın qəbrini heç ziyarət edirsinizmi? Onun nə vəziyyətə düşdüyündən xəbəriniz varmı?

Burada, Bəhmən Mirzə türbəsinin, üstündəki lövhədən məlum oldugu kimi, "dövlət tərəfindən qorunması" faktı işləmir. Bu növ abidələrin bərpasına böyük vəsait ayıran Dövlətin qorumağı həvalə və etibar etdiyi məmurların həmin abidələrə ögey, formal (Bərdə divarları kimi), səhlənkar və biganə (Bəhmən Mirzə türbəsi kimi) münasibəti göz qabağındadır. Onlar bu abidələri özününki saymır, doğma bilmir. Bəzi istisnalarla, təəssüf ki, bir çox tanınmış şəxsiyyətlərimizin (xüsusilə yaxın keçmişdə yaşamış və iz qoymuş) anılması, xatirələrinin yaşadılması çox vaxt onların övladlarının, özü də nüfuzu, mənsəbi, yaxud ən azı imkanlı olması sayəsində mümkün olur. Bu, bizim bu günümüzün böyük təəssüf və ağrı doğuran gerçəkliyidir. Elə isə bəlkə Bəhmən Mirzənin türbəsini, onun sahibinin adına layiq bir hala salmağı dövlət məmurlarına deyil, bu qəbirə yiyə durmağa hazır olan varislərinə tapşırsınlar?! Bəlkə bu işi elə Bərdə ictimaiyyətinə, öz ata-babalarının yatdığı torpaq üzərində böyük ehtiramla sərdabələr tikən, qara mərmərdən daşlar qoyan və son övladlıq borcunu yerinə yetirən ləyaqətli Bərdə oğullarına həvalə etsinlər...

Mənim eyhamla səsləndirdiyim bu fikirləri birmənalı qəbul edən qohumum, dövlətin icazəsi olarsa, Bəhmən Mirzənin türbəsini və içindəki qəbri abadlaşdırmağı hər bir bərdəlinin özünə şərəf hesab edəcəyini bildirir. Bütün bu zaman ərzində bizi müşayiət edən yerli molla, "Ay bacı, əslində, İslamda dəbdəbəli qəbir tikmək, heykəl qoymaq yasaqdır" - deyə söhbətimizə müdaxilə edir. Müsəlman aləmində qəbul edilmiş bu münasibətin Azərbaycan gerçəkliyində nə qədər əks qavranıldığı və ifrat miqyaslar aldığı faktı qarşısında mollanın sözlərini Bəhmən Mirzənin türbəsinin bu hala düşməsinə imkan vermiş şəxslərə bəraət qazandırmaq cəhdindən başqa cür qiymətləndirə bilmirəm.

Solmaz Rüstəmova-TOHİDİ Tarix elmləri doktoru




Baxış sayı: 1 967
Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Bu gün, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930