Azərbaycan şifahi xalq ədəbiyyatının ən çox yayılmış qollarından biri olan aşıq yaradıcılığı özünəməxsus geniş inkişaf yolu keçmiş, xalqın ictimai-siyasi həyatında, təfəkküründə silinməz izlər buraxmış, əsrlərin sınağından, süzgəcindən keçərək indiki, müasir mərhələyə çatmışdır. Əsrlər boyu zəhmətkeş xalq kütlələrinin istək və arzularını tərənnüm edən Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Valeh, Aşıq Alı, Aşıq Ələsgər kimi görkəmli sənətkarlar yetirən aşıq poeziyası qədim Qarabağ torpağının ayrılmaz bir hissəsi olan və Qarabağ aşıq mühitinin aparıcı bir qolu olan Cəbrayıl torpağında da geniş inkişaf mərhələsi keçmişdir.
Hələ XVI əsrdə aşıq yaradıcılığıənın babası hesab edilən dirili Dədə Qurbani bu torpaqda boy atmış, XIX əsrin məşhur qadın aşıq şairi Maralyanlı Aşıq Pəri burada doğulub məşhurlaşmışdır. Sonralar da bu torpaqda onların layiqli varisləri yetişmiş, Aşıq Mahmud, Aşıq Surxay, Aşıq İbiş, Aşıq Humay kimi el sənətkarları yaşamışdır.
Ədəbiyyat tariximizdə Azərbaycan aşıq şeirinin ilk nümayəndəsi və yaradıcısı kimi Qurbaninin adı çəkilir. Doğrudan da Qurbanidən əvvəl yaşayıb-yaratmış başqa bir xalq aşığına hələlik təsadüf olunmur. Onun həyatı, nə vaxt anadan olması və ölməsi haqqında haqqında məlumatlar mübahisəli idi. Lakin uzun müddətli araşdırmalardan sonra onun həyatı haqqında müəyyən məlumatlar əldə edilmişdir. Belə ki, “Qurbani” dastanı aşığın ayrı-ayrı qoşmalarının yazıldığı tarixlər, Şah İsmayıl Xətai ilə əlaqələrin tarixini ətraflı araşdırdıqdan sonra belə bir qənaətə gəlinmişdir ki, Qurbani XV əsrin sonlarında – təxminən 1477-ci ildə Cəbrayıl rayonunun keçmiş Diri kəndində anadan olmuş, burada da məşhurlaşmışdır. Ədəbiyyatda o “Dirili Qurbani” kimi tanınmış, elə belə də təqdim olunmuşdur. Lakin son vaxtlara qədər ədəbiyyat tarixçiləri, folklorşünaslar, bu kəndi Cənubi Azərbaycan kəndi, Qurbaninin isə Cənubi azərbaycanlı ehtimalı ilə təqdim edirdilər.
Qeyd etməliyik ki, bu ehtimallar artıq dəqiqləşdirilmişdir. Belə ki, bizim tanıdığımız Qurbaninin anadan olduğu keçmiş Diri kəndi Şimali Azərbaycanda-Arazın sol sahilində yerləşən Diri dağının ətəyindədir (hazırda həmin kəndin xarabalıqları qalmaqdadır). Aydın məsələdir ki, həmin kəndin adı da dağın adına görə Diri adlandırılmışdır və belə bir kənd heç də cənubda deyil, elə Diri dağının ətəyində olmalı idi. Lakin qeyd etmək lazımdır ki, əvvəlki ehtimallar müəyyən bir əsasa söykənirdi.
Belə ki, Cənubi Azərbaycanda da belə bir kənd olmuşdur. Lakin o kənd Diri yox, Dirili olmuşdur və bu kənd təxminən XVI əsrin sonlarında – artıq Qurbani öləndən sonra salınmışdır (hazırda həmin kəndin də xarabalıqları qalmaqdadır). Cənubi Azərbaycanda yaranmış Dirili kəndinin əhalisi də şimaldan getmiş dirililər olmuşdur. Lakin onların nə üçün köçməsi də səbəbsiz olmamışdır: Məlumdur ki, Diri dağı müxtəlif zəhərli ilanların yaşadığı bir yerdir. Bu ilanlar o vaxtlar yerli əhaliyə çox böyük ziyanlar vermiş, mal-qaranı, adamları vurub öldürmüşdür. Ən dəhşətlisi isə sevgilisinin məhəbbəti yolunda min bir əzab-əziyyət çəkmiş nakam Qurbanini də ilan çalandan sonra kənd camaatı bu yerlərdən tamam küskünləşmiş, Qurbani kimi haqq aşığının da bu cür faciənə ölümündən sonra buralarda yaşamağın qeyri-mümkünlüyü qənaətinə gəlmiş və baş götürüb Cənubi Azərbaycana getmiş, orada məskən salmış və bu kəndin də adını Dirili qoymuşlar. Yerli əhali təeəfindən isə onlar dirililər adlanmışlar.
Aşığın qəbrinin şimalda – Diri dağında olması da yuxarıdakı fikri bir daha təsdiq edir. Beləliklə təxminən 70 ilə yaxın ömür sürmüş Qurbani 1547-48-ci illərdə faciaəli surətdə vəfat etmişdir. Bildiyimiz kimi, Qurbani Şah İsmayıl Xətainin hakimiyyəti illərində (1501-1524) yaşamış, Xətai sarayına yaxın olmuş, şeiri, ədəbiyyatı sevən, özü də gözəl şeirlər yazan bu şair-hökmdarla şəxsən tanış olmuşdur. Xətai ana dilli ədəbiyyatın bir sıra görkəmli nümayəndələrinə hamilik göstərdiyi kimi, el şairləri və ozanlara da xüsusi diqqət yetirib onların qayğısına qalırdı. “Məhz belə bir münasibətin nəticəsində ozan-aşıq ədəbiyyatı Şah İsmayıl dövründə olduqca yüksək bir mərhələyə çatır, itib-batmaq təhlükəsində olan dastanlar yenidən cilalanır, yeni-ueni dastanlar yaradılması üçün hərtərəfli imkan yaranır” (“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar”IV bur.səh. 98).
O dövrün ədəbi-bədii və tarixi mənbələrində göstərildiyi kimi Şah İsmayılın ordusunda ozanların böyük bir dəstəsi olardı. “Ozanlar vuruş günlərində qalib yürüşlü ordunun müqabilində çukurlar (saz) çalmaq, türkü-varsağılar oxumaqla igidləri döyüş həvəsilə coşdururdular. Ozanların çalıb oxumasında onların vuruş əzmi güclənirdi. Onlar ruh yüksəkliyi ilə düşmən üzərinə yürüyüb özlərini hərb dəryasına vururdular” (“Cahan arayi-Şah İsmayıl Səfəvi” vərəq-69).
Qurbaninin yaradıcılığına bələd olan Şah İsmayıl onu da hamiliyə götürmüş, köməklik etmiş, bir müddət sarayında saxlamışdır. Öz növbəsində Qurbani də borclu qalmamış, Xətaiyə həsr etdiyi şeirlərdə inu “Mürşidi-kamil”, “şahların şahı”, “pir” adlandırmışdır. Ustad aşıqların deməsinə görə Şah İsmayıla yeddi saz havası (“Şah Xətai”, Şahsevəni, “Şahsarayı”, “Baş divani”, “Heydəri”, “İbrahimi”, “Sultani” həsr edilmişdir ki, bunların yeddisini də Qurbani bəstələmişdir. Sarayda yaşayarkən Xətai ilə Qurbani arasındakı yaradıcılıq əlaqəsi genişlənmiş, bu səmimiyyətin, məhəbbətin ifadəsi kimi Qurbani onun ölümünə iki mərsiyə-divani də yazmışdır.
Son dövrlərə qədərki tədqiqatlarda Qurbaninin adı haqqında da müəyyən fikirlər, malahizələr mövcud idi. Məlumdur ki, Qurbani aşığın təxəllüsüdür. Bəs bu təxəllüs haradan və necə əmələ gəlmişdir? Aşığın əsl adı nə olmuşdur? “Qurbani” dastanında Qurbaninin aşığın adı olduğu qeyd edilir və onun nəzir-niyazla, qurban kəsməklə anadan olduğu və buna görə də adının Qurbani qoyulduğu, başqa bir rəvayətdə isə onun qurban bayramında doğulduğuna görə adının Qurban olduğu göstərilir. Ola bilsin ki, bi rəvayətlərdə müəyyən həqiqətlər vardır və bütün variantlarda Qurban adı özünü göstrir. Deməli, aşığın hələ təxəllüs kimi formalaşmamış ilkin adı elə Qurban olmuşdur. Bəs bu adın təxəllüs kimi – “Qurbani” kimi işlədilməsi haradan irəli gəlir? Bizə belə gəlir ki, aşığın adı və təxəllüsü ilə bağlı filologiya elmləri doktoru profssor Qəzənfər Kazımovun fikirləri ilə razılaşdırmaq lazımdır.
Belə ki, aşığın əsl adı Qurban olmuş, “Qurbani” təxəllüsü müəyyən proses əsasında, yəni Şah İsmayıl Xətai, eyni zamanda Xətai sarayında yaşayan böyük sənət adamları-şairlər, alimlər, rəssamlarla yaxınlıq nəticəsində meydana çıxmışdır. Artıq saraya düşdükdən sonra bu mühit ona yüksək şeir istedadına görə “Qurban” yox, şairlik və təxəllüs ənənələrinə görə “Qurbani” deyə müraciət etmişdir. Q. Kazımov yazır: “Şairin əsl adı Qurban olmuş, Xətai ilə tanışlığa qədər “Dirili Qurban” imzası ilə yazmış və buradakı “dirili” sözü şairin doğulduğu ərazinin adını mühafizə etməklə, el şairləri və aşıqlara məxsus təxəllüs üslubunu saxlamışdır...Saray mühitinə düşərkən “Dirili Qurban” imzası əyalətçilik, mədəni səviyyədən gerilik əlamətlərinə malik olduğu, saray şeir məclisi iştirakçılarının ənənə və zövqünə uyğun gəlmədiyi üçün şair “Qurbani” təxəllüsünü qəbul etməli olmuşdur. Burada bir mühüm təsir mənbəyi də “mürşidi-kamil” hesab etdiyi və özünə mürşid seçdiyi Şah İsmayılın yaradıcılığı və “Xətai” təxəllüsü olmalıdır, çünki qoşma və bayatı janrına, ustadnamələrə böyük marağı olan Şah İsmayıl özü də özünə klassik şairlər kimi təxəllüs seçmişdir”.
Aşığın bir sıra şeirlərinin möhür bəndundə də bu məsələ öz əksini tapmış, yəni “Qurbani” yox, məhz “Qurban” möhürü mühafizə olunmuşdur:
Pəri, sənə qurban Dirili Qurban,
yaxud:
Qurban olmuş mənim adım,
İlan yurdudu məskənim və s.
Tarixin bütün dövrlərində olduğu kimi, Qurbaninin yaşadığı XVI əsrdə və hakimlərin, feodalların özbaşnalığı zəhmətkeş xalq kütlələrini əzirdi. Qurbani də bu özbaşınalığa, təhqirlərə dözə bilməyərək zəmanədən, dövrdən şikayət motivli şeirlərini yazırdı. Şübhəsiz, vəzirlərdən, əyanlardan, dövr və mühutdən Qurbaninin etdiyi bu şikayətlər yalnız onun şəxsi kədəri, etirazı kimi deyil, zülm və əziyyət içərisində yaşayan ümumxalq əhval-ruhiyyəsi və kədəri kimi qiymətləndirilməlidir. Aşıq ictimai məzmunlu şeirləri içərisində feodal zülmünə qarşı çıxaraq zəhmətkeşlərin arzu və istəklərini tərənnüm edirdi. Onun bir sıra şeirlərində şikayət, kədər, narazılıq özünü göstərir. Lakin bu kədər aşığın ümumi yaradıcılığına hopmamışdır. Sənətkar o qədər də bədbinliyə qapılmır, nə vaxtsa həyatın güzəranın dəyişəcəyinə, özbaşınalıq və zorakılığa son qoyulacağına inanaraq:
Qəm çəkmə bu qədər divanə könül,
Həmişə ruzigar belə dar olmaz.
On bir ay çəkəsən zimistan qəhrin,
Necə güldür, çöhrəsində xar olmaz.
-deyə xoş günlərin gələcəyinə, “zimistanın” gül-çiçəkli bir baharla əvəz olunacağına nikbin gözlə baxırdı.
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Qurbani lirik şairdir. Onun lirik şeirlərində təravət, səmimilik, daxili hərarət, coşqun hisslər üstünlük təşkil edir. Bu şeirlərdəki hər söz, hər ifadə yerli-yerində olub, müəyyən bədii lövhə, təbiət təsviri, yaxud insanın daxili-mənəvi aləmini yatarmağa xidmət edir. Bu şeirlərdə eyni zamanda sadəlik və axıcılıq mövcuddur.
Aşığın məhəbbəti, gözəli və gözəlliyi tərənnüm edən şeirləri bu gün də dillər əzbəridir. “Sana”rədifli qoşmada gözələ vurğunluq, insani gözəlliklə görüşdən doğan təmiz duyğular çox təbii əks etdirilmişdir:
Sallana-sallana gədən salatın,
Gəl belə sallanma, göz dəyər sana,
Al, yaşıl geyinib durma qarşımda,
Yayın bəd nəzərdən, göz dəyər sana.
Qurbaninin dillər əzbəri olan məşhur “Bənövşə” şeirində isə təbiətlə insan arasındakı münasibət öz əksini tapır. Şair təbii insan hisslərini tərənnüm etməklə, boynubükük bənövşənin timsalında ayrılıq və hicranın, vüsal həsrətinin iztirablarını ustalıqla qələmə almışdır.
Qurbani aşıq poeziyasının demək olar ki, əksər növlərindən istifadə etmiş, qoşma, gəraylı, təcnis, bayatı və s. formalarda yazıb-yaratmış, özü də aşıq poeziyasına yenilik gətirmişdir. Qeyd etmək lazımdır ki, aşıq poeziyasında ilk dəfə “divani” şeir formasına Qurbani yaradıcılığında rast gəlirik. Bu onun novator bir sənətkar olduğunu bir daha sübut edir.
Beş yüz il bundan öncə qürbət ellərdə vətən həsrəti çəkən, qəlbi sonsuz duyğularla çulğalaşan, bir daha qoynunda boy atdığı doğma torpağı arzulayan Dirili Qurbaninin yurdu yağı tapdağında, məzarı namərd əllərdə qalıb indi. Beş əsr bundan əvvəl yaradılmış Qurbani qoşması sanki bu gün üçün yazılmışdır:
Nə ola bir şadlıq xəbəri gələ
Yüklənə barxanam ellərə doğru.
Naşı ovçu bərə bəklər, əylənər
Marallar sayrışar yollara doğru.
Ümidvarıq ki, bir vaxtlar doğma ellərdən didərgin düşmüş Qurbani nəvələrinin yüklü barxanaları tezliklə doğma torpaqlara üz tutacaq.
XIX əsrin əvvəllərində Qarabağda yaşayıb-yaratmış, Azərbaycan aşıq poeziyasının inkişafında müəyyən rol oynamış görkəmli sənətkarlardan biri də Aşıq Pəridir. Adı klassik poeziyamızın tanınmış qadın şairləri – Məhsəti Gəncəvi, Heyran xanım, Xyrşud banu Natəvan, Fatma xanım Kəminə ilə bir cərgədə duran Aşıq Pəri Cəbrayılın Maralyan kəndində dünyaya göz açmış, ruhani məktəbində ərəb, fars dillərinə yiyələnmiş, burada da böyüyüb ərsəyə çatmışdır. İndiyədək Aşıq Pəri haqqında deyilmiş fikirlərdə, az-çox aparılmış tədqiqatlarda onun həyatı heç də öz dəqiq elmi şərhini tapa bilməmişdir. Bəzi tədqiqatçıların fikrincə Aşıq Pəri 18 yaşından sonra Şuşaya köçmüş və orada yaşamış, çox gənc ikən həyatdan getmiş, bəzilərinin fikrincə isə qocalıncaya qədər yaşamışdır. Bu ilkin fikirlər isə ondan irəli gəlir ki, məlum təzkirələrdə Aşıq Pəri haqqında məlumatlar olduqca azdır və şeirlərinin kiçik bir qismi dövrümüzə qədər gəlib çatmışdır. Bu şeirlərdən alınan məlumatlar da az olduğuna görə onun həyatı rəvayətlərdə, xalq arasındakı deyimlərdə itib batmışdır.
Lakin son vaxtlarda Aşıq Pərinin qızlığı, 1946-cı ildə 120 yaşın da vəfat etmiş Şəkər arvadın dediklərindən onun həyatı haqqında bir sıra qiymətli materiallar əldə edilmişdir. Hələ 20 il öncə bu sətirlərin müəllifi həmin məlumatlar haqqında mətbuata müəyyən açıqlamalar vermişdir. Həmin məlumatları Maralyan kəndində yaşamış və Şəkər arvadı görüb onunla söhbət eləmiş Əziz müəllim 1985-ci ildə danışmışdı. Şəkərin 12 yaşı olanda atası Molla Məmməd Pəri ilə evlənir. Onda Pərinin 25 yaşı var idi. On il Molla Məmmədlə bir yerdə yaşayan Pəri 35 yaşında vəfat edir. Bütün bu tarixləri araşdırandan sonra məlum olur ki, Aşıq Pəri 1813-cü ildə anadan olmuşdur. Bu isə şərqşünas A.Berjenin yazdığı ilə iki il fərqlə uyğun gəlir. A.Berje 1867-ci ildə Leipsiqdə çap etdirdiyi məşhur məcmuəsində yazır: “...1829-cu ilin axırlarında Araz çayı sahillərindəki Maralyan kəndində 18 yaşında bir qız meydana çıxdı. Eşidilməmiş gözəlliyi olan bu qızın adı Aşıq Pəri idi...”
Kənddəki ruhani məktəbində təhsil aldıqdan sonra Pəridə şeirə güclü maraq oyanmış, bədahətən aşıq şeiri üslubunda şeirlər demiş, tezliklə məşhurlaşmışdır. Onun sorağı Şuşaya gedib çatmış, tez-tez Şuşa məclislərinə çağrılmışdır. O, bu məclislərin daimi iştirakçısı olmuş, lakin orada yaşamamışdır, müəyyən vaxtlarda Şuşaya gedib gəlmişdir.
Təxminən 25 yaşında Maralyanda Molla Məmməd adlı birisinə ərə getmiş, ağır, işgəncəli həyat tərzi keçirmiş 1848-ci ildə vəfat etmişdir. Şəkər arvad deyirdi: “Atam Molla Məmməd Rərini alanda (anamız ölmüşdü) mənim 12 yaşım var idi. O vaxt Pərinin 25 yaşı olardı. Çox gözəl, boylu-buxunlu bir qız idi. Hələ ərə getməmişdi. Atam onunla evləndikdən sonra onu daha Şuşaya, məclislərə getməyə qoymadı. Lakin o yeri gəldikcə yenə şeirlər deyidri. Bu isə atamın acığına gəlir, kişilik qüruruna toxunurdu. Buna görə də onu tez-tez döyür, incidirdi. Belə bədahətən dediyi şeir parçalarından biri hələ də yadımdadır:
Sarı balaq, nə durmusan qəsdimə,
Qəm ləşkəri hücum çəkir üstümə,
Molla qoymur qələm alım dəstimə,
Ərzi-halım bəyan edim, neyləyim?
Nəhayət Pəri bu işgəncələrə, əzab-əsiyyətlərə dözməyərək xəstələndi və 35 yaşında vəfat elədi. O öləndən sonra allah da atamdan onun qisasını aldı: Elə həmin il qardaşım Əli öldü, onun ardınca isə atam tut ağacından yıxılıb öldü. Hazırda onların üçünün də qəbri Maralyan kəndinin qədim qəbristanlığında “dalaq daşı” deyilən daşın yanındadır. Aşıq Pəri atamla on ilə yaxın həyat sürdü, lakin onların heç bir övladı olmadı”.
Şübhəsiz, mövhumatın dərin kök saldığı bir dövrdə, islam dininin qadına mühafizəkarcasına baxdığı bir şəraitdə Aşıq Pəri kimi bir qadının açıq-saçıq hərəkəti, şeirlər yazması, nəinki onun Molla Məmməd kimi az savadlı ərinin, hətta, ümumiyyətlə kənd camaatının da xoşuna gəlmirdi və buna görə də sonradan onun qəbrinin götürülməsi diqqətdən kənarda qalmışdır. Aşıq Pərinin qəbrinin yeri Əziz müəllimin köməkliyi ilə dəqiqləşdirildikdən sonra 1991-ci ildə Karxulu kəndindəki köhnə qəbristanləqda onun qəbirüstü abidəsi yaradıldı. Onun adını daşıyan kolxozun vəsaiti hesabına iş adamı Fikrət Quliyevin layihəsi əsasında qəbrin üstündə kiçik məqbərə ucaldıldı. Aşıq Pərinin adını daşıyan orta məktəbin qarşısında isə heykəltəraş Xanlar Əhmədovun yaratdığı tunc heykəli qoyuldu. Hər iki abidənin üzərində onun ölum, ölüm tarixi həkk olundu: 1813-1848.
Yuxarıda göstərilən acı həyat yolunu gördükdən sonra təbiətən çılğın, ehtiraslı bir qadın olan, bəzən bədbinlitə, şeirlərindən məlum olan küskünlüyə qapılaraq:
Pərinin dərdi tüğyandır,
Sakin yeri Maralyandır,
Gülüm qönçəsində yandı,
Bülbüllər əfqan eylədi.
-deyən aşıq-şairənin qəlbindəki gizli kədərin, daxili iztirabın haradan gəldiyi də bizə aydın olur. Əsərlərində saf məhəbbəti, təmiz və ülvi insan hisslərini heyranlıqla tərənnüm edən, insanı yüksək bəşəri duyğular carçısı kimi təsvir edən, ona inanan Pərinin şeirlərində şəxsi kədərdən başqa ictimai kədər, zəmanənin, dövrün vəfasızlığından, dünyanın etibarsızlığından şikayət motivləri də özünü göstərir.
Puç dünya, səndə bir yarıyan hanı?
Günbəgün artırdı şövkəti, şanı,
Tiflisin sağ əli, sərdarı canı,
Viran qoyub Dağıstanı neylədin?
XIX əsrin birinci yarısında Cəbrayılda yaşamış sənətkarlardan biri də Mücrüm Kərim idi. Ehtimala görə o, XVIII əsrin axırlarında ailəsi ilə Girmanşah mahalından Qarabağa köçmüş, bir müddət Horovlu kəndində yaşamışdır. Sonralar o, bu torpaqların sahibi Cəfərqulu ağaya müraciət edib torpaq istəyir. Cəfərqulu ağa da indiki Cəfəraabad kəndi olan ərazini ona bağışlayır. Bu kəndin Mücrüm Kərimə bağışlamasındsa Aşıq Pərinin də müəyyən rolu olmuş , həmin torpaqların ona verilməsini Pəri də Cəfərqulu ağadan xahiş etmişdir. M. Kərim ömrünün sonuna qədər həmin kənddə yaşamışdır. Məzarı Horovlu kəındi yaxınlığında (Şıx kəhrizi deyilən qədim qəbristanlıqdadır).
M. Kərimin yaradıcılığında aşıq şeiri üslubunda yazılmış əsərlər – qoşma, gəraylı, təcnis və divanilər əsas yer tutur. Bu şeirlər daha çox məhəbbət mövzusunda yazılmış və burada ictimai motivlərə də geniş yer verilmişdir:
Ey mənimlə həmdəm olam bivəfa,
Dərd əlindən ahu-zarım var mənim,
Təbibimsən, eyləməzsən dəvamı,
Nə sağalmaz yaralarım var mənim.
-deyərək sevgilisinin vəfasızlığından, ürəksizliyindən gileylənən şair başqa bir şeirində: Fələyin əlindən qılan ahu-zar,
Biri mənəm, biri yarəb kim ola?
Güli ruxsarına çəkən intizar,
Biri mənəm, biri yarəb kim ola?
-deyə zəmanənin, dövranın vəfasızlığını, zülm və sitəmin ərşə qalxmasını, talesiz adamların acı həyatını qanlı göz yaşları ilə qələmə alırdı. M. Kərimin əsərləri sənətkarlıq cəhətdən də qiymətli nümunələrdir. Bu baxımdan onun təcnisləri də çox maraqlıdır.
Şair klassik üslubda olan qəzəl və müxəmməslərini də eyni ruhda yazmış, yüksək sənətkarlıq nümunəsu göstərmişdir.XIX əsrdə Qarabağda – Cəbrayılda yaşayıb- yaratmış başqa bir el sənətkarı Aşıq Mahmuddur. Aşıq Mahmud təxminən 1790-1792-ci illərdə Quşçular kəndində anadan olmuş, 1882-ci illərdə vəfat etmişdir. Aşıq Mahmudun savadı olmamışdır. Lakin onun şeirləri öz müasirləri və həmkəndliləri tərəfindən sevilərək ağızdan-ağıza yayılırdı. Ona görə da aşığın şeirləinin az bir qismi təxminən 20-yə qədər şeir əlimizə çatmışdır. “Aşıq Mahmudun şeirlərinin çox hissəsini onun dostu və müasiri, ədəbiyyat həvəskarı Yəhya Çələbi toplamışdır” (“Ədəbiyyat qəzeti” 1936. №21).
Şöhrəti mahalın hər tərəfinə yayılmış, hətta Arazın o tayına gedib çatmış bu kəndli aşığın bir tərəfdən gözəl saz çalması, məclis aparması, digər tərəfdən qoşduğu xalqın ürəyindən xəbər verən şeirləri onu müasirlərinə sevdirirdi. Aşığın yaradııcılığının əsas hissəsini ictimai motivli lirik şeirləri təşkil edir. Onun bu mövzuda yazdığı qoşma, gəraylı, təcnis və bayatılarda xalqın ağır həyatını görən yalnız sazına və sözünə gücü çatan vətənpərvər bir el sənətkarının qəmli fəryadları eşidilməkdə, feodal zülmünə məruz qalan silahsız, lakin qorxmaz bir kəndlinin üsyankar ruhu duyulmaqdadır:
Aqil bəndələr, sizə ərz eyləyim,
Dünyada gün gördüm damıdan betər,
Ağır dağarcıqdır, nazik bir eşmə,
Kəsibdi boynumu samıdan betər.
-deyən aşıq bu dünyada kəndlinin gününün cəhənnəmdən betər olduğunu göstərir və artıq belə yaşayışın çox getməyəcəyini dolayı yolla da olsa çatdırırdı.
Bildiyimiz kimi XIX əsrin ikinci yarısı kəndli-mülkədar ziddiyyətlərinin ən kəskinləşdiyi bir dövr idi. Çar hökuməti ucqarlardakı torpaq sahələrini ayrı-ayrı dərəbəylərə həvalə etmişdi. Aşıq Mahmudun yaşadığı Əhmədli-Quşçular kəndi də belə dərəbəylərin əlində idi. (Bu yerlərin hakimi Qarabağ xanı Mehdiqulu xanın yaxın qohumu Rüstəm bəy idi). Onlar da bu torpaqlardan istədikləri kimi istifafdə edir, vergiləri artırır, daha çox gəlir götürməyə çalışırdılar. Bütün bu maddi təzyiqlər, məhrumiyyətlər Aşıq Mahmudun şeirlərində öz əksini tapırdı. Kəndli aşıq zülm və istismar dünyasının yaramazlıqlarını qamçılayır, xalqın ağır həyatını üərk ağrısıyla təsvir edirdi:
Bağban oldum qönçə gülüm dərmədim,
Bülbül kimi düşdüm zarə, günbəgün.
Dünya, sənin ağ gününü görmədim,
Ömrüm keçdi səndə qarə günbəgün.
Hara gedək Əhmədlinin əlindən,
Baş açmadım tövcikarın felindən,
Neçə nəfər məafların əlindan,
Biz fağırlar gəldik zarə günbəgün.
Lakin aşıq bu qaranlıqlar içindən nə vaxtsa bir ağ günün gələcəyini böyük bir nikbinliklə tərənnüm edir, işıqlı gələcəyə aydın inamla baxırdı.Aşıq Mahmud daha çox ictimai motivli şeirlər yazsa da, onun məhəbbət mövzusuna dair çoxlu şeirləri vardı. Bu şeirlərdə dərin bir məhəbbətlə sevən, sevdiyinin yolunda canını qurban verməyə hazır olan sədaqətli, etibarlı bir aşiqlə tanış olur, onun iztirablarına şərik oluruq:
Düşdüm bir dərmansız dərdə,
Yetən yox dada, mən neynim.
Dərin dəryada qərq oldum,
Görünməz ada, mən neynim.
-deyən aşıq sevgilisinin yolunda gecə-gündüz pərvanə kimi yanmağa hazır olduğunu, heç olmazsa onun qapısı ağzında olmağın özü üçün bir xoşbəxtlik, bəxtəvərlik olacağını poetik dillə ifadə edir:
Könül istər gecə-gündüz hey yana,
Camalı oduna misli-pərvana.
Aşıq Mahmud, çox dolanma hər yana,
Dərində gəz dolan gahi dilbərin.
Aşıq Mahmud maddi təzyiqlərdən əlavə mənəvi təhqirlərə də məruz qalır, ölümlə təhdid edilirdi. Mahalın şəriət hakimi olanÇələbi Əfəndi ona şeir deməyi qadağan esir, guya şeir deməyin günah iş olduğunu, şəriət qanunları ilə bir araya sığmadığını göstərir, ona hədə-qorxu gəlirdi. Buna görə də aşıq Mahmud dostu və müasiri şair seyid Mir Həmzə Nigariyə mürəziət edir, ondan kömək istəyir. Nigari onu yaradıcılığa daha da ruhlandırır və şeir deməkdə davam etməyini tövsiyə edir.
Qeyd etdiyimiz maddi çatışmazlıqlar, mənəvi təhqirlər yüzlərlə əkinçini-kəndlini öz doğma yurdlarından baş götürüb Osmanlı torpaqlarına pənah aparmağa məcbur edirdi. Bir neçə gecənin içərisində kəndlilərin böyük əksəriyyətinin qaçdığını görən mülkədarlar məsələni çar hökuməti nümayəndələrinə xəbər verir, bu işin təşkilatçılarından birinin də Aşıq Mahmud olduğunu deyirlər. Ona görə də aşığı çağırıb incidir, yenə hədə-qorxu gəlirlər. Bundan hiddətlənən aşıq aşağıdakı həcvi yazır:
Məni işdə başdır deyən, Özü, görüm ayaq olsun
At tapmasın heç minməyə,
İl uzunu yayaq olsun.
Bundan bir qədər sonra Aşıq Mahmud da gecənin birində öz həmkəndliləri ilə Osmanlı torpaqlarına üz tutur və orada da qoca yaşlarında facianə bir surətdə vəfat edir. XIX əsrə Cəbrayıl qəzasında tanınmış el şairlərindən biri də Bağban Məhəmməddir. O, 1835-ci ildə qəzanın Şərikan kəndində anadan olmuşdur (hazırda həmin kənd Zəngilan rayonu ərazisindədir). Bağban Məhəmməd əvvəl naxırçı olmuş, sonralar isə təxəllüsündən göründüyü kimi bağbanlıqla məşğul olmuşdur. 1914-cü ildə vəfat etdiyi güman olunur. Qəbri Şərikan kəndindədir.
Şeirlərindən məlum olur ki, o heç bir təhsil görməmiş, savadsız olmuşdur. Lakin buna baxmayaraq şairin dərin ictimai məzmunlu və məhəbbət mövzusunda gözəl, lirik şeirləri vardır.
Başına döndüyüm yığılan canlar,
Minnət edin qəddi çinar oynasın.
Düşüm ayağına, dönüm başına,
Beli nazik, gümüş kəmər oynasın.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da Cəbrayılda aşıq yaradıcılığı inkişaf edirdi. Bu dövrdə yaşamış el nəğməkarlarından biri aşıq Humaydır. Humay Qüdrət oğlu Əsgərov 1893-cü ildə Daşkəsən kəndində anadan olmuşdur. Kənddə təşkil edilmiş rus-tatar məktəbində oxuduqdan sonra bir müddət Rusiya şəhərlərində olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə kəndə qayıdaraq ömrünü əbədilik sədəfli saza bağlamış, 1921-ci ildən isə əsl aşıq kimi fəaliyyətə başlamışdır. Ağsaqqalların dediyinə görə kamil saz ustası olan Aşıq Humay el havalarını tarda və qarmonda da eyni məharətlə çalırdı. O, sinədəftər idi, saz götürərkən qoşma qoşmaq üçün fikirləşməyə, kağız-qələm götürməyə ehtiyac duymurdu. Aşığın 20-ci illərdə yazdığı şeirlərinin cüzi bir hissəsi əlimizə çatmışdır. Bu şeirlərin nə vaxt yazıldığı məlum deyil. Lakin qoşmaların məzmunundan onların hansı illərin məhsulu olduğu aydın olur. Məsələn, aşığın “Ay ellər” adlı qoşmasını sovet hakimiyyətinin ilk illərinə aid etmək olar. Aşıq yeni dövranın gəlişini belə tərənnüm edir:
Ay ellər, obalar eşidin məni,
Humayam əhdimə çatan günümdür.
Fəryadı, naləni, qəmi, qüssəni,
Kasıblıq daşını atan günümdür.
Aşığın “Demirəm hələ” qoşması kolxoz quruculuğu ilə əlaqədardır. Kolxozlaşmanın xalqa verdiyi səmərədən, kolxozçuların maddi vəziyyətinin yaxşılaşmasından bəcdə gələn aşıq yazır: Balabançı, dayan, zilə çəkmə sən,
Böyük bir dastanı demirəm hələ.
Öz doğma obamdan deyəcəyəm mən,
Quycaq, Maralyanı, demirəm hələ.
Evlərimiz buludlarla öpüşür,
Baxçamızda şux bülbüllər ötüşür,
Yüz əmək gününə bir pud yağ düşür,
Arpanı, buğdanı demirəm hələ.
Otuzuncu illər Aşıq Humayın yaradıcılığında, demək olar ki, ən məhsuldar dövrdür. Bu illərdə qoşma və gəraylılardan əlavə, aşıq 12 dastanın özünəməxsus variantlarını işləyib hazırlamışdır. Bu dövrdə yazdığı şeirlərin çoxu Vətənə doğma yurdun təsvirinə həsr olunmuşdur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında verilən konsertlərdə fəal iştirak etmişdir. Paytaxtda olduğu müddətdə bir neçə qoşması rus dilinə tərcümə olunmuşdur.
Ağır sınaq illərində - müharibə illərində Aşıq Humay şeirlərinin çoxunu vətən uğrunda mübarizəyə həsr etmişdir. Bu mövzuda ilk qoşmasını 1941-ci ildə oğlunu cəbhəyə yola salan gün yazmışdır:
Gəl, bir öpüm, oğul o gözlərindən,
Get hərb meydanına düşmən xar olsun.
Qisas al vətənin düşmənlərindən,
Qoy ellər, obalar bəxtiyar olsun.
Müharibə illərində aşığın yazmış olduğu iki şeirə - “Olsun” və “Dənizçi” şeirlərinə bəstəkar Ağabacı Rzayeva musiqi bəstələnmiş və o illərin ən çox sevilən nəğmələrindən olmuşdur. Aşıq məhəbbət mövzusuna da tez-tez müraciət edirdi. Onun müxtəlif illərdə məhəbbət mövzusunda yazdığı lirik şeirlər özü tərəfindən ayrıca dəftərçəyə köçürülmüşdür. Təəssüf ki, baxımsızlıq ucundan burada yazılanların bir hissəsi pozulmuşdur. Bu qoşmaların ayrı-ayrı bəndlərində aşığın səmimi duyğuları göstərilir. “Bir canan dərdi” qoşmasında oxuyuruq:
Sevdim bir mələyi, yarı bağçada,
Cəfa çəkib əkdim narı bağçada,
Xəzan qənim çıxdı, barı bağçada,
Tökdü nübarımı bir canan dərdi.
“Qara qaşlar” şeirində isə deyilir:
Nədir rəqs edirsən bir kaman kimi,
İşvəli, qəmzəli bir canan kimi,
Alırsan canımı can alan kimi,
Məftunu olduğum, ay qara qaşlar.
Həyatının son illərinə qədər yaradıcılığını davam etdirən Aşıq Humay 1971-ci ildə vəfat etmişdir. Məzarı Daşkəsən kənd qəbristanlığındadır.Sovet hakimiyyəti illərində yaşayıb-yaratmış aşıqlardan biri də Aşıq Surxay idi. O, 1908-ci ildə Qalacıq kəndində anadan olmuş, ilk təhsilini ruhani məktəbində almış, ilk təhsilini ruhani məktəbində davam etdirmişdir. Uşaq yaşlarından onda musiqiyə, xüsusilə aşıq sənətinə böyük maraq olmuş, az vaxt ərzində zurnada, tütəkdə, nağarada, daha sonra isə sazda və tarda çalmağı mükəmməl öyrənmişdir.
Üstəlik gözəl və məlahətli səsi, səmimi və təsirli şeirlər yazması onu ömürlük aşıq sənətinə bağlamışdır. 30-cu illərdə Qarabağda elə bir məclis, şənlik, konsert salonu olmamışdır ki, Aşıq Surxay orada çalıb-oxumasın. 1939-cu ildə Bakıda keçirilən “Kənd istedadları” festivalında birinci dərəcəli diploma layiq görülmüşdür.II Dünya Müharibəsi başlananda Aşıq Surxay cəbhəyə gedənlər qarşısında çalıb oxuyur, onları Vətənin müdafiəsinə yola salır, döyüşə ruhlandırırdı. 1942-ci ilin qışında isə öz xahişi ilə cəbhəyə yollanır. Sazını da özü ilə aparır.
Aşıq Surxayla bir müddət yaxınlıq eləmiş dostlarından Şıxlar kənd sakini, mərhum İlyas Rüstəmov öz xatirələrində onun cəbhəyə yola salınmasını belə xatırlayırdı: “1942-ci il fevral ayının 12-də Aşıq Surxay bir qrup həmkəndlisi ilə cəbhəyə yola düşdü. Hamı kənd sovetinin həyətinə yığılmışdı. Aşıq Surxay kənd məktəbinin qabağına gəldi, anası da burada idi. Dedi, ana, icazə ver sazımı da aparım. Anası dedi ki, oğul mən sənin iyini o sazdan alacağam, aparma. - Yox, ana, mən aşığam-dedi-cəbhələrdə öz yoldaşlarımı ruhlandırmalıyam, səngərlərdə musiqi qidası özü də qola bir qüvvədir”.
Bundan sonra o, sazını köynəkdən çıxardı, sinəsinə basıb “Qarabağ gəraylısı” üstə məşhur “Leyli və Məcnun” dastanından bir neçə bənd oxuduqdan sonra axırda dedi:
Məktəbə cəm olan növrəs cavanlar,
Gəlin bir-bir halallaşın gedirəm.
Ey elm öyrənib savad alanlar,
Gəlin, bir-bir halallaşın gedirəm.
Başa yetməz oldu dərsim, savadım,
Bərəks etdi çərxi-fələk muradım,
Surxay idim, əsgər qoyuldu adım,
Gəlin, bir-bir halallaşın, gedirəm.
Bu qoşmanı dedikdən sonra ata minib 42 nəfərlə birlikdə hərbi komissarlığa yola düşdü.
Aşıq Surxay cəbhədən göndərdiyi məktublarda döyüş epizodlarından yazır, ara-sıra şeirlər də göndərirdi. Yaxın qohumu Misirxana göndərdiyi məktubundakı qoşmasında o, cəbhənin odlu səngərlərində kəndlərinin, oradakı buz bulaqların, uca yaylaqların yadına düşdüyünü poetik dillə belə ifadə edirdi:
Ziyarət, Tey dağı, Çaxmağın çayı,
Balkəsən bulağı, Siriyin yayı,
Sinəmə çal-çarpaz dağlar çəkilir,
Yadıma düşəndə Gölcük yaylağı.
Aşıq Surxayla bir yerdə vuruşmuş döyüşçü dostlarından Məhərrəm İbrahimov danışırdı ki, soyuq qış aylarından biri idi. Biz yavaş-yavaş, ehtiyatla yeni istehkamlarımıza enirdik. Bu zaman Surxayın ayağı sürüşdü, yıxıldı və sazı iki hissəyə bölündü. Surxay ayağa qalxdı, çox mütəəssir olmuşdu, həddən artıq kədərli idi.-Uşaqlar-dedi-mən neçə vaxtdır bu sazı özümdən artıq qorumuşam. Sazımın sınmağı ona işarədir ki, mən geri qayıtmayacağam. Ancaq nə olar, ölən də olmalıdır, təki biz qalib gələk. Bunları deyib kövrəldi. Bir neçə döyüşlərdə iştirak elədik. Növbəti döyüşlərin birindən sonra onu bir daha görmədik, sonradan eşitdim ki, həlak olub. 1943-cü ilin may ayında həyat yoldaşına yazdığı məktub aşığın son məktubu olub. Elə həmin il Krım vilayətinin Gəlincik şəhərində qəhrəmanlıqla həlak olub, orada da dəfn olunub. Deyilənə görə Aşıq Surxayın çoxlu şeirləri var imiş, cəbhəyə gedəndə onları kiməsə verib. Təəssüf ki, həmin şeirlərin bir çoxu itib-batmışdır. Lakin buna baxmayaraq əldə onun bir çox qoşmaları, təcnisləri, gəraylıları və digər şeirləri vardır. Nə yaxşı ki, bu şeirlərin az bir qismi əlimizə gəlib çatmışdır. Bu şeirlərin əksəriyyətində vətənə, xalqa məhəbbət, təmiz və ülvi insan hissləri tərənnüm edilir:
Mizrabını vur tellərdən,
Sözüm çoxdur bu əllərdən,
Könüllərdən, ürəklərdən,
Selə dönüb ax meydana,
-deyən aşıq apardığı el məclislərində gördüyü el gözəllərini vəsf edir, onlara şeirlər qoşurdu: Tellərini yığ üzündən,
Qoy zülfünə baxım, ay qız
Toy hənasın öz əlimlə
Əllərinə qaxım, ay qız.
Bu şeirlərdəki səmimiyyət, axıcılıq, həyata real münasibət, vətənə, elə-obaya məhəbbət, düşmənə sonsuz nifrət hissləri onun parlaq istedada malik bir sənətkar olduğundan soraq verirdi. Sələflərin yaradıcılıq ənənələri sonralar da inkişaf etmiş və bu Cəbrayılda yaşayan el şairlərinin şeir, sənət kəhkəşanında özünə layiqli yer tutmuşdur. Elə şairlər var idi ki, onlar saz çalmır, lakin aşıq şeiri üslubunda, xalq şeiri tərzində yazdıqları poeziya nümunələrə ilə yaddaşlarda qalır, ayrı-ayrı şeirləri dillər əzbəri olurdu. Belə el şairlərindən biri öz duzlu məzəli yazıları, maraqlı qoşma və gəraylıları, təsirli satirik və yumoristik əsərləri ilə, indi də hamının dilinin əzbəri olan gülməli və düşündürücü lətifələri ilə sevilən İsmayıl kişi idi.
İsmayıl Tumasqulu oğlu Quliyev 1911-ci ildə Xan Arazın sahillərində qərar tutmuş Araz Maşanlı kəndində dünyaya gəlmişdi.
Araz Maşanlı kəndi Şimaldan Diri dağına söykənmiş, cənubdan isə ətəklərini Arazın yalaya-yalaya keçdiyi Qaradağa üz tutmuşdu. Uşaqlıq və gənclik illərini belə bir füsünkar təbiət qoynunda keçirmiş İsmayıl Quliyevin sözsüz ki, poeziyaya, sənətə bağlılığı təbii idi. Bir tərəfdən isə kəndin yaxınlığında yerləşən həm həsrət, həm də vüsal körpüsü olan, bu gün isə düşmən tapdağıənda inləyən yaralı Xudafərinə baxanda ulu sələfi Dirili dədə Qurbanini xatırlayır, bəlkə də bu səbəbdən söz mülkünə daha çox bağlanardı. Elə ona görə də yaradıcılığının lap ilk illərində yazırdı:
Sağımda Qurbani, solumda Pəri,
Heç birinin yoxdur məndən xəbəri,
Aşıqlar məskəni, vətən dilbəri
Cəbrayılda mən dünyaya gəlmişəm.
İsmayıl Quliyev kənddə 8-illik təhsili başa vurandan sonra orta ixtisas məktəbini qurtararaq-iqtisadçı peşəsinə yiyələnmişdir. Müharibədən əvvəlki illərdə bir müddət prokurorluq orqanlarında çalışmış-əvvəlcə məhkəmədə katib, məhkəmə icraçısı, sonralar prokuror köməkçisi işləmişdir. Eyni zamanda şeirə, poeziyaya həvəsi də sönmürdü, təbi gəldikcə yazırdı, yaradırdı. Lakin 1941-1945-ci ilin vətən müharibəsi onun da arzularını yarımçıq qoydu. Faşist Almaniyasına qarşı başlamış ölüm-dirim müharibəsi onu ağuşuna aldı.
Müharibənin əvvəlindən axırına qədər cəsarətlə, qeyrətlə vuruşdu. Taleyin qisməti onunü üzünə güldü, müharibədən salamatq qayıtdı. Müharibədən sonra Cəbrayıl rayon mərkəzində işə dəvət edildi. Həmin dövrdən başlayaraq ömrünün sonuna qədər partiya, hökumət işində çalışdı. Uzun müddət rayon istehlak cəmiyyətinin sədri, şəhər sovetinin sədri, kommunal təsərrüfatı birliyinin müdiri, sonralar isə rayon icraiyyə komitəsinin müdiri vəzifələrində işlədi. Hər yerdə də namusla, vicdanla çalışdı, həmişə xatırlandı.
İsmayıl Quliyev bu illər ərzində partiya, dövlət işlərində işləsə də, şeirdən, poeziyadan ayrılmamış, respublika və yerli mətbuatda – “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Kolxozçu” qəzetlərində mütamadi olaraq çap olunmuşdur.
Şairin mövzu dairəsi genişdir, hərtərəflidir. Vətənin təbii gözəlliklərini, doğma yurdun insan duyğularını ehtizaza gətirən mənzərələrini tərənnüm edəndə də, bədii obrazın, sonsuz bir istəklə sevən aşiqin varlığına hopmuş səmimi, ülvi məhəbbətini təsvir edəndə də, ayrı-ayrı satirik şeirlərində də səmimidir, təsirlidir, yaddaqalandır. Poeziyanın əzəli-əbədi bir mövzusu var. Məhəbbət mövzusu. İsmayıl kişi öz poeziyasında sanki bu mövzuya bir doğmalıq, yenilik gətirir. Məhəbbət mövzusunda yazdığı şeirlərdə gözəlin təsvirini elə aydın, bədii cizgilərlə verir ki, bu misraları oxuduqca qənirsiz bir kənd gözəli, onun gözəllikləri gözlərimiz önündə canlanır:
Sən çıraq olasan, o da pərvanə,
Dolanıb başına, oduna yana.
Eşqimdən olasan dəli divanə,
Könlündə bir məskən sala sevgilim.
Yaxud: Bir çiçəksən sən çəməndə,
Saçların bənzər kəməndə,
O qaş, o göz nədir səndə?
Qaşı, gözü qara dilbər.
-misralarında gözəli necə tərənnüm edirsə:
Bulud tək meşəsi, saysız ağacı,
Ulduzlar yoldaşı yerlərin tacı,
Dağında kəkliyi, düzdə turacı,
Gölündə ördəyi, cüt sonası var.
-şeirində ana yurdun, onun təbiətinin, uca dağlarının, yaşıl ormanlarının gözəlliyini də eyni həvəs və istəklə qələmə alır.1988-ci ildə Qarabağ hadisələri başlayanda İsmayıl kişi ömrünün müdriklik çağlarını yaşayırdı. Nankor ermənilərin başladığı “Qarabağ oyunu” ona yaman təsir edirdi. Ömrü boyu azərbaycanlıların süfrəsinin artığı ilə dolanmış bu nanəcib qonşuları İsmayıl kişi çox görmüşdü. Onların hər əməllərinin - yaltaqlıqlarının, ikiüzlülüklərinin, yalançılıqlarının şahidi olmuşdu. Elə ona görə də ermənilərin torpaq iddiaları üzə çıxanda bi müdrik el ağsaqqalı onların bu iddialarına ürəyində gülmüş, hətta bu barədə bir neçə şeir də yazmışdır. Qarabağ mövzusuna həsr olunmuş “Qarabağ” şeirində:
Səndən yada vətən olmaz,
Ayaq basıb ötən olmaz.
Boş xəyala yetən olmaz,
Ana yurdum, öz torpağım.
Ay müqəddəs Qarabağım.
-deyən İsmayıl Quliyev “Balayan” şeirində də ermənilərin üzdəniraq ideoloqu, bədnam Zori Balayanı kəskin satirik qələmlə ifşa edirdi:
Qarabağ həsrəti öldürdü səni,
Sağikən geyindin ölü kəfəni,
Parçalamaq olmaz bizim vətəni,
Arzuların çıxdı boşa Balayan,
Bərəkəllah səndə başa Balayan.
Ömrü boyu vətənin xoş günlərini arzulayan, doğma torpağı, onun gözəlliklərini ülvi məhəbbətlə sevən müdrik el ağsaqqalı, tanınmış el şairi İsmayıl Quliyev ömrünün ixtiyar çağlarında - 1990-cı ilin payızında doğma ellrədən nigaran bir şəıkildə dünyasını dəyişdi. Sağlığında heç bir kitab çap etdirmək haqqında fikirləşməyən İ. Quliyevin ölümündən sonra – 1992-ci ildə “Gənclik” nəşriyyatında “Cəbrayıl çinarını tanıdım sizə” adlı ilk kitabı çap olundu. Kitabın çap olunmasında mərhum şairin oğlu, hüquq elmləri namizədi, Bakı Dövlət Universitetinin dosenti, atası kimi xeyirxah əməllər carçısı Rafiq Quliyevin əvəzsiz xidməti olmuşdur. Şairin ölümündən 3 il sonra isə 1993-cü ilin avqustunda sonsuz bir məhəbbətlə sevdiyi Cəbrayıl torpağı namərd ermənilərin tapdağı altına keçdi. Onun doğma torpaqda uyuyan məzarı da bu gün düşmən tapdağı altındadır. Və ana torpaq da, bu nigaran məzarlar da öz xilaskarlarını gözləyir. Sonda üç böyük sənətkarımızın fotosunu təqdim edirik.
Tariyel Abbaslı. Filologiya üzrə fəlsəfə doktoru
Baxış sayı: 6 905