FACT-INFO.AZ » AKTUAL » Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən Göyçə mahalının Cil kəndinin şəhidləri
26-06-2026, 11:30 | AKTUAL
Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən Göyçə mahalının Cil kəndinin şəhidləri

Bu gün təqvimdə şanlı tariximizin ən müqəddəs səhifələrindən biri - 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür. Bu bayram günündə qəlbimiz həm böyük bir fəxarətlə, həm də canı və qanı bahasına qüdrətli ordumuza şərəf və şöhrət gətirən şəhidlərimizə olan sonsuz ehtiramla döyünür. Çünki zaman-zaman Azərbaycan oğulları bu müqəddəs yurdu yaşatmaq, uca tutmaq uğrunda qan töküb, can verərək şəhidlik zirvəsinə ucalıblar. Onlar yurdumuza göz dikən yağıların qarşısında sarsılmaz bir səddə, düşmən sinəsinə sancılan polad oxa çevriliblər.


Bir evdən, bir ailədən qopan fədakar ərən oğullarımız, Həcər qeyrətli, ismətli qızlarımız sinələrini yağı gülləsinə sipər edərək düşmənə aman verməyiblər. Canları bahasına bu torpağı bizə məmləkət, and yeri və qürur mənbəyi ediblər. Şəhidlərimiz anaların kirpiklərində donub qalan göz yaşlarına, ataların köksündə inləyən kədərə, övladların baxışlarındakı nisgil və həsrətə dönərək yaddaşlara əbədi həkk olunublar.


Bu uca məqam, sanki əzəldən xalqımızın taleyinə yazılıb. Çar Rusiyasının geosiyasi maraqları çərçivəsində ermənilərin Cənubi Qafqaza kütləvi şəkildə köçürülməsindən sonra bu qədim bölgənin dinc sakinlərinə rahatlıq verilməyib. Erməni xəyanəti nəticəsində Azərbaycan xanlıqları bir-birinin ardınca işğal olunub, on minlərlə soydaşımız qətlə yetirilib. İrəvan xanlığını zəbt edən çar ordusu yerli azərbaycanlıları sıxışdıraraq, gəlmə erməniləri bu torpaqlarda yerləşdirərək  və onlara bir "vətən" yaratmışdı.


XX əsrin əvvəllərindən etibarən qədim Qərbi Azərbaycan torpaqlarında yerli xalqa -azərbaycanlılara qarşı sistemli soyqırımları və etnik təmizləmələr həyata keçirilib. 1980-ci illərin sonu və 90-cı illərin əvvəllərində isə təkcə insanlar deyil, bütöv bir mədəniyyət, kəndlər, şəhərlər — bütövlükdə Qərbi Azərbaycan şəhidliyə məhkum edilib. Minilliklər boyu o torpaqlarda kök salmış, İrəvan çuxurunda, Göyçə gölünün zümrüd sahillərində, Zəngəzurda, Dərələyəzdə ömür sürən 300 mindən çox soydaşımız öz dədə-baba yurdundan vəhşicəsinə deportasiya olunub. Dədə Qorqudun şənliklər keçirdiyi, dastanlar söylədiyi yurd yerlərimiz viran qalıb, oğuz igidlərinin ocaqları söndürülüb, ata-babalarımızın mülkü talan edilib.


Tarixin bu amansız sınaqlarından Göyçə mahalının digər kəndləri kimi, Cil kəndinin sakinləri də keçməli oldu. Onlar erməni qaniçənlərinin vəhşiliyindən canlarını qurtarmaq üçün 1988-ci ilin dekabr ayının o dondurucu şaxtasında, qarlı aşırımlarla, ayaqyalın və başıaçıq şəkildə Gədəbəy dağlarını aşaraq Azərbaycana pənah gətirdilər. Bu fədakar insanları, sanki addım-addım şəhidlik taleyi izləyirdi. Didərgin düşmüş şəhid Vətənin övladları Azərbaycana sığındıqdan az sonra yenidən silaha sarılaraq doğma torpaqların müdafiəsinə qalxdılar, milli ordumuzun ilk sıralarına yazıldılar.


Azərbaycanın azadlıq salnaməsinə qanla yazılan səhifələrdən biri 1990-cı ilin 20 Yanvar faciəsidir. Cil kəndinin yetirdiyi fədakar oğullardan biri - aspirant Yusif Allahverdi oğlu Sadıqov (1964–1990) sovet imperiyasının Bakıda törətdiyi qırğın zamanı tankların qarşısına çıxaraq 20 Yanvar şəhidi kimi əbədiyyətə qovuşdu və kəndin müasir tarixdəki ilk azadlıq məşəli oldu.


Çox keçmədən, mənfur düşmən torpaqlarımıza qarşı Birinci Qarabağ müharibəsini başlatdı. Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində hərbi və mülki şəxslərə heç bir fərq qoymadan onları amansızlıqla qətlə yetirdilər. Soydaşlarımız öz doğma torpağında — Qarabağda etnik təmizlənməyə və soyqırımına məruz qaldı. Erməni silahlı birləşmələri Əsgəranın Meşəli, Şuşanın Malıbəyli və Quşçular, Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdaban kəndlərində və Xocalı şəhərində dinc əhaliyə amansız işgəncələr verməklə, kütləvi qırğınlar törətdilər.


Bu qanlı savaş başlayan ilk günlərdən etibarən Cil kənd orta məktəbinin onlarla məzunu formalaşmaqda olan milli ordumuzun ön cərgələrində yer aldı. Onlar sıravi əsgər və ya zabit kimi erməni işğalçılarına qarşı rəşadətlə vuruşdular, göstərdikləri qəhrəmanlıq və şücaətə görə Azərbaycan dövlətinin müxtəlif orden və medalları ilə təltif olundular. 1971–1988-ci illərdə Qərbi Azərbaycanın Cil kəndində anadan olan bütün oğlanlar həqiqi hərbi xidmətlərini Azərbaycan Ordusunda keçməklə bu qanlı döyüşlərin birbaşa iştirakçısına çevrildilər. Vaxtilə Rusiyanın ali hərbi məktəblərində təhsil almış Cil kənd orta məktəbinin vətənpərvər məzunları da Ermənistan-Azərbaycan münaqişəsi başlayanda dərhal Vətənə dönərək, yüksək rütbəli zabit kimi ön cəbhədə döyüşlərə rəhbərlik etdilər.


Birinci Qarabağ müharibəsi ərazilərimizin və xeyli soydaşımızın itkisi ilə yadda qaldı. Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağdan və ona bitişik 7 rayondan 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü. Bu amansız müharibədə Cil kəndindən ordu sıralarına qatılıb şəhidlik zirvəsinə yüksələn igidlərimizi dərin hörmət və sonsuz ehtiramla yad edirik:


1. Vüqar Abbas oğlu Ələkbərov (1973–1992)


2. Ülfət Yaqub oğlu Məhərrəmov (1971–1993)


3. Mehbali Məhərrəm oğlu Zeynalabdıyev (1974–1994)


4. Adil Xıdır oğlu Mədətov (1972–1992)


5. Lətif Əmir oğlu Məhərrəmov (1973–1992)


6. Allahverdi Qurban oğlu Həsənov (1960–1994)


7. Rövşən Məmməd oğlu Cəlilov (1974–1993)


8. Vahid Saleh oğlu Mehdiyev (1975–1994)


9. Əli Əhməd oğlu İsmayılov (1974–1992)


10. Qurban Abbas oğlu Əhmədov (1973–1990)


11. Ərəstun Məhərrəm oğlu Vəliyev (1973–1993)


12. Vüqar Zirəddin oğlu Vəliyev (1974–1994)


13. Nizami Səhrət oğlu Məmmədov (1974–1997)


Birinci Qarabağ savaşından sonra keçən otuz ilə yaxın zaman kəsiyində torpaqlarımızın işğalda qalması və şəhidlərimizin qisasının alınmaması, şəhid şəhərlərimizin, kəndlərimizin anım günləri qəlbimizdə dərin bir yas mərasiminə  çevrilirdi. Lakin bu xalq dözdü, səbr etdi və intiqam anını - Müzəffər Ali Baş Komandanının əmri gözlədi.


27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qarabağ Azərbaycandır!" nidası və sarsılmaz "Dəmir yumruq" fəlsəfəsi milləti bütöv bir bayraq altında, vahid amal ətrafında birləşdirdi. Otuz illik yurd həsrətinə son qoyan Vətən müharibəsində şanlı ordumuzun 3 minə yaxın igidi canını fəda edərək Şəhidlik zirvəsinə ucaldı. Azərbaycan əsgəri öz misilsiz şücaəti ilə dünya hərb tarixinə yeni, qızıl səhifələr yazdı; Türkün qüdrətini, yenilməz iradəsini və əzəmətini bütün cahana sübut etdi. 2023-cü ilin sentyabrında ordumuzun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri ilə isə separatçıların son sığınacağı olan Xankəndi də qəti olaraq düşmən tapdağından azad edildi və dövlət suverenliyimiz tam bərqərar olundu.


Bu şanlı Vətən müharibəsi zamanı ordumuzun sıralarında vuruşan və ən böyük arzuları doğma vətən torpaqlarını — Göyçəni, Cili görmək olan daha 4 nəfər cilli igidimiz şəhidlik zirvəsinə yüksəldi:


Baş leytenant Kamil Vəli oğlu Rəhimli (1993–2020).Təltifləri:"Vətən uğrunda" medalı (15.12.2020), "Füzulinin azad olunmasına görə" medalı (25.12.2020), "İgidliyə görə" medalı (18.12.2020) və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (05.11.2021).


Əsgər Tural Tariyel oğlu Məmmədov (1999–2020). Təltifləri: "Vətən uğrunda" medalı (15.12.2020), "Cəsur döyüşçü" medalı (18.12.2020) və "Şuşanın azad olunmasına görə" medalı (29.12.2020).


Əsgər Anar Vahid oğlu İsgəndərov (2001–2020). Tətifləri: "Vətən uğrunda" medalı (15.12.2020) və "Füzulinin azad olunmasına görə" medalı (25.12.2020).


Əsgər Əhmədağa Novruz oğlu İsgəndərov (1989–2020). Təltifləri: "Vətən uğrunda" medalı (15.12.2020), "Cəbrayılın azad olunmasına görə" medalı (24.12.2020).


Şəhidlərinin müqəddəs ruhunu başı üstünə bayraq edən bu millət, nəhayət, böyük zəfər sevinci və göz yaşları ilə 1988-ci ildən bəri canını fəda edən hər bir qəhrəmanını anaraq qürurla pıçıldadı: "Şəhidlərin qanı yerdə qalmadı!"


Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda mübarizə apararaq qəhrəmanlıq tarixi yazan, bu gün xüsusi ehtiramla andığımız bütün Şəhidlər, o cümlədən Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kəndinin şəhidləri bizim milli sərvətimiz, Silahlı Qüvvələrimizin fəxarət xəzinəsidir. Böyük şairimiz Məmməd Arazın dediyi kimi: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı". Şəhidlərimiz bu gün qürurla qeyd etdiyimiz Ordu Gününün real qəhrəmanlarıdır. Onlar Azərbaycana əbədi qələbə bəxş edərək özləri əbədiyyət qazandılar; torpağın üstündəkilərin azad, müstəqil və rahat yaşaması naminə torpağın altına köçdülər.


Şəhidlər ölməzdir, Vətən isə bölünməz! Müzəffər ordumuzun bayramı mübarək, şəhidlərimizin ruhu şad olsun!


 

 

 Fərrux Rüstəmov, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi,  Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kənd icmasının sədri


 




Baxış sayı: 1 155
Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30