Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan radiosunun "Xəbərlər" redaksiyasının redaktoru
Çoxları kimi biz də bu yay fürsət tapan kimi arzusunda olduğumuz Qarabağa getmək, işğaldan azad edilmiş yurdlarımızı gəzmək, şəhidlərimizin qanı-canı bahasına geriyə qayıtmış torpaqlarımızı ziyarət etmək istəyi ilə "Zəfər yolu"na çıxdıq...
Sübh tezdən yola düşürük. Qızmar yay səhərində hamar yolla, qarışıq hisslərlə, ürəklər həyəcanlı, sanki quş kimi uçuruq o yerlərə sarı. Ali Baş Komandan tərəfindən təməli qoyulan "Zəfər yolu" ilə cəsarəti, dəyanəti və əzmkarlığı ilə düşməni məğlub edən Azərbaycan əsgərinin açdığı cığırla üzü o yana, 30 il həsrətində olduğumuz azad diyarlara sarı gedirik. Yol boyu sıra ilə düzülən şəhidlərimizin portretləri düz gözümüzün içinə baxır. Bir-birindən yaraşıqlı, müxtəlif rütbəli, nur çöhrəli, həyatı yarıda qırılmış cavanların gülümsər simaları, məğrur baxışları bizə deyir ki, "bəli, "QƏLƏBƏ"YƏ biz imza atdıq, düşməndən millətin intiqamını aldıq"...
- Asta sür maşını, qoy adlarını oxuyum. - Yoldaşım, eyni həyəcanla maşının sürətini azaldır.
Kameranı açıb qəhrəmanlarımızı çəkməyə başlayıram. Bir deyil, on deyil, yüzlərlə şəhidin baxışları bizi müşayiət edir. "Baxın bu oğulların sayəsində biz Qarabağa, Şuşaya, Laçına gedirik" cümləsini yazıb, yol üstündən status paylaşıram. Anındaca reaksiyalar gəlir, yüzlərlə insan sonsuz ehtiram nümayiş etdirir. Bir ailənin çırağını söndürən, öz ölümləri ilə millətinə isə işıqlı sabah bəxş edən, nicat gətirən şəhid oğullarımız. O oğulları doğan, böyüdən, övladıyla bağlı min bir arzusu puça dönən anaların çəkdikləri acıları, sarsıntıları yaşayıram.
Yolun bir hissəsində şəhidlərimizin sayəsində qazanılmış "Zəfər", azad edilən torpaqlarımızla bağlı yaxın zamanlarda yaşadığımız tarixi gerçəklik, digər hissəsində isə milləti ikiyə bölən dəmir sədlər, yolun solunda qarşımıza çıxan Arazın tikanlı məftilləri, başı bəlalar çəkmiş Azərbaycanımızın keçmiş tarixi... Bu isə tamam başqa bir söhbətin mövzusudur...
İlk dayanacağımız Beyləqanda "Cərcis Peyğəmbər"in ziyarətgahı olur. Özüm məcburi köçkün ailəsinin gəlini olduğumdan nə qədər insanın burada torpağa əmanət qoyulduğunun şahidiyəm. "Füzuli alınan kimi aparacağıq öz kəndimizə" deyib, bu məzarlıqda dəfn ediblər. Burada kəndindən ayrı düşən doğmalarımızın, xüsusən qayınatam, Şahmar atanın məzarını ziyarət edirik. Bu məzara çatınca yüzlərlə şəhidin yanından keçirik. Lay divar oğulların heykəlləri önündə ayaq saxlayırıq. Onların üstündəki təsirli yazılar, anaların bağrından qopub misralara düzülən ah-nalələr ürək göynədir. Ay-ulduzlu orden və medalları ilə gülümsəyərək öz döyüş yollarından bizi agah edirlər. Rastlaşdığımız hər abidə daşı, yayın istisində ürəklərə məlhəm olan sərin suyunu içdiyimiz şəhid bulaqları da, eynən millətin dəyanətli, ləyaqətli oğullarından soraq verir...
Füzulinin Balabəhmənli kəndinə çatırırq. Yaxın ailə dostumuz bizi gözləyir. Müharibənin bütün gedişatının canlı şahidi olan, Birinci Qarabağ müharibəsində Gəncədə hospitalda, daha sonra 44 günlük savaşda və antiterror əməlliyyatlarında həkim kimi çalışan, yüzlərlə yaralını həmkarları ilə təcili yardım maşınında xəstəxanalara çatdıran Təvəkkül Aslanov gördükləri situasiyaları nəql edəndə nəinki səsinin titrəyişini, hətta ürəyinin döyüntüsünü belə eşidirik. Həkim sağ hissədə olan bir yeri göstərib deyir ki, müharibənin ilk günü bütün şəhidlərimiz bu təpənin üstünə yığıldı. Bu yerə minlərlə şəhidin qanı tökülüb. Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılan qaya parçasından olan abidənin açılışında ölkə başçısı və xanımı iştirak edib. Müharibə başlayandan bir neçə saat sonra düşmənin ilk istehkamları yarılır. Füzulinin Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilir. Ali Baş Komandan İlham Əliyev: "Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi..."
Düşmənin cəbhə xəttinin yarıldığı gün azad edilən kəndlərimizdən birinə yollanırıq. Yəni yoldaşımın ata yurduna. Onun doğulub böyüdüyü, düşmən həmləsi zamanı Bakıda tələbə olarkən geri döndüyü, hərbçi forması geyinib, əlinə silah alıb uğrunda könüllü döyüşdüyü Qərbəndə. 30 il düşmən tapdağında olan və 2020-ci il sentyabrın 27-də, müharibə başlayan gün televiziyada adı çəkilən ilk azad olunan kəndlərimizdən birinə, bütün sənədlərdə, şəxsiyyət vəsiqələrində adı "Qərbənd" kimi yazılan yurd yerinə yaxınlaşırıq. Ermənilərin xarabalığa çevirdiyi Seyidmahmudlu kəndini keçib, yolumuza davam edirik. "Zəfər yolu"ndan bir az aralıda yerləşən kəndin ot basmış yolunun üstündən təzə keçən avtomobil izləri xəbər verir ki, buranı ara-sıra ziyarət edənlər var.
- O görünən kənd sizindir? - Maşallahdan soruşuram.
Dərindən ah çəkir, maşını saxlayıb, aşağı düşür. Susur, heç nə danışmır. Bütün yaşıllıqları məhv edildiyindən evlər aydın görünür.
- Bax, bu, bizim evdir.., o yolun başındakı əmimin evidir, bu, qonşumuz filankəsin.., bu, Mehman müəllimin...
Beləcə dağılmış və hazırda bir-birinə bənzər xarabalıqların vaxtilə necə görkəmdə olduğunu anlatmağa çalışır, kimlərə məxsus olduğunu sadalamağa başlayır...
- Yoldan çıxma, mina olar! - Sözümü dinləmir, kol-kos basmış cığırları adlamaq istəyir. Bu məqamda dostu, Təvəkkül həkim və xanımı Zöhrə müəllimənin qışqırıqları bu insansız məskəndə əks-səda yaradır. - Hara gedirsən, olmaz, diqqətli ol, geri qayıt!..
Ailə qurduğumuz 1997-ci ildən bəri hər gün demək olar ki, bu kənd haqqında müxtəlif söhbətlər, hekayələr, xatirələr eşidərdim. Lakin ilk dəfə idi ki, torpağına ayaq basırdım. Görkəmi ilə insanı mütəəssir edən, xarabalığa çevrilən, ermənilərin viranə qoyduğu Qərbəndin bu halı gözlənilən idi. Bu səssiz məkanda, ağacları qurumuş, suyu qurumuş bulağında quşların səsi belə ərşə çəkilmişdi. Tək şəhidlərindən savayı gözə heç bir canlı məxluq dəymirdi. Kəndin cəsur igidlərinin, şəhid oğullarının şəkilləri bir guşədə toplanıb, bulaq başı deyilən yerində əks olunub. Elə bir yerdə ki, önündə xeyli sayda qalaqlanmış boş top güllələri düşmənin burada möhkəm istehkamlar qurduğunu xəbər verir. Bir məqamı da açıqlayım ki, həmin açılmış silahların düz yanında, bütün şəhidlərin cəm şəkildə toplandığı tablonun önündə gördüklərimizdən aydın olur ki, kəndi ziyarətə gələnlər bax bu yerdəcə ayaq saxlayıb, saatlarla buradan dağılmış evlərini seyr edir, məktəblərinə baxır, öz uşaqlıq və gənclik illərini xatırlayır, evlərini tərk etmək məcburiyyətində qalarkən həmin o ağır günləri ürək ağrısıyla yada salırlar. Kəndə gələn sakinlərin hətta özləri ilə oturacaq, yatacaq gətirib, samovar qaynadıb burada saatlarla ayaq saxladıqları hiss olunur. Mina təhlükəsindən bir addımlıqda olan evlərinə yaxınlaşa bilməsələr də, kəndə qayıtdıqlarına sevinib, uzaqdan da olsa gördüklərinə min şükür edib, şəhidlərin ruhunu yad edirlər...
Biz də yayın qızmar istisində bu viranə qoyulmuş yurdda xeyli ayaq saxlamalı olduq.
- Axı biz Şuşaya, Laçına da getməliyik.
Dəfələrlə bu sözləri xatırlatsaq da, onu xəyallarından ayırmaq çox çətin oldu. Kol-kos basmış hər cığır başında maşını saxlayıb, keçənləri yada saldı. Anasının uyuduğu qəbiristanlığa baxa-baxa qaldı... Onu irəli getməyə qoymadıq.
- Axı yoldaşlarımızdan ora gedənlər var, heç birinə heç nə olmayıb, - deyib israr etdi.
- Kənddə kimin məzarı qalıb ki? Sən bilirsən ki, ermənilər məzarları düzləyib...
Həyəcanımızı görüb yerində dayandı. Başa düşdüm ki, yanında olmasaydıq nə minadan qorxar, nə də bütün kəndi ağuşuna almış ilan-çiyandan çəkinərdi. Körpə yaşlarından itirdiyi anasının məzarını kəndini qarış-qarış gəzib, baş daşları belə məhv edilmiş, şumlanmış qəbiristanlıqda axtara-axtara qalardı...Onu zorla xəyallarından ayırıb, geri qayıdırıq... Hamı susub, kimsə dinib danışmır....
"Zəfər yolu" ilə davam edirik. Araya düşən səssizliyi mən pozuram. "Görün nə qədər yol işçisi var. Nə möhtəşəm işlər gedir". Təvəkkül həkim azad edilən ərazilərdə aparılan bərpa quruculuq işlərindən elə şövqlə danışmağa başlayır ki, bir az əvvəl kəndindən ürək ağrısıyla ayrılan oğlan bu maraqlı söhbətlərin fonunda pessimist vəziyyətdən nikbin notlara köklənir. Füzuli şəhərinə köçürülən yaxın tanışlarından söhbət açır. Onlar üçün yaradılan şəraitdən danışır.
"Zəfər yolu" ilə get-gedə yüksəkliyə qalxırıq:
- Bizim igidlərin keçdiyi sıldırım qayalar hansılardır? Əsgərlərimiz şəhərə necə keçiblər? Düşmənə hansı tərəfdən zərbələr endiriblər?
Dayanmadan suallar verirəm. Şuşanı fəth edən oğulların qəhrəmanlıq etdiyi, canlarından keçdiyi bütün yerləri canlı görmək istəyi ilə hər tərəfə boylanıram. Mənzərəli yerlərdə ayaq saxlayıb, heyrətamiz təbiətinə xeyli tamaşa etdikdən sonra əvvəlcə "İsa bulağı"na qədəm qoyuruq. Burada insan seli ilə qarşılaşırıq. Bulaqdan bir stəkan su içmək üçün uzun növbə gözləməli oluruq. Bulağın yanında obyektlər qurulur. Yaxın zamanlarda burada turistlərə yüksək xidmət göstəriləcək bir istirahət mərkəzinin açılışı olacağı bildirilir.
Şuşanın gəzintisinə Vaqifin məqbərəsindən başladıq. Ulu öndər Heydər Əliyevin qışın oğlan çağında, qarlı havada bu məqbərənin açılışında iştirakını xatırladım. Təbiətin sərt vaxtında bu ədəbi hadisəni gerçək bayrama çevirən Ümummilli liderin çıxışı gözümün önündə canlandı...
Şuşaya gedəsən, düşmən tərəfindən güllələnmiş heykəllərin, yaralanmış, təbii ki, "Zəfərimizdən", "Qələbəmiz"dən sonra yarası qaysaqlanmış böyük şəxsiyyətlərimizlə, Natəvan, Üzeyir bəy və Bülbüllə görüşməyəsən, şəkil çəkdirməyəsən, bu, qeyri-mümkündür. Beləcə ömrümün bu anlarını da fotolara köçürüb, Xan qızının yaşadığı tarixi abidəni seyr edəndən sonra, Paşinyanın rəqs elədiyi Üzeyir bəyin bağına enirik. Düşmənin yallı getdiyi yerdə Üzeyir bəyin əzəmətli heykəli elə məğrur dayanıb ki...
Bülbülün isə qonaqları çox olduğundan evini zirarət edə bilmirik. Bir xeyli gözlədikdən sonra təəssüf hissi ilə gələn dəfə görmək ümidiylə ayrılmalı oluruq. Sənətkarın öz həyətəində sağlığında klip çəkdirdiyi tut ağacına tamaşa edirik. Kökü qoca olan tutun cavan pöhrələri elə qol-budaq açıb ki...
Şuşadan Laçın yoluna, Turşsu bulağına qalxırıq. Bulağın ətrafındakı maşın sıxlığı, çoxlu insanlar və bir qurtum su içmək üçün düzülən növbələri görəndə fikirləşirsən ki, illərlə bu suya həsrət qalan tək şuşalılar deyil, eləcə də ölkənin hər yerindən bura axın var.
Laçına doğru istiqamət alırıq. Dağların, dərələrin müşayiəti ilə təbiətin könül oxşayan, heyrət dolu mənzərələrini seyr edə-edə gəlib ünvana yetişirik. Bir gecəlik qonaq olduğumuz Zabux kəndində yerli əhalidən qat-qat artıq turistlər vardı.
Qonağı olduğumuz ailənin üzvləri gənclər idi. Ev sahibi Röyal Laçın Abadlıq xidmətində işləyir, xanımı isə yeni açılmış bağçada işə düzəlmişdi. "İş tapmaq sizə asan oldu?", - sualına cavab verdi ki, burada əhalinin məşğulluğunun təmini üçün lazımi işlər görülür. İki tərəfi dağlarla əhatə olunan və kəndin ortasından axan çayın şırıltısı Bakının səs-küyündən bezib bura dincəlməyə gələnlərin ruhi qidasıdır. Qismən də olsa yorğun beyinlər dincəlir, mənəvi hüzur tapırsan...
Ertəsi günü isə Sus kəndində olduq. "Riverside" (tərcüməsi "Çay kənarı") istirahət mərkəzində, Həkərinin sahilində iti axan çayın sədasını, suyun nəğməsini dinləməyə dəyərmiş...
Geriyə Füzuliyə qayıdırıq. Çayın kənarına düşüb, Qubadlı yolu ilə gedirik. Qarşımıza Horadiz-Ağbənd dəmir yolu xətti çıxır. Sağ tərəfimizdə isə "Həkəri su anbarı", 7 rayonu su ilə təmin edə biləcək böyük bir hövzə, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin görüntüləri, Zəngəzur yolunun çəkilişləri, Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağı, Zəngilanın Ağalı kəndi, dağların ortasında keçən tunellər və bir sözlə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng layihələr deməyə əsas verir ki, yaxın zamanlarda burada yaşayış səviyyəsi, həyat möhtəşəm olacaq və ermənilər tərəfindən dağıdılmış evlərdən isə əsər-əlamət belə qalmayacaq.
Bakı-Füzuli-Şuşa-Laçın-Bakı
Baxış sayı: 285