FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Azərbaycanın minatəmizləmə sahəsində artan təcrübəsi dünyada bu istiqamətdə həyata keçirilən fəaliyyətə töhfə verə bilər
21-03-2024, 10:30 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycanın minatəmizləmə sahəsində artan təcrübəsi dünyada bu istiqamətdə həyata keçirilən fəaliyyətə töhfə verə bilər

Hazırda Qarabağda 147 min 988 hektar ərazi minalarla ağır dərəcədə çirkləndirilib, 675 min 570 hektar ərazi isə orta və aşağı dərəcəli təhlükəli zonalar hesab olunur.

Fact-info.az  xəbər verir ki, bu barədə britaniyalı jurnalist Neil Vatsonun Azərbaycanın işğaldan azad edilən ərazilərində mina problemi ilə bağlı “nj.com” saytında dərc etdirdiyi məqalədə bildirilib.

Məqalədə vurğulanıb ki, bu gün mülki əhalinin minalarla bağlı üzləşdiyi ən böyük təhlükə Ukraynada cəbhə xəttində və ya Liviyada deyil, Avropanın sərhədlərindədir. Azərbaycanın qarşısında qonşu Ermənistanın işğalından azad etdiyi əraziyə - Qarabağa döşənmiş təxminən 1,5 milyon minanın təmizlənməsi kimi böyük vəzifə durur. Lüksemburqdan üç dəfə böyük - 7 min kvadratkilometr ərazidə basdırılmış minalar bərpa işlərinin aparılması və əhalinin köçürülməsi prosesini çətinləşdirir. 1990-cı illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağda öz torpaqlarından didərgin salınmış azərbaycanlı məcburi köçkünlərin sayı 650 min nəfərdir. Əlbəttə ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra onlar torpaqlarına geri qayıtmaq istəyirlər. Ancaq mina partlayışları ərazilər təmizlənmədən geri qayıdan insanların ölümünə və ya yaralanmasına səbəb olur.

Yazıda Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun vəziyyətlə bağlı fikirlərinə də yer verilib. Bildirilib ki, minaların Ermənistan tərəfindən dağınıq şəkildə, bəzən isə hərbi zərurət olmadığı halda basdırılması və həmin ərazilərdə heç bir nişan və ya hasarın qoyulmaması təmizləmə prosesini daha da çətinləşdirir, insan ölümlərinin sayı artır və beləliklə günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Minaların təmizlənməsinin və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi barədə Qərbdəki bütün razılıqlara baxmayaraq, BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi istisna olmaqla, bu nəhəng problemin həllində Qərb tərəfindən Azərbaycana çox az dəstək göstərilib.

Vurğulanıb ki, 2020-ci ilin noyabrında atəşkəs sazişinin imzalanmasından sonra Qərb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) cəmi 12,5 milyon dollar dəyərində yardım edib. Bu da minatəmizləmənin başa gələcəyi təxmini 25 milyard dollar ilə müqayisədə okeanda bir damladır. Azərbaycan özü 2022-2026-cı illər üçün yenidənqurmaya 11 milyard dollardan çox vəsait ayırıb.

Qarabağda hələ də 147 min 988 hektar ərazi yüksək dərəcədə çirkləndirilmiş, 675 min 570 hektar ərazi isə orta və aşağı dərəcəli təhlükəli zona hesab olunur. Noyabrda ANAMA-nın sədri Vüqar Süleymanov bildirib ki, 2020-ci ildən bu günədək 118 min hektardan çox ərazi minalardan təmizlənib. Bu isə ümumi çirklənmiş ərazinin cəmi 10,5 faizini təşkil edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan işğaldan azad olmuş ərazilərdə mina xəritələri üçün Ermənistana müraciətlər etsə də, Ermənistan rəsmiləri əvvəlcə bu cür xəritələrin mövcudluğunu inkar edib. Ermənistanın sonradan verdiyi xəritələrin Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yalnız 5 faizini əhatə etdiyi və onların yalnız 25 faiz dəqiq olduğu müəyyən edilib. Lakin Ermənistan əlində olan bütün xəritələri verdiyini iddia edir.

Qeyd edilib ki, minaların təmizlənməsi prosesində ən böyük çətinliklərdən biri xərclərdir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, minanın istehsalının ucuz (3-75 dollar) olmasına baxmayaraq, bir minanın çıxarılmasının dəyəri 300 dollardan 1000 dollara qədər dəyişə bilər. Bu, hətta zəngin təbii qaz ehtiyatlarına görə nisbətən varlı ölkə olan Azərbaycan üçün də böyük problem yaradır.

Beynəlxalq miqyasda da minaların təmizlənməsinin donorlar üçün prioritetlər siyahısında geridə olduğunun vurğulandığı yazıda qeyd edilib ki, bu məsələ gələcəkdə Ukraynada gedən müharibədə böyük mina və partlamamış hərbi sursat problemi səbəbindən yenidən gündəmə gələ bilər. Amma Qərb ölkələrinin Ukraynaya verdiyi önəmi nəzərə alsaq, Azərbaycanda minalardan təmizləmənin donorlar üçün daha sonra düşünülmüş məsələyə çevriləcəyi ehtimalı artır. Yenə də ümid əlamətləri var. Fevralın 7-də Avropa İttifaqı (Aİ), BMT İnkişaf Proqramı (BMT İP) və Azərbaycan hökuməti Avropa İttifaqının ayırdığı 4,25 milyon avro hesabına minalardan təmizləmə layihəsinə başlayıb. İyirmi kəndi əhatə edəcək layihə 33 min 604 ailənin faydalanmasına imkan verəcək. Bu layihə yerli və beynəlxalq QHT-lər arasında unikal tərəfdaşlığı gücləndirməklə yanaşı, yerli institutların potensialını artıracaq, həmçinin ANAMA-nı informasiya idarəçiliyi və minalardan təmizləmədə innovativ həllərin tətbiqi sahəsində dəstəkləyəcək.

“Minalar və digər partlayıcı sursatlar məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına, onların evlərinə və kənd təsərrüfatı sahələrinə çıxışına mane olur, beləliklə də onları yaşayışlarını bərpa etmək imkanlarından məhrum edir”, - deyə UNDP-nin Azərbaycan üzrə nümayəndəsi Nuno Queiros bildirib.

Qeyd edilib ki, UNDP ANAMA-ya münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risklər yaradan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək verəcəyini bildirib. Bundan əlavə, UNDP minaların aşkarlanması üçün xəritələr hazırlayacaq və xüsusi avadanlıqların alınmasına kömək edəcək. UNDP, həmçinin Azərbaycanda ənənəvi olaraq kişi peşəsi sayılan minatəmizləmə əməliyyatlarını həyata keçirən ilk qadın komandaları yaradıb.

“Qadınların humanitar minatəmizləmə kimi mühüm fəaliyyətə cəlb edilməsi xüsusilə vacibdir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün mühüm töhfələr verəcək”, - deyə BMTİP-dən Alessandra Rokasalvo bildirib.

Məqalədə vurğulanıb ki, Azərbaycanın keçmiş məcburi köçkünlərin məskunlaşdırılması üzrə “Böyük Qayıdış” adlı ilk dövlət proqramı 2026-cı ilə qədər 140 min nəfərin Qarabağa köçürülməsini nəzərdə tutur. İlk pilot layihə 2022-ci ilin iyulunda başlayıb, on ailə Zəngilan rayonunun cənubunda yerləşən nisbətən çirklənməmiş Ağalı kəndinə qayıdıb və daha 1350 nəfərin də kənddə məskunlaşacağı gözlənilir. Hökumət daha az çirklənmiş ərazilərə qayıdışı sürətləndirməyə çalışdığı üçün Füzuli və digər rayonlarda pilot layihələri genişləndirir.

Müəllif bildirib ki, Azərbaycan bu sahədə artan təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır. Onun təcrübəsi və yanaşmaları bütün dünyada həyata keçirilən bu fəaliyyətə dəstək verə bilər. Bu, nəinki təqdirəlayiq nümunə olacaq, həm də daha çox beynəlxalq donoru töhfə verməyə inandıra bilər.

“Biz öz təcrübəmizi bölüşməyə hazırıq. Ölkəmiz ərazisinə görə böyük olmasa da, əhalimizin hər onda biri mina çirklənməsindən əziyyət çəkib. Dünyada regional və etnik münaqişələrdən əziyyət çəkən daha 30 ölkə var. Minalar isə ən təhlükəli döyüş alətlərindəndir. Bu, milyonlarla insana təsir edib, lakin Dayanıqlı İnkişaf Məqsədlərini tərtib edənlərin nədənsə hələ də diqqətini çəkməyib”, - deyə E.Əmirbəyov açıqlamasında bildirib.

Qeyd olunub ki, bu yaxınlarda Ukrayna nümayəndə heyəti Azərbaycanın minatəmizləmə sahəsində yanaşmasını daha yaxından öyrənmək üçün bu ölkəyə səfər edib. Azərbaycanın təcrübəsini və texnologiyalarını dünyanın başqa yerlərində tətbiq etmək üçün Səudiyyə Ərəbistanı-Azərbaycan birgə şirkəti yaradılıb. Bir çox Asiya və Afrika ölkələrinin illər əvvəl başa çatmış müharibələrdən sonra hələ də minalarla çirkləndiyi bir şəraitdə Azərbaycanın bu gün öyrəndiyi təcrübə bütün dünyada mülki əhalinin təhlükəsizliyini yaxşılaşdırmağa kömək edə bilər. Minaların ən çox kənd təsərrüfatı sahələrində basdırıldığını nəzərə alsaq, bu təcrübə mübadiləsi beynəlxalq ərzaq təhlükəsizliyini də gücləndirə bilər.




Baxış sayı: 105
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30