FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İrəvandakı dini-mənəvi və tarixi abidəmiz: Göy Məscid
6-02-2024, 09:00 | MƏDƏNİYYƏT
İrəvandakı dini-mənəvi və tarixi abidəmiz: Göy Məscid

Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru

Minillər boyu xalqımızın öz əzəli-əbədi torpaqlarında qurub-yaratdığı maddi-mənəvi dəyərlərin böyük tarixi var. Daş kitabələrdən üzü bu yana, qədim tikililər, möhtəşəm abidələr, dini məbədgahlar milli varlığımızın, mədəniyyətimizin zəngin xəzinəsi timsalındadır. Yurd yerlərimizdə bu gün də mövcud olan abidələrin qalıqları öz dövrünün tarixini, xalqımızın dərin mənəviyyatını əks etdirir.

Bu mənada qədim Oğuz ellərindən sayılan Qərbi Azərbaycanda da xalqımızın yaşam tarixinin, mədəniyyətinin maddi dəlili olan abidələrimiz, məbədgahlarımız xatırlandıqca yaddaşımız közərir. Bədnam erməni qonşularımız, işğalçı Ermənistan dövləti zaman-zaman bu tikililəri dağıtmaqla həmin ərazilərdən izimizi itirməyə çalışıblar. Fəqət unudublar ki, tarixin yaddaşı etibarlıdır, o heç nəyi unutnur, özünün daş yaddaşında hifz edir.

Xəyanətkar ermənilər ötən əsrin sonlarından o yerlərin əsl sakinləri olan soydaşlarımızı son nəfərinə qədər qovub çıxarmaqla saysız-hesabsız cinayətlər törətdilər. Şəhər və kəndlərimizin, bütün yaşayış məskənlərimizin adını dəyişdirdilər, o cümlədən, qədim tikililərimizi, abidələrimizi dağıtdılar. İrəvanda azərbaycanlıların ibadət yeri olan 8 məsciddən ən möhtəşəmi -Hüseynəli xan Məscidi (Göy Məscid) də təcavüzkarlığa məruz qaldı, ötən əsrin əvvəllərində bir neçə dəfə (1918, 1955) yandırıldı. Qansız, rəhmsiz daşnaklar uşaqlara, din xadiminə, alimi-üləmalara qıydılar, ibadət vaxtı məscidə od vuraraq yandırdılar... Zaman-zaman başına olmazın müsibətləri açılan Göy Məscid sonradan başqa məqsədlər üçün istifadə edildi. Nəhayət, İran şirkətlərinin yardımı ilə rekonstruksiya olunaraq beynəlxalq aləmə "Fars məscidi" kimi təqdim olundu. Deyirəm, bu müqəddəs məbədgah canlı olsaydı, dil açıb özünün tarixi, elmi-ictimai taleyindən, şahidi olduğu faciələrdən acı-acı danışardı...

Müxtəlif vaxtlarda tarixçi alimlərin, tədqiqatçıların bir sıra abidə və məbədgahlarla yanaşı, Göy Məscidlədə bağlı araşdırmaları ortaya çıxıb. Bu sətirlərin müəllifi də həmin məscidlə bağlı tədqiqat xarakterli yazı ilə mətbuatda çıxış edib. İndi mövzuya yenidən qayıtmaqla Hüseynəli xan Məscidinin tikildiyi tarixdən başlamış, fəaliyyət göstərdiyi zamanlarda bu məbədgaha edilən maddi, mənəvi basqılarla bağlı 100 ildən də bir qədər əvvəl yazılmış mükəmməl bir məqaləyə diqqət çəkmək, münasibət bildirmək niyyətindəyik. Xatırladaq ki, Göy Məscid haqqında "Təhvil" imzası ilə yazılmış məqalənin müəllifi XX əsrin əvvəllərində İrəvan ədəbi mühitinin görkəmli nümayəndəsi, şair, yazıçı-publisist, felyetonçu, "Bürhani-həqiqət" jurnalının redaktoru və baş yazarı Əli Məhzun Hacı Zeynalabdinzadə Rəhimovdur. Təhvilin adıçəkilən jurnalda dərc etdirdiyi bu məqalədə məqsədi İrəvanda "Göy Məscid"ə sahib çıxmağa çalışan üzdəniraq ermənilərin məzkur məscid haqqında uydurduğu yalanları ifşa etmək olmuşdu. Məqalə "Bürhani-həqiqət"in 1 yanvar 1917-ci ildə dərc edilib. İlk olaraq qeyd etməliyik ki, Təhvilin məscidlə bağlı yazısında məlumatlar çoxfaktlıdır.

Məqalənin ilk sətirlərində oxuyuruq: "Həmin fövqdə basılmış məscid əksi (şəkli) İrəvanda əski binalardan ədd olunan (hesab edilən) "Məscidi-came"-"Göy Məscid"in əksidir. Həmin məscid 1178 səneyi-hicridə bina olunmuşdur. Məscidin tağında yazılmış həmin misra "Əfkəndə əksi dər İrəvan məscidül-həram" əbcədi-kəbir hesabı ilə məscidin tarixi-binasını göstərir.

İrəvan şəhəri hənuz İran hökumətinin təhti-idarəsində olduğu zaman 1756-cı səneyi-miladidə İrəvanda hakimlik edən Nəcəfqulu xan Qacarın (Bəzi mənbələrdə Həsənəli xan Qacar göstərilir - Ş.N.) oğlu Hüseynəli xan tərəfindən həmin məscid bina olunmuşdur. Lihaza (buna görə) bina etdirən şəxsin adı ilə "Hüseynəli xan Məscidi" dəxi təsniyə olunur (adlanır). Deməli ki, Rusiya hökuməti İrəvanı müsəxxər (zəbt) etmədən 72 sənə müqəddəm həmin məscid bina olunubdur. Hal-hazırda yaşayıb durmaqdadır".

Məqalədən iqtibas etdiyimiz bu hissədə mühüm olan iki məqama diqqət edək. Təhvil məscidin hicri tarixi ilə 1178-ci ildə inşa edildiyini göstərir. Ardınca yazır ki, məscidin tağında yazılmış həmin misra "Əfkəndə əksi dər İrəvan məscidül-həram" əbcədi-kəbir hesabı ilə məscidin tarixi-binasını göstərir. Müəllifin yazdığı kimi, əbcədi-kəbir hesabı oxunduqda məscidin hicri - 1175, miladi - 1762 ildə tikildiyi məlum olur. Sözün bu məqamında bəzi mənbələrdə Göy Məscidin inşası ilə bağlı qeyd olunmuş tarixlərə nəzər salaq. "İrəvan necə varsa" (Bakı: 2022) kitabında məscidlə bağlı məlumat-məqalədə Az.Res. Dövlət arxivinin 1949-cu ilə aid arxiv sənədinə istinadən Göy Məscidin 1776-cı ildə inşa olunduğu göstərilir. Vikipediya məlumatında isə erməni əsilli amerikan tarixçisi Corc Burnutyana istinadən məscidin 1762-1783-cü illərdə, M.Arutunyanın araşdırmasına əsasən bu məbədgahın 1764-1768-ci illərdə tikildiyi qeyd olunmuşdur (Digər araşdırmalarda isə başqa faktlarla qarşılaşdıq). Xatırladaq ki, məqalənin müəllifi Təhvil - Əli Məhzun İrəvanda doğulmuş, fəaliyyəti, ədəbi yaradıcılığı bu şəhərlə (ömrünün son bir neçə ilini Gəncədə yaşamışdır. Ş.N.) bağlı olmuşdu. Heç şübhəsiz, o da İrəvanın sakini kimi Göy məscidi ziyarət etmiş, məbədgahın gözqamaşdıran gözəlliyindən, daş-divarlarına, tavanına həkk olunmuş memarlıq incilərindən heyrətlənmiş, orada ibadət etmiş, məscidin inşası ilə bağlı tağında yazılmış misranı oxumuş, onun "əbcədi-kəbir hesabı ilə" tarixini görmüşdü. Fikrimizcə, Göy məscidin tağında bina olunduğu tarixi səhih məxəz hesab etmək doğru olar.

Məqalədə məscidin inşası ilə bağlı yazdığı fikrin ardınca müəllifin bir qeydində isə yanlışlığa yol verdiyi diqqətimizi çəkdi. Deyir, Rusiya hökuməti İrəvanı müsəxxər (zəbt, işğal) etmədən 72 sənə müqəddəm həmin məscid bina olunubdur. Hal-hazırda yaşayıb durmaqdadır". Məqalənin yazıldığı tarix və "Bürhani-həqiqət"də dərc olunması 1917-ci ildi. Çar Rusiyasının İrəvan qalasını işğal etməsi, İrəvan xanlığının süqutu isə 1927-ci ildə baş verib. Ə.Məhzun 10 il sonra yaşanılan tarix haqqında necə məlumat verə bilərdi, bax bu fakt qəribə və anlaşılmaz səslənir.

Məqalə müəllifi Təhvil bundan sonra əsas mətləbə keçərək, bir erməni müxbirinin məscidlə bağlı cəfəng, uydurma fikirlərindən narahatlığını bildirir. İrəvanın azərbaycanlı ziyalısının narahatlığı əbəs deyildi. Çünki həmin dövrdə Rusiyada böyüməkdə olan siyasi hadisələrin inqilab dalğası Zaqafqaziyaya da gəlib çatmışdı. Bu siyasi mübarizələrdən öz məqsədləri üçün istifadə edən haylar da hər yerdə olduğu kimi, İrəvanda da ixtişaşlar törədərək azərbaycanlıları sıxışdırıb, evlərindən didərgin salmağa, onların yerini Türkiyədən gəlmiş ermənilərin zəbt etməsinə nail olmuşdular. Qədim yurd yerlərimizdə təzə-təzə məskunlaşdıqlarına baxmayaraq, şəhər və kəndlərimizin, qəsəbələrimizin adlarını dəyişir, tarixi-mədəni abidələrimizə qarşı qəsdlərə başlayırdılar. Görün, erməni müxbiri bizim "Göy məscid" haqqında nələr uydurubmuş. Təhvil yazırdı:

"Solntse Rossii" jurnalının 279-cu nömrəsində həmin məcmuənin xüsusi müsəvviri (rəssamı) "Ter-yan"ın Bədayei-sənayeyindən (İncəsənət abidəsi) hesab olunaraq həmin İrəvan məscidinin fövqdəki qərar ilə əksi basılaraq "Van məscidi" adlanmışdır.

"Solntse Rossii" jurnalının həmin hərbi müxbir və müsəvviri "Ter-yan" qonşunun bişmiş toyuğu güldürəcək belə müsəvvirliyi həmin məcmueyi-mətinənin dəxi nə qədər "doğruçu olduğuna", qarelərinə"ter-yan"lardan alınmış "ən müvəssəq" (doğru) xəbərlər oxutdurduğuna və eynindən alınmış (həmin məscid kimi) fotoqraf əksləri tamaşa etdirdiyinə şübhə buraxmayır".

Şübhə etmirik ki, həmin dövrdə xain, fitnəkar ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, şəhər və kəndlərimizin yandırıldığı, mal-mülklərimizə edilən basqıların tüğyan etdiyi bir zamanda Əli Məhzunun haylardan çəkinmədən, qorxmadan, doğru olanı mətnlərində cəsarətlə aşkara çıxarması, yazıçının milli təəssübkeşlik hissinin, azərbaycançılıq yanğısının təcəssümü idi. Oxuyuruq:

"Əcəba! "Ter-yan" qonşunun atkritkalar üzərində basılıb bütün Qafqaz və Rusiyada nəşr olunmuş şu İrəvan məscidi fotoqrafının "Van məscidi" deyə "Solntse Rossii"nın sütununda ənzari-ümumun (camaatın) tamaşasına qoyması ümumrusiya əhalisini, daha doğrusu, Rusiya müsəlmanlarını kor hesab etmək deyil də bəs nədir? Zənnimcə, "Ter-yan" qomşu "Vanı" yuxusunda belə görməmiş ki, İrəvanın əvvəlki hecasını bəl edərək (udaraq) Van yazmışdır".

Ter-yanın həyasızlığı o dərəcəyə çatıbmış ki, "Hüseynəli xan Məscidi"nin şəklini "Van məscidi" kimi təbliğ etməklə azərbaycanlıların mədəni-tarıxi abidəsini, dini məbədgahını mənəvi unutqanlığa məhkum etməyə çalışırmış. Şübhəsiz, bu işlər daşnaksütun partiyasının qəddarlıq və hiyləgərliklə müşayiət olunan planlarının tərkib hissəsi imiş.

Yeri gəlmişkən, həmin 1917-18-ci illərdə hayların "Böyük Ermənistan" yaratmaq məqsədilə apardığı iyrənc siyasətin təsiri altında xəstə təfəkkürlü millətin huya getməsi, xəyanətlərə əl atması, yurdlarımızda törətdikləri cinayətlər barədə İrəvan ziyalıları Bakı mətbuatında həqiqəti əks etdirən məqalələrlə sos qaldırırdılar.

Haqqında bəhs etdiyimiz "Hüseynəli xan Məscidi"nin son sətirlərinə diqqət edək: "Oqonyok" jurnalının 12-ci nömrəsində dəxi Tiflisdə Vorontsov küçəsi başındakı meydançanın əksi "Ərzurumda bazar meydanı" adı ilə basılmışdır. Hər halda həmin mətin məcmuələrin necə bir doğruçu müsəvvirləri olduğuna hər kəs "hökm edə" bilər".

Göründüyü kimi, Hüseynəli xan Məscidi çox ağır, məşəqqətli bir tale yaşayıb. 4 minarədən 3-ü dağıdılıb, divarlarında, tağındakı yazılar onun inşası tarixini, daha başqa bilgiləri, ümumən izimizi itirmək məqsədilə silinərək yox edilib. Amma tarix qalıb. İrəvan xanlığına məxsus olan hər şey - xəritələr, qədim fotolar, toponimlər, görkəmli şəxsiyyətlərimizin həyat-yaşam salnamələri tarixi sənədlərdə yaşayır.

Bu gün Qərbi Azərbaycana ləyaqətli qayıdışımızı gerçəkləşdirməkdən ötrü ucalan səsimiz beynəlxalq aləmdə əks-səda verir. Zaman gələcək, biz dədə-baba torpaqlarımızdan olan Qərbi Azərbaycana da qayıdacağıq. Yəqin, oyerlərin torpağı, daşı, qayası, buz bulaqları da doğma sakinlərindən ötrü qəribsəyib. O yerlərə dönüşümüzdə sönmüş ocaqlarımızı yenidən alışdıracaq, Hüseynəli xan Məscidində - yəni günbəzində, tağında, tavanında göy rənglərin çox işləndiyi Göy Məsciddə Uca Yaradana şükranlıqla ibadət edəcəyik.




Baxış sayı: 290
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş biblioqrafik göstərici Bu gün, 16:00 Türk coğrafiyasının genişlənməsi strateji hədəfə çevrilməlidir Bu gün, 11:30 Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib Bu gün, 11:30 Prezident Beynəlxalq Konfrans İştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:00 Yüksək qan təzyiqinin gizli təhlükəsi haqqında Bu gün, 09:30 COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub Bu gün, 08:30 İrəvan Teatrında “Stalin – İzm” tamaşasına ictimai baxış olub Bu gün, 08:30 NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik Bu gün, 07:30 Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının qrafiki açıqlanıb Dünən, 19:30 Transxəzər fiber-optik layihəsi üçün kabel "Azərbaycan" gəmisi ilə Bakıya çatdırılıb Dünən, 16:30 Президенту Туркменистана преподнесен в дар карабахский скакун Dünən, 15:30 Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə diqqət yetiriblər Dünən, 15:00 Presidents Ilham Aliyev and Serdar Berdimuhamedov viewed bullet-riddled busts of Azerbaijan’s prominent figures in Shusha Dünən, 14:30 Qarabağda aparılan yenidənqurma işləri beynəlxalq platformada Dünən, 11:30 XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir Dünən, 11:00 Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinə Türkmənistanın dəstəyi yüksək qiymətləndirilib Dünən, 09:00 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır Dünən, 09:00 Qazaxıstan Orta Dəhlizin inkişafı üçün razılaşmalar əldə edib Dünən, 09:00 Qalibaf: İran Hörmüz boğazını beynəlxalq qaydalara uyğun idarə edəcək Dünən, 08:30 Nazirlər Kabineti QHT-lərin maliyyələşdirilməsi ilə bağlı “bir pəncərə” sisteminin tətbiqinə dair qaydaları təsdiq edib 22-06-2026, 17:30 Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir 22-06-2026, 17:00 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 22-06-2026, 16:30 Vətəndaş İctimai Nəzarət Platformasının Təşəbbüs Qrupu yaradılıb 22-06-2026, 15:00 NİİM piyadalara müraciət edib 22-06-2026, 11:30 Sovet repressiyasının sındıra bilmədiyi şəxsiyyətlər 22-06-2026, 11:30 Azərbaycan tarixşünaslığının banisi 22-06-2026, 10:00 FHN çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmasına çağırıb 22-06-2026, 09:30 “Uzaq yolların işığı”nda 22-06-2026, 08:30 Ağdam şəhərində peşə kursuna başlanılıb 22-06-2026, 08:30 İrəvan Azərbaycan Pedaqoji Texnikumunun məzunu İslam Adıgözəlov və onun “Vurğunun” şeiri 21-06-2026, 14:30
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930