FACT-INFO.AZ » XƏBƏR » Şəhidlərimizi tanıyaq, tanıdaq
26-10-2021, 09:45 | XƏBƏR
Şəhidlərimizi tanıyaq, tanıdaq

İmamverdiyev Elnur Vəfadar oğlu

Vətən müharibəsinin qəhrəman şəhidi İmamverdiyev Elnur Vəfadar oğlu 9 yanvar 2001-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. 2007-ci ildən 2018-ci ilədək Carlı kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yola düşən Elnur bir ay Cəlilabad rayonunda xidmət etdikdən sonra, XTQ -ın sırasına seçilərək xidmətini kəşfiyyatçı əsgər kimi davam etdirib. Müxtəlif bölgələrdə təlim və kurslarda kəşfiyyatçı kimi ixtisaslaşan Elnur Vətən müharibəsi başlayan gündən Füzuli istiqamətində döyüşlərə qatılır. O, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirak edib. Cəsur döyüşçü Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə kəşfiyyatçi kimi topçulara koordinatlar verir və o koordinatlar dəqiq atəş nəticəsində məhv edilir.

Elnur və döyüş yoldaşı düşmənin xeyli qüvvəsini və texnikasını məhv edirlər. Elnur yaralanır və komandiri onun arxaya qayıtmasını istəyir, o, isə komandirindən onu ön xətdə saxlamasını xahiş edir və əsgərlərə silah daşıyan təminat maşınını idarə etmək ona həvalə edilir. İlk 3 günü orada olur, 4-cü gün gece əsgərlərə silah verib geri qayıdan zaman, dağa qalxarkən Elnurun idarə etdiyi “Kamaz” dağın dikindən aşır. Elnur cəld özünü kabinadan atsa da, maşının ardınca dağın ətəyinə doğru yuvarlanır. Maşın onun 4 metr yaxınlığında partlayır və Elnur ağır dərəcədə baş-beyin travması alır. Onu Bakı şəhərinə - Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirirlər. 5 gün komada qaldıqdan sonra həkimlərin səyinə baxmayaraq, Elnuru həyata qaytarmaq mümkün olmur və o, 25 oktyabrda baş beyinin ağır travmasından şəhid olur. Elnur 26 oktyabrda doğma kəndində torpağa tapşırılır.

Elnur İmamverdiyev ölümündən sonra Azərbaycanın Respublikası Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Allah rəhmət eləsin!

***

Analar yanar ağlar.

Dərdini sanar ağlar.

Dönər göy göyərçinə

Yollara qonar ağlar...

Əvvəllər televizorda şəhid valideynlərindən eşitdiyim: “Oğlum Vətən uğrunda şəhid olub, onunla fəxr edirəm!” kəlmələri məni təəccübləndirirdi. Düşünürdüm ki, övladın ölümü ilə necə fəxr etmək olar? Olarmış! Bunu müharibə günlərində izdihamlı, bayraqlı, yaylım atəşli şəhid dəfnlərində balasını hörmət-izzətlə, şərafətlə yola salmaq üçün toplaşan izdihamın qarşısına gözünün yaşını qurudub, sinəsini qabardıb qürurla çıxan, tabutun üzərinə örtülən bayrağı fəxarətlə öpüb gözünün üstünə qoyan Şəhid valideynlərini görəndə anladım. Anladım ki, bu, adi ölüm deyil! Bu, mücadilədi, mübarizədi, fədailik, qəhrəmanlıqdı. Və bu şərəf hər kəsə nəsib olmur. Torpağımız işğaldan azad edildi. Azərbaycan bütöv oldu, üzümüzü ağardan, bizi xəcalətdən qurtaran oğullar qəhrəmandırlar. Bu qəhrəmanlarla bütün ölkə fəxr edir. Bütün dünya onların igidliyindən danışır. Onu da anladım ki, üstündə dalğalanan 3 rəngli bayrağı ilə seçilən darvazaların çölündə qürur, fəxarət var. Ancaq darvazadan içəri əli xına görməmiş, toy toğlusu kəsilməmiş, körpə qoxusu almamış, övlad fərəhi yaşamamış, ata-anasına, sevgilisinə, yarına verdiyi vədə xilaf çıxmış neçə-neçə gəncin xiffətini, həsrətini çəkənlərin göz yaşı, nisgili varmış...

“Mənim oğlum da Vətən uğrunda şəhid olanların, qəhrəmanların sırasındadır. Torpaq üçün, Vətən üçün, xalq üçün şəhid olanların sırasında...” – gözünün yaşını silib qürurlanan, şəhid balası ilə fəxr edən Xuraman xanım da illərlə əzab-əziyyətlə böyütdüyü, gələcəyi üçün arzular, xəyallar qurduğu gənc övladını itirməyin, soyuq torpağa tapşırmağın ağırlığından bükülən qəddini dikəldib, arzularının puç olmasından, oğlunu ətrafında görməyəndə yanmasından, ancaq yenə təskinliyi onun şəhidliyində – cismən olmasa da, ruhən, mənən əbədi yaşar olmasında tapmasından sızıltıyla danışırdı.

Bir qızı, iki oğlu vardı Xuramanın. Elnur onun ikinci gözağrısı, ilk oğul payı idi. Qızı ailəlidi, iki övladı var. Burdan çox uzaqda – Rusiyada yaşayırlar. Kiçik oğlu Cavidan isə məktəblidir, 6-cı sinifdə oxuyur. Övladın hamısı valideyn üçün əzizdi, şirindi. Ancaq biri həmişə anaya, ataya dərd ortağı, həmdəm olur, həyan olur. Elnur da valideynləri üçün elə övlad idi. Sirdaş, həmdəm, ümid, pənah, məsləhət yeri, əlindən tutanı idi...

Xuraman xanımın deməsinə görə, Elnur doğulandan rahat, sakit uşaq olub. Qarnı tox oldusa, oynaya-oynaya öz beşiyində yatarmış. Oyananda da anası kürəyinə sarıyıb iş-gücünü görərmiş. Bəzən elə anasının kürəyindəcə yuxulayarmış uşaq. Böyüdükcə də sakitliyi, ağlı, tərbiyəsi ilə seçilib Elnur. Orta məktəbdə yaxşı oxuyub. Məktəbin bütün ictimai işlərində fəal iştirak edib. İdman yarışları, tədbirlər onsuz keçməyib. Elnurun yaxşı aktyorluq, rəsm çəkmək qabliyyəti də varmış. Toyda, şənlikdə ondan gözəl rəqs edən olmazmış. Məktəbin tədbirləri onsuz keçməzmiş. Ona görə də, müəllimləri onu çox istəyiblər. Əvvəllər müəllim olmağı arzulayıb Elnur. Sonra tədbirlərdə obrazlara girəndə, şeir söyləyəndə, rəqs edəndə istedadını o qədər tərifləyiblər ki, incəsənət sahəsində çalışmaq, kinoaktyor olmaq keçib ürəyindən. Məktəbi bitirəndən sonra sənədlərini incəsənət universitetinə verib, qabiliyyət imtahanından keçib, imtahan balı az olub. Elnur sınan, ruhdan düşən uşaq olmayıb. Deyib ki, əsgərlikdən qayıdandan sonra hazırlaşıb, mütləq oxuyacaq.

Elnur əldən zirək, bacarıqlı, gördüyü işə can yandıran uşaq olub. Kiçik yaşından zəhmətə alışıb. Anası ilə bərabər pambıq becərməyə, toplamağa, əkinə, tərəvəzə gedib. Atasına ot-alaf toplamağa, əkin suvarmağa, mal-qaranı farağatlamağa kömək edib. Bacarmadığı, yarıtmadığı iş yox imiş. Texnikaya da çox marağı varmış. Uşaqlıqdan idmanla, fiziki işlə çox məşğul olduğu üçün sağlam, boy-buxunlu, cüssəli, qüvvətli imiş...

Qohum-qonşu, dost-tanış da Elnurdan ağız dolusu danışır. Deyirlər ki, çox mehriban idi Elnur. Köməyə ehtiyacı olana əl yetirər, ərinmək, yorulmaq bilməzdi. Onun kənddə, məhəllədə, məktəbdə ancaq xoş sədasın, yaxşı sorağın almaq olardı. Əsgərlikdən qabaq ailəyə kömək məqsədilə bir az da rayon mərkəzində – restoranda işləyib. Orda da az vaxtda səliqə-səhmanı, ədəb-ərkanı ilə özünə hörmət qazanıb. Elnur geyim-keçiminə diqqət edən, təmizkar, səliqəli olub. Köynəyinin ütüsünü bəyənməyəndə, iki dəfə ütülətdirərmiş anasına. Yağışda, palçıqda, elə yeriyər, elə gəzərmiş ki, ayaqqabısının kənarlarına da palçıq dəyməzmiş. İşə gedəndə elə şıx geyinib, şax gedərmiş ki, elə bil qulluğa gedir. Anası da həmişə arxasınca baxıb fərəhlənərmiş...

Kənd uşaqlarının çoxu kimi Elnur da at sürməyin aludəçisi olub. Elə təsərrüfat işlərinə atla gedib çox vaxt. Bir dəfə 7-ci sinifdə oxuyanda, kənd yolunda at belində maşınla yarışa çıxıb, maşını keçib. Maşının siqnalından hürkən at Elnuru yıxıb, qolu sınıb. Dözümlü uşaq olub Elnur, ağlamaq, qışqırmaq əvəzinə gülürmüş ki, anası narahat olmasın. Xəstəxanada həkimlər onun dözümünə həsəd aparıblar. Əməliyyat otağına götürüləndə əzabdan, ağrıdan qıvrıla-qıvrıla titrək səslə:

- Ana, gəl, yanımda dayan, – deyib...

Xuraman xanım Elnuru körpə vaxtı oynadanda: – Zabit balam, - deyib oxşayarmış. O da anasına zabit salamı verərmiş. Bir az böyüyüb ağlı söz kəsəndə: - Daha mənə “zabit balam” demə! O adı qazanmaq, o ada layiq olmaq lazımdı. Hər oğula qismət olmur bu adı qazanmaq, – deyibmiş Elnur. Xuraman xanım da fərəhlə balasının boy-buxununu süzüb və deyib ki, sən bu adı əsgərlikdə qazanıb qayıdarsan evə...

Ananın xatirələrindən: Hərbi xidmətdə andiçmə mərasiminə gedəndə Elnurun hərbi geyimdə sıradan keçməsini görəndə, elə bil dünyanı mənə verdilər. Hərbi geyim balama elə gözəl yaraşırdı ki,... Mərasim qurtarandan sonra sıradan çıxıb üstümə yüyürdü, boynumu qucaqlayıb kövrəldi. Dünyanın ən böyük sevincini yaşadım həmin gün...

Elnur hərbi xidməti dövründə evlərinə zəng edəndə, bircə dəfə də olsa çətinlikdən danışmayıb, narazılıq etməyib. Komandirinin, yoldaşlarının hörmətini qazanıb. Aktyor olmaq istəyindən, uşaqlıq həvəsindən də xidmət vaxtı daşınıb. Ordaca qərar verib ki, hərbçi olacaq, vətənə xidmət edəcək. Və bununla da qısa ömrünün şərəfli tarixini yazdı Elnur. Həqiqi hərbi xidmətinin bir ilinə beş gün qalmış – sentyabrın 27-də müharibə başladı...

Xuraman xanım həmin günləri belə xatırlayır: Sentyabrın 27-də Elnur mənə zəng vurdu:

- Ana, biz müharibə zonasına gəlmişik, mənə zəng çatmasa narahat olma, burada şəbəkə yaxşı işləmir. Özüm əlaqə saxlayacağam.

Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli bölgələrində döyüşüb Elnur. Sonuncu dəfə oktyabrın 16-da, axşamüstü mənə zəng vurdu:

- Ana, bizi yuxarı aparırlar. Mənə zəng eləmə! Məndən narahat olma! Atama xəbər elə ki, evə gəlsin, səni, qardaşımı tək qoymasın! Qardaşımdan muğayat ol!

Həmin gün Elnur bütün dostlarına, qohumlara zəng vurub, hamı ilə halallaşıb, vidalaşıb. Sonra 5 gün onunla əlaqəmiz olmadı, komandirlərinin telefonlarına zəng çatmadı. Atası başqa rayonda işləyirdi. Zəng vurub dedim ki, 5 gündür Elnurdan xəbər yoxdu. O da: - yəqin şəbəkə yoxdur, – deyib məni sakitləşdirməyə çalışdı. Səhəri gün xəbər gəldi ki, Elnur ağır yaralanıb. Bakıya – Silahlı Qüvvələrin Mərkəzi Hospitalına aparıblar. Atası, qohumlar, tanışlar hamısı yığışıb getdi. Məni qoymadılar getməyə. 5 gün komada oldu. Yanına heç kəsi buraxmırdılar. Məni aldatdılar. Guya Elnur deyib ki, birinci gün onu reanimasiyadan palataya köçürəcəklər. Anam o zaman gələr yanıma. Mən də inandım, bir az sakitləşdim.

Oktyabrın 25-də xəbər verdilər ki, Elnur komadan çıxa bilmədi, şəhid oldu. Bir il idi balamı görə bilmirdim. Həmin gün dünyanın ən ağır əzabını, iztirabını yaşadım mən (ağlayır)... Elə indi də yaşayıram. Hər gün düşünürəm: Canını tapşıranda yanında ola bilmədim, son sözünü, son diləyini eşidə bilmədim... Mən bu dağı çəkdim, bütün şəhid anaları kimi. Allah heç bir anaya bala dağı çəkdirməsin! İndi Elnuru axtaranda gözümü darvazaya dikirəm, bəlkə... Hələ də inana bilmirəm ölümünə. Mənim qorxusuz, igid balam ölə bilməzdi axı (qəhərlənir)...

Bacısına zəng edib vəsiyyətini edibmiş Elnur. Ömrünün son anlarında da anasını düşünüb. Deyibmiş ki, 3 nəfər qalmışıq dağın başında, kəşfiyyata gedirik, bilmirəm, qayıda biləcəyik, ya yox. Haqqını halal elə! Anamdan muğayat ol! Köç, gəl Azərbaycana, anamı tək qoyma!

Arzuları çox idi Elnurun – ali təhsil almaq, yaxşı işdə işləmək, yaxşı yaşamaq. Qardaşını C. Naxçıvanski adına hərbi liseydə oxutmaq...

Qürur dolu baxışlarının dərinliyində kədər yuva salan, həsrət haray salan qara yaylıqlı ananın da arzuları vardı: Oğlunu ali təhsilli, rütbəli, evli-eşikli görmək. Evinə gəlin gətirmək...

(44 günlük Vətən müharibəsinin kürdəmirli şəhidlərinin qısa, lakin şərəfli

həyatından bəhs etdiyim “Ölümü ömür seçənlər” kitabından bir parça.)

Yaqut Bahadurqızı

Filologiya üzrə fəlsəfə doktoru




Baxış sayı: 888
Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir Bu gün, 10:30 Beynimiz bu yaşdan sonra KİÇİLİRMİŞ Bu gün, 10:30 “Azərbaycan muğamı” layihəsi çərçivəsində Bu gün, 09:30 Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi il olacağına ümid edir Bu gün, 08:30 UNICEF: İqtisadi bərabərsizlik varlı ölkələrdə uşaqların sağlamlığına və təhsilinə mənfi təsir göstərir Bu gün, 08:30 WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 20:00 WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub Dünən, 19:00 Azərbaycan və Özbəkistan HHQ-ləri arasında əməkdaşlıq inkişaf etdiriləcək Dünən, 18:00 Orta Şərqdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb Dünən, 17:00 QHT Agentliyinin məsul şəxsləri bir qrup QHT təmsilçiləri ilə birlikdə WUF13-ün keçiriləcəyi ərazi ilə tanış olublar Dünən, 17:00 NATO ölkələrinə çağırış Dünən, 11:00 Azərbaycan bu ölkələrlə yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı genişləndirir Dünən, 10:00 Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub Dünən, 10:00 “Euronews” telekanalı Bakıda keçiriləcək WUF13 ilə bağlı xüsusi material hazırlayıb Dünən, 09:30 Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb Dünən, 09:00 WUF13: Bakıda keçiriləcək forumun gözləntiləri və strateji əhəmiyyəti 12-05-2026, 19:30 “Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçirildi- FOTOLAR 12-05-2026, 18:30 President Ilham Aliyev’s speech during meeting at first residential complex in Zangilan in world media spotlight 12-05-2026, 17:00 “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” 12-05-2026, 17:00 Yol təhlükəsizliyi ilə bağlı xəbərdarlıq 12-05-2026, 12:00 Bu ölkənin teleməkanında separatizmə dəstək tezisləri mütəmadi olaraq davam edir 12-05-2026, 11:30 “Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb 12-05-2026, 10:30 Qobustanda gənc müəllimlər arasında yarış keçirilib 12-05-2026, 10:00 Bakıda “Qarabağ və Şərqi Zəngəzurda urbisid, mina çirklənməsi və dirçələn həyat” mövzusunda fotosərgi 12-05-2026, 09:30 Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi düşünür 12-05-2026, 09:30 Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər 12-05-2026, 08:00 Türkiyə mediası: Heydər Əliyevin Azərbaycan tarixindəki rolu danılmazdır 11-05-2026, 11:00 FHN: Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunublar 11-05-2026, 10:30 Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb 11-05-2026, 09:30 QHT Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib 10-05-2026, 18:00
Köşə yazarları
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031