FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Böyük Qayıdış: tarixi yaddaşın bərpasında maddi-mədəni irsin rolu və əhəmiyyəti
28-11-2024, 10:00 | TƏDQİQATLAR-ANALITIKA
Böyük Qayıdış: tarixi yaddaşın bərpasında maddi-mədəni irsin rolu və əhəmiyyəti

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev cari il sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı həmin tədbirdəki nitqində Azərbaycanın indiki Ermənistan ərazisinə qatılan tarixi torpaqları barədə danışaraq bildirmişdi: “Qeyd etdiyim kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-1950-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

Vətən müharibəsində əldə edilən tarixi Qələbə XXI əsrin qalib dövləti və xalqı qarşısında yeni siyasi, elmi və strateji hədəflər mərhələsi zəminində geniş üfüqlər açdı. Təqvimimizə qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etdiyimiz kədərli 27 Sentyabr - Anım Günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr-Zəfər və 20 Sentyabr-Dövlət Suverenliyi günləri. Əbədi yaşayacaq bu Zəfər Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifəsidir. Eyni zamanda, bugünkü və gələcək nəsillər üçün ən qiymətli miras, ölkənin gələcək müqəddəratının təyinində yeni böyük hədəf və strategiyaların qarşıya qoyulması yolunda əvəzolunmaz və əbədiyaşar sərvətdir. Qarabağa başlayan Böyük Qayıdış Qərbi Azərbaycana da qayıdışın yollarını açdı. Beləliklə, Qərbi Azərbaycana qayıdış ümummilli məsələyə çevrildi.

Qərbi Azərbaycanın tarixi və maddi-mədəni irsinin tədqiq edilməsi milli yaddaşımızın bütövləşməsinə imkan yaradacaq, Vətən müharibəsindəki tarixi Qələbə ilə ruhu oyanmış bugünkü və gələcək nəsillərin yaddaş bütövlüyü Qərbi Azərbaycana qayıdış yolunda maneələri aradan qaldıracaq.

Fact-info.azxəbər verir ki, bu sözlər Sosial Tədqiqatlar Mərkəzinin (SMT) sektor müdiri Əfqan Vəliyevin “Böyük Qayıdış: tarixi yaddaşın bərpasında maddi-mədəni irsin rolu və əhəmiyyəti” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, azərbaycanlılar indiki Ermənistan ərazisində e.ə. II yüzillikdən yaşamağa başlayıblar. XIX əsrin əvvəllərində Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan Kürəkçay müqaviləsi, Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin Qərbi Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi siyasəti həyata keçirilib. XIX əsrin əvvəllərində regionda siyasi maraqları olan böyük dövlətlərin dəstəyi ilə İrəvan xanlığı ərazisinə köçürülən ermənilər şərait yaranan kimi azərbaycanlıların torpaqlarını, mal-mülkünü mənimsəyib, siyasi görünümlü silahlı terror təşkilatları yaradaraq, böhranlı vəziyyətlərdə azərbaycanlıları doğma yaşayış məntəqələrindən qovublar. Ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi nəticəsində bölgədə əhalinin etnik tərkibi dəyişib və ərazilər iğtişaş və münaqişə mənbəyinə çevrilib. Soyqırımı, deportasiya, eyni zamanda, soydaşlarımıza məxsus yaşayış məskənlərinin, tarix və mədəniyyət abidələrinin dağıdılması, azərbaycanlılara aid maddi-mədəniyyət nümunələrinin tarixi adlarının dəyişdirilməsi, erməniləşdirməyə məruz qoyaraq bölgədəki azərbaycanlı izlərinin silinməsi cəhdləri, bu mümkün olmadıqda isə həmin maddi-mədəniyyət abidələrinin ya məhv edilməsi, ya da “qədim ermənilərə məxsusluğu” barədə saxtakar əməllər onların mənfur siyasətinin tərkib hissəsi idi.

Qeyd olunub ki, Qafqaz bölgəsində marağı olan böyük dövlətlərin dəstəyi ilə 1918-ci il mayın 28-də daşnaklar tərəfindən qədim Azərbaycan torpaqları olan keçmiş İrəvan xanlığı ərazisində tarixdə ilk dəfə olaraq erməni dövləti yaradıldı. Bolşeviklərin xidməti sayəsində Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan Azərbaycandan ayrı salındı. Bütün bunlarla yanaşı, 1905–1907, 1918–1920, 1948–1953, 1959–1979 və 1987–1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi aparılıb. 1987–1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış məntəqəsindən 40 min 928 ailə) 300 mindən çox azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb, bir hissəsi qətlə yetirilib, yaralanıb və yollarda qar çovğununa düşərək həlak olublar. Ermənistan rəhbərliyi “azərbaycanlıların təmizlənməsi aksiyası”nı başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarının dəyişdirilməsinin növbəti və yekun mərhələsinə başladı. Belə ki, Ermənistan Respublikası Ali Sovetinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məskəninin adı dəyişdirildi. Bu, Ermənistanda 1920–1987-ci illər ərzində aparılan “addəyişmə əməliyyatı”nın davamı hesab edilə bilər. Təkcə 1920-ci ildən 1987-ci ilə qədər Ermənistanda 517 azərbaycanlı yaşayış məntəqəsi erməniləşdirildi. Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məskəni müxtəlif yollarla (rəsmi köçürmələrlə, silah gücünə qovmaqla, soyqırımı törədərək, kəndləri yandırıb xaraba qoymaqla) siyahıdan silindi, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti ortaya çıxdı. 1995-ci il noyabrın 7-də Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanun qəbul edildi. Həmin qanuna əsasən, o vaxtadək mövcud rayonlar üzrə bölgü ləğv olundu, əvəzində 11 vilayət (marz) yaradıldı. 2007-ci ildə isə yerdə qalan 21 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə “addəyişmə əməliyyatı” hazırkı dövrdə də davam edir.

Vurğulanıb ki, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar orada yaşadığı dövrdə ərazinin qədim və əzəli sakini kimi tarixin bütün dövrlərini əhatə edən, onun orada fiziki varlığını göstərən zəngin milli maddi-mədəni miras yaradıb. Azərbaycanlıların yaratdığı zəngin mədəniyyət əsrlərdən bəri qorunub saxlanmış müxtəlif mənşəli abidələrdə yaşayıb, xalqın, millətin milli mənəviyyatını özündə əks etdirir. Yüzilliklər ötdükcə, zaman keçdikcə xalqın yaratdığı və nəsillərə qoyduğu maddi-mədəni miras daha da əzəmətli, möhtəşəm görünür. Maddi-mədəni miras xalqın keçmiş qüdrətinin, əzəmətinin tarixi yaddaşı kimi bu mədəniyyətin varislərinin varlığını qürur hissi ilə doldurur. Maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin müəyyən coğrafi məkanda formalaşmasını təsdiqləyən ən tutarlı və mühüm tarixi dəyəri olan sənədlərdir. Ona görə də zaman keçdikcə bu mədəni miras zəngin xəzinəyə çevrilir.

Şübhəsiz, maddi-mədəni irs onu ərsəyə gətirən millətin pasportu milli kimliyinin daşıyıcısı kimi tanınır və qəbul edilir. Maddi-mədəni irs yurdu vətənləşdirən, vətəni əbədiləşdirən dəyərdir. Maddi-mədəni irs milləti kökə bağlayan, milli-tarixi yaddaşı qoruyub, nəsillərarası rabitəni təmin edib onları əcdadlarının izlərinə calayan dəyərdir. Qərbi Azərbaycanın maddi-mədəni irsi elin, obanın göz yaddaşı, xalqın söz yaddaşı və yurdun daş yaddaşıdır, xalqı milli kökə bağlayan tellərdir. Qərbi Azərbaycanın tarixinin və maddi-mədəni irsinin tədqiq edilməsi öz yaddaş gücü ilə silahlanan xalqın məğlubedilməzliyinin tarixən təsdiqini tapmış ənənələrindəndir. Bu məğlubedilməzliyin başlıca şərti isə tarixin bütöv şəkildə təhrifsiz, fanatikcəsinə uydurmalarsız öyrənilməsidir.

Xalqı milli kökünə bağlayan o tellər nə qədər möhkəm, tarixinə bağlılıq isə nə qədər saf və qətiyyətli olarsa, Vətən o tənasübdə əyilməz, dövlət o tənasübdə əbədi olar. Qərbi Azərbaycanın maddi-mədəni irsi xalqın yaddaşı, tarixinin gücü, qüdrətidir. Hər abidə mənsub olduğu xalqın keçmişi ilə yanaşı, onların adət-ənənə, həyat tərzi və ruhunu yaşadır. Abidələr nəsillərin qəlbinin odunu, duyğularının nurunu, qılınc və qələm tutan əllərin gücünü, qüdrətini bizə çatdıran tarixi əmanətdir. Qərbi Azərbaycanın dastanlarından gələn nərələri eşidəndə, ulu şərqiləri dinləyəndə, bir bayatının sehrinə düşəndə qəlbin coşub, qanın qaynayırsa, deməli, xalqın yaddaş qapıları üzünə açılır, mənsub olduğun xalqın tarixi gücünə qovuşursan, o güclə silahlanırsan. Maddi-mədəni irs keçmişdən bu günə, bu gündən gələcəyə uzanan yollar, dünyanın sinəsinə həkk olan əbədi izlərdir.

Müəllif yazır ki, tarixi keçmişi tədqiq etmək nə qədər vacibsə, bu günü yaddaşlara hopdurmaq ondan da zəruridir. Unutmuşuq ki, yaşadığımız dövrün tarixini bizdən yaxşı heç kim yaza bilməyəcək və əgər bizə gün kimi aydın görünən həqiqətlər elə bu gün tam aydınlığı ilə gələcəyə əmanətlənməsə, bunu bizə heç kim bağışlamayacaq. Bugünkü tarix barədə sabah yazılacaq əsərlər quru statistikadan, basmaqəlib xronologiya çərçivəsindən başqa bir şey olmayacaq və gələcək nəsillər quru rəqəmlər arasındakı boşluğu doldurmaq üçün bu gün çəkdiyimizdən qat-qat çox əziyyət çəkməli olacaqlar. Tarix əməllə sözün vəhdətindən dikəlir. Bu iki başlıca amildən biri olmayanda, digəri də öz dəyərini itirir.

Qərbi Azərbaycan azərbaycanlılara məxsus on minlərlə maddi-mədəni irs nümunəsinin olduğu yerdir. Fəqət bu irsin ancaq müəyyən bir hissəsi günümüzə qədər tədqiq edilib. Qərbi Azərbaycanın maddi-mədəni irsinin əsaslı tədqiq edilməməsinin bir səbəbi sovet hakimiyyəti dövründəki qadağalarla bağlı olsa da, o yurdun gözdən və diqqətdən iraq olması, itirilmə qorxusu olmadığı üçün xüsusi diqqətə ehtiyac duyulmaması və onun salnaməsini yazmağa tələsməmələri ilə də əlaqələndirmək olar.

Tarixin fərqli dövrlərində azərbaycanlılar Qərbi Azərbaycanda ulu əcdadlarının ona əmanətlədiyi maddi-mədəni irsi qorusa da, sonuncu deportasiyasından sonra qədim kitabələrimiz, məbədlərimiz, məscidlərimiz, türbələrimiz, qalalarımız, pir, ocaq, ziyarətgahlarımız və digər maddi-mədəni irs nümunələrimiz ermənilər tərəfindən dağıdılıb, əksər hissəsi isə mənimsənilib. Bununla dünənimiz və bu günümüz arasında keçilməz yarğanlar qazmağa çalışırlar. İndiki Ermənistan ərazisində qalan, xüsusi milli-mənəvi dəyər kəsb edən yararlı vəziyyətdə olan və ya xarabalığa çevrilən bu tarixi, unikal abidələr bəzi hallarda ermənilər tərəfindən mənimsənilərək, bütün dünyaya “erməni abidəsi” kimi təqdim olunmaqdadır. Eyni zamanda, hazırda Qərbi Azərbaycanda salamat qalan maddi-mədəni irs nümunələrimiz olan Göy məscid “fars məscidi”, Əmir Səəd türbəsi isə türkmən abidəsi kimi təqdim edilir. Qərbi Azərbaycanın maddi-mədəni irsinin elmi və tarixi baxımdan tədqiq və təbliğ edilməsi soykökünə bağlılıq, milli özünüdərk, milli tarixi şüur, habelə milli kimlik və milli mədəni irs məsələləri ilə bağlı tarixşünaslığımızda çoxdan bəri kök salmış böyük bir boşluğu doldurmağa, həmçinin bir çox cavabı dəqiq olmayan müzakirəli məsələləri aradan qaldırmağa təsir göstərə bilər.




Baxış sayı: 90
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib Dünən, 21:00 Azərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub Dünən, 20:00 TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib Dünən, 13:30 Türkiyə Prezidenti: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına tarixi fürsət yaranıb Dünən, 12:30 Mədəniyyət və yaradıcı sənayelərin inkişafı üzrə qış məktəbi təşkil olunacaq Dünən, 12:00 Bakı Təşəbbüs Qrupu Papa Fransiskə Korsikanın dekolonizasiyası prosesinə dəstəklə bağlı müraciət ünvanlayıb Dünən, 11:30 Alimlər yaddaşın formalaşması ilə bağlı yeni nəticələr əldə ediblər Dünən, 10:30 Dünya köklü dəyişikliklərlə üz-üzədir - Viktor Orban Dünən, 10:00 "Suriyanın azadlığına qarşı addım atanlar qarşılarında Türkiyəni görəcəklər" - Ərdoğan 10-12-2024, 21:00 Prezidentin Mətbuat Xidmətinin məlumatı 10-12-2024, 18:00 Ulu Öndərin Anım Günü tarixi Zəfərin işığında qeyd olunur... 10-12-2024, 15:00 Suriyalıların sıxılmış enerjisi 10-12-2024, 13:30 Ermənistan referendum keçirməli, Azərbaycana ərazi iddialarını konstitusiyasından çıxarmalıdır 10-12-2024, 12:30 Heydər Əliyevin parlaq ideyaları: Milli həmrəylik və dövlətçilik 10-12-2024, 12:00 Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq xiyabanı salınıb 10-12-2024, 10:30 "Ermənistanın fərqli mövqelərdən çıxış etməsi sülhə mane olan səbəblərdən biridir" - Nazir müavini 10-12-2024, 10:00 Mirzoyan: KTMT-nin Ermənistana biganə münasibəti İrəvanı məyus edib 9-12-2024, 21:00 Azərbaycanın diplomatik xidmətini tənzimləyən yeni qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanır 9-12-2024, 20:00 Səfir: ABŞ regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir 9-12-2024, 19:00 “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimatı olub 9-12-2024, 18:00 ANAMA: 768.44 hectares cleared of mines and UXOs over past week 9-12-2024, 16:30 Əlyazmalar İnstitutunda il ərzində 2296 nüsxənin elektron versiyası yaradılıb 9-12-2024, 11:30 Hikmət Hacıyev Qüdsdə İsrail xarici işlər naziri Gideon Saar ilə görüşdü 9-12-2024, 11:00 Bu əməkdaşlıq bütövlükdə Türk dünyasının maraqlarına xidmət edir 9-12-2024, 10:00 Fuat Oktay: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində möhtəşəm irəliləyişlər var 9-12-2024, 08:00 Ankarada “İRS-Miras” jurnalının COP29-a həsr edilmiş nömrəsi təqdim olunub 8-12-2024, 15:00 Hakan Fidan: Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq 8-12-2024, 13:30 Tükiyə və ABŞ müdafiə nazirləri Suriyadakı durumu müzakirə ediblər 8-12-2024, 13:30 Beynəlxalq parlament konfransı iştirakçılarının Qarabağa səfəri başlayıb 8-12-2024, 12:30 Ərdoğan: Suriyada artıq yeni siyasi və diplomatik reallıq mövcuddur 7-12-2024, 19:30
Köşə yazarları
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031