FACT-INFO.AZ » XƏBƏR » Şəhidlərimizi tanıyaq, tanıdaq
17-10-2021, 14:35 | XƏBƏR
Şəhidlərimizi tanıyaq, tanıdaq

Soltanov Oruc Fərhad oğlu

Vətən müharibəsində canını fəda edən igidlərimizdən biri də 1 yanvar 1999-cu ildə Kürdəmir rayonunun Sovla kəndində anadan olmuş Soltanov Oruc Fərhad oğludur. Oruc orta təhsilini Sovla kənd tam orta məktəbində alıb. 2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılan Oruc Ağcabədidə qulluq edərək Quru Qoşunlarında snayper ixtisasına yiyələnib. O, 2018-ci ilin iyulunda nümunəvi əsgər kimi xidmətini tərifnamə ilə başa vuraraq doğma kəndinə qayıdıb. Ailənin dayağı olan Oruc evin bütün təsərrüfat işləri ilə yanaşı, paytaxtda ticarətlə də məşğul olaraq ailənin maddi durumunu yaxşılaşdırmağa çalışıb. Sevib- seçdiyi qızla nişanlanan Oruc, əgər mənfur düşmən aman versəydi, payızda toy edəcəkdi. O, 29 sentyabrda səfərbərliklə Füzuli istiqamətində düşmənə qarşı döyüşə qatılır. Oktyabrın 16-da Füzuli uğrunda gedən ağır döyüşdə sol çiynindən və ayağından çox sayda qəlpə yarası alan Oruc qəhrəmancasına şəhid olub. Cəsur şəhidimiz oktyabr ayının 17-də kənd qəbiristanlığında dəfn olunub. Soltanov Oruc Fərhad oğlu ölümündən sonra Azərbaycanın Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

***

Yaz səhəri idi. Ucqar kəndlərdən biri olan Sovlaya çataçatda İcra nümayəndəsinə zəng vurub Şəhid Oruc Soltanovun ailəsinin yaşadığı evin yerini soruşduq. Qarşımıza çıxan İcra nümayəndəsi:

- Yəqin valideynləri ilə söhbət edəcəksiniz? – soruşdu.

- Əlbəttə! Anası, atası, sonra da kimi məsləhət bilsələr... – cavab verdim.

- Elə isə, yolumuzu kəndin qəbiristanlığından salaq. Şəhidin anası Allahın verdiyi elə gün yoxdu ki, orda olmasın. Elə gün olur ki, yazıq iki dəfə baş çəkir məzarlığa, - deyib maşını yol üstündəki kəndin qəbiristanlığına sürdü. Maşından düşər-düşməz məzarlıqdan yanğılı bir ağı səsi ruhumu sarsıtdı:

Əzizim yara sızlar,

Yar dəyər, yara sızlar.

Yaralının halından,

Nə anlar yarasızlar?

Əzizim, anan ağlar,

Zülflərin sanar, ağlar.

Baxar məzar daşına ,

Saçların yolar, ağlar...

Qara mərmər daşdan boylanan oğlunu oxşaya-oxşaya lay-lay çalırdı ana. Ruhumu cismimdən alan bu ağının yanğısında nələr yox idi? Toy toğlusu mıxda, xonçaları sandıqda, nişanlısı qonşuluqda qalan bir nakam oğulun nisgili, ağlamaqdan gözlərinin qarası bozarmış ananın naləsi, dərddən beli bükülmüş atanın ahı, fəryadı göyərmişdi bu ağıda? İşığını söndürənimi, ocağını qaraldanımı, bağ-bağçasını solduranımı qarğıyırdı ana? İçimdən qarğış dolu bir ağı da mən çəkdim: Əcəl gəldiyin yerdə,

Gəlib çaldığın yerdə

Düşmən, əlin qurusun,

Nişan aldığın yerdə...

Nazənin Soltanova – Orucun anası: Hər gün səhər alaqaranlıqda durub həyət-bacanı gəzirəm, elə bil ki, Orucun səsi, nəfəsi gəlir həyətdə. Əkib-qulluq elədiyi ağaclara toxunuram, daşda, divarda əl izinə sığal çəkirəm, uzaqdan mənə kölgə kimi görününən surəti ilə danışıb, ürəyimi boşaldıram. Oruc gedəli 5 ay oldu, beş dəqiqə belə xəyalımdan çıxara bilmirəm. Balam bir dəfə öldü, bizi ağlar qoydu. Ancaq biz hər gün yüz dəfə ölüb, dirilirik. Yeganə təsəllimiz ölməzliyi – Şəhidliyidir.

Orucun təkcə anası deyildim, bacısı, dostu, sirdaşı idim. 3 övladımın sonbeşiyi idi. Qızım da, o biri oğlum da ailəlidi, ayrı yaşayırlar. Oruc da nişanlı idi. Qonşuluqda bir qız sevib-seçmişdi. Sonsuz arzuları, gözəl niyyətləri vardı. Evi təmir edib, gəlin gətirəsi idi. Gözəl zövqü vardı Orucun. Nişanlısına pal-paltar, qızıl-zinət əşyalarını özü seçib almışdı. Hətta gəlinliyinə qədər bəlləmişdi. Qismət olmadı. Nişanlısı qonşuda qaldı (ağlayır)...

Ölümündən qabaq nişanlısına zəng vuranda deyibmiş ki, şəhid olacağam, telefonumu yadigar saxlayarsan. Orda səninlə bağlı şirin xatirələrim var. Səfərbərliklə Ağcabədiyə təlimə gedəndən 2 gün sonra yanına getdik atası ilə. Ürəyi istədiyi yeməklərdən bişirib aparmışdım, paylaşdırdı yanındakı yoldaşlarına. Şəklini də çəkdim,bacısı tapşırmışdı.Əlim quruyaydı, kaş, çəkməyəydim. Hərbi paltarda idi. Forma ona çox yaraşırdı. Ayrılanda boynumu qucaqlayıb, qulağıma pıçıldadı:

- Ana, şəhid olacağam, bu şəkli böyüdüb qapımıza vurarsız (ağlayır)...

Nişanlısına bükülü məktub vermişdi. 5 aydı qoynumda saxlayıram, verə bilmirəm, ürəyim gəlmir.

Oruc çox ağıllı, mehriban, qayğıkeş bala idi. Diribaş, bacarıqlı, səliqəli idi. Hər şeyə maraq göstərər, hər işi yarıdardı. Həyət-bacamız, təsərrüfatımız ona baxırdı. Atası traktor sürürdü. Oruc da uşaqlıqdan onun yan- yörəsində gəzər, texnikaya havəs göstərərdi. Ona görə də, Orucun da texnikadan yaxşı başı çıxırdı. Təsərrüfatın qızğın vaxtında ona çox kömək edirdi. Gördüyü işə kənardan baxıb, zövq almağı vardı Orucun. Qalamızı iki qardaş təmir edəndə israrla dedi ki, qalanın çöl tərəfində çərçivə-ekran qoyaq. Qardaşı qoymaq istəmədi ki, vaxtı çox aparacaq, tələsirəm. Oruc inad etdi, çərçivəni düzəltdilər. Elə bil bilirmiş ki, şəhid olacaq. Həmin çəkdiyim şəkil arzuladığı kimi, həmin ekrana vuruldu (kövrəlir)...

Mənə o qədər vədlər vermişdi ki, balam. Deyirdi ki, ev-eşiyimizi təmir etdirəcəyəm, təsərrüfatımızı böyüdəcəyəm, evlənəndən sonra səni iş görməyə qoymayacağam. Səni xanım edəcəyəm, başımıza tac edəcəyəm, ana...

Məni xanım edə bilmədi Oruc, ancaq başımı uca elədi qəhrəmanlığı ilə. Başıma tac qoydu – ən qimətli ad verdi mənə – Şəhid Anası.

Müharibə bitəndən sonra döyüş yoldaşları bizə gəlmişdilər. Dedilər ki, Oruc döyüşə girməmişdən əvvəl bizə demişdi ki, mən şəhid olsam, anama deyərsiz ki, ağlamasın, şəhid üçün ağlamazlar! Şəhidlər Vətən üçün doğulur, Vətən üçün ölür. Bibisinə də son dəfə zəng edəndə deyibmiş ki,anama deyərsən ki, şəhid olsam anam nişanlımı qınamasın. Yenidən həyatını qurmağa, xoşbəxt olmağa icazə versin!

(44 günlük Vətən müharibəsinin kürdəmirli şəhidlərinin qısa, lakin şərəfli həyatından bəhs etdiyim “Ölümü ömür seçənlər” kitabından bir parça.)

Yaqut Bahadurqızı

Filologiya üzrə fəlsəfə doktoru




Baxış sayı: 1 083
Mənsur Bərxudarov:  “Paytaxtla bərabər regionların inkişafı  parallel aparılmalıdır” Bu gün, 13:30 NATO-nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi? Bu gün, 12:30 “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans Bu gün, 12:00 Ömür yolunu hüquq elminə həsr edən insan Bu gün, 12:00 “Xaqani Şirvani yaradıcılığına konseptual baxış” kitabı nəşr olunub Bu gün, 10:00 Böyük Britaniya rusiyalı alimlərə sanksiya tətbiq edib Bu gün, 10:00 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb, Bakı Moskvaya nota verib Bu gün, 08:00 Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı-dramaturqun yaradıcılıq gecəsi keçirilib Dünən, 21:00 Hakan Fidan: Türkiyə və ABŞ liderləri arasındakı dostluq NATO-ya kömək edə bilər Dünən, 18:30 Leyla Aliyeva attends opening of individual exhibition and tree-planting campaign in Gabala Dünən, 17:30 Prof.Fərrux Rüstəmov: ”Laçının elmlər doktorları və dövlət xadimləri” kitabı Laçın rayonunun elmi-siyasi elitasına ucaldılan mənəvi abidədir” Dünən, 15:00 BMT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır Dünən, 14:30 Azərbaycanın rəqəmsal inkişaf strategiyası ölkəni regional texnologiya mərkəzinə çevirəcək Dünən, 13:30 Dağıdıcı imperiya iddiaları müasir dünya üçün təhlükədir Dünən, 13:00 Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başlayıb Dünən, 11:30 Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var Dünən, 10:00 Kiyevə kütləvi hava zərbələri endirilib Dünən, 09:30 Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb Dünən, 08:00 Nəsib bəy Yusifbəylinin ölümü: tarixi-siyasi şərait və onun Azərbaycan dövlətçiliyinə təsiri 5-07-2026, 18:00 Ukrayna Prezidenti: Müharibəni başa çatdırmaq üçün real perspektiv var 5-07-2026, 11:00 Dövlət başçısı: "Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar" 5-07-2026, 10:30 Türk Akademiyası Monqolustanda qədim türk irsinin tədqiqini davam etdirir 5-07-2026, 08:30 Rəcəb Tayyib Ərdoğan: Münaqişələrin davamlı həlli region ölkələrinin iradəsi və dəstəyi ilə mümkündür 4-07-2026, 18:30 Birinci Türkoloji Qurultayın 100 illiyi və Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olunub 4-07-2026, 16:00 Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 4-07-2026, 13:00 “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər 3-07-2026, 21:00 Dutch portal highlights Azerbaijan-Armenia peace process 3-07-2026, 18:00 “Qərbi Azərbaycan irsinə dair tədqiqatları davam etdirmək hədəfimizdir” 3-07-2026, 17:00 Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət 3-07-2026, 16:30 Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib 3-07-2026, 13:30
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031