FACT-INFO.AZ » CƏMİYYƏT » Kövrək duyğuların poetik ifadəsi
10-10-2019, 07:10 | CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxuyandan sonra gəldim. Bu şeirlərdə müəllifin dünyaya fərdi baxışları o qədər ağıllı bir fəlsəfi düşüncəylə ifadə olunur ki, bu fərdilik ümumiləşir və o şeirləri oxuyan hər kəsin baxış bucağına çevrilir. Kitabın mündəricatında tematika baxımından ayrı-ayrı bir neçə bölmədə təqdim olunan şeirlər ilk baxışdan mövzu müxtəlifliyi təsiri bağışlaya bilər. Lakin buradakı bölmələr çox şərtidir və onlara bələd olduqca bütün mövzuların sevgi dünyası ilə bağlılığı - bir halda birbaşa, o biri halda halda dolayısı ilə - aydınca görünməkdədir. İstər Leyli-Məcnun eşqi olsun, istərsə də Vətən sevgisi - hamısı bu şeirlərdə bir nöqtədən qaynaqlanır: içdən gələn əbədi məhəbbət duyğusundan.

Amma bu duyğuları orijinal şəklə salan təkcə müəllifin yaşadığı sevgi hissləri deyil, həm də bu sevginin əbədi əzabları, əbədi əlçatmazlığıdır. Müəllif üçün reallaşmış sevgi duyğulu deyil, sevgi əzabların varlığıdır. Ona görə də bu şeirlərin əksəriyyəti "sənsizliyin", danışan sükutun ifadəsidir. Bir də yaşaya-yaşaya ölmək, sevgi əzablarından duyğulanıb həvəslə ölmək.

Kitabda "Vaqif Səmədoğluya" sərlövhəli bir şeir var. Müəllif Vaqifə müraciətlə soruşur:

Nə çox yazırdın ölümdən, Nə çox danışırdın ondan. Bu qədərmi darıxdın Bir uzaq yaşıl adada Səni gözləyən o sondan?!

Qəribədir, ölümdən çox yazdığına görə sənətkara "irad" tutan müəllif özü də poetik düşüncələrində ölümə çox yer verir. Onun üçün ən maraqlı mövzu "yaşanmamış sevdalar", varlığın yoxluğu, gecələrin yoxluğu, gecələrin tənhalığı kimi məqamlardır. Amma nədən yazır yazsın, hər sətri obrazlıdır, təsirlidir: sənsizlik, tənhalıq, ayrılıq, sükut kimi kəlmələr bu şeirlərin müəllifinə çox əzizdir. Elə "yaşanmamış sevdalar" kimi. Amma nə qədər əziz olsa da:

Hər halda can yandırır yaşanmamış sevdalar; yaşansa peşmançılıqdan, yaşanmasa "kaş ki"lərdən.

Bu sətirlədəki realizm nə qədər ağır olsa da, qəbul ediləndir, çünki hər bir səmimi adam bu sətirlərdəki fəlsəfi yükün gerçək olduğunu etiraf edər - istisnasız olaraq hər kəs!

Yenə də "səssizlik, kimsəsizlik". Sevgi anlarının ədəbi notları:

Sevirəm kitablara sığmaz səssizliyini, bir dünya adam içindəki kimsəsizliyini, izsizliyini... Bitməmiş, gerçəkləşməmiş sevginin sevdası daha obrazlı ifadələrə yol açır: Gülüstandır dörd tərəfim, Qoxlamağa bir gülüm yox... Çatdır məni xoşbəxtlik gətirən bədbəxtliyimə.

Bu, tamam yeni bir fəlsəfədir - sevgi fəlsəfəsi: bu anda müəllif üçün sevgi bədbəxtliyinin özü elə xoşbəxtlikdir. Belə yerdə Məcnun yada düşür, Leyli yada düşür: qovuşsaydılar, dünya qədər, tarix qədər sevgi misalı ola bilməzdilər.

Bəzi məqamlarda bu şeirlərin yaratdığı assosasiyalar pessimist də görünə bilər. Lakin şeirin bütöv mətni mütləq insanı ani pessimizimdən uzaqlaşdırır:

... Bütün dünya mənimçün Gizli bir dayanacaq. Orda zaman da, an da Qəlbim də dayanacaq.

Burada ismin də, feilin də ortada olması qafiyə xatirinə deyil, hisslərin, duyğuların poetik fırtınası kimi qəbul olunur.

Aydındır ki, poeziya özü çox intim anlayışdır. Və müəllif bu intimliyin bədii ifadəsini sevgiyə transformasiyası ilə daha poetik şəklini çəkir: bir şeirdə qadın eşqi, qadın sevgisi ümumiləşdirilir və biz aşağıdakı real qənaətə şərik oluruq:

Bir qadın sevərsə, getməz, gedə bilməz Bir qadın sevərsə "get" deməz, deyə bilməz. Sevən bir qadının "get deməsi "Yalvarıram yanımda qal!" deməkdir, "Getdiyin yerə məni də al!" - deməkdir.

Və bu həqiqətdən sonra müəllif yenə sevginin özü qəbul etdiyi semantikasına qayıdır:

Bir qadın sevərsə əgər... Heç istəməz başlasın bu sevgi - başlayan hər şeyin bir gün bitəcəyini çox gözəl bilir çünki.

Əlbəttə, yenə pessimizm, yenə sonda ümidsizlik! Ancaq beləsi tipik deyilmi?

Yenə də bu şeirlərdəki orijinal obrazlılığa qayıtmaya bilmədim. Çünki aşağıdakı misralar nə qədər paradoksal olsa da, özünün fəlsəfi yükü ilə bizi cəlb etməkdədir:

Səssizliyin batırdı qulaqlarımı... Yalvarıram bir az yavaş sus!

Səssizliyin qulaq batırması və susmağın "yavaş"lığı nə qədər qeyri-adi səslənsə də, bir o qədər real görünür, amma bütün bunları yaşamış kəslərə...

"Keçmişdə gəzinti" şeirlər boxcasının daha bir sevgi xətti "Vətən elegiyası" bölməsindədir. Niyə elegiya? Çünki "elegiya" lirik şeirin kədər dolu, qəm dolu formatıdır və kitabın bu hissəsində şeirlərin, az qala, hamısı düşmən tapdağında qalmış qərib yurd həsrətinin bədii ifadəsidir. "Fevralda qar yağar..." şeirində heç bir məkan adı, yer adı, tarixi faciə ünvanı görünməsə də, dünyanın soyqırım hadisələri içərisində öz dəhşətli məzmunu ilə seçilən Xocalı faciəsi qələmə alınır. Şeirin ağır məzmununda fevralda - soyuq qış günündə vəhşi erməni vandallarının törətdiyi soyqırım və bu soyqırımda "ölüm beşiyində" güllələnən körpələrin, "bətnində körpələri" olan anaların, "torpağa mıxlanan fidanların" fəryadı yenidən eşidilir və bizi intiqama səsləyir. Şeirin hər sətrində, hər sözündə fevralda törədilən cinayətin yaddaşlara çökən faktları var.

Belə şeirlərdə müəllif şairdən artıq vətəndaşdır, torpaq sevgisi, torpaq dərdi, yurd kədəri ilə yaşayan bir azərbaycançıdır. "Şuşa" şeirində olduğu kimi:

Damarımda qan dayanır, Bədənimdə can dayanır, Saatımda an dayanır Şuşa adı çəkiləndə...

Bu fikirlər bir şair sətirlərindən daha çox bir qadın fəryadıdır, ərənlərə bir ana çağırışıdır.

"Vətən üçün elegiya" şeirində müəllif düşmən tapdağında qalan Qarabağdan nigarançılığını dilə gətirir.

Bayatılarımızın həsrət, hicran, ayrılıq ifadə edən sətirlərini yada salsaq, xalq yaradıcılığının bu formatının elegiya janrına çox yaxın olduğunu görəcəyik. Müəllif bəlkə elə bu məqamı xatırlayaraq "Vətən üçün elegiya"nı bayatı üstündə səsləndirir:

Dağlarda duman ağlar, Ox itər kaman ağlar, Kimsəsiz qalan yurdda Vaxt ağlar, zaman ağlar.

Beləcə, şairənin elə birbaşa "Qarabağ bayatıları", "Sarı gəlin" kimi şeirləri də yurd həsrətinə bələnmiş bədii nümunələridir. Kitabda sonrakı bölmədə - "Melanxoliya" hissəsində də müəllif kədərdən, qəmdən ayrıla bilmir. Doğrusu, mən bu məqamda müəllifi qınaya bilmirəm. Əgər xalqın min illərdən bəri sınaqlardan çıxmış "dərdi çəkən bilər" deyimini bir də xatırlasaq, müəllifin Qarabağ, yurd həsrətinə birbaşa sahibliyi onun öz şeirlərində nikbinliyə çox da yer verməməsinə haqq qazandırır:

Yağış yağır bu gecə Ölmüş duyğularımın unudulmuş məzarına. Yağış yağır bu gecə boyat hisslərimin çatlayan torpağına. Yağış yağır bu gecə... ... Yağır o məzardakı duyğular yenidən oyanıb dirilsin deyə...

Şahrun xanımın dünyanın indiki gedişindən nigarançılığı var. "Dünya" şeirində zamanın dəyişməsi, həyata, hadisələrə biganəlik, "yalanın ayaq tutub yeriməsi", yoxsullara kömək əlinin yoxluğu kimi problemlər öz əksini tapır. Bu şeirlərin çoxunun məzmununda təzadlar, paradoksal məqamlar var. "Keçmiş"də olduğu kimi:

Nə bu güntək realdır, nə sabahtək müəmma, Adını bilmədiyin təzadlı haldır keçmiş. Unutdun zənn edərsən, ötüb keçərsən, amma Bircə sözdən canlanan şirin xəyaldır keçmiş.

Və keçmişə bu nostalji hisslər "Məktəb illəri..." şeirində yenidən canlanıb o dövranı bitirmiş hər kəsi həmin mənalı zaman kəsiyinə qaytarır:

Necə təmiz idik, necə saf idik, Sevinc tökülürdü gözlərimizdən. ... Bir dünya deməkdi məktəb bizimçün, Hər kəsin öz gizli guşəsi vardı. İstəklər tükənməz, arzular çin-çin, Ümidlər, sevgilər qatar-qatardı.

Şeirin bütün ruhu məktəb illəri keçmiş hər kəsin nostalji hisslərini dilə gətirsə də, sonda Şahrun xanım ünvansız, filansız öz məktəbinə qayıdır və gizli bir səslə bildirir ki, o məktəb:

Dikib gözlərini sonsuz yollara, O yanıq bağrının göynəyir başı. Hər il vücudunda yeni bir yara Orda indi ruhlar gəzir, dolaşır.

Əzizim Şahrun xanım! Bu sətirlər məni çox duyğulandırdı. Çünki mən də o dərdi yaşayanlardan biriyəm. Mənim də bitirdiyim məktəb düşmən tapdağındadır və bir vaxt ilk sevgilərimizi yaşadığımız o məktəbdə indi "ruhlar gəzib, dolaşmaqdadır".

Beləcə, "Keçmişdə gəzinti" şeirlər toplusu bütün sevgilərin - gəncliyin qarşılıqlı sevgisindən tutmuş Vətən, yurd sevgisinədək bütün sevgilərin fəlsəfi düşüncələrdəki ifadəsi kimi mənə çox maraqlı göründü. Və indiyədək heç vaxt şəxsən özünü görmədiyim, tanımadığım bir şairənin şeirləri mənə çox doğma gəldi və o doğmalıq bu yazını qələmə almağa sövq etdi.

Cahangir MƏMMƏDLİ

BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor




Baxış sayı: 1 944
“Milli iqtisadi inkişafda yeni idarəetmə mexanizmi: hərəkətverici qüvvələr və istiqamətlər” Bu gün, 15:00 Vaşınqton konfransı - “Sərhədlərarası biliklərin bağlantısı: Tədqiqat və beynəlxalq akademik əməkdaşlıq” Bu gün, 11:00 Naxçıvanda regional iqtisadiyyatı inkişaf etdirmək üçün görülən işlər Bu gün, 11:00 Tramp İrana qarşı dəhşətli sanksiya və iqtisadi müharibənin başlandığını elan etdi Bu gün, 10:30 Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir - XİN Bu gün, 10:00 “Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib Bu gün, 09:00 Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun! Bu gün, 08:30 Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir - XİN Dünən, 21:00 Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir Dünən, 17:30 Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər Dünən, 16:30 Xan Şuşinskinin 125 illiyinə həsr olunmuş kitab sərgisi açılıb Dünən, 16:30 Bu ölkənin televiziyaları siyasi atmosferi çirkləndirməklə məşğul olurlar Dünən, 15:30 Rusiya və Ukrayna "103-ün 103-ə" formulunda əsir dəyişdi Dünən, 14:00 Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz Dünən, 10:30 Azərbaycan şairinin kitabı ingilis dilində çap olunub Dünən, 09:30 Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 09:00 DSX Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirib 18-08-2026, 19:30 ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib 18-08-2026, 18:30 “Professor Kamil Vəli Nərimanoğlu - 80” adlı sərgi təqdim olunub 18-08-2026, 15:00 Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb 18-08-2026, 14:00 İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər 18-08-2026, 12:00 Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb 18-08-2026, 12:00 Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar 18-08-2026, 11:30 TRT-nin “Azərbaycan rüzgarı” proqramı Xalq artisti Elza İbrahimovaya həsr olunub 18-08-2026, 09:30 Ərdoğan ilə Tramp arasında telefon danışığı olub 18-08-2026, 08:30 Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib 18-08-2026, 08:00 Müslüm Maqomayevin xatirəsi yad edilib 17-08-2026, 19:00 Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var 17-08-2026, 18:30 Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər 17-08-2026, 17:30 Azərbaycan əhalisinin sayı açıqlandı 17-08-2026, 17:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31