-Qazaxdan adətən şair cox olur, nə əcəb nəsr sahəsini seçmisiniz? Şeir yazırsınızmı?
- Sualınızın birinci hissəsinə cavab olaraq deyim ki, Qazax ədəbiyyatla bağlı çox qəribə, unikal bir məkandır. Burada insanlar övladlarını südlə bərabər, sözlə böyüdürlər. Hər olayda bir məna gömək, hər olaya bir məna vermək onlarda tərzdir, şairanə düşünür, təhlili yanaşırlar həyata. Dərs deyən müəllim, taxta yonan usta, xalça toxuyan qadın, bağ becərən bağban, məktəbli oğlan, min xəyala böyüyən bir qız, inək sağan qadın bu gün də Qazaxda folklor nümunələri “dünyaya gətirir”. Bir şairin qızı mənim ətrafımda olan insanların “filankəsin qızıyam” deyə lap zəhləsini tökmüşdü, hirsləndim, ona dedim : “Sənin atanın yazdığı şerləri, bizdə dağda çobanlar yazır”. İnanın ki, bu belədir. Bu bölgədən olan şairlərin sayının yüz misli qədər şer yazan insanlar var ki, onlar yazdıqlarını şer adına ortaya çıxarmırlar, bu işlə hobbi kimi məşğul olurlar. Bəzən ürəyin sevgi döyüntüləri kimi, mübhəm duyğu kimi, könül hıçkırıqları kimi özləri üçün yazırlar, uzağı dost, tanış məclislərində oxuyub, günlərinə rəng qatırlar, həzz alırlar. Və ədəbiyyata tənqidi münasibətləri sərrastdır. Bir neçə dəfə olub ki, mən Qazaxda ədəbiyyata aydiyyəti olmayan insanlardan hansısa bir yazar haqqında eşitmişəm ki, “o bekara yazardır”. Marağa o yazarın kitablarını töküb baxmışam və heyrətə gəlmişəm, həqiqətən ciddi ədəbiyyat faktı tapmamışam.
Nəsr, nasir məsələsinə gəldikdə isə, nəsr qanadı da güclüdür Qazax yazarlarında. Mehdi Hüseynin tək bircə “Yeraltı çaylar dənizə axır” həqiqətini dərk etməsi, ədəbiyyata gətirməsi yazıçınıın düşüncə perimetrnin göstəricisidir. Bu deyimi xatırlayanda yazıq Alı demiş, “dəli bir ağlamaq keçir könlümdən”. Dünyanın gərdişi dünən də, bu gün də, bizdən sonra da bu həqiqətin sferasından çıxa bilməyəcək. Bilirsiz, bu deyim ilə Mehdi Qağa dünyanın məhvəri ilə ədəbiyyatın ürəyinin şah damarını bir cümləyə bağlayıb. Mən bundan böyük ədəbi kəşv təssəvvür etmirəm. Bir biologiya alimi, bir seysmologiya alimi, bir meliorasiya alimi bu həqiqəti necə dərk edir və gələcəkdə bu istiqamətdə hansı kəşflər olacaq, bunlar maraqlı deyil mənə, o maraqlıdır ki, bir yazıçı həyatın, yaşamın sirlərini, olumun və ölümün dərk olunmazlığını ədəbi düşüncəsinin diktəsi ilə bir cümlədə cəmləşdirib. Bunun ardınca İsmail Şıxlı “Dəli Kür”lə sırf milli, hibritsiz nəsr nümunəsi yaratdı. Axın davam edərək, daha güclü nəsr- heyrətamiz Muğanna nəsrini gətirdi. Muğanna nəsri sabah ədəbiyyatımızın əlndə tutalqac ola biləcək sərvətdir, onu dünyaya çıxarmaq istəyən olanda heç kəsin üzünü qara etməyəcək. Və növbəti rekort- “Qətl günü”! Biz Yusif Səmədoğlunun nəsr həddini hələ keçə bilməmişik. 20- ci əsrin sonu, 21-ci əsrin əvvəli hələlik nəsrimizin son zirvəsi “Qətl günü”dür. Bunları sadalamaqla onu demək istəyirəm ki, Qazax ədəbi genetkası nasir sarıdan da heç vaxt korluq çəkməyib. Mənim nəsrdə olmağım da, İnşaallah, qanunauyğunluqdur. Sualınızın ikinci hissəsinə cavab olaraq deyim ki, heç vaxt şer yazmamışam, yazmaq fikrim də yoxdur. Qələm dostlarım bir-iki dəfə zarafatla deyiblər: ”Natəvan, sən Allah, poeziyaya keçmə, qoy bir ciddi nasirimiz olsun”. Bir məsələni deyim ki, niyəsə filoloji fikir sahiblərimiz mənim yazılarımda daxili poetikanı tez-tez xatırladırlar. Məsələn, Rüstəm Kamal belə yazıb: “Natəvan Dəmirçioğlu metafizik şairdir. Natəvanın nasirlik istedadının göstəricisi poetik detaldır. Bu nəsrin ritm-intonasiya sistemi ruhun və yaddaşın poeziyasından süzülüb gəlir.” Bir məsələni də deyim ki, mən nəsrdə obrazların poetik düşüncəsinə mane olmuram. Əgər bir surət fikrini şerlə demək ehtiyacı duyursa, onu şerlə vermək mənim üçün çətin deyil. “Açar” romanında da bir şer var, sağlıq olsun, oxuyarsız.
- Sizdən əvvəl ailənizdə yazıçı, şair olubmu?
-Atam ədəbiyyat sevdalısı idi və şeirlər yazırdı. Atamın bədahətən şer-qoşma demək qabiliyyətini Qazaxda-Daş Salahlıda çox adam bilirdi. Dosta –tanışa şer parçaları həsr edirdi, onların könlünü xoş etməkdən zövq alırdı. Atamın özündən kiçik qardaşı Söhrab Mansurov alim idi. Gəncədə Kənd Təsərrüfatı İnsitutunun müəllimi idi, şerlər yazırdı. Anamın əmisi oğlu Həsən Nəbiyev də kəndimizin ilk alimi, fizika –riyaziyyat elmləri namizədi idi, Həsən Şərqoğlu imzası ilə şer kitabları nəşr olunmuşdu. Atamın qohumu varmış Fatma qarı. Kəndin hüzr yerlərində özündən bayatı deyirmiş. Niyəsə atam ona həmişə Quran oxutdururdu, yadıma gəlir. Nəsr də məndən başlayıb.(gülürmsəyir)
-Nədən özünüzə Dəmirçioğlu təxəllüsü götürmüsüz? Niye qızı yox, oğlu?
-Görünür bu imza qismətimdə var imiş, bir neçə səbəb yarandı və mən Dəmirçioğlu oldum. 1995- ci ildə məni Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan şöbəsinə, yəni İrana verilən Azərbaycan dilində verlişlərin redaksiyasına şöbə müdiri təyin etdilər. Bir il olmazdı işlədiyim, Amerikadan İrana verilən Azərbaycan dilində verlişlərin çöbə müdiri Bakıya gəlmişdi. Deyib ki, burada mənim vəzifəmi icra edən adamla göüşmək istəyirəm. Həmin adamla bizi tanış etdilər. O mənim iş pirinsipimlə, planlarımla, verlişlərimizin adı, ideyası, siyasi istiqaməti, bədii-publisistik keyfiyyəti ilə tanış oldu, hətta icazə istəyərək bəzi qeydlərini etdi, sağollaşanda dedi “böyləsinə bizdə kız deməzlər, oğul derlər.” Bu bir fakt kimi yaddaşımda qaldı.
Dövlət evinin arxa tərəfində “mərmər bina” deyilən binada böyük yazıçımız Yusif Səmədoğluna ev vermişdilər. Atam mənimlə onlara evgördüsünə getdi. Əlində yükü vardı, yuxarı qoyduq, Yusif müəllim bizimlə həyətə düşdü. Bakı Univermağının qabağında atamla gəzişərək söhbət edirdilər. Söhbətlərini gah eşidir, gah eşitmirdim. Onu dəqiq eşitdim ki, Yusif müəllim dedi “Əşşi, hamısı boş söhbətdir. Məndə iki qızdır, dünyaya dəyişmərəm onları. Səndə daha da çox. Bu Natışı on oğula vermərəm mən, oğuldu da, sən oğul nəyə deyirsən?!” Bu da mənim yadımda qaldı. Həmin ərəfədə ilk povestimi yazırdım. Ondan əvvəl Natəvan Mansurova imzası ilə hekayələr yazmışdım. Povesti bitirdim və imzanı Dəmirçioğlu qoydum. Atamın oğul nisgili vardı həm də. Biz altı bacı, iki qardaş olmuşuq. Qardaşlarım heç bir yaşına çatmamış ölüblər. Sonra mən balaca olanda anam rəhmətə getdi və atam daha evlənmədi. O oğulsuz olduğunun nisgilini yaşayırdı və biz uşaq fəhmi ilə bunu bilirdik. Povesti çapa verməmiş getdim atamın yanına, ondan icazə və halallıq istədim. Dedim ki, imzamı Dəmirçioğlu yazdırmaq istəyirəm. Qucaqladı, başımdan öpdü, iradəli adam idi, amma özünü saxlaya bilməyib ağladı. “Halalın olsun, a bala” dedi. Dəmirçioğlu imzası ilə ilk yazımı rəhmətlik Yusif Səmədoğlu “Azərbaycan” jurnalında dərc etdi. “Əəsərin də, iimzan da əladır” dedi. Jurnalın titr vərəqinə anonsa çıxartmışdı hətta.
-Kimi özünüzə ustad sayırsınız?
-Hər yazıçıda bir keyfiyyət diqqətimi çəkir. Dünya ədəbiyyatından Hüqoda həyat, siyasət, cəmiyyət, məişət, psixoanaliz harmoniyası mənə ləzzət verir. Adama elə gəlir ki, Viktor Hüqo həyat dənizində nəsr gəmisi ilə üzüb gedir, elə bil birdən bir fəlakət gəmini qəzaya uğratsa, nəhəng yazıçı qərq olmaz, üzüb sahilə çıxar, həyatı o qədər bilir. Cek Londonun oxucunu özgüvənə qədər yüksəltmə istedadı ədəbi məktəbdir. Mark Tven uşaqlıq arzularımın yazıçısı idi. Mənim radioda faliyyətimlə bağlı 1995- ci ildən və dissertasiya mövzumla əlaqədar Güney Azərbaycan məsələsi ilə yaxınlığım var. Məmməd Səid Ordubadini “Dumanlı Təbriz” romanına görə örnək sayıram. Adam qələmlə bir siyasi insututun, bir parlamentin işini görürmüş. Mənim özümə deyənlər olub ki, yaradıcılıqdan, xarakterdən, əxlaqdan İsmail Şıxlının qadın variantısan. Hətta Dram Teatrında Elçin Şıxlı mənə dedi ki, səni atama oxşadırlar, gərək kitabını oxuyam. Muğannanı pirim-peyğəmbərim, Yusif müəllimi müəllimim hesab edirəm.
-Yaradıcılığa 80-ci illərdən başlamısız. "Avey əfsanəsi" hekayənizi dərc etdirmisiniz. Niyə fasilələrlə yazırsınız?
-Yazıçılıqda nə ştatla, nə müqavilə ilə işləmirəm.(gülümsəyir) Kimsə məni neçəsə sayda əsər yazmağa məcbur edə bilməz, heç özüm özümü də məcbur edə bilmərəm. Məndə əsər dünyaya gəlir, öz iradəsi ilə. Bir də mən nə işdə, nə də evdə yazıçılıqla bağlı,əsər üzərində işlədiyimə görə heç bir işimi ixtisarlara salmıram. Mənim əsər üzərində işləməyim evdəkilərə və işdəkilərə əlavə problemlər yaratmır. Tələsmədən, ürəyim dolanda yazıram. Boş ürəklə yazılmış əsər heç kimə lazım deyil.
-90-ci illərdə yazdıgınız "Səbət", "Yetim" povestleriniz daha böyük rezonans doğurub. Akademik Nizami Cəfərov "Yetim" povestiniz haqqında yazıb. Nədən bu povestinizi üstün tutub?
-Türk filolqları da bu əsərə üstünlük verdilər. Onu türkiyə türkcəsinə uyğunlaşdırıb, ayrıca kitab kimi nəşr etdilər. 2004-cü ildə Yazıçılar İttifaqı nəzdində “Yaddaş” Milli Mükafatlar Komitəsi də “Yetim” əsərinə “Qılınc və Qələm” mükafatı verdi. Rəşid Behbudov adına Teatrda Yaradıcılıq Günüm keçiriləndə professor Nizaməddin Şəmsizadə də əsasən bu povestdən danışdı. “Natəvan xanımın əsərlərində, xüsusilə “Yetim” povestində... türkün yenilməz, ulu və olduqca tarixin gələcək üfüqlərinə yönəlmiş bir ruhunu hiss etdim. Dünyanın harasındasa, hansısa bir dildə oxucu, “Yetim” povestini oxuyanda hökmən bunu anlayacaq ki, bu əsərin müəllifi təpədən dırnağa qədər mənəviyyatı, qeyrəti, təssübkeşliyi, qələmi, estetik zövqü, estetik idealı, əqli duyumu Türk olan bir xanımdır. Bu əsərlərdə Azərbaycan mifik təfəkküründən, Azərbaycan epos mədəniyyətindən, Türk epos mədəniyyətindən gəlmə bir şirinlik, bir doğmalıq var. Elə bir hiss var ki, o hissi mən bu saat sizə sözlə çatdıra bilmərəm. Gərək siz özünüz o əsərləri oxuyasınız ...” dedi. Yeri gəlmişkən, böyük alimimizə can sağlığı arzu edirəm. Qaldı ki, akademik Nizami Cəfərovun əsərə münasibəti, O “Yetim”dəki Qarı obrazını mənim və ümumən 90-cı illər ədəbiyyatımızın əsl uğuru hesab edir. “Birinci Kitab”ıma ön sözdə yazmışdı: “Natəvanın obraz yaratmaqda daha bir (bəlkə də birinci) uğuru. «Yetim» əsərində – Qarı obrazı... Bu Natəvanın uğurlarından biridi... Həm də 90-cı illər ədəbiyyatımızın”. Bir də Nizami müəllim bu əsərin etnoqrafik yaddaş yatırını elə özümlə söhbətlərində də qeyd edib, məqalədə də yazıb. Sağ olsunlar, dəyər verənlərin dəyəri itməsin.Əsərlərimi ingilis dilinə tərcümə üçün verdikdə isə iki nəfər tərcüməçi “Səbət”i seçdi.
-Bir necə ay öncə tanınmış tənqidçi Əsəd Cahangirin təqdimatında "Ədəbiyyat qəzeti"ndə yaradıcılığınız haqqında məqalə dərc olundu. Vaqif Yusifli, Rustəm Kamal sizdən yazıb. Tənqidçilərdən kimin yazısını daha çox bəyənirsiniz?
- Yaradıcılığım haqqında yazan hər kəsə böyük minnətdarlığım var. Fərq etməz o yazı həcmcə kiçikdir, ya böyük, mənaca dərindir, ya yox. Müəllif gördüyüm işləri qiymətləndirməkdə, təhlil etməkdə, dəyərləndirməkdə səxavətli olub, ya xəsis. Əsas odur ki, yazıb. Əgər onların yazdıqları olmasaydı “gördüyüm bu ağırlıqda işlərin, həqiqətənmi, heç dəyərini, qiymətini bilən yoxdur?!” deyə çox sarsıdıcı sual qarşısında hiss edərdim özümü. Bu səbəbdən, onlara minnətdaram. Onların çoxu filoloji fikrimizin ciddi imzalarıdır. Adlarını çəkdiklərimizdən başqa professorlar Rafiq Novruzov, Buludxan Xəlilov, Leyla Gərayzadə, Cahangir Məmmədli, Nizami Tağısoy və sair nüfuzlu alimlər fikirlərini bildiriblər. Gənc alimlər İlhamə Qəsəbova, Leyla Fərhadqızı, Şəlalə Məhyəddinqızı da bu sıradadırlar. Tənqidçi Əsəd Cahangirin nəzərdə tutduğunuz məqaləsi isə özünün qeyd etdiyi kimi monoqrafiyadan bir parça idi. Ehtimal edirəm ki, bu daha fundamental iş olacaq. Hələlik dərc olunan hissə çox yüksək ədəbi texnika və dərin fəhmlə yazılıb. Mən hətta narahat oluram ki, Əsəd Cahangir bu səviyyəni yazının axırınacan saxlaya biləcəkmi?
-Yaradıcılıgınıza hansı yazıcılar qiymət verib?
- Ən əvvəl böyük yazıçımız İsa Muğanna. Qəribədir ki, heç ciddi əsərlərimi yazmamışdım onda, iyirmi neçə yaşım vardı, cəmi bir hekayəm rayon qəzetində çap olunmuşdu. İsa Hüseynovdan tələbə-jurnalist kimi müsahibə götürürdüm. Axırda dedi: ”A qızım, sən özün yazıçısanmı?” Dedim ki, yox. Dedi: “ Bir on ilə tanınarsan yazıçı kimi.” Düz on ilin tamamında artıq iki povestim çap olundu və gənc yazarlarla bərabər prezident təqaüdünə layiq görüldüm. Unudulmaz Yusif Səmədoğlu. Onda “Azərbaycan” jurnalının baş redaktoru idi. ”Üç nöqtə” povestimi bəyənib çap etdi. Sonra Milli Məclisin deputatı oldu, jurnala onun yerinə İsa İsmayılzadə təyin edildi. “Səbət” povestimi ona vermişdim, İsa İsmailzadə həm də mənimlə radioda işləyirdi. Dedi: “Əsərini oxudum, dünən bir yazıçı kəşv etdim, o sənsən. O gün Mövlud Süleymanlı ilə də sənin haqqında xeyli söhbət eləmişik, verəcəm yazını.” Üstündən bir ildən çox vaxt keçdi, çap eləmədi, utanırdım daha soruşmağa. Atam rəhmətlik Yusif müəllimə zəng elədi, O, “Milli Məclisə gəlin” dedi. Getdik, məsələni biləndə “bundan asan iş yoxdur” dedi. Atama dedi: “ sənin qızın çox istedadlıdır.” Sabah radioya işə gəldim, kimi gördümsə dedilər, İsa İsmayılzadə səni axtarır. Getdim onların redaksiyasına.Yazımı qovluğunda mənə verib ”təcili yazını özün oxu, orfoqrafik səhv olmasın, çapa verirəm” dedi. Vaqif Nəsib Sarıhüseyinoğlu həmin povesti jurnalda oxuyub demişdi: “Sən nasirsən, ürəyin də, beynin də var”. Aqşin Babayev isə “ Natəvan Dəmirçioğlunun istedadı Allah vergisidir” dedi və bunu yazdı: ” Natəvan xanım həm yazıçıdır, həm jurnalistdir, həm pedaqoqdur, həm də alimdir. Hər şeydən əvvəl Natəvan xanımın simasında istedadlı bir insan görürəm. Bu istedad Allah vergisidir, hər kəsdə olmur.” Xalq yazıçısı Mövlud Süleymanlı ilə xeyli illər Respublika Radiosunda birgə çalışmışıq. Rəhmətlik Qaçay Köçərli də bizimlə işləyirdi. Təkidlə mənə məsləhət görürdü ki, AYB –yə üzv olum. Dedi “bir zəmanət mən verərəm, birini də deyərəm Mövlud verər.” Elə də oldu. Mövlu Süleymanlı povestlərimi oxumuşdu, çox yaxşı bir zəmanət verdi. İndi sizin müsahibəyə görə o zəmanəti arxivimdən tapmaq istədim, təssüf ki, tapmadım. AYB- nin arxivində durur yəqin. Dəyərli sözlər yazıb orada. Yazıçı Əhməde Həppo da yaradıcılığıma çox dəyər verərək yazıb: “Natəvan Dəmirçioğlu Azərbaycan nəsrini zinətləndirmiş, müasir dövrün yazıçı bolluğunda öz sözünü demiş, oxucusunu qazanmışdır. ...“Dəmirçioğlu”. Bəli, dəmirçi oğulları çoxdur, öz qələmi və cəsarəti ilə Dəmirçi qızının “Dəmirçioğlu” olması isə müstəsnadır.” Yazıçıların sədri Anar müəllim mənim haqqımda hansısa sözü deməyib, amma qiymət verərək iki dəfə prezident təqaüdünə təqdim edib. Sağ olsun. Şairlərdən Zəlimxan Yaqub, Barat Vüsal, İbrahim İlyaslı, Oqtay Rza, Ələddin İncəli, Güllü Eldar Tomarlı və başqaları mətbuatda mənə Açıq məktub yazıblar və hətta həsr etdikləri şeri nəşr etdiriblər.
-Gözəl qadın olmağınız, yazıçılığınıza mane olurmu?
- Ədəbiyyatda, elmdə, sənətdə qadın bürküsü var. Cəmiyyətin qadın müstəvisində kiminsə həyat yoldaşı, kiminsə qızı, kiminsə gəlini, kiminsə dostluq etdiyi qadın sevgilisi olan sıxlıqda hava çatışmazlığı var. Ölçülərin, kriteriyaların itib- batmağı, qarmaqarışıq düşməyi ictimai müstəviyə axını gücləndirib. Burada dayanmaq üçün, müvazinətini saxlamaq üçün, tapdalanmamaq üçün çox, lap çox əziyyət çəkirik. Gözəl qadın. Birincisi mən özümü elə də gözəl hesab etmirəm. İkincisi, ümumiyyətlə gözəllik, istifadə etdikdə, kömək edən, istifadə etmədikdə qadına mane olan, özü də çox mane olan bir məsələdir. Məcbursan özünü ikinci, üçüncü planda saxlayasan, bu bir. İkinci, qadınların paxıllığı, həsədi mane olur, üçüncü, bundan da dəhşətli kişi paxıllığı dünyanı sənə dar eləyir. Gözəl deməzdim, ümumiyyətlə, qadın olmaq ədəbiyyatda mənə çox mane olur. Hələ məni tanıyırlar, bilirlər ki, mən ozüm özlüyümdə bir bəyzadəyəm, ən azı Dəmirçioğluyam.
-Həyat yoldaşınız əsərlərinizi oxuyub, bəyənirmi?
-O doğma və “təhlükəli” oxucudur.(gülümsəyir) Əvvəlcədən deyim ki, orfoqrafik səhvləri görməkdə əvəzi yoxdur. Mən yazı prosesində əgər orfoqrafik xəta etmişəmsə, vəssalam, onu neçə dəfə oxusam da düz oxuyuram. Digər yazılara isə ekspert gözüm var. Bu səbəbdən onun yazılarımı oxuması işimə yarayr. Məzmuna, nisbətən mühafizəkar münasibəti var. Bəzən deyir bunu niyə belə yazmısan, onu niyə elə yazmısan. Bioloq bacım var, zarafatla ona “dünyanın ən xoşbəxt oxucusu” deyir. Bəzən bir yazımı vaxtı olanda dönüb yenə oxuyur. Çap işlərimə maliyyə dəstəyi verir, bəyənməsə verməz.
-"Acar" adlı romanınızdan mətbuatda parcalar dərc olunub. Oxucuların diqqetini çəkibmi bu roman? Roman nə vaxt bitəcək?
- İnşaallah, Tanrım yardım etsin. "Acar" romanımdan nə vaxt parça dərc etdirmişəm, həmən oxucu sözü eşitmişəm, zəng edirlər, Feysbuqda yazırlar, elektron ünvanıma mesajlar gəlir. Parçanı oxuyub, ləzzəti yarımçıq qaldığından şikayət edənlər var, “özümü kiçik parça oxumaqdan güclə saxlayıram, romanı bütöv oxumaq istəyirəm” deyənlər var, “daha səbrimiz çatmır, öldük gözləməkdən” deyib zarafat edənlər olur, “nə qədər ağlamışam” söyləyənlər var. Mən oxucunu ağlatmağı sevmirəm. Həyacandan ağlamaq, duyğulanaraq ağlamaq isə katarsısdır, insanın daxilən təmizlənməsi, durulması, mənəvi saflaşmasıdır bu və xeyirlidir. Hörmətli Azər Turanla danışmışam, yaxınlarda bir parça çap etdirəcəm. Romanın bitməsini dəqiq deyə bilmərəm, yayın sonuna, ya bəlkə ilin sonuna. Radioda işləyirəm, orada iş qan dövranı kimidir, efir dayanmır. Hər halda “Kömək səndən, ya Tanrım!” deyirəm, həm də özümü səfərbər edirəm ki, qurtarım.
-Gənc nasirlərdən kimi bəyənib, oxuyursunuz?
- Qiymətli gəncliyimiz var, arzu edirəm ki, hər yeni gələn gənclik dalğası daha da güclü olsun, millətimiz adına bu hamımıza lazımdır. Bəyəndiyim gənc nasirlər yox deyil, hətta onların arasında tələbələrim var. BDU-da, Odlar Yurdu Universitetində dərs dediyim istedadlı gənclər var. Ad çəkmirəm. Çünki formula belədir: “Müəllim deməli deyil ki, filankəs mənim tələbəmdir, tələbə deməlidir ki, filankəs mənim müəllimimdir.” Ədəbiyyətımızda nəsillər dəyişməsi həmişə yeni gənclərin xeyrinə olsun. Bir məsələni sizin söhbətdən isifadə edərək demək istəyirəm: Son illlərdə dəbdə olan, ötənləri baltalamaq məsələsi. Çoxları elə hesab edrlər ki, bu ən kəsə yolla gündəmə gəlmək üsuludur. Köklərdən, kötüklərdən birini inkar et və bir günə məşhurlaş. Bu belə olsa da, başqa funksiya da daşıyır. Axı, ”ot kökü üstə bitər” deyirlər. Gəncliyə ünvanlamaq istəyirəm sualımı: İndi biz kökləri çıxarıb ataq, bəs sən nəyin üstündə bitəcəksən?! Axundovu, Mirzə Cəlili, Üzeyir bəyi, Cavidi, Səməd Vurğunu, Mikayıl Müşviqi, Xəlil Rzanı, Bəxtiyar Vahabzadəni və başqalarını ədəbiyyat tariximizdən çıxarıb ataq. Hara atırıq? Onlar var və var olacaqlar! Bu prosesin ideolojisini quranların məqsədi onları məhv etmək deyil, bu mümkünsüzdür. Onların məqsədi bu nihilist fikirləri səsləndirməyə həvəsləndirdkləri gəncliyi məhv etməkdir. Çünki kök olmayandan sonra, sən harada bitəcəksən? Əsas hədəf sənin və səndən sonra gələnin bitməsini əngəlləməkdir. Yoxsa “Qalib gələcəkmi cahanda kamal?!” misrasını ədəiyyatın əbədi sualına çevirən Səməd Vurğunun sənət qalasına sən nə edə bilərsən ki? Onun irsindən özünü təcrid edərək , kökü olmayan ot, ağac, gül quruduğu kimi sən də öz soyunu qurudarsan. Başqa heç nə. Ehtiyatlı olun, lütfən! Ömrünün bir qərinəsini dövlətin ideolojisinə həsr edən, ədəbiyyatın sancağını dünəndən alıb, sabaha ötürmək iddiasında olan bir yazar kimi deyirəm bunu sizə. Dağlar niyə uçmur?! Ona görə ki, onların kökü dərindədir.Ağıllı olun...
- Əsərlərinizdə Tanrı və Təbiət faktoru güclüdür. Bu sizin iki məfhuma məhəbbətinizdən, bağlılığınızdandır, ya başqa səbəb var? Bir də, torpaq nədir sizin üçün?
-Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür. Onlara bağlılıq daha həzzvericidir, üstündür və ilahidir, yazıçı üçün isə həyatın paralelidir həm də. Yəni həyat qədər vacibdir, tərzdir, fərzdir. Aşıq Veysəl deyir: “Benim sadık yarim kara topraktır. Qarnını yardım qazma ilən, bel ilən, Üzünü yırtdım, dırnaq ilən, əl ilən, O məni qarşıladı gül ilən, Benim sadık yarim kara topraktır”. “Haqqın gizli xəzinəsi toprakta” – deyir ustad Veysəl. Torpaq “torpaqdan yaranıb, torpağa dönəcək insan” üçün can mənzilidir.Torpağa anamı, atamı vermişəm. Bu yurdun daşına, torpağına qurban olum. Nakam, qəhrəman bacım, anam, atam onda əmanətdir.
Torpaq mənə məxsus olan, bir gün gedəcəyim və orada məni heç kəsin narahat etməyəcəyi evimdir. Bir dəfə yoldaşıma dedim “əgər mən səndən əvvəl ölsəm, qəbrimi geniş qazdırarsan. Qoy o dünyada –torpaqda yerim geniş olsun. Bu dünyada çox darlıqda, çətinlikdə yaşadım, hələ də darlıq içərisindəyəm. Torpaqda evim geniş olsun. Bu Uca Tanrıdan da istəyimdir. Bu sözü də indi dərk eləyirəm, “ana torpaq” . Torpaq ana kimidir. Övlad ananı incitsə də yenə onu bağrına basır, istək azalmır. Torpağın da istəyi azalmır.
Allahım bizi alınmış torpaqlarımızın qarşısında üzüqara qoymasın. Bizim olana “bizimdir” demək azdır, bizimki etmək üçün bizdən Tanrım haqq gücünü əsirgəməsin! Dövlətimə, rəhbərimə, xalqıma haqq işində yol versin. Əslində dünya, torpaq sərhədsiz olsaydı…
Baxış sayı: 2 482