FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Üzeyir Hacıbəylinin şəxsi arxivinin təsviri
8-11-2018, 08:55 | MƏDƏNİYYƏT
Üzeyir Hacıbəylinin şəxsi arxivinin təsviri

Sənətkarın şəxsi arxivini Əlyazmalar İstitutuna 1965-ci ildə həyat yoldaşı Məleykə xanım təqdim edib. Hazırda bu sənədlər 17 nömrəli fondda yerləşdirilib. Ü.Hacıbəylinin həyat və yaradıcılığının öyrənilməsində misilsiz əhəmiyyətə malik olan, zənginliyi ilə diqqəti cəlb edən bu arxivdəki materialları tədqiqatçılar mövzular üzrə aşağıdakı kimi təsnifləndirirlər: 1) Ü.Hacıbəylinin tərcümeyi-hal sənədləri; 2) Ü.Hacıbəyli əsərlərinin əlyazmaları və makina çapları; 3) Ü.Hacıbəylinin məktubları və teleqramları; 4) Ü.Hacıbəyliyə yazılmış məktublar və teleqramlar; 5) Ü.Hacıbəyliyə aid müxtəlif sənədlər; 6) Müxtəlif şəxslərə aid materiallar; 7) Naməlum şəxslərə aid materiallar; 8) Fotoşəkillər; 9) Çap kitabları.

Məlum olduğu kimi, dahi bəstəkar 1885-ci ilin 18 sentyabrında Şuşa qəzasının Ağcabədi kəndində anadan olmuş, Şuşa rus-tatar məktəbini bitirdikdən sonra Qoridə yerləşən Zaqafqaziya müəllimlər seminariyasında oxumuş və ilk musiqi təhsilini burada almışdır. O, 1904-cü ildə Qori müəllimlər seminariyasını bitirdikdən sonra müəllimlik etmiş, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqİ", "Həqiqət", "İqbal", "Yeni iqbal", qəzet və məcmuələrində ədəbi-publisistik fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti illərində o, rəhbərlik etdiyi "Azərbaycan" qəzetinin səhifələrində sovet dövlətinin işğalçılıq siyasətini kəskin tənqid edən vətənpərvərlik ruhlu yazılarla çıxış etmişdir. Sovet dövründə, xüsusilə də XX əsrin 20-ci illərində Üzeyir bəyi keçmişinə, milli musiqi mədəniyyətimizi, muğamı təbliğ etdiyinə görə "xalq düşməni", "sovet quruluşunun düşməni" elan edənlər olmuşdur. Buna görə də onun şəxsi arxivində saxlanan rus dilində 2 tərcümeyi-halı həyatının bütün mərhələlərini, xüsusilə də AXC dövrünü əhatə etmir.

Dahi bəstəkarın əsərlərinin əlyazmaları və makina çapları adı altında toplanan materiallar öz növbəsində aşağıdakı hissələrə bölünür: 1) Dərsliklər və səhnə əsərlərinin əlyazmaları və makina çapları; 2) Məqalə və müxtəlif qeydlər; 3) Məruzə və çıxışlar; 4) Not əlyazmaları; a) Səhnə əsərləri; b) İnstrumental əsərlər; c) Azərbaycan SSR-in Dövlət himni; ç) Musiqi qeydləri və müxtəlif əsərlərdən parçalar.

Ü.Hacıbəyli uzun illər Azərbaycan xalq musiqisinin nəzəri əsaslarının tədqiqi ilə məşğul olmuşdur. Respublikada müxtəlif musiqi məktəblərinin, Azərbaycan Dövlət Konservatoriyasının açılması onun məqsədyönlü fəaliyyətinin nəticəsi olmuşdur. Üzeyir bəyin şəxsi arxivində onun "Azərbaycan xalq musiqisinin əsasları" adlı fundamental əsərinin 7 əlyazma və makina nüsxəsi vardır. Bəstəkarın əsər üzərində uzun müddət böyük səylə çalışdığını görürük. Üzərində 1933-cü il, 1942-ci il, 1945-ci il tarixlərinin qeyd olunduğu nüsxələr vardır. Bundan başqa, arxivdə "Azərbaycan xalq musiqisinin əsaslarına dair materiallar", "Azərbaycan xalq musiqisinin öyrənilməsi", "Azərbaycan musiqi məqamları və həmin məqamlara əsasən bəstələnmiş melodiyaların öyrənilməsində rəhbərlik", "Azərbaycan türk xalq musiqisi" adlı əsərlərin əlyazma və çap nüsxələri vardır.

Arxivdə U.Hacıbəylinin "Əlli yaşında cavan", "Ər və arvad", "Firuzə", "Koroğlu", "Leyli və Məcnun", "Stalinçilər", "Vətən və cəbhə" əsərlərinin mətnləri əlyazma və makina çapı halında saxlanır. Bəstəkarın arxivində onun 1906-1909-cu illərində "İrşad", "Tərəqqi" məcmuələrində çap edilmiş məqalələrinin, sovet dövründə yazdığı "Musiqidə xəlqilik haqqında" və s. məqalələrinin surətləri, onun deputatlıq, müxtəlif müəssisələrdə rəhbərlik fəaliyyəti ilə bağlı qeydləri vardır. Üzeyir bəyin arxivindəki məruzə və çıxışları mətni ən müxtəlif məsələlərə həsr edilmişdir. Bunların içində görkəmli aktyor Hüseynqulu Sarabskinin məzarı üstündə vida çıxışının, SSRİ Ali Sovetinin 1-ci sessiyasının açılışı zamanı, Azərbaycan İncəsənət İnstitutunun qarşısında qoyulan məsələlər və beşillik fəaliyyət planı qanunu haqqında, Moskvada Azərbaycan incəsənəti günlərinin açılış mərasimində və s. çıxışların mətnləri maraq doğurur.

Məlum olduğu kimi, Ü.Hacıbəylinin bir sıra digər bəstəkarlarımızın əsərləri daha çox erməni saxtakarları tərəfindən mənimsənilərək dünyaya təqdim olunmaqdadır. Buna görə də bəstəkarlarımızın, ilk növbədə Üzeyir bəy kimi dahi sənətkarların əsərlərinin not yazılarının toplanaraq beynəlxalq musiqi təşkilatlarına təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. Ü.Hacıbəylinin şəxsi arxivində onun "Arşın mal alan", "Ər və arvad", "Koroğlu", "Əsgərin ariyası", "Firuzə", "Stalinçilər" kimi əsərlərinin, instrumental əsərlərdən "Ananın oğula nəsihəti", "Arazbazarı", "Cəngi" "Çağırış", "Çeşmə axır sərin-sərin", "Döyüşçü nəğməsi", "Əlində üç telli sazım", "Kantata", "Kəndlilər", "Qızlar nəğməsi", "Marş", "Oğlanın vətən mahnısı", "Rəqs", "Sevgili canan", "Sənsiz", "Stalin haqqında mahnı", "Stalinə salam", "Vətən və cəbhə", "Yallı", "Zavod səni gözləyir", "Zəfər dastanı", "Zəfər himni" v.ə. əsərlərinin notları mühafizə olunmaqdadır. Bunların içində "Arşın mal alan" operettasının 14, "Koroğlu" operasının 25 nüsxə not yazılarının olduğunu görürük ki, bu da həmin əsərlərə nisbətən daha çox tələbat olduğunun göstəricisidir.

Bildiyimiz kimi, dahi bəstəkar Azərbaycan Xalq Cümhuriyyətinin də, Azərbaycan Sovet Sosialist Respublikasının da dövlət himni musiqisinin müəllifidir. Təbii ki, Sovet dövründə AXC dövrünə aid himnin notlarını saxlamaq mümkün olmamışdır. Burada Sovet Azərbaycanının 1930, 1944, 1945-ci il tarixlərində qələmə alınmış dövlət himninin 9 nüsxəsi vardır. Görünür ki, bu əsər üzərində illərlə iş getmişdir. Şəxsi arxivdə saxlanan Üzeyir Hacıbəylinin məktub və teleqramları, eləcə də ona yazılmış məktub və teleqramlar bəstəkarın yaradıcılıq və ictimai fəaliyyətinin geniş miqyasını, onun Azərbaycan, bütün SSRİ musiqiçiləri, əhalisi arasındakı populyarlığını araşdırmaq baxımından böyük əhəmiyyətə malikdir.

Məktublardan görünür ki, Üzeyir bəy Moskva, Sankt-Peterburq, Odessa, Daşkənd, Frunze və keçmiş SSRİ-nin digər şəhərlərində yerləşən musiqi kollektivlərini, musiqi məktəblərini müxtəlif səbəblərlə təbrik etmiş, onların təbrikini almış, müxtəlif şəhərlərdəki opera teatrlarının xahişi ilə əsərlərinin mətnini oraya göndərmiş, SSRİ Ali Sovetinin deputatı kimi ölkə ziyalılarına, musiqiçilərinə, zəhmətkeşlərinə əlindən gələn yardımı etmişdir. Bəstəkara Naxçıvan Muxtar Respublikasından yardım xahişləri, şikayətlər gəlirdi. Bunun bir səbəbi də o, idi ki, Üzeyir bəy həmin bölgədən deputat olmuşdu. Əlavə edək ki, Ü.Hacıbəyli bütün respublikada, SSRİ-də böyük nüfuza malik olduğundan ona hər yerdən müraciətlər olunurdu. Üzeyir bəyin məktublarından biri də 1940-cı ilin 8 fevralında Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri T.Quliyevə ünvanlanmışdı. Məktubun mətnindən görünür ki, o, Naxçıvan Muxtar Respublikasındakı Kaqanoviç kolxozun zəhmətkeşlərinin şikayəti əsasında dəfələrlə respublika rəhbərliyinə müraciət etmişdir. Məktubda kolxozçuların şikayət ərizələrinin, tələblərinin yerinə yetirilməsinin vacibliyi bildirilir.

Ü.Hacıbəyli 1937-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasının əsas təşkilatçı və iştirakçılarından idi. Onun Leonid Varsovskiyə 1938-ci il 15 fevral tarixli məktubundan bu tədbirə necə ciddi hazırlıqlar getdiyini görürük. Məlum olduğu kimi, bu dekadada bəstəkarın "Koroğlu" operası böyük uğurla nümayiş etdirilmiş, SSRİ-nin dövlət başçısı İosif Stalin Üzeyir bəyin yaradıcılığını yüksək dəyərləndirmiş, "Koroğlu"nu zamanında yaradılan opera adlandırmışdı. Bəstəkar 1937-ci ildə Azərbaycan SSR Xalq artisti, 1938-ci ildə SSRİ Xalq artisti fəxri adına layiq görülür. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilir və İncəsənət İnstitutunun direktoru təyin edilir. Üzeyir bəy SSRİ Ali Sovetinin deputatı olduğu vaxt, iclaslarda iştirak etmək üçün dəfələrlə Moskvaya getməli olurdu. Bu zaman onun Moskvadan həyat yoldaşı Məleykə xanıma yazdığı məktublar da saxlanmaqdadır.

Bəstəkarın şəxsi arxivindəki sənədlər onun fəaliyyət dairəsinin nə qədər geniş diapazona malik olduğunu bir daha nəzərə çatdırır. O, uşaq və xalq yaradıcılığı olimpiadalarının təşkili və keçirilməsində həmişə fəal rol oynamış, bir çox belə tədbirlərdə şəxsən iştirak etmişdir. Şəxsi arxivdəki sənədlər bunu sübut edir.

Ü.Hacıbəyliyə Azərbaycan Dövlət Konservatoriyasının professor-müəllim heyəti, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Musiqili Peşə Məktəbi, Azərbaycan Dram Komitəsi, Azərbaycan Korlar Cəmiyyəti, Azərbaycan Radio Komitəsi, Azərbaycan Respublikası Xalq Çalğı Alətləri Ansamblı, Azərbaycan SSR Bəstəkarlar İttifaqı, Azərbaycan SSR İncəsənət üzrə idarə və Bakı kinostudiyasının kollektivindən, bir sıra digər idarə və çoxsaylı şəxslərdən gələn məktub və teleqramlarda o, müxtəlif səbəblər, təltiflər münasibəti ilə səmimi-qəlbdən təbrik edilir. Azərbaycanın, keçmiş SSRİ-nin müxtəlif yerlərindən dahi bəstəkara məktub və teleqramlar gəlirdi, bunların çoxunda ondan kömək, maddi yardım istəyirdilər.

Bir sıra cavab məktublarından görürük ki, Üzeyir bəy insanlara əlindən gələn köməyi heç bir zaman əsirgəməmişdir. Bu baxımdan onun keçmiş tələbəsi, dahi Hüseyn Cavidin oğlu Ərtoğrulla münasibəti maraq doğurur. Şəxsi arxivdə Ərtoğrul Cavidin Üzeyir bəyə iki məktubu vardır. 1942-ci il 15 mart və 24 mart tarixli məktublarını o, Abxaziyada ağır xəstəlikdən müalicə olunduğu vaxt yazmışdır. Məktublarında o, vəziyyətinin, səhhətinin ağır olduğunu, heç kimdən məktub almadığını, anası və kiçik bacısından çox narahat olduğunu bildirir, yardım istəyir. Şəxsi arxivdəki materiallardan görmək olur ki, dahi bəstəkar imkanlarından istifadə edərək Ərtoğrula əlindən gələn mümkün köməyi etmişdir. Ə.Cavid 273-cü saxlama vahidində saxlanan məktubunda Ü.Hacıbəyliyə qayğıya və mənəvi, maddi köməyə görə minnətdarlığını bildirmişdir.

Üzeyir bəyin arxivindəki 100-ə qədər məktub və teleqramı, ona yazılmış 579 məktub və teleqram bəstəkarın tanıyıb-tanımadığından asılı olmayaraq ən müxtəlif adamlara əlindən gələn köməyi əsirgəmədiyini sübut edir.

Ü.Hacıbəyliyə aid müxtəlif sənədləri aşağıdakı kimi təsrifləndirmək olar: 1) Ailəyə aid sənədlər; 2) Arayışlar və aktlar; 3) Bildirişlər, çağırış vərəqələri və dəvətnamələr; 4) Ərizələr, təliqələr; 5) Əmrlər, qərarlar və əsasnamələr; 6) Cədvəllər, layihələr və siyahılar; 7) Mandatlar, şəhadətnamələr və üzvlük kitabçaları; 9) Protokollar, protokollardan çıxarışlar və planlar; 10) Proqramlar və afişarlar; 11) Raportlar və rəylər. Arxivdəki müxtəlif şəxslərə aid materialları isə 3 yerə ayırmaq olar: 1) Əsərlər; 2) Məktublar; 3) Sənədlər. Üzeyir bəyin şəxsi arxivində naməlum şəxslərə aid materiallar, şəkillər, çap kitabları ayrıca yerləşdirilib. Arxivdəki çap kitabları içində "Koroğlu" dastanının 1937-ci il çapı, Mir Möhsün Nəvvabın "Vüzuhül-ərqam", Üzeyir bəyin "Harun və leyla", "O olmasın, bu olsun", "Abbas və Xurşidbanu" kitabları diqqəti cəlb edir. Bildiyimiz kimi, bəstəkar 1932-ci ildə "Koroğlu" operasını yazmağa başlamış, 1934-cü ildə əsər üzərində işini bitirmişdir. Sonrakı illərdə də opera üzərində iş getmişdir. Kitaba "Koroğlu" operasının mətni, operanın bədii quruluşu, aktyorlar haqqında müxtəlif şəxslərin yazdığı məqalələr toplanıb. Məqalələrin müəllifləri içində Ə.Şərif, Bülbül, İ.Hidayətzadə və başqaları vardır. Sonda operanın müxtəsər məzmunu verilmişdir. Dahi bəstəkarın həmyerlisi, görkəmli şair, rəssam, musiqi nəzəriyyəçisi Mir Möhsün Nəvvabın "Vüzuhül-ərqam" kitabına marağı təsadüfi olmamışdır. Məlum olduğu kimi, o, Şərqdə ilk muğam operalarının müəllifi olmuşdur, Sovet hakimiyyətinin ilk illərində muğamın gərəksizliyini iddia edənlərə baxmayaraq, muğamın öyrənilməsini, tədrisini ən vacib məsələ hesab etmişdir. M.M.Nəvvabın əsəri isə muğamın yaranma tarixinə, təsnifləndirilməsinə həsr edilibdir. Bəstəkarın arxivində onun o qədər də yaxşı məlum olmayan "Harun və Leyla", "Abbas və Xurşidbanu" muğam-operalarının mətninin saxlandığı da əhəmiyyətli faktdır.

Üzeyir Hacıbəylinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxiv materialları dahi bəstəkarın həyat və fəaliyyətinin, bədii və ictimai yaradıcılığının daha hərtərəfli öyrənilməsi üçün tədqiqatçılara zəngin material verir. Sevindirici haldır ki, bu yaxınlarda Uzeyir bəyin Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxivinin təsviri ayrıca bir kitab halında "Elm" nəşriyyatında çap edilmişdir. Arxiv materialları təsvir edənlər filologiya üzrə fəlsəfə doktoru Elmira Əlibəyli və elmi işçi Aytən İmanovadır. Aytən İmanova həm də kitabı nəşrə hazırlamışdır. Elmi redaktor P.Kərimovdur. Əminik ki, dahi bəstəkarın şəxsi arxivinə daxil olan materialların köməyi ilə onun həyat və yaradıcılıq yolunun araşdırılmasına həsr edilmiş yeni dəyərli tədqiqat əsərləri meydana çıxacaq.

Paşa ƏLİOĞLU AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini




Baxış sayı: 1 546
Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Dünən, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Dünən, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Dünən, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Dünən, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Dünən, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Dünən, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Dünən, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Dünən, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930