Böyük Nazim Hikmət Azərbaycan poeziyasını çox sevirdi - Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mikayıl Rəfili ilə dostluq edirdi. Yeri gələndə, onların yaradıcılığından söz açırdı. Məsələn, Nazim Hikmət Rəsul Rza sənətinə bir neçə məqalə həsr etmişdi. Həmin məqalələrdən bəzi fikirləri xatırlayaq: “Rəsul Rza Azərbaycan poeziyasının novatorlarından biri, özünəməxsus orijinal şair, xalq şeirinin, klassik poeziyanın böyük pərəstişkarıdır”. “Ola bilər ki, onun şeirləri sizin xoşunuza gəlsin, ya gəlməsin - bu, sizin öz işinizdir - ancaq siz onu başqa bir şairlə qarışıq sala bilməzsiniz.
Məncə, şair üçün onun şeirlərinin az və ya çox dərəcədə xoşa gəlməsindən daha çox onların orijinallığı və özünəməxsusluğu əsasdır!”... “Rəsul Rza müasir Azərbaycan şeirinə bugünkü şəhərin danışıq dilini, bu dilin harmoniyasını gətirib. Danışıq dili deyəndə mən Bakı və Kirovabad şivəsini nəzərdə tutmuram. Mən azərbaycanlı vətəndaşın dilini nəzərdə tuturam. Bu sahədə Rəsul Rza Sabir ənənələrini davam etdirir. Məgər öz dövrünün poeziyasına Azərbaycan şəhərlisinin dilini gətirmək Sabirin xidməti deyilmi?”... “Axtaran şair xoşbəxtdir. Rəsul Rza həyatın və bizim özümüzün səadətini kəşf edir”.
Doğrudan da, dünya poeziyasının nəhənglərindən olan Nazim Hikmətin Rəsul Rzaya, ədəbiyyatımızın bu qüdrətli simasına - onun poeziyasına ünvanladığı sözlər qəlbimizdə qürur hissi doğurur. Mən bu silsilədən digər dünya sənətkarlarının fikirlərindən də misallar gətirə bilərdim.
Rəsul Rza haqqında Azərbaycan tənqidi və ədəbiyyatşünaslığında yüzlərlə məqalələr yazılıb. O məqalələr içində birinci yerdə heç şübhəsiz, akademik Məmməd Arifin “Fikir poeziyası” məqaləsidir. R.Rza yaradıcılığı haqqında bir neçə monoqrafiya da qələmə alınıb. Professor Gülrux Əlibəylinin “Axtarışlar, kəşflər”, şair-tədqiqatçı Arif Abdullazadənin “Od nə çəkdi”, tənqidçi Rahid Uluselin “Rəsul Rza poeziyası”, professor Bağır Bağırovun şairin yaradıcılığına həsr etdiyi doktorluq dissertasiyasını böyük şairin sənətinin tədqiqində ən uğurlu əsərlər hesab edirəm...
Ötən illərdə yazılsa da, bu əsərlər Rəsul Rzanı öyrənmək üçün indi də faydalıdır. “Rəsul Rza və müasir Azərbaycan poeziyası” adlı monoqrafiya isə Rəsul müəllimin poeziya ənənələrinin yaşarılığına həsr olunub. Çalışmışam ki, bu böyük şairin poeziyası haqqında nəsə bir söz deyim.
Son illərdə filologiya elmləri doktoru, mətbuatda, elmi məcmuələrdə imzasına tez-tez rast gəldiyiniz Yaşar Qasımbəyli də Rəsul Rza poeziyasının tədqiqinə xüsusi maraq göstərir və hiss olunur ki, bu maraq təsadüfi və ötəri deyil. Yaşar Qasımbəyli “Rəsul Rza və ədəbi çağdaşları” adlı bir monoqrafiya nəşr etdirib (“Elm və təhsil”-2018) və doğrudan da bu əsər yuxarıda adını çəkdiyim sanballı əsərlər sırasına qoşula bilər. Yəqin ki, ədəbi və elmi ictimaiyyət bu monoqrafiya ilə tanış olacaq, bu fikrimlə razılaşacaqlar. Yaşar Qasımbəyli Rəsul Rza fenomenini poetik yöndən, sənətkarlıq cəhətdən açıqlamaq üçün həm ənənəvi, həm də ənənəvi olmayan iki yol seçib. Ənənəvi yol Rəsul Rza poeziyasını fərdi şəkildə öyrənməkdir, yəni şairin poeziyasının orijinallığını, novatorluğunu bir daha kəşf etməkdir. Ənənəvi olmayan yol isə Rəsul Rzanı XX əsr Azərbaycan poeziyası, həmçinin, digər xalqların poeziyası ilə ilişgili şəkildə tədqiq etməkdir. Bu sahədə ədəbiyyatşünaslarımız tərəfindən müəyyən cəhdlər olsa da, sistemli şəkil almamışdı.
Yaşar Qasımbəyli Rəsul Rza poeziyasını həm XX əsr Azərbaycan poeziyası kontekstində, həm dünya ədəbiyyatı çevrəsində, həm “altmışıncılar”la bağlı ədəbi varislik işığında, həm gənc çağdaşlarına təsiri müstəvisində, həm də özbək poeziyası ilə müvazi tədqiq edir. Niyə məhz özbək poeziyası ilə? Oxuculara xatırladım ki, Yaşar Qasımbəyli həm də XX əsr özbək ədəbiyyatının tədqiqatçısıdır, o, iyirmi ilə yaxın bir müddətdə Özbəkistanda yaşamış, özbək ədəbiyyatı ilə bağlı xeyli məqalələr yazmışdır.
Onun monoqrafiyası yeddi fəsildən ibarətdir və hər bir fəslin öz mükəmməl ideyası var. Birinci fəsildə Y.Qasımbəyli XX yüz il poeziyasının novatorları haqqında söz açır və həmin novator şairlərin (Sabir, Mayakovski, N.Hikmət, Ə.Cavad) Rəsul Rza poezimyasına təsiri və həmçinin, eyni ədəbi zaman çevrəsində çağdaşlığı məqamlarına diqqət yetirir. R.Rzanın sənət qüdrətini araşdırmaq üçün ilk növbədə, onun klassik poeziya ənənələrinə bağlılığını nəzərə çarpdırmaq lazımdır. R.Rzanın özü də etiraf edirdi ki, klassiklərin yaradıcılığı onun üçün bir məktəbdir. O, Nizamini, Füzulini, Nəsimini, Sabiri çox sevirdi, rus şairi Mayakovskini də həmçinin.
Rəsul Rza yaradıcılığı XX əsr dünya və Azərbaycan ədəbiyyatı ilə birgə düşynülür. Millilikdən bəşəriliyə gedən yolun cığırlarını bələdliyən sənətkarımızdan biri də Rəsul Rza olmuşdur. Ona görə də Rəsul Rza və Nazim Hikmət, Rəsul Rza və Mayakovski, Rəsul Rza və İlya Selvinski, Rəsul Rza və Çingiz Aytmatov paralellərinin öyrənilməsi əhəmiyyətlidir. Mayakovski də, N.Hikmət də Rəsul Rzanın sevimli şairləri idi, təbii ki, onların poeziyası R.Rza üçün bir örnək idi. Amma R.Rzanın bu böyük sənətkarları heç vaxt təqlid etməmişdir, çünki onun özünəməxsus yolu vardı.
Əlbəttə, Rəsul Rzanın milli ədəbiyyatımızda yerini, mövqeyini hamımız bilirik. Lakin bir vaxtlar Rəsul Rzanı Səməd Vurğunla qarşı-qarşıya qoyub hansınasa üstünlük verirdilər. Amma Y.Qasımbəyli haqlı olaraq yazır ki: “Onlar eyni məqsədə və estetik hədəfə müxtəlif ədəbi yollarla irəliləyirdilər”. Səməd Vurğun poeziyasının qüdrətini R.Rza bir neçə yazısında səmimi şəkildə etiraf etmişdi. Y.Qasımbəyli misal gətirir: “Səməd Vurğunun gücü bunda deyildi ki, guya o, ilk illərdə də yaradıcılığının çiçəkləndiyi dövründə olduğu kimi, eyni qüvvətlə, kamil şeirlər yazmışdır. Onun bir neçə şeiri var ki, şair onları ölümündən az əvvəl yazmışdır. Mən belə hesab edirəm, bu şeirlər incə poetik müşahidələri, dilinin şirinliyi ilə, Səmədin valehedici poeziyasında yekni, yetkin bir mərhələdir”.
Rəsul Rza elə bir şairdir ki, onun poeziyasını istənilən bir xalqın (rus, gürcü, özbək, qazax, ingilis, fransız, alman, latış, Ukrayna, ispan və s.) XX əsrdə yaşamış modern bir şairinin yaradıcılığı ilə yanaşı qoymaq olar və təbii ki, poetik səsləşmələr aparmaq müşgül olmaz. Ona görə də Y.Qasımbəyli bu üsulu seçir. İlk baxışda əslən azərbaycanlı olub XX əsr özbək ədəbiyyatının korifeylərindən biri sayılan Maqsud Şeyxzadə ilə Rəsul Rzanı eyni müstəvidə yanaşı qoymaq bir qədər təəccüb doğura bilərdi. Amma Y.Qasımbəyli bu iki sənətkarın yaradıcılığında elə oxşar məqamlar tapır ki... Yazır: “Rəsul Rza və Maqsud Şeyxzadə təkcə Azərbaycan və özbək şeirinin xəritəsində deyil, ümumtürk poeziyasının məna və mahiyyətində köklü təzələnmənin baniləri kimi şöhrətlənirlər. Onlar yeni epoxanın yeni söz sənətini yaradanların öncüllərinə çevrildilər.
Amma bu misilsiz estetik missiyanı Rəsul Rza Azərbaycanda, Maqsud Şeyxzadə isə Özbəkistan ədəbi mühitində həyata keçirdi”. Burada təfərrüata varmırıq - R.Rza Azərbaycan poeziyasında hansı novator meyillərlə diqqəti cəlb etmişsə, M.Şeyxzadə də bu missiyanı özbək ədəbiyyatında həyata keçirmişdir.
İkinci fəsildə Y.Qasımbəyli R.Rza poeziyasının Azərbaycanın hüdudlarından kənarda şöhrət tapdığını xüsusi qeyd edir. Amma bir oxucu və tədqiqatçı kimi mən bu fəslin qısalığından narazıyam. “Rəsul Rza və dünya ədəbiyyatı” adlanan bu fəsil heç də o mənanı özündə tam ehtiva eləmir. Dünya ədəbiyyatı dedikdə daha böyük üfüqləri tədqiqata cəlb etmək lazım idi. Monoqrafiyanın digər fəsilləri isə müəllifin qarşıya qoyduğu məsələləri düzgün, elmi şəkildə nəzərə çapdırır. Bu fəsillərdə qoyulan məsələləri aşağıdakı kimi ümumiləşdirə bilərik: Birincisi, Y.Qasımbəyli otuzuncu illər Azərbaycan poeziyasında üzü bəri gələ-gələ R.Rzanın poetik novatorluğunu misallarla nəzərə çarpdırır. Və Rəsul Rzanın Azərbaycan şeirindəki novatorluğunu dünya ədəbi prosesində baş verən yeniləşmələrin adekvat variantı kimi izah edir. R.Rzanın Əli Kərim şeirinə verdiyi qiymət həm də bu novatorluğun başqa bir şairdə daha orijinal səpgidə üzə çıxması ilə bağlı idi. Əgər R.Rza olmasaydı, Ə.Kərim, V.Səmədoğlu, İ.İsmayılzadə, Ə.Salahzadə də bu dərəcədə novator kimi parlamazdılar.
İkincisi, R.Rza azadlıq aşiqi idi. Təbii ki, onun da düşüncələrində müstəqillik arzuları yaşayırdı. Şeirlərinin və poemalarının əksər qismində iki mövzu-İnsan və Vətən mövzuları üstünlük təşkil edirdi. Ancaq bu mövzular çılpaq ritorika və bəlağət tülünə bürünməmişdi. O, Nəsimidən, Füzulidən, Sabirdən, Mirzə Cəlildən yana-yana, həm də böyük vətənpərvərlik coşqusu ilə söz açırdı.
Qarabağ haqqında ən yaxşı şeirlərdən birini R.Rza yazmışdı. Əlbəttə, onun vətənpərvərliyi, xalqsevərliyi B.Vahabzadənin, M.Arazın, Xəlil Rzanın şeir və poemalarında eyni ahənglə, bu şairlərin hər birinin orijinal poetik istedadı ilə üzə çıxırdı. Üçüncüsü, Rəsul Rza və “altmışıncılar” mövzusu təzə deyil. Amma Y.Qasımbəyli də bu mövzuda geniş bir panorama yaratmağa cəhd edir. Fikrət Qoca, F.Sadıq, Ə.Kərim, İ.İsmayılzadə, V.Səmədoğlu, Ə.Salahzadə və daha neçə şair Rəsul Rzadan öyrənmişlər. Y.Qasımbəyli xüsusilə, Rəsul Rza-F.Qoca poetik münasibətlərini, ustad-şagird tərəfdaşlığını qabarıq nəzərə çarpdırır.
Dördüncüsü, “Rəsul Rza və gənc çağdaşları” fəslində Y.Qasımbəyli R.Rzanın yetmiş-səksəninci illərdə ədəbiyyata gələn R.Rövşən, Ç.Əlioğlu, Ə.Ol və başqa şairlərə - onların istedadına verdiyi qiymətdən söz açılır. Bir sözlə, Rəsul Rzadan, onun poeziyasından həmişə öyrənmək lazımdır fikri ortaya qoyulur. Yaşar Qasımbəylinin “Rəsul Rza və ədəbi çağdaşları” monoqrafiyasından xeyli danışmaq olar. Amma bu məqamda mən arzu edərdim ki, müəllif bir daha bu mövzuya qayıtsın.
Vaqif YUSİFLİ Filologiya elmləri doktoru
Baxış sayı: 2 706