FACT-INFO.AZ » AKTUAL » Azay Quliyev: ATƏT PA-da belə bir mühüm qətnamənin qəbulu ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasətin uğurudur
17-07-2018, 10:05 | AKTUAL
Azay Quliyev: ATƏT PA-da belə bir mühüm qətnamənin qəbulu ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasətin uğurudur

- İlk növbədə onu deyim ki, Berlin sessiyası çox önəmli bir mövzuya - “ATƏT öhdəliklərinin icrası: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Azərbaycan nümayəndə heyəti olaraq, başda Bahar Muradova olmaqla, bütün müzakirə olunan məsələlərdə fəal iştirak etdik və ölkəmizin maraqlarını maksimum müdafiə etməyə çalışdıq. Bilirsiniz ki, ATƏT öhdəliklərinin icrası məsələsi daima Azərbaycan üçün aktual olub və biz hər zaman bir çox ATƏT öhdəliklərinin yerinə yetirilməməsindən, qəbul olunan qərarların kağız üzərində qalmasından ciddi narahatlığımızı ifadə etmişik. Bu baxımdan Berlin sessiyası bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi.

Qısa olaraq onu deyim ki, 27-ci sessiya ATƏT ərazisində olan bütün problemlərə və çağırışlara kompleks və obyektiv yanaşma sərgiləyə bildi. Yekun olaraq qəbul etdiyimiz Berlin Bəyannaməsində münaqişələr, beynəlxalq terrorizm, silahlara nəzarət, nüvəsizləşdirmə, miqrasiya, qaçqın və məcburi köçkün, insan hüquqları, milli azlıqlar və digər bu kimi problemli məsələlərin həllində qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətinin vahid platformadan çıxış etməsi və birgə səylərinin artırılması haqqında razılığa gəlindi. Berlin Bəyannaməsi ATƏT-in Nazirlər Şurasına baxılmaq üçün göndərildi. Ümid edirəm ki, bu ilin dekabrında Milanda bir araya gələn ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirləri Parlament Assambleyasının qəbul etdiyi qərarlara və tövsiyələrə adekvat yanaşacaq və mümkün qədər onları nəzərə alacaq.

- Sessiya çərçivəsində ATƏT PA müəllifi olduğunuz qətnamə layihəsini müzakirə edərək yekdilliklə (Ermənistan xaric) qəbul etdi. Bəzi beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qərəzli yanaşmanın və “qarayaxma kampaniyası”nın davam etdiyi bir vaxtda bunu Azərbaycanın ciddi uğuru hesab etmək olar. Qətnamə Azərbaycana nə verəcək?

- Bilirsiniz ki, ötən il iyulun 8-də Minksdə “ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu”nun yaradılması haqqında irəli sürdüyüm təşəbbüs 17 ölkə tərəfindən dəstəkləndi və belə qrup təsis edildi. Qrup yaranandan sonra növbəti əsas vəzifə onun dayaqlarını möhkəmləndirmək, qrupa Parlament Assambleyası səviyyəsində rəsmi dəstəyi təmin etmək və bu barədə ayrıca bir qətnamənin qəbul olunmasına nail olmaqdan ibarət idi. Bu kontekstdə bir məsələni ilk dəfə olaraq mətbuata açıqlamaq istərdim. Qrup yaranandan dərhal sonra Ermənistan və onun havadarları qrupun əleyhinə işlər aparmağa və onun legitimliyini zədələməyə çalışdılar, hətta ATƏT PA-nın prezidenti və baş katibinə məndən şikayət də etdilər. Onları narahat edən o idi ki, niyə qrupun əsasnaməsində yeni üzvlərin qəbulu üçün “Helsinki prinsiplərinə, xüsusilə ölkələrin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edən ölkələr üzvlüyə qəbul oluna bilər” müddəası əsas müddəa kimi əks olunub. Yəni işğalçı Ermənistan başa düşür ki, o bu müddəlara əməl etmədiyinə görə İpək Yolu Qrupuna daxil olmaq şansı sıfırdır. Ona görə də Ermənistan və onun kimi düşünən bəzi ölkələr qrupa qarşı ciddi iş aparırdılar. Buna görə də gələcəkdə mümkün destruktiv addımların qarşısını almaq, İpək Yolu Qrupuna davamlı siyasi dəstəyi təmin etmək, eyni zamanda Azərbaycanın qədim İpək Yolunun bərpası istiqamətində irəli sürdüyü çoxsaylı təşəbbüsləri dəstəkləmək məqsədilə tərəfimdən hazırlanan “Nəqliyyat yolları və dəhlizlərinin inkişafı, o cümlədən tarixi İpək Yolunun bərpası vasitəsilə ATƏT regionunda əlaqəliliyin təşviqi” adlı qətnamə layihəsi ATƏT PA-nın Berlin sessiyasına təqdim edildi. Sevindirici haldır ki, Ermənistandan başqa bütün ölkələr tərəfindən qətnamə layihəsi yekdilliklə dəstəkləndi və Berlin Bəyannaməsinə daxil edildi. Qətnamə bütövlükdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu bütün regional nəqliyyat və tranzit layihələrini, xüsusilə “Şərq-Qərb və Şimal-Cənub” ticarət və nəqliyyat dəhlizlərini tam olaraq dəstəkləyir, Çinin müəllifi və Azərbaycanın da maraqlı olduğu “Bir kəmər, Bir Xətt” təşəbbüsünün əhəmiyyətini vurğulayır, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun yaranmasını alqışlayır və qrupa tam dəstəyini ifadə edir. Bundan başqa, qətnaməyə işğalçı Ermənistan tərəfindən bir sıra düzəlişlər təklif edildi. Düzəlişlərin əsas mahiyyəti Ermənistanın düşdüyü izolyasiyadan və özünütəcriddən çıxması üçün müəyyən əsaslar yaratmaqdan ibarət idi, lakin mən buna etiraz etdim və onların heç bir düzəlişi qəbul olunmadı. Sonda isə sənəd bütövlükdə səsə qoyularaq qəbul edildi. Hesab edirəm ki, ATƏT PA-da belə bir mühüm qətnamənin qəbulu ilk növbədə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasətin, Azərbaycan diplomatiyasının uğuru, etirafı və dəstəklənməsidir.

- Azay müəllim, Berlində həm də rəhbərlik etdiyiniz “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu”nun növbəti iclası olub və bildiyimiz qədər orada da maraqlı qərarlar qəbul olunub. Bu qərarlar hansılardır?

- İyulun 8-də Berlində İpək Yolu Qrupunun növbəti iclası keçirildi və qeyd etdiyiniz kimi, bir sıra vacib qərarlar qəbul edildi. İlk növbədə onu deyim ki, həmin gün Qrupun yaradılmasının 1 ili tamam olurdu və biz bu əlamətdar günü təntənəli şəkildə qeyd etdik. Bundan başqa, Fransanın üzvlük haqqında müraciətinə baxıldı və Fransa konsensusla üzvlüyə qəbul edildi. Beləliklə, üzv ölkələrin sayı 23-ə çatdı. Təşkilati məsələlər çərçivəsində İsveçrənin nümayəndə heyətinin üzvü və ATƏT PA-nın Təhlükəsizlik və siyasi məsələlər komitəsinin sədri Filippo Lombardi və Avstriyadan olan deputat Roman Hayder qrupun sədr müavinləri seçildilər. Önəmli qərarlardan biri də o oldu ki, İpək Yolu Qrupunun 2019-cu il üzrə tədbirlər planı təsdiq edildi, Belarus və İsveçrə parlamentlərinin müraciətləri nəzərə alınaraq, müvafiq olaraq gələn ilin aprel və sentyabr aylarında bu ölkələrdə müxtəlif mövzularda beynəlxalq konfransların keçirilməsi haqqında qərar qəbul edildi. Bundan başqa, ilk dəfə idi ki, Rusiya nümayəndə heyəti qrupun işinə maraq göstərərək Berlin iclasında müşahidəçi qismində iştirak etdi. Ümumiyyətlə, Berlində keçirilən iclası və qəbul olunan qərarları çox yüksək qiymətləndirirəm və bütün bunları Qrupun fəaliyyətinə və missiyasına artan marağın təzahürü hesab edirəm.

- Son sualı vermək istərdim. Bir müddətdir ölkə gündəliyini zəbt edən və dövlətçiliyimiz əleyhinə yönələn Gəncə hadisələri ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Bu terror hadisəsi haqqında Berlində olarkən mətbuatdan öyrəndik və çox böyük üzüntü və narahatlıqla qarşıladıq. İstər Gəncənin icra başçısı Elmar Vəliyevə atılmış güllə, istərsə də iki polis polkovnikimizin xəncərlənərək şəhid edilməsi Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına, inkişafına, sabitliyinə və nəhayət, Qarabağ uğrunda apardığı qanlı mücadiləyə atılan güllə, arxadan vurulan xəncər idi. Bunun başqa adı yoxdur. Bu terrorun kənardan idarə olunduğu, milli maraqlarımızın qorunması və təminatında dövlətimizin sərgilədiyi prinsipial və dönməz siyasətin sarsılması üçün həyata keçirilməsi də heç kimdə şübhə doğurmur. Bu hadisənin müqəddəs İslam dininə və bu dinə həqiqi bağlı olan müsəlmanlara heç bir aidiyyəti yoxdur. Cənab Prezident keçirdiyi müşavirədə terrorun törədilməsi səbəbi və onun arxasında duran məkirli qüvvələr haqqında ciddi mesajlar verdi. Əminəm ki, istintaq qısa müddətdə terror hadisəsini törətmiş cinayətkarları və onların xarici sifarişçilərini aşkarladığı kimi, digər günahkarları da müəyyən edəcək. Belə bir ağır cinayət törətmiş şəxslər qanunun bütün sərtliyi ilə layiq olduğu cəzalarını alacaqlar. Bu gün Azərbaycanda sabitliyin pozulması və hər hansı bir qarşıdurmanın olması yalnız Ermənistanın marağındadır və onun xeyrinədir. 1988-1993-cü illərdə torpaqlarımızın işğal edilməsinin əsas səbəblərindən biri də məhz həmin dövrdə ölkədə hökm sürən anarxiya və siyasi sabitliyin olmaması idi. Biz o dövrü yaxşı xatırlayırıq və hələ də unutmamışıq. Təəssüflər olsun ki, indi də buna cəhd edən və 90-cı illərin əvvəllərində baş vermiş mənfi halların təkrarlanmasında maraqlı olan qüvvələr var. Yeri gəlmişkən, bu hadisəyə ermənilərin reaksiyası da çox düşündürücü idi. Belə ki, Gəncədə iki polis polkovnikinin şəhid edildiyi günün sabahısı, yəni iyulun 11-də Berlində Ermənistan nümayəndə heyətinin üzvü mənə yaxınlaşaraq Gəncə hadisələri ilə maraqlandı. Elə bil bu adam bir gün öncə Azərbaycan Ordusunun gücündən və aldığı silahların Ermənistan üçün ağır nəticələr verə biləcəyindən qorxu və səksəkə ilə danışan, Azərbaycandan ATƏT-ə şikayət edən erməni nümayəndə heyətinin üzvü deyildi. Mən onun gözlərində bu terror hadisəsinin Azərbaycanda qarışıqlığın, Ermənistanda isə sanki nicat yolunun başlanğıcı olduğu ilə əlaqədar sevinc hissini gördüm. O, sevinc hissini heç gizlətmirdi və bu hadisədən çox məmnun görünürdü.

Azərbaycan xalqı, ictimaiyyəti həmişə olduğu kimi, bu dəfə də dövlətimizə sədaqət nümayiş etdirdilər və cinayətkarların tutulması və zərərsizləşdirilməsində üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər. Təmizləmə işi bu gün də hüquq-mühafizə orqanları tərəfindən uğurla davam etdirilir və əminəm ki, dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti və planı indiyədək olduğu kimi bundan sonra da puç olacaq. Mən fürsətdən istifadə edib Elmar Vəliyevə tezliklə sağalmağı arzulayır, iki şəhid polis polkovnikimizə isə Allahdan rəhmət diləyirəm.




Baxış sayı: 1 755
Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub Bu gün, 10:30 Hafizəni yaxşılaşdıran təbii vasitələr Bu gün, 10:30 Amerikalı ekspert: Azərbaycan Sülh Şurasının effektiv fəaliyyətinə əhəmiyyətli dərəcədə töhfə verəcək Bu gün, 10:00 “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub Bu gün, 10:00 DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs edib Bu gün, 09:30 Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728