FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » "Köhnə qvardiya"nın ən qocaman generalı
3-11-2015, 09:30 | TƏDQİQATLAR-ANALITIKA
"Köhnə qvardiya"nın ən qocaman generalı

Çox yaşamaq, ürəyincə ömür sürmək bu dünyada hər adama nəsib olmur. Vaxtilə Azərbaycan uzunömürlülər diyarı kimi tanınırdı və dünyanın bütün ölkələrindən jurnalistlər Lerikə - Mahmud Eyvazovun, Şirəli Müslümovun doğulduğu məkana üz tuturdular ki, 150 il yaşamağın sirlərini öyrənsinlər. Təmiz dağ havası, kimyəvi zavodlardan azad yaşıl yamaclarda, sərin sulu meşələr qoynunda yaşayan Mahmud babalar üçün bu qədər yaşamaq bəlkə də möcüzə deyildi. O babalar kitab mütaliə eləmirdilər, həyatlarını zəhərə döndərən konfliktlərdən uzaq idilər, fikir-düşüncə aləminin, intellektual dünyanın adamı deyildilər.

İndi gəlin, sənət, ələbiyyat aləminə üz tutaq. Tək-tük sənət adamı taparsan ki, 90 yaşına gəlib çatsın. Bütün ömrü boyu fiziki həyatla ruhi həyat arasında çapalayan bu insanlar sağlamlıqlarına qəsd edə-edə neçə yüz il necə yaşaya bilərlər? Gərək polad dözümün, palıd cüssən ola ki, bu qədər yaşayasan. Amma nadir hallarda olsa da, 90 yaşına gəlib çatmış sənət adamlarını görəndə (yataqda yox, ayaq üstə) doğrudan da möcüzəyə inanırsan.

Görkəmli ədəbiyyatşünas, professor Pənah Xəlilov sap-sağlam 90 yaşına gəlib çatdı və mən onun sabiq tələbəsi kimi buna çox sevinirəm. 1967-1972-ci illərdə ADU-nun (indiki BDU-nun) Filologiya fakültəsinin tələbəsi olmuşam. Mənə (həmçinin o illərin tələbələrinə) dərs deyən müəllimləri xatırlayıram və böyük təəssüf hissi ilə köks ötürürəm ki, indi onların çoxu dünyada yoxdur. Nə Mir Cəlal Paşayev, nə Muxtar Hüseynzadə, Məmməd Cəfər, nə Səlim Cəfərov, nə Musa Adilov, nə Ağamusa Axundov, nə Bəxtiyar Vahabzadə, nə Samət Əlizadə, nə Əlövsət Abdullayev, nə Firidun Hüseynov, nə Qulu Xəlilov, nə Firuz Dadirəs... Və mən bir olan Allaha üz tutub deyirəm ki, Tofiq Hacıyevin, Xalid Əlimirzəyevin, Abdulla Abasovun, Təhsin Mütəllimovun - universitetdə bizə dərs deyən bu gözəl insanların ömrünü uzatsın.

Pənah müəllim isə səhv eləmirəmsə, yaşı 90 həddinə gəlib çatan ilk müəllimimizdir.

Pənah Xəlilov 70 ildir ki, bir tənqidçi-ədəbiyyatşünas kimi fəaliyyət göstərir və onun bu 70 ildə gördüyü işləri göz qabağına gətirəndə heyrətlənməyə bilmirsən.

Onun bütün ömrü boyu bir iş yeri olub. ADU-nun Filologiya fakültəsini bitirəndən sonra (1948) elə orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranturasına qəbul olunub, sonra həmin kafedrada baş müəllim, dosent, SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifələrində çalışıb. Bu, rəsmi əmək fəaliyyəti. Amma bunu təkcə "rəsmi" deyə üstündən keçmək olmaz. Bəs onda 1951-ci ildən universitet auditoriyalarında oxuduğu mühazirələr? Bu illər ərzində yetişdirdiyi onlarla elmlər namizədi və doktorları? Ən başlıcası isə, onun mühazirələrini dinləmiş, hal-hazırda da Azərbaycanın müxtəlif institutlarında, orta məktəblərində və başqa sahələrdə çalışan tələbələri...bunların sayı-hesabı yox. Deməli, müasir Azərbaycan filologiyasının və ədəbi cameənin bir neçə nəsli Pənah müəllimin qələminin altından keçmişlər. Dahi Nizami isə deyir ki, "Qələm ki, bu həyatda tərpənirkən ilk dəfə, Sözdən yazdı, diqqətlə baxsan birinci hərfə". Pənah müəllimin yetmiş illik elmi-pedaqoji fəaliyyəti məhz əlahəzrət Sözün missiyasına xidmət edib. Onun Sözü Azərbaycan filoloji fikrinin, tənqid və ədəbiyyatşünaslığının mötəbər Sözü kimi qəbul edilmişdir.

Pənah Xəlilov Azərbaycan ədəbiyyatşünaslığında ilk növbədə, çox mühüm bir elmi istiqamətin təşəbbüsçüsü və yaradıcısı olmuşdur. "SSRİ xalqları ədəbiyyatı" deyilən bir fənn vardı və ali məktəblərin Filologiya fakültələrində bu fənn tədris edilirdi. Təbii ki, çox lazımlı bir fənn özünün həm tədqiqat, həm də dərslik səviyyəsində həllini tapmalıydı və bunu reallaşdıran Pənah müəllim oldu. Söhbət bir böyük ərazidə yaşayan xalqların ədəbiyyatından gedirdi. Azərbaycanda bu sahədə müəyyən tədqiqat işləri aparılsa da, sistemli, ortaya bir nümunə kimi qoyulası əsər yox idi. İki cilddən ibarət "SSRİ xalqları ədəbiyyatı" dərsliyi (ilk nəşri 1966, 1968) bu istiqamətdə bir proqram rolunu oynadı. Rus ədəbiyyatı istisna olmaqla on dörd xalqın keçdiyi ədəbi inkişafı, onun ayrı-ayrı mərhələlərini izləmək sözün həqiqi mənasında titanik, yorulmaz tədqiqatçı əməyinin məhsulu idi. Təbii ki, bu nəşrlərin Sovet dönəmində yazılması müəyyən stereotiplərin mövcudluğunu inkar etmir, amma gəlin bir həqiqəti etiraf edək ki, Sovet ədəbiyyatı deyilən real, o zaman üçün mövcud prosesin varlığını necə inkar etmək olar? Pənah müəllim də məhz o mövcudluğun, o reallığın mənzərəsini əks etdirirdi.

Pənah müəllimin uzun illər ali və orta məktəblər üçün hazırladığı dərsliklər indinin özündə də tədqiq olunan predmetə yüksək elmi səviyyəsi ilə seçilir. Bu dərsliklərdə bir alimin həm nəzəri hazırlığı, həm ədəbiyyat tarixçisi kimi mükəmməl tədqiqatçı əməyi, həm də bir mətnşünas kimi maraqlı araşdırmaları diqqəti cəlb edir. Sonralar o, "SSRİ xalqları ədəbiyyatı" dərsliyini yeni elmi-nəzəri əsaslarla işləyib hazırladı, nəticədə "Türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatı" dərsliyi yarandı.

Pənah Xəlilovun bu dərslikləri (əslində, bunlara monoqrafiya demək daha dəqiq olardı) onun ədəbi əlaqələr sahəsində apardığı araşdırmaların yalnız bir qismidir. Onun Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatları ilə əlaqələrini əks etdirən yazıları heç də az deyil.

Son on ildə "Ədəbiyyat nəzəriyyəsi" dərsliklərinin sayı göz oxşayır. Amma bu fakt nə qədər sevindirici olsa da, vaxtilə Mir Cəlal Paşayevlə Pənah Xəlilovun birgə nəşr etdirdikləri "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi bizə daha sanballı təsir bağışlayır. Hətta israr edib deyə bilərik ki, yeni "Ədəbiyyat nəzəriyyəsi" dərslikləri əksərən öz strukturuna, fəsillərinin adlarına və mövzuya yanaşma prinsiplərinə görə Rəfilinin, Cəfər Xəndanın və M.C.Paşayev-P.Xəlilovun dərsliklərindən faydalanmışlar. Yəni bu sahədə "Ədəbiyyatşünaslığın əsasları" bir növ, karvanbaşı rolunu oynayıb.

Pənah Xəlilov bir ədəbiyyatşünas kimi yalnız müəyyən, konkret mövzulara qapanıb qalmamışdır. Onun 50-70-ci illərdə yazdığı bir çox məqalələr, mötəbər yaradıcılıq müşavirələrində etdiyi məruzə və çıxışlar bir tənqidçi kimi də geniş söz açmağa imkan verir. Çox yaxşı xatırlayıram -yazıçıların bir qurultayında Pənah müəllim müasir nəsrimiz haqqında maraqlı bir məruzə ilə çıxış etdi. "Nəsrimiz və müasir kəndimiz" mövzusunda Azərbaycan Yazıçılar İttifaqındakı müşavirədə söylədiyi məruzə 70-80-ci illər Azərbaycan nəsrinin ümumi mənzərəsinin elmi-tənqidi əksidir. Mətni duymaq, əsərdəki obrazlar aləmini obyektiv təhlil süzgəcindən keçirmək, hər nəsr əsərinin və onun müəllifinin özəl xüsusiyyətlərini incələmək, bu əsərlərin zamanla necə səsləşdiyini açıqlamaq...Pənah müəllimin tənqidçi özünəməxsusluğu təkcə bunlarla məhdudlaşmır. Onun öz fikirlərini sadə, amma elmi-publisistik axarda ifadə etməsi, bu günün bir sıra nəzəriyyəbaz cavan tənqidçiləri üçün örnək olmalıdır.Onun həmin məruzəsində Elçinin, İsi Məlikzadənin, Fikrət Qocanın nəsr əsərləri barədə çox dəqiq və obyektiv mülahizələrini indi də xatırlayıram.

Pənah müəllim bizim ən qədim yazılı abidələrimizdən "Dədə Qorqud" dastanlarına həsr etdiyi monoqrafiyası o zaman bir çoxlarını təəccübləndirdi də. Yəni SSRİ xalqları ədəbiyyatlarının kamil bir tədqiqatçısı, ən sanballı dərsliklərin müəllifi, tənqidçi və ədəbiyyatşünas (burda xatırlatmağı lazım bilirəm ki, Pənah müəllim 1920-1960-cı illər Azərbaycan ədəbiyyatının üzdə olan tədqiqatçılarından biridir) Pənah Xəlilov birdən-birə "Dədə Qorqud" dünyasına necə "səyahət" edə bilər fikri yarandı. Amma onun "Kitabi-Dədə Qorqud-intibah abidəsi" monoqrafiyasını ələ alıb oxuyanda heç də yanılmadıq. Pənah müəllimin bu dastana, onun obrazlar aləminə, mifik dünyasına bələdliyi, bu abidə ilə bağlı fərqli düşüncə tərzi bizə son dərəcə maraqlı təsir bağışladı. 
Pənah müəllim bir tənqidçi-ədəbiyyatşünas kimi fəaliyyətindən çox danışmaq olar və elə bilirəm, həmkarları-onun tələbələri danışacaqlar. Amma mən müəllimimizlə bağlı iki məqamı da qeyd etməyi lazım bilirəm. O, auditoriyaya daxil oldu. Onda 44-45 yaşı vardı, yetmişinci illərin əvvəlləriydi. Bir kurs biz onun mühazirələrini dinlədik. Mən BDU-da ustadların hər birinin nitqini, ifadə qabiliyyətini, hətta bilik və savaddan əlavə davranış qaydalarını da indiki kimi xatırlayıram. Mir Cəlal müəllimin sakit və asta danışığı, hər cümləsindəki məna dərinliyi, xoş təbəssümü, Ağamusa müəllimin cazibəli nitqi, Bəxtiyar Vahabzadənin milli ruh üstündə köklənmiş mühazirələrinin təsirli effekti, Muxtar Hüseynzadənin dilimizi sevdirmək məharəti heç yaddan çıxarmı? Əkbər Ağayev deyirdi ki, mən heç bir xarici ölkəyə səyahət etmək arzusunda deyiləm, amma xarici ölkələr ədəbiyyatından elə gözəl mühazirələr oxuyurdu ki, biz dünya ölkələrinə "səyahət" edirdik, İtaliyanı, Fransanı, Almaniyanı gəzib-dolaşırdıq. Pənah Xəlilov isə bütün mühazirələrini birnəfəsə söyləyirdi, amma aram-aram. Səsində xüsusi bir cazibə vardı. O cazibə, nitqindəki o əfsun nədən ibarət idi? Məncə, təhlil etdiyi ədəbi əsərlərə məhəbbəti burada əsas rol oynayırdı. Özbək ədəbiyyatından ya latış ədəbiyyatından, o ədəbiyyatların dəyərli nümunələrindən söz açanda elə bilirdik, bizim öz doğma ədəbiyyatımızdan danışır...
 Pənah Xəlilov 1947-ci ildən ilk yazılarını çap etdirib. O illərdə tənqid və ədəbiyyatşünaslıqda artıq yeni bir nəsil formalaşırdı. Kamal Talıbzadə, Əziz Mirəhmədov artıq cavan ədəbiyyatşünaslar kimi tanınırdılar. Daha sonralar Qulu Xəlilov, Bəkir Nəbiyev, Məsud Əlioğlu, Yaşar Qarayev, Şamil Salmanov, Gülrux Əlibəyli də ədəbi aləmdə imzalarını qoydular. Bunları birinci "qvardiyanın"- M.Arif, M.Cəfər, C.Cəfərov, Mir Cəlal, M.Rəfili, M.Hüseyn, Ə.Ağayev tənqidçi nəslinin ardıcılları hesab etmək olar. Pənah müəllimi də o ustadlarla birgə "köhnə qvardiyanın" ("köhnə" sözü pis mənada anlaşılmasın, birincilər, yol açanlar anlamında düşünülsün) bir üzvü hesab etmək olar. İndi bu "köhnə" qvardiyanın görkəmli bir sərkərdəsi - generalı 90 yaşına gəlib çatıb və onun saysız-hesabsız tələbələri adından generala 100 yaş arzulayaq!




Baxış sayı: 4 401
Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30 Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar muzeyə hədiyyə olunub 30-01-2026, 10:00 Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək - Rəsmi 30-01-2026, 09:00 Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib 30-01-2026, 07:30 Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər 29-01-2026, 21:30 Özbəkistan Prezidenti: Türkiyə dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir 29-01-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728