Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrailin ən nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetinin 25 sentyabr tarixli nömrəsində dərc edilmiş məqaləsində bu haqda yazıb.
Qutun fikrincə, İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Məclisində parlaq çıxış edib. İsrail hökumətinin başçısı deyib: “Biz böyük bir inqilab dövründə yaşayırıq – İsrailin dünya xalqları arasında tutduğu mövqeyində inqilab dövründə. Bu onunla bağlıdır ki, dünyanın bir sıra ölkələri nəhayət, sanki yuxudan oyanıb və İsrailin onlar üçün nələr edə biləcəyini görüblər. Uorren Baffet kimi dahiyanə investorların, “Google” və “İntel” kimi iri şirkətlərin çoxdan anladıqlarını həmin ölkələr bu gün başa düşürlər. Onlar anlayırlar ki, İsrail kənd təsərrüfatı, su ehtiyatları, kibernetik sənaye, avtonom nəqliyyat vasitələri və bir sıra başqa sahələrdə innovasiyalar ölkəsi, qabaqcıl texnologiyalar ölkəsidir. Bu dövlətlər İsrailin terrorizmə qarşı mübarizədə müstəsna imkanlara malik olmasını da etiraf edirlər. Son illərdə İsrailin təqdim etdiyi kəşfiyyat məlumatları bütün dünyada onlarca iri terror aktının qarşısını almağa, saysız-hesabsız insanların həyatını xilas etməyə imkan verib. Keçən il mən bu tribunadan çıxış edərkən İsrailin dünyada vəziyyətində dərin dəyişikliklər barədə danışırdım. O vaxtdan bəri nələr baş verdiyini özünüz görürsünüz. Yüzlərlə prezident, baş nazir, xarici işlər naziri və digər liderlər İsrailə səfər edib, onların çoxu bu ölkədə ilk dəfə olublar. Keçən il dünya liderlərinin çoxu İsraildə olub, mən isə öz ölkəmi altı qitədə təmsil etmək şərəfinə nail olmuşam. Bir il və altı qitə. Mən Afrikada səfərdə olarkən israilli alimlərin orada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını necə artırdıqlarını, havanı suya çevirdiklərini və QİÇS virusuna qarşı necə mübarizə apardıqlarını görmüşəm. Mən Asiyada oldum. Biz bu qitədə Çin və Sinqapurla əlaqələrimizi dərinləşdirmişik, Azərbaycanda və Qazaxıstanda müsəlman dostlarımızla əməkdaşlığı genişləndirmişik”.
Baş nazirin dediyi kimi, İsrail müsəlman dostları ilə əməkdaşlığı genişləndirir. Arye Qutun fikrincə, belə olduğu təqdirdə İsrailin beynəlxalq arenada həmin dövlətləri, xüsusən onların beynəlxalq birlik tərəfindən də etiraf edilən haqq işini dəstəkləməsi onun da xeyrinə olacaq.
Məqalə müəllifi vurğulayıb: “Dövlət və hökumət başçılarının çıxışları arasında auditoriyanın diqqətini daha çox cəlb edən çıxışlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı oldu. Azərbaycan Prezidenti çox sərrast şəkildə dünya birliyinə xatırlatdı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də tənzimlənməyib. İlham Əliyevin strateji baxımdan dəqiq və lakonik nitqi Ermənistan ictimaiyyətində prezident Sarkisyana qarşı qəzəb oyadıb. Onu informasiya müharibəsində məğlub olmaqda ittiham edirlər. Erməni KİV-lərini hiddətləndirən budur ki, İlham Əliyevin çıxışından bir neçə gün keçməsinə baxmayaraq, prezident Sarkisyan onun ittihamlarına cavab verə bilmir. Dinməmək razılıq əlamətidir. Belə çıxır ki, Sarkisyan təslim olub, deyilənlərin hamısını qəbul edib, yəni Prezident Əliyev haqlıdır. Əslində bu həqiqət bütün dünyaya çoxdan məlumdur. Hamı bilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib, 1992-ci ilin fevralında isə indiki prezident Sarkisyanın, keçmiş müdafiə naziri Sergey Ohanyanın və sabiq prezident Robert Koçaryanın iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı həyata keçiriblər. Serj Sarkisyan “iş başında” tutularaq axır ki, ifşa edilmiş və özünə haqq qazandırmaq üçün söz tapa bilməyən cinayətkara oxşayırdı. Əlbəttə, ədalət gec ya tez zəfər çalmalıdır. BMT-nin yüksək tribunasından, bütün dövlətlərin nümayəndələrinin gözləri qarşısında bu faciənin qiymətləndirilməsində dönüş baş verdi”.
Arye Qut yazır ki, Azərbaycan Prezidentinin öz nitqində bəyan etdiyi kimi, Ermənistanın indiyə qədər BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməyi özünə rəva görə bilməsinin səbəbləri beynəlxalq birlik tərəfindən tətbiq edilən ikili standartlarla bağlıdır. Azərbaycan dövlətinin başçısının qeyd etdiyi kimi, artıq 25 ildən çoxdur ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini – Dağlıq Qarabağ və Odlar Diyarının digər yeddi rayonunu işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Azərbaycan Prezidenti bir daha xatırladıb ki, Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirməklə hərbi cinayət törədib.
Arye Qutun fikrincə, bu gün artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr faktiki olaraq Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmamış sakinlərin heç birinə rəhm etməyiblər. İsrailli ekspert vurğulayır: “Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində azərbaycanlı qadınlar, uşaqlar və qocalar əsir düşərək misli görünməmiş əzab-əziyyətə, təhqirlərə və alçaldılmağa məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə qırılmasının yalnız bir “səbəbi” vardı – onlar hamısı azərbaycanlı idi. Mən soruşuram: indiki erməni faşistləri XX əsrin 40-cı illərində mənim xalqımın altı milyon nümayəndəsini məhv etmiş alman faşistlərindən nə ilə fərqlənirlər? Cavab aşkardır – heç nə ilə. 1992-ci ildə erməni terrorçular Xocalıda bu gün İŞİD silahlıları tərəfindən əsirlərə qarşı rəftarı qədər dəhşətli, bəzən daha pis rəftar edirdilər. Mən özüm şəxsən, İsrail KİV nümayəndələri ilə birlikdə, erməni bandit dəstələrinin əlinə əsir düşmüş Xocalı sakinləri ilə görüşmüşəm. İnanın, bu sakinlər ermənilərin onların başına gətirdikləri haqqında elə dəhşətli hadisələr danışırdılar ki, yazmağa da utanıram. Onlar erməni terrorçuların törətdiyi vəhşiliklər barədə danışmaqla bərabər, bu işgəncələrin (buna işgəncədən başqa bir ad vermək mümkün deyil) izlərini də göstərirdilər. Sonra mən ayrı-ayrı insanlarla təkbətək görüşüb söhbət etdim. Bu zaman onlar çox adamın yanında və KİV nümayəndələrinin qarşısında danışmağa utandıqları hadisələr barədə danışdılar”.
Arye Qut “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsində məşhur erməni publisisti, faşist Zori Balayanın etiraflarını xatırladır. Balayan özünün 1996-cı ildə dərc olunmuş “Ruhumuzun dirçəlməsi” adlı əsərində Xocalı soyqırımına bəraət qazandırmağa çalışırdı. İsrailli ekspert yazır: “Terrorçu Balayan öz kitabında ermənilər tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı, təhqir və alçaldılma faktlarını fəxrlə sadalayır. Bu qatı şovinist cani utanmadan deyir ki, ermənilərin Xocalıda etdiyi hərəkətlərə görə hər bir erməni fəxr etməlidir. Bu faktlar onu göstərir ki, Xocalı sakinlərinin dinc əhalisinin qəsdən məhv edilməsinin məqsədi bu insanları yalnız azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qırmaq idi. Xocalıda əmrlər verən bu adamlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.
Qutun sözlərinə görə, müasir dünya birliyi faşizmin və antisemitizmin, qatı şovinizmin dirçəldilməsi hallarına göz yummamalı və onun yeni təzahür formalarına qarşı müqavimət göstərməyə hazır olmalıdır. “The Jerusalem Post” qəzetində dərc edilmiş məqalənin müəllifi vurğulayır: “Bu, təkcə yəhudi xalqı qarşısında deyil, həm də belə bir tale ilə üzləşmiş və ya üzləşə biləcək bütün başqa xalqlar qarşısında bizim borcumuzdur. Ən dəhşətlisi və əxlaqa zidd olan odur ki, İran kimi bəzi ölkələrdə Avropa yəhudilərinin Fəlakəti olan Holokost mövzusunda karikatura müsabiqələri keçirilir. Təəssüf ki, belə ölkələrin hər birinin öz siyasi maraqlarından, başqalarına nifrətdən doğan əxlaq prinsipləri var. Müstəqil və dünyəvi Azərbaycanda isə sübut edirlər ki, Avropa yəhudilərinin fəlakətinin ağrı və əziyyətləri təkcə yəhudi xalqının yox, həm də qardaş Azərbaycan xalqının ağrısı-acısıdır. Buna görə də XX əsrin sonu - XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə qırılması və məhv edilməsi bütün mənəvi, əxlaqi, siyasi kolliziyaların kökü kimi digər problemləri özünə cəlb edir. Uzun müddət qapalı mövzu olmuş Holokost mənim xalqımın faciəsidir. Məhz bu səbəbdən, Azərbaycanın Xocalı şəhərində vəhşicəsinə törədilmiş qanlı soyqırımı aktını mən həm də özümün şəxsi ağrı-acım kimi, mənim şəxsi faciəm kimi qəbul edirəm”.
Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Xocalı sakinlərinin kütləvi şəkildə qətlə yetirilməsinin iştirakçılarından biri Ermənistanın indiki prezidenti Serj Sarkisyan olub. Arye Qut öz məqaləsində vurğulayır: “Qanlı Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı cinayət deyil, bu, bilavasitə insanlığa qarşı cinayətdir. Hər il fevral ayı Azərbaycan xalqının qəlbində ağrılar və yaralar ayıdır. Bu yaralar heç bir təqsiri olmadığı halda qətlə yetirilmiş azərbaycanlılarla bağlıdır. Axı bu insanların hərəsinin öz taleyi, ailəsi, uşaqlığı, arzusu vardı. Erməni silahlı dəstələri tərəfindən törədilmiş qanlı qırğın nəticəsində bu insanların gələcəyi yarımçıq qaldı. Həlak olanların qohumlarının bir dəhşətli ağrısı var – insanlığa qarşı bu vəhşi cinayəti törədənlər hələ də beynəlxalq məhkəmə qarşısında cavab verməyib və cəzasız qalıblar. İkinci Dünya müharibəsindən sonra faşist xuntasının nümayəndələrinin əksəriyyəti Nürnberq prosesində beynəlxalq məhkəmə qarşısında cavab verdi. Xocalıda dinc Azərbaycan vətəndaşlarının kütləvi şəkildə məhv edilməsinin ideoloqları və icraçıları isə müasir Ermənistan Respublikasında rahatca yaşayırlar. Mən insan haqları və demokratiya barədə danışmağı xoşlayan sivil dünyaya müraciət edirəm: Azərbaycanın Xocalı şəhərində erməni faşistləri tərəfindən öldürülmüş 63 uşağın nə təqsiri vardı? Axı həyata yenicə qədəm qoyan bu məsum uşaqların bəziləri hətta ilk addımlar atmağa macal tapmamış, danışmağı yenicə öyrənməyə başlamışdı. Onlar da oyuncaqlarla oynamaq, həyatdan zövq almaq, öz ata və analarını qucaqlamaq, valideynləri ilə birlikdə xoşbəxt olmaq, uşaq bağçasına, daha sonra məktəbə getmək istəyirdilər. Erməni faşist və terrorçular bu uşaqların həyatını yarımçıq qoydular. Bu günahsız balaların yeganə “təqsiri” onların azərbaycanlı olması idi.
Xocalıda soyqırımı aktının təşkilatçılarının çoxu bu gün hətta Ermənistan dövlətində yüksək vəzifələr tutur. Sabiq müdafiə naziri Seyran Ohanyan, indiki prezident Serj Sarkisyan və eks-prezident Robert Koçaryan belələrindəndir. Adlarını çəkdiyim bu siyasətçilərin hər biri Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərdə və onların məhv olunmasında iştirak edirdilər, buna görə nasistlər kimi onlar da beynəlxalq məhkəmə qarşısında dayanmalı və öz cinayətlərinə görə cavab verməlidirlər. Nasistlər kimi, onların da barəsində kifayət qədər material və videosənədlər var. Çoxsaylı müstəqil beynəlxalq mənbələrdə Ermənistan Respublikasının yuxarıda adlarını çəkdiyim yüksəkvəzifəli şəxslərinin bu cinayətdə iştirakını təsdiq edən şahid ifadələri var. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, bu şəxslərin bəziləri xarici KİV-lərə müsahibələr verir, Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə haqq qazandırmağa çalışır, buna görə fəxr edirlər. Mən əminəm ki, nasistlərin hakimiyyəti kimi, bu başabəla siyasətçilərin hakimiyyəti də uğursuzluqla başa çatacaq”.
Qutun fikrincə, Serj Sarkisyanın bütün son bəyanatları və real hərəkətləri, həmçinin onun uğursuz xarici və daxili siyasəti bir daha sübut edir ki, Sarkisyan tamamilə məsuliyyətsiz və uzaqgörməz siyasətçidir. İsrailli ekspert yazır: “O, Qarabağ separatizmi dalğasında təsadüfən Ermənistanın siyasi həyatında ön plana keçmiş terrorçu olub və bu gün də belə bir terrorçu kimi qalır. Sarkisyan özünün diplomatiyadan uzaq olan bütün çıxışlarında öz ölkəsinin təcavüzkar siyasətinə haqq qazandırmağa çalışır və bununla da sübut edir ki, o, faktiki olaraq hələ də diplomatiya və beynəlxalq siyasət kimi anlayışlardan tamamilə uzaq Sarkisyan kimi qalıb. Bu, onun savadının və siyasi mədəniyyətinin aşağı səviyyədə olmasını bir daha təsdiq edir”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır, lakin bu problemin həll edilməməsi Ermənistan tərəfindən hərbi provokasiyalara gətirib çıxarır, nəticədə hər iki tərəfdən insanlar həlak olur. Azərbaycan Prezidenti BMT-nin Baş Məclisinin növbəti iclasında çıxışının sonunda bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tənzimlənməli, Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilməlidir.
Bu çağırışın 25 ildən artıq müddətdə işğala və qarətə məruz qalmış, bir milyondan çox qaçqın və köçkünün problemlərini təkbaşına həll edən ölkənin Prezidenti tərəfindən səsləndirilməsinə diqqəti cəlb edən Qut yazır: “İnanın, əgər Ermənistanın ərazisi işğal edilmiş olsaydı, o, işğalçılarla mülayim rəftar etməz, ATƏT-in Minsk Qrupunun və digər təşkilatların tövsiyələrinə qulaq asmazdı. Azərbaycanın yerində Ermənistan olsaydı, o bütün dünyaya hay-küy salar və işğalçıya müharibə elan edərdi. O, nəinki öz torpaqların qaytarar, üstəlik, işğalçı dövlətin torpaqlarını da ələ keçirərdi”.
Qutun sözlərinə görə, Azərbaycan Prezidenti, əlbəttə, bəzi dinləyicilərin əsəblərinə toxunmaq istəmədi, lakin nəinki Azərbaycan torpaqlarının işğalının arxasında dayanan, hətta bu gün də təcavüzkarın Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonu nəyin bahasına olursa-olsun saxlamaq arzusuna göz yummağa çalışan konkret dövlətlərin adlarını bütün dünya bilir.
Arye Qut vurğulayıb: “Rəsmi Bakı Ermənistanla bu münaqişənin indiki status-kvosu ilə heç vaxt razılaşmayacağını çoxdan bildirib. 2016-cı ilin aprel hadisələri – Azərbaycan silahlı qüvvələrinin Ermənistan silahlı qüvvələrinə sərt və sərrast cavab verərək onlara sarsıdıcı zərbələr endirməsi bir daha göstərdi: rəsmi Yerevan başa düşməlidir ki, Azərbaycanın səbri tükənib. Üstəlik, beynəlxalq hüquq normalarına əsasən, rəsmi Bakı həm özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququna malikdir. Lakin təəssüf ki, beynəlxalq münasibətlərin bugünkü reallığı sübut edir ki, dünya arenasında güc amili daha səmərəli təsir göstərir. Bununla əlaqədar, ABŞ siyasi realizm məktəbinin görkəmli nümayəndəsi Hans Morqentaunun aşağıdakı sözlərini bir daha xatırlatmaq yerinə düşər: “hər hansı başqa siyasət kimi, beynəlxalq siyasət də hakimiyyət uğrunda mübarizədir”. Morqentau beynəlxalq münasibətlər sahəsində hakimiyyət uğrunda mübarizə dedikdə dövlətlərin dünyada öz üstün qüvvəsini və təsirini bərqərar etmək uğrunda mübarizəsini nəzərdə tuturdu. Morqentaunun sözlərindən belə çıxır ki, müasir dünyada problemin dinc yolla həllinə ümid etmək illüziyadır? 25 ildən artıq müddətdə beynəlxalq hüququn aliliyini təmin edə bilməyən dünya birliyi və beynəlxalq təşkilatlar isə Azərbaycanı bu problemi güc hesabına həll etməyə sövq edirlər?
Arye Qut vurğulayıb: “Bugünkü Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil, bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Bu ordu öz gücünü nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi. Bu baxımdan, kimin nə deməsindən, necə bəyanatlarla çıxış etməsindən asılı olmayaraq, hər bir dövlət öz təhlükəsizliyini və suverenliyini qorumağa qabil olmalıdır. Tamamilə aşkardır ki, indi Cənubi Qafqaz regionunda yaranmış gərginlik Ermənistanın işğalçı siyasətinin, onun danışıqlar prosesini yenidən pozmaq cəhdinin nəticəsidir. Bunun təqsiri isə, ilk növbədə, Ermənistan rəhbərliyindədir. Mən dəfələrlə demişəm, Ermənistan prezidenti, ilk növbədə, ağır geosiyasi və iqtisadi kollaps vəziyyətində olan ölkəsi haqqında deyil, özünün şəxsi hakimiyyətini qoruyub saxlamaq və möhkəmlətmək barədə, öz klanının mənafeləri barədə düşünür. Tamamilə aydındır ki, Sarkisyanın riyakarlığının həddi-hüdudu yoxdur. Yaxşı deyiblər ki, siyasətdə vicdanlılıq gücün nəticəsi, riyakarlıq isə zəifliyin nəticəsidir.
Prezident Sarkisyan BMT tribunasında özünü konstruktiv və tolerant lider kimi göstərməyə çalışdı, amma bunu edə bilmədi. Təəssüf ki, faktdır: Ermənistan siyasətinin ön səhnəsinə təsadüfən düşmüş Sarkisyan ikinci müddətə Ermənistan prezidenti seçilməsinə baxmayaraq, dövlətçilik təfəkküründən və dünyada baş verən proseslərə qlobal baxış imkanından məhrum olan terrorçu kimi düşünməkdə davam edir. Bütün bu faktlar bir daha sübut edir ki, Ermənistan qonşu dövlətlərlə, xüsusən Azərbaycanla sülh şəraitində yaşamağa hazır deyil. Buna görə də 25 ildən artıq davam edən danışıqlarda heç bir tərəqqi və real irəliləyiş görünmür”.
Sarkisyan bir neçə gün bundan əvvəl BMT tribunasından söylədiyi uğursuz nitqində, o cümlədən, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunaraq qeyd edib ki, Dağlıq Qarabağ xalqının təyini-müqəddərat hüququnun reallaşması həyatı əhəmiyyət kəsb edir. O deyib: “Mən bu məsələdə təkcə Ermənistanın və Dağlıq Qarabağın mövqeyini yox, bütün dünya ermənilərinin vahid nöqteyi-nəzərini ifadə edirəm”.
Ermənistan prezidenti yalan danışmaqda davam edərək vurğulayıb ki, Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb, buna görə də Dağlıq Qarabağı zorla bu dövlət qurumuna qoşmaq cəhdləri ədalətsizlikdir.
Qutun fikrincə, dünya miqyaslı bu tribunadan yalan danışmaqda davam etmək həyasızlıqdır, çünki hamı başa düşür ki, qondarma “Dağlıq Qarabağ Respublikası” Ermənistan tərəfindən onun himayədarlarının köməyi ilə yaradılmış oyuncaq separatist terrorçu qurumdur. Məqalə müəllifi vurğulayır: “Tutaq ki, Ermənistan bu oyuncaq qurumu tanıdı, nə olsun? Əgər Ermənistan belə bir düşünülməmiş addım atarsa, bu, ilk növbədə, beynəlxalq hüququn əsas normalarına və prinsiplərinə hörmətsizlik, danışıqlar prosesinə, ATƏT-in Minsk qrupuna və onun sədrlərinə hörmətsizlik nümayiş etdirilməsi demək olacaq. Bu həm də Azərbaycanı müharibəyə çağırmaq demək olacaq. Axı biz Ermənistan iqtisadiyyatının necə acınacaqlı vəziyyətdə olmasını yaxşı bilirik. Cənubi Qafqazın ən yoxsul və ən asılı ölkəsi olan Ermənistan iqtisadi cəhətdən erməni diasporunun xaricdən göstərdiyi köməkdən və yardımdan asılıdır. Bugünkü vəziyyətdə Ermənistanın özünün müstəqil qərar qəbul etməsinə heç kəs imkan verməyəcək. Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı təqdirdə isə Ermənistan özü münaqişəyə təhrik edir, beləliklə müharibə cığırına qədəm qoyur. Bu, indiki Serj Sarkisyan rejiminin terrorçu mahiyyətini bir daha sübut edir. Bu rejim üçün beynəlxalq hüquq qaydaları bir parça kağızdan başqa bir şey deyil.
Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut İsrailin ən nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “Belə bir sual yaranır: Dünya ictimaiyyəti Sarkisyanın uşaq kimi şıltaqlıqlarına, onun Kim Çen In kimi beynəlxalq hüquqa tabe olmadan bütün dünyaya meydan oxumasına nə vaxta qədər dinməzcə dözəcək?”.(Azərtac)
Baxış sayı: 1 826