FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Makron-Putin müzakirələri: çətin yolun başlanğıcında
21-06-2017, 21:45 | TƏDQİQATLAR-ANALITIKA
Makron-Putin müzakirələri: çətin yolun başlanğıcında

Qısa müddətdə aydın oldu ki, Emmanuel Makron həqiqətən də siyasətdə öz dəst-xətti olan adamdır. Onun Rəcəb Tayyib Ərdoğan və Donald Trampla olan görüşləri bu nəticəni çıxarmağa əsas verir. Son olaraq Fransa prezidenti Vladimir Putinlə üç saatlıq müzakirələr aparıb. Ekspertlər tərəflərin hansı razılıqlar əldə etdikləri ilə ciddi maraqlanıblar. Hələlik bununla bağlı konkret bir nəticə olmadığı barədə ortaq bir qənaət vardır. Lakin V.Putinin ciddi bir siyasi rəqiblə üzləşdiyini Rusiya KİV-i açıq yazır. Ekspertlər E.Makronun timsalında Avropanın yeni ruhlu və qətiyyətli bir liderə malik olduğu qənaətindədirlər. Lakin onun yolun hələ başlanğıcında olduğunu da unutmaq doğru deyil.

"Avropanın xilaskarı": Makronun liderlik keyfiyyətləri və Putin

Fransanın yeni seçilmiş prezidenti siyasətçi imicini uğurla formalaşdırır. NATO ölkələri başçılarının və "G7" üzvü olan dövlətlərin rəhbərlərinin görüşündə davranışı və fikirləri ilə ekspertlərin diqqətini çəkib. E.Makronun sözün həqiqi mənasında Avropanın siyasi ümidi ola biləcəyi təəssüratı genişlənir. Bu cür obrazın Vaşinqtona da sərf etdiyini demək mümkündür. Çünki Amerika Almaniyanın liderlik ambisiyalarından ehtiyatlanmağa başlayıb. "G7"nin İtaliyadakı görüşündə Donald Trampın özünü bir qədər qeyri-adi aparmasının psixoloji səbəblərindən biri bundan ibarətdir.

Donald Tramp Angela Merkel ilə söhbətində "almanlar çox pisdirlər" kimi ifadə işlədib. A.Merkel isə "uyğunsuz sözdür" deyə cavab verib, lakin bir gün sonra Münxendə "Almaniya artıq Amerika və Böyük Britaniyanın dedikləri ilə oturub durmayacaq" fikrini bəyan edib. Deməli, artıq Vaşinqton nəinki dünyaya, heç Avropaya iradəsini diqtə edə bilmir.

Bunların fonunda ABŞ prezidentinin NATO zirvəsində Çernoqoriyanın baş nazirinə qarşı etdiyi qeyri-diplomatik jestin cavabını "G7"lərin görüşündə E.Makrondan alması ekspertlərin marağına səbəb olub. Fransanın yeni prezidenti D.Trampa qarşı olan jestləri ilə söz sahibi olduğunu, müstəqil davranacağını nümayiş etdirdi. Avropada A.Merkelə alternativ ola biləcək yeni lidermi yetişir?

Məhz bu cür imicin fonunda Rusiya prezidenti Vladimir Putinlə Emmanuel Makronun görüşünə ekspertlər və siyasi dairələrdən maraq böyük idi. Fransanın 39 yaşlı dövlət başçısının diplomatik danışıqlarda böyük təcrübəsi olan rus liderlə müzakirəsi necə keçəcəkdi? Artıq Rusiya KİV-i heyrətini gizlətmir. Doğrudan da E.Makron "tələbkar dialoq" qura bilib. Onun Putinlə görüşü təqribən üç saat davam edib! Görüşdən sonra jurnalistlərə verilən brifinqdə də Fransanın prezidenti kifayət qədər qətiyyətli, müstəqil mövqeli və dəqiq fikirlər ifadə edən lider təsiri bağışlayıb. Rusiyalı jurnalistlərin təbirincə deyilsə, V.Putinin ona etiraz edə biləcək halı qalmamışdı.

Rusiya və Fransa prezidentlərinin müzakirə etdikləri mövzular da kifayət qədər geniş məsələlərə aid olub. Onlar Aİ-Rusiya münasibətlərini, Suriya, Ukrayna, Şimali Koreya və başqa aktual beynəlxalq problemləri müzakirə ediblər. Bu məsələlər üzrə hansısa konkret razılığın əldə edildiyindən bəhs edilmir. Əsas məqam tərəflərin fikir mübadiləsi aparmaq, öz mövqelərini aydın ifadə etmək və qarşılıqlı fayda verə biləcək qərarlar qəbul etməyə yaxınlaşmaqdan ibarət olub. Lakin real olaraq tərəflər öz mövqelərini saxlayıblar. Bu, nəyi ifadə edə bilər?

Hər şeydən öncə, Fransa Avropanın lider dövlətlərindən biri olduğunu sübuta yetirməyə çalışıb. Böyük Britaniyanın Aİ-dən çıxmaq istəyi fonunda Fransa-Almaniya tandeminin perspektivindən çox danışılır. Lakin, eyni zamanda, Berlin təkbaşına liderlik iddiasını açıq ifadə etməkdədir. Paris bununla qətiyyən razılaşmır. E.Makron Fransanın əsas söz sahibi olduğu Avropa qurmaq fikrini seçki marafonunda vurğulayıb. Onun bir sıra şərtləri var ki, əməl edilməsə təşkilatın taleyi ilə bağlı məsuliyyət daşımayacağını qeyd edib.

Bununla bağlı E.Makronu Avropanın xilaskarı kimi görürlər. Deməli, hansısa məqamlarda E.Makronun nüfuzunun yüksəlməsi Almaniyanın kölgəyə salınmasına səbəb ola bilər. Bu o deməkdir ki, Makron-Merkel rəqabəti qızışa bilər. Görəsən, V.Putin bu fürsətdən yararlanmaq arzusuna düşübmü? Bizcə, gözlənilən haldır, çünki Moskva Aİ-də fikir ayrılığının və rəqabətin güclənməsində maraqlıdır. Hansı tərəf güclü olsa, onun Rusiyaya ehtiyacı çox olacaq. Kreml bunu bildiyindən həm Merkel, həm də Makronla oynaya bilər.

Bu mənada Moskva üçün "MM" (Makron-Merkel) ayrıca hədəfdir. Versalda Putinin Makronla aktual beynəlxalq məsələləri uzun müzakirə etməsi bu kontekstdə təsadüfi deyil. Fransa prezidentinin "mən terrora qalib gələcəyəm" kimi ifadə işlətməsinə Rusiyanın dövlət başçısı da incə diplomatik münasibət bildirməklə reallığı unutmamağı diqqətə çatdırıb. V.Putin deyib ki, Fransa Amerikanın başçılıq etdiyi koalisiyaya daxildirsə, nə dərəcədə müstəqil addım ata bilər? Bu o anlama gəlir ki, iki liderin təkbətək görüşündə Rusiya prezidenti Suriya məsələsində Moskva ilə birgə hərəkət etməyi təklif edib. Lakin E.Makron bunu qəbul etməyib. Əvəzində, Fransa ABŞ-dan da müəyyən məsafə saxlamaq fikrində olduğunu nümayiş etdirib.

Fərqli yanaşmalar: ortaq mövqenin yoxluğu

Ancaq bu cür mövqe daha çox terrorla mübarizədə əngəllərin yarana biləcəyindən xəbər verir. Çünki böyük dövlətlər öz maraqlarını, ümumiyyətlə, terrorla mübarizə maraqlarından üstün tutmaqdadırlar. Həmin aspektdə Putin-Makron görüşməsindən terrorla mübarizədə yeni bir nəticənin alınmadığı qənaətinə gələ bilərik.

Eyni fikir Ukrayna ilə əlaqədar aparılan müzakirələr barədə demək olar. Paris və Moskva Minsk danışıqlarının nəticələrini fərqli izah etməkdədirlər. "Normand dördlüyü" çərçivəsində Fransa Moskvanın müəyyən şərtlərə əməl etmədiyini vurğulayır. O cümlədən Şərqi Ukraynadakı və Krımdakı separatçılara dəstəyin kəsilməsini tələb edir. Moskva isə bunu qəbul etmir və söhbəti yerlərdəki siyasi qüvvələrlə aparmağı və rəsmi Kiyevi konstruktiv mövqeyə gətirməyi tələb edir.

Belə çıxır ki, E.Makron Rusiya ilə münasibətlərdə Avropa İttifaqının maraqları çərçivəsində davranmaqdadır. Bu kontekstdə onun Rusiya KİV-i haqqında dedikləri də ekspertlərin diqqətindən yayınmayıb. O, Rusiya KİV-ini seçki qərargahına buraxmamasının səbəbini belə izah edib: "onlar yalan yazırlar"!

Bu, kifayət qədər ciddi ittihamdır və Moskvanın Fransadakı seçkiyə təsir göstərmək planının olmasını dolayısı ilə təsdiqləməkdir. Əslində, rəsmi Paris artıq bəyan edib ki, Kreml seçkiyə ciddi təzyiqlər etməyə çalışıb, lakin Fransa müdafiə oluna bilib. Təbii ki, vəziyyət təqdim olunduğu qədər sadə deyil. Hətta Fransa-Rusiya münasibətlərinin tarixi ilə bağlı liderlər mübahisə ediblər. E.Makron xatırladıb ki, 300 il bundan əvvəl I Pyotr Parisə "böyük krallığın dünyanı heyrətləndirən sirlərini öyrənməyə gəlmişdi". Bundan istifadə edərək Rusiya dövlətçiliyi modernləşdi, inkişaf etdi. V.Putinin indi Versalda I Pyotra həsr edilən sərgidə iştirak etməsi bütün bunlara görə təsadüfi deyil.

Vladimir Putin bu fikrə dərhal reaksiya verərək, iki ölkə arasında münasibətlərin tarixinin 300 ildən çox olduğunu və I Henrixin həyat yoldaşının Yaroslav Mudrının qızı Anna olmasını vurğulayıb. Müasir mərhələdə də İspaniyada elitanı təşkil edən nəsillərdən birinin kökü Annaya gedib çıxır. Fransada da onlar uzun illər idarəetmədə olublar. Tarixlə bağlı bu cür mübahisələr fonunda Makron-Putin görüşməsinin asan keçmədiyi haqqında ekspertlər fikir bildirirlər.

Beləliklə, V.Putinin Fransaya səfəri zamanı E.Makronla aktual beynəlxalq məsələlərlə bağlı apardıqları müzakirələrdən ekspertlər müəyyən qənaətlər əldə edirlər. Belə məlum olur ki, Fransanın yeni prezidenti avropamərkəzçi siyasət aparacaq. O, ayrıca Fransanın Aİ-də rolunu daha da yüksəltmək fikrindədir. Ancaq bunun üçün Brüsselin ciddi islahatlar aparmasını şərt kimi irəli sürür. Bunların fonunda E.Makron hesab edir ki, ciddi qlobal geosiyasi məsələləri Moskvanın iştirakı olmadan həll etmək imkansızdır. Bu səbəbdən Kremllə tələbkar səviyyədə dialoq aparmaq lazımdır. Son nəticədə Rusiyanı Qərbin maraqlarına uyğun mövqeyə gətirmək gərəkdir. Lakin Versalda aparılan danışıqlar göstərdi ki, buna nail olmaq asan deyil.

Eyni zamanda, Fransa Suriya məsələsində daha fəal olmaqda qərarlıdır. Bunun üçün Paris müstəqil addımlar da ata bilər. Həmin məqamı Fransanın Amerika ilə necə razılaşdıracağı isə aydın deyil. Çünki rəsmi Vaşinqton artıq Suriya və İraqda özünə bağlı silahlı qruplar formalaşdırır. Parisə belə bir imkan veriləcəkmi? Çətin ki, V.Putin də bu məsələyə isti yanaşsın. Deməli, Emmanuel Makron üçün çətin diplomatik fəaliyyət hələ qabaqdadır.
Newtimes.az

 

 




Baxış sayı: 1 742
“Çal qılıncın, yetdim!.." Dünən, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib Dünən, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib Dünən, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Dünən, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Dünən, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Dünən, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Dünən, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Dünən, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Dünən, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930