XX əsrin sonlarında sosialist qütbünün çöküşündən sonra formalaşan yeni dünya nizamı dövlətlər arasında münasibətlərin tamamilə yeni formalarının yaranmasına gətirib çıxardı.
Əgər keçən əsrdə bir sıra hallarda ən yaxın qonşu dövlətlər belə fərqli qütbləri təmsil etdiyi üçün heç bir əməkdaşlıq edə bilmirdilərsə, yeni dünya nizamında daha çox coğrafi qonşuların qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı prioritet kimi görünür. Bu baxımdan dünyanın ən həssas geosiyasi mövqeyə malik regionlarından olan Qafqazı xüsusi fərqləndirmək olar. Tarixən Qafqazda regional və qlobal güc mərkəzlərinin maraqları əsasında sərhəd dəyişiklikləri, yerli dövlətlər arasında münasibətlər müəyyənləşmişdir. Belə ki, qədim və orta əsrlərdə regional güc mərkəzlərinin mövqeyi Qafqazda hakim idisə, XIX-XX əsrin əvvəllərində bu regiondan çox uzaq olan qlobal güclərin – ABŞ, Britaniya, Almaniya və digər dövlətlərin də maraqları mühüm əhəmiyyət kəsb etmişdir. Qafqazda Sovet quruluşu yarandıqdan sonra isə tamamilə fərqli konfiqurasiya yaranmışdı. Sovetlərin tərkibinə daxil edilən Cənubi Qafqaz dövlətləri fərqli qütbləri təmsil etdikləri üçün ən yaxın qonşuları olan Türkiyə və İranla demək olar ki, hər hansı əməkdaşlıq imkanından məhrum edilmişdilər. Sovet dövrü Qafqaz ölkələrini coğrafi qonşuluqla bağlı tarixi ənənələrin tamamilə kəsilməsi ilə səciyyələndirmək olar. Qafqazda yeni əməkdaşlıq formaları Sovetlər İttifaqının dağılmasının nəticəsində yaranmağa başladı. Doğrudur tam hərtərəfli və çoxşaxəli əməkdaşlıqdan danışmaq hələ də mümkün deyil. Bu isə ilk növbədə Ermənistanın demək olar ki, bütün qonşularına qarşı əsassız ərazi iddiaları ilə çıxış etməsinin nəticəsidir. Buna görə də Cənubi Qafqazda 3 respublika müstəqillik qazandıqdan sonra region ölkələri arasında yaranmış üçtərəfli əməkdaşlıq formatlarında Ermənistanın adına rast gəlinmir.
Qeyd etməliyik ki, üçüncü minillikdə Azərbaycanın xarici siyasətinə yeni əməkdaşlıq formatı əlavə olunmuşdur. Müstəqilliyin ilk illərindən etibarən respublikamızın beynəlxalq münasibətlər sistemində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq prioritet olmuşdur. Yeni mərhələdə isə Azərbaycan xarici siyasətinə üçtərəfli regional əməkdaşlıq formatı əlavə etmişdir. Azərbaycan regional müstəvidə bir neçə üçtərəfli formatın təşəbbüskarı və ya iştirakçısıdır. Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Rusiya-İran formatları regional məsələlərin müzakirəsi, əməkdaşlıq əlaqələrinin daha da dərininə inkişafı, birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli təşəbbüslərdir. Bu yeni trend eyni zamanda Azərbaycanın təcavüzkar Ermənistanı çıxmaq şərtilə bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlərə verdiyi əhəmiyyəti göstərir.
Azərbaycanın təşəbbüskarı olduğu üçtərəfli əməkdaşlıq formatlarından ilki Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyüdür. Bu üçlük Cənubi Qafqazdan əlavə Xəzər-Qara-Aralıq dənizi hövzələrini birləşdirən strateji arealı əhatə edir. Bu üçbucağın formalaşmasının əsasında tarixi və mədəni əlaqələr, coğrafi qonşuluq, vahid tranzit dəhlizinin tərkib hissələri olmaq, birgə iqtisadi əməkdaşlıq üçün əlverişli şərait və siyasi iradə dayanır. Hər 3 ölkə bir-biri ilə strateji tərəfdaşdır. Belə ki, Azərbaycan həm Türkiyə, həm Gürcüstanla, eləcə də Türkiyə ilə Gürcüstan öz aralarında strateji tərəfdaşdırlar. 5 may 1997-ci ildə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə'', 18 fevral 1997-ci ildə "Azərbaycan Respublikası ilə Gürcüstan arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Bəyannamə'' imzalanmışdır.
2017-ci il Azərbaycanın həm Türkiyə, həm də Gürcüstan ilə diplomatik münasibətlər tarixində əlamətdar ildir. Belə ki, bu il Azərbaycan Respublikasının hər iki ölkə ilə diplomatik münasibətlər qurmasının 25-ci ildönümü tamam olur. 1991-ci ildə müstəqillik qazanmış Azərbaycan Respublikası xarici ölkələrlə diplomatik münasibətlər yaratmağa 1992-ci ildən başlamışdır. Maraqlı təsadüfdür ki, həmin il ərzində Azərbaycanın 69 dövlətlə yaratmış olduğu diplomatik münasibətlərin birincisi qardaş Türkiyə ilə yanvar ayının 14-də, sonuncusu isə noyabr ayının 18-də Gürcüstanla qurulmuşdur.
Geosiyasi cəhətdən dünyanın ən həssas bölgələrindən biri olan Qafqazda ayrı-ayrı dövlətlərin müəyyən formatda əməkdaşlığı fərqli reaksiyalara səbəb ola bilər. Qafqazın tarixən təkcə regional güc mərkəzlərinin deyil, həm də qlobal güc mərkəzlərinin diqqətində olmasını nəzərə aldıqda bu reaksiyaların pərdəarxasının nə qədər mürəkkəb olması gözləniləndir. Buna görə də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığı üçün ilk növbədə siyasi iradənin vacibliyi qeyd olunmalıdır. Müstəqil Azərbaycanın tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək davam etdirilən mehriban qonşuluq və etibarlı tərəfdaş siyasi xətti dəfələrlə çətin sınaqdan çıxmışdır.
Azərbaycan tərəfdaşları və qonşuları ilə münasibətlərdə öz etibarlılığını daim göstərmişdir. Gürcüstan enerji böhranı ilə qarşılaşarkən, Türkiyə Azərbaycanla birgə enerji dəhlizi yaradarkən, ABŞ beynəlxalq anti-terror əməliyyatları zamanı, Rusiya və İran onlara qarşı sanksiyalar tətbiq edildiyində hər zaman Azərbaycanın etibarının şahidi olmuşlar. Azərbaycan sübut etmişdir ki, bu üçtərəfli əməkdaşlıq formatı heç bir başqa dövlətə qarşı qurulmamışdır. Azərbaycan xarici siyasətində əsas konturlardan biri də odur ki, respublikamız heç bir üçüncü dövlətin qonşularımıza qarşı hərəkət və təşəbbüsünü dəstəkləmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 may Respublika Günü ilə əlaqədar keçirilən rəsmi qəbulda bu mövqeyi bir daha səsləndirdi: ''Azərbaycan bizə sərf etməyən, şübhə doğuran heç bir beynəlxalq hərəkətlərə, avantüralara qoşulmur. Baxmayaraq ki, müxtəlif tərəflər bizi müntəzəm olaraq bu hərəkətlərə cəlb etməyə çalışırdılar. Bu gün də belə səylər var. Ancaq Azərbaycan bizə sərf etməyən heç bir hərəkətə, təşəbbüsə qoşulmur və qoşulmayacaq.''
Diplomatik münasibətlərimizin qurulduğu 25 il ərzində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığın yaranması iqtisadi maraqlar üzərindən başlamışdır və ilk növbədə hər 3 ölkənin milli maraqlarına xidmət edir. Belə ki, Azərbaycanın karbohidrogen ehtiyatlarının mənbəyi və istehsalçısı, Gürcüstanın coğrafi mövqeyi və tranzit imkanları, Türkiyənin isə daxili enerji tələbatı və regional qovşaq olması üçtərəfli əməkdaşlığın təbii əsaslarını təşkil edir. Birgə enerji və nəqliyyat dəhlizlərinin yaradılması bu yanaşmanı həm də tarixi zərurətə çevirmişdir. Artıq istifadə edilməkdə olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, eləcə də tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP bu üçtərəfli formatın əsas dayaqlarıdır. Əfsanələri reallığa çevirmiş bu nəhəng layihələr regionun inkişafına xidmət etməklə yanaşı, tarixi İpək Yolunun bərpasına mühüm töhfədir. Azərbaycan öz tərəfdaşları ilə birgə Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Hazırda həm Azərbaycan, həm də Türkiyə Gürcüstanda əsas sərmayədar və bu ölkənin əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında yer alır. Bütün bunları nəzərə alaraq Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığında iqtisadi faktorun və birgə layihələrin mühüm amil olduğunu qeyd etməliyik.
Hər 3 ölkənin xarici siyasətində fərqli yanaşmalar olsa belə üçtərəfli formatda milli maraqlara söykənən əməkdaşlıq qurula bilinmişdir. Məlum olduğu kimi Türkiyə NATO üzvüdür, Gürcüstan Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamışdır, Azərbaycan isə heç bir hərbi-siyasi blokda iştirak etmir və bütün tərəflərlə qarşılıqlı faydalı bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu fərqli yanaşmalara baxmayaraq hər 3 ölkə müxtəlif sahələr üzrə birgə əməkdaşlıq imkanlarını getdikcə daha da dərinləşdirə bilirlər.
Müstəqillik illəri ərzində üçtərəfli münasibətlər siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik-müdafiə sahələrini əhatə edə bilmişdir. İndiyə kimi Ölkə rəhbərləri, xarici işlər, müdafiə və iqtisadiyyat nazirləri arasında ayrı-ayrılıqda görüşlər keçirilmişdir. Bundan əlavə üçtərəfli formatda "beyin mərkəzləri''nin toplantıları yeni ideyalar, təşəbbüslər, akademik baxış üçün zəmin hazırlayır. Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi və Gürcüstanın Rondeli Fondunun birgə təşkilatçılığı ilə artıq dördüncü görüş keçirilmişdir. 2017-ci ilin iyun ayının əvvəlində Azərbaycan-Gürcüstan-Türkiyə birgə hərbi təlimlər keçirməsi üçtərəfli əməkdaşlığın zirvəsi hesab oluna bilər.
Beləliklə, müstəqilliyin 25 ili ərzində yaranmış bu uğurlu əməkdaşlıq üçbucağı heç bir başqa dövlətə qarşı yönəlməyib. Bu əməkdaşlıq müxtəlif sahələri əhatə edir və böyük enerji və nəqliyyat layihələrinin birgə müəllifləri olaraq yaranıb. Zaman keçdikcə 3 ölkə arasında daha da inteqrə olunmuş münasibətlər yaranır. Azərbaycan-Gürcüstan-Türkiyə arasında əməkdaşlıq regionda sülhün və sabitliyin qorunmasına və rifah səviyyəsinin artırılmasına xidmət edir. Ermənistan isə regionda sülh və təhlükəsizliyə ən böyük təhdid və maneədir. Hazırda Ermənistanın hər 3 qonşusuna münasibətdə əsassız iddiaları var. Azərbaycan torpaqlarını işğal edib, Türkiyə və Gürcüstana qarşı isə ərazi iddiaları mövcuddur. Ermənistan həm də regionda atom təhlükəsinə, ekoloji fəlakətə səbəb ola bilər. Sovet dövründən qalmış köhnəlmiş texnologiyaya malik Metsamor Atom Elektrik Stansiyası hər an regionda böyük fəlakətə səbəb ola bilər. Ermənistan tərəfindən sərhədyanı çayların çirklədilməsi bütün Qafqaz və Xəzər hövzəsi üçün ekoloji təhdiddir. Maraqlı mənzərə yaranıb: bir tərəfdə regionda bütün sahələrdə problem çıxaran Ermənistan, digər tərəfdə isə regional inkişafa müsbət təkan verən üçlü əməkdaşlıq nümunəsi. Buna görə də Qafqazda davamlı sülh və tərəqqi üçün Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatını uğurlu model adlandırmaq olar.
Ərəstü HƏBİBBƏYLİ
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini
Newtimes.az
Baxış sayı: 1 682