FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Bjezinskinin yeni proqnozları: qlobal və regional geosiyasətin qovşağında
18-04-2017, 09:10 | TƏDQİQATLAR-ANALITIKA
Bjezinskinin yeni proqnozları: qlobal və regional geosiyasətin qovşağında

Tanınmış Amerika strateqi və analitiki, hazırda Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Məşvərət Şurasının həmsədri olan Zbiqnev Bjezinski son müsahibələrinin birində bizim region üçün də əhəmiyyətli olan məsələlər barədə maraqlı tezislər ifadə edib. Qlobal geosiyasi trendlərin analizi əsasında o, postsovet məkanında meydana gələn inteqrativ qurumların taleyi ilə əlaqədar konkret fikirlər irəli sürüb. Amerikalı mütəxəssis hesab edir ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) gələcəyi yoxdur. Yaxın perspektivdə bu təşkilat dağılacaq. Bunu əsaslandırmaq üçün Z.Bjezinski müxtəlif arqumentlər gətirir. Eyni zamanda, o, keçmiş sovet respublikalarının bəzilərinin siyasi kursunu xarakterizə etməyə çalışır. Bu məqamların üzərində dayanmağa ehtiyac görürük.

Üç böyük dövlətin əməkdaşlığı: kimin kimə ehtiyacı daha çoxdur?

Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri olmuş tanınmış strateq Zbiqnev Bjezinski Rusiyanın elektron “Gazeta.ru” nəşrinə müsahibə verib. Orada ifadə edilən fikirlər ekspertlərin böyük marağına səbəb olub. Tanınmış mütəxəssis bir çox məqamlara toxunub. Onların sırasında ABŞ-Çin-Rusiya əməkdaşlığı, Avrasiya İqtisadi İttifaqının taleyi, Vladimir Putin hakimiyyətinə olan təhlükələr, Kuril adaları məsələləri də var (bax: “Неплохо, если Путин будет думать о будущем”. Збигнев Бжезинский: сомневаюсь, что ЕАЭС просуществует 10-20 лет / “Gazeta.ru”, 30 mart 2017).

Ümumiyyətlə, amerikalı analitik qlobal geosiyasətin aktual problemləri kontekstində regional məsələləri maraqlı məntiqlə izah edir. Hiss olunur ki, onun düşünülmüş arqumentləri kifayət qədər ciddi amillərə əsaslanır. Bu baxımdan oxucu üçün maraqlı ola biləcək bəzi məqamlar üzərində dayanmaq istərdik.

Z.Bjezinski ABŞ üçün Çinin Rusiyadan daha önəmli olduğunu açıq deyir. Yəni Vaşinqton Pekini Moskvaya qarşı qoymağa ehtiyac görmür. Əksinə, Amerika Çinlə əməkdaşlığa üstünlük verir ki, Rusiyanın buna qoşulmaqdan başqa yolu yoxdur. Lakin belə bir vəziyyət ABŞ-ın xeyrinə olardı. Rusiyaya da sərfəli variantdır. Deməli, amerikan analitik ABŞ, Rusiya və Çin arasında əməkdaşlıq modelinin səmərəli olduğu fikrində qalır. Ancaq əsas şərt odur ki, bu formatda aparıcı rol Amerikaya məxsus olmalıdır.

Burada Zbiqnev Bjezinskinin müdafiə etdiyi digər tezis Rusiyanın Avropa identikliyinə nail olmasından ibarətdir (bax: əvvəlki mənbəyə). Bu mənada Kremlin Avrasiya miqyasında lider olmaq arzusunun real vəziyyətə əsaslanmadığı fikri meydana gəlir. Doğrudur, Rusiya Çinlə əməkdaşlığa və hətta strateji tərəfdaşlığa üstünlük verə bilər. Bu, normaldır. Lakin Avrasiyanın mərkəzi dövləti, onun mədəniyyətinin əsas ifadəçisi kimi deyil, Avropa identikliyini dərk etmiş ölkə kimi. Bu cür mövqe Vaşinqtonun Rusiyanı fövqəlgüc qismində deyil, Avropanın böyük ölkəsi kimi görmək istədiyini ifadə edir.

Avropa isə ənənəvi olaraq Amerikanın nəzarəti altında olan məkandır. Həmin kontekstdə Rusiyanı Qərb dəyərlərinin daşıyıcısı olaraq təqdim etmək niyyəti, Kremlin dünya siyasətində əsas söz sahibi olmaq planlarına uyğun gəlmir. Görünür, tərəflər arasında təməl prinsiplərdəki ziddiyyət bütün çalarları ilə qalmaqdadır ki, bu da bütövlükdə dünyada geosiyasi gərginliyin davam etməsi anlamına gəlir.

Həmin müstəvidə Zbiqnev Bjezinskinin Ukrayna və Kuril adaları ilə bağlı ifadə etdiyi fikirlər də maraq doğurur. Onların hər ikisi ilə bağlı o, faktiki olaraq antirusiya mövqeyi tutub. Ukraynada Moskvanın təmkinli və ölçülü-biçili davranmasını doğru sayır. Kuril adaları ilə bağlı isə 1956-cı il bəyannaməsində nəzərdə tutulan 2 adanın Tokioya verilməsi lazım gəldiyini söyləyir.

Bunlar konkret mövqelərdir. Rusiyanın Yaponiyaya ərazi vermək fikri yoxdur. Prezident V.Putin bunu dəfələrlə deyib. Ancaq Z.Bjezinski Kremlin həddən çox torpağa əl qoymasının dövlətçiliyə heç bir faydası olmadığını ifadə edir. Bu səbəbdən Kuril adaları məsələsində Moskvanın kompromisə getməsini onun özü üçün faydalı sayır (bax: əvvəlki mənbəyə).

Bütün bunların fonunda Z.Bjezinskinin Avrasiya İqtisadi İttifaqı ilə bağlı verdiyi proqnoz tamamilə məntiqi təsir bağışlayır. Burada əsas fikir ondan ibarətdir ki, bu təşkilat süni yaradılıb, perspektivi yoxdur və 10-20 il müddətinə onun dağılması gözlənilir (bax: əvvəlki mənbəyə). Amerikalı analitik bu proqnozunu əsaslandırmaq üçün bir neçə arqument gətirir.

Aİİ-nin iflası: “unudulmuş” bir arqument

Birincisi, ümumiyyətlə, keçmiş SSRİ məkanında yeni inteqrasiya modelləri üçün uyğun geosiyasi mühit yoxdur. Hazırda qlobal miqyasda yaranmış geosiyasi mənzərə fərqli əməkdaşlıq fəlsəfəsi tələb edir. Belə ki, postsovet məkanında yerləşən dövlətlərin təbii geosiyasi maraqlarında fərqlər meydana gəlib. Ukrayna, Moldova, Gürcüstan Moskvanın inteqrasiya modellərinə müsbət yanaşmırlar. Azərbaycan müstəqil mövqe tutub, kənar təsirləri qəbul etmir. Mərkəzi Asiya dövlətlərindən Qazaxıstan və Özbəkistanın siyasi xətti tam inteqrasiyanı nəzərdə tutmur. Hətta Belarus belə son zamanlar özünəməxsus siyasi xətt nümayiş etdirir.

Bunlar əsasında amerikan analitik postsovet məkanında inteqrativ proseslərin real zəmininin az olması nəticəsini çıxarır. Buradan da digər arqument irəli gəlir.

İkincisi, dünyada müşahidə edilən qlobal geosiyasi proseslərin nəticəsində hazırda Aİİ-yə üzv olan ölkələrin siyasi liderlərinin baxışları transformasiya edə bilər. Həmin özəllik keçmiş sovet respublikalarını milli dövlətçiliyin inkişafının daha uyğun modellərini axtarmağa sövq edə bilər. Məsələn, hazırda Ukrayna bu istiqamətdə transformasiya mərhələsini yaşayır. Belarusda müəyyən dəyişikliklər vardır. Bu o deməkdir ki, həmin tendensiya güclənsə, Aİİ-yə avtomatik olaraq ehtiyac qalmaz.

Üçüncüsü, inteqrativ struktur yaratmaq üçün Rusiyanın real potensialı yetərli deyil. Onun özünün sürətli inkişaf modeli yaratmasına ehtiyac vardır. Məsələnin bu tərəfini Z.Bjezinski V.Putinin zənginləşməsi ilə əlaqələndirir. Rusiya prezidentinin ətrafında çoxlu sayda maliyyə güclərinin olması hələ ölkənin maliyyə-iqtisadi gücündən xəbər vermir. Ona görə də amerikalı analitik hesab edir ki, V.Putin öz siyasi gələcəyi barədə ciddi düşünməlidir (bax: əvvəlki mənbəyə).

Bu arqumentlərin nə dərəcədə əsaslı olduğunu zaman göstərəcək. Ancaq Z.Bjezinskinin vurğulamadığı bir həqiqəti də xatırlatmaq istərdik. Məsələ ondan ibarətdir ki, Aİİ kimi qurumların səmərəliliyini ona daxil olan Ermənistan kimi kiçik dövlətin təcavüzkar siyasətinin qarşısının alınmaması çox aşağı salır. Çünki əgər Ermənistan qonşu ölkənin torpaqlarının bir hissəsini hələ də işğalda saxlayırsa, digər dövlətlər hansı təhlükəsizlik təminatı ilə Aİİ-yə üzv ola bilər? Avrasiya İqtisadi İttifaqı əvvəlcə rəsmi İrəvanın işğalçılıq siyasətinə son qoymasını təmin etməlidir. Əks halda, təşkilatda ikili standartlar siyasətinin hökm sürdüyü qənaəti alınır. Ümumiyyətlə, qonşu dövlətin ərazisini işğal etmiş bir ölkənin inteqrativ xarakterli bir təşkilata qəbul edilməsi fəlsəfəsi aydın deyil.

Bu səbəbdən Aİİ-yə yeni üzvlərin qəbul edilməsi birmənalı qarşılana bilməz. O cümlədən Azərbaycanın təcavüzkarla eyni qurumda olması istisnadır. Lakin, nədənsə, digər Qərb analitikləri kimi, Z.Bjezinski də daim problemin bu aspektini “unudur”. O da postsovet məkanında inteqrasiyaya təcavüzkarlığın ciddi təsir etdiyini etiraf etmir. Əslində isə bu, kifayət qədər ziyanverici bir haldır.

Deməli, Z.Bjezinski Aİİ məsələsində sona qədər obyektiv və ədalətli deyil. Bu təşkilatın 10, yaxud 20 il mövcud olub-olmamasının həmin səbəbdən nəzəri problem olaraq qaldığını demək mümkündür. Yəni, Rusiya mövcud şərtlər daxilində öz hərbi və siyasi təsir potensialı hesabına Aİİ-nin varlığını uzun müddət təmin edə bilər. Əgər Moskva təcavüzkarlığın ədalətli surətdə aradan qaldırılması xəttinə üstünlük versə, Aİİ daha da genişlənə bilər.

Burada Moldova və ya Ukraynanın tutacağı mövqe də birmənalı olmayacaq. Çünki onlar da Kremlin mövqeyinin müsbətə doğru dəyişməsinə pozitiv reaksiya verə bilərlər. Ukrayna Krım, Moldova isə Dnestryanı bölgə problemlərini maraqlarına uyğun həll etsələr, Z.Bjezinskinin arqumentləri öz real məzmununu itirmiş olar.

Bütün hallarda tanınmış analitikin fikirləri çox düşündürücüdür. Görünür, qarşıda qlobal geosiyasi mənzərənin dəyişməsi aspektində maraqlı proseslər meydana çıxa bilər. Yeganə istək dünyanın daha ədalətli vəziyyətə gətirilməsidir. Bunun reallaşması üçün atıla biləcək addımlar üzərində düşünməyə dəyər.
Newtimes.az

 

 

 

 




Baxış sayı: 1 695
Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir Bu gün, 12:00 Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək Bu gün, 11:30 Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib Bu gün, 11:30 Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir Dünən, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Dünən, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək Dünən, 18:00 Azerbaijan’s mine problem raised in Prague Dünən, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı Dünən, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb Dünən, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova Dünən, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib Dünən, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930