FACT-INFO.AZ » CƏMİYYƏT » Avropa İttifaqı 2017-ci ildə: əsas ziddiyyətlər və mümkün transformasiyalar
17-04-2017, 09:25 | CƏMİYYƏT
Avropa İttifaqı 2017-ci ildə: əsas ziddiyyətlər və mümkün transformasiyalar

Xülasə. Məqalədə analitiklərin təhlilləri əsasında Avropa İttifaqının yaxın perspektivdə bir təşkilat kimi vəziyyəti analiz edilib. Göstərilib ki, burada müxtəlif variantlar meydana çıxa bilər. Onlardan hansının reallaşması məsələsi ehtimallıdır. Əksər ekspertlər hesab edirlər ki, Aİ nə dağılacaq, nə də dünya siyasətində geosiyasi statusunu yeni səviyyəyə yüksəldəcək. Onun vəziyyəti xeyli dərəcədə qeyri-müəyyən olaraq qalacaq. Burada həm təşkilatdaxili təkamül dinamikası, həm də qlobal geosiyasətdə özünü göstərən əsas tendensiyalar rol oynayır. Müəllifə görə, Aİ daxilində radikal millətçiliyin vüsət alması ilə yanaşı, ABŞ-Rusiya-Çin "üçlüyü"nün yeni qüvvələr balansı yaratmaq istiqamətində atdıqları addımlar Brüsseli çətin vəziyyətə salır. Təşkilat daxilində demokratiya və şəffaflığın azalması qlobal miqyasda müşahidə edilən yeni geosiyasi trendlərlə birgə Aİ-nin perspektivini şübhə altına alır.

Məqalədə vurğulanır ki, hələlik bu cür qeyri-müəyyənlik vəziyyətində olan Avropa İttifaqının konkret bir təkamül xəttinə çıxmasını göstərən əlamət yoxdur.

Mütəxəssislər Aİ kimi böyük və potensiallı təşkilatın gələcəyi ilə bağlı mütəmadi təhlillər aparırlar. Onların verdikləri proqnozlar həmişə maraq doğurur. Hazırda dünya siyasi mühitində paradoksal vəziyyət yaranıb. Bir tərəfdən təhlükəsizlik problemi daha da aktuallaşıb, digər tərəfdən isə bunu reallaşdıra biləcək qüvvələr balansı hələ formalaşmayıb. Aİ-də müşahidə edilən proseslərə bu müstəvidə nəzər saldıqda, bir sıra düşündürücü məqamlara rast gəlinir. Bu təşkilatın 2017-ci ildə qarşılaşa biləcəyi ziddiyyətlərin analizi maraq doğurur. Eyni zamanda, onun mümkün transformasiya ssenariləri də ekspertlərin diqqətini çəkir. Onlar üzərində dayanmağa ehtiyac görürük.

Aİ-yə artan maraq: bir neçə səbəb haqqında

2017-ci ilin gəlişi ilə mütəxəssislərin Avropa İttifaqının (Aİ) taleyi ilə bağlı fikirləri və proqnozları dərc edilməkdədir. Bu maraq təsadüfi deyil. Onun əsas səbəbi, ümumiyyətlə, qlobal siyasətdə olduqca əhəmiyyətli dəyişikliklərin baş verməsidir. ABŞ-dakı prezident seçkisinin gözlənilməz nəticəsi, Rusiyanın güclü geosiyasi demarşı, Çinin yeni inkişaf səviyyəsinə yüksəlməsi, inkişaf etməkdə olan ölkələrin (məsələn, Türkiyənin) əldə etdikləri uğurlar dünyanın siyasi dinamikasına öz təsirini göstərir.

İkinci səbəb kimi mütəxəssislər 2008-ci ildən başlayan maliyyə-iqtisadi böhranı göstərirlər. Bu proses söndürülmədi. Yunanıstan, Portuqaliya və İspaniya kimi ölkələri daha çox çətinə saldı. Bütövlükdə Aİ-nin vahid valyuta zonasının qalması məsələsi gündəmə gəldi. Hələ də həmin çətinlikdən təşkilat tam çıxa bilməyib.

Başqa bir səbəb Aİ-nin öz daxilində müşahidə edilən proseslərlə bağlıdır. Buraya siyasi, iqtisadi, ekoloji, mədəni və ideoloji xarakterli məsələlər daxildir. Xüsusilə "Brexit" adlanan hadisə Aİ-ni möhkəm silkələdi. Bir sıra ekspertlər bunun "domino effekti" verəcəyindən ehtiyatlanırlar. Bu günə kimi "Brexit"in Avropaya təsiri güclü olaraq qalır. Hətta bir sıra ölkələrdə ona bənzər siyasi tendensiyalar da özünü göstərməyə başlayıb. Həmin məqamlarla bağlı mütəxəssislər geniş araşdırmalar aparıb və müxtəlif proqnozlar veriblər. Biz bir qədər sonra onlar üzərində geniş dayanacağıq.

Nəhayət, Aİ üçün miqrasiya problemi çox ciddi faktora çevrilib. Yaxın Şərqdən qaçqınların axınının sürətlə artması təşkilatı çətin sosial, siyasi, hüquqi və humanitar seçim qarşısında qoydu. Məlum oldu ki, "Köhnə qitə" yeni problemləri həll etməyə elə də hazır deyil. Məsələ yalnız sosial təminatla bağlı deyil. Doğrudur, bu sahədə də güclü sayılan Avropa dövlətlərinin miqrantlara loyal yanaşmadığı ortaya çıxdı. Əsas məsələ demokratiyadan danışan bir məkanın insan haqlarına sahib çıxa bilməməsi ilə bağlıdır. İndi Avropanın inkişaf etmiş ölkələrinin siyasi dairələri insanları iqtisadi cəhətdən təmin etmək, onların hüquqlarını qorumaq əvəzinə, nəzarəti gücləndirmək, qovmaq, cəza vermək kimi işlərdən danışırlar. Bu da bütövlükdə Avropada demokratiyanın, siyasi-iqtisadi və mədəni sistemin qüsurlarından xəbər verir.

Bütün bunlar Aİ-nin sistem böhranı mərhələsinə qədəm qoyduğunu göstərir. Bir sıra ekspertlər təşkilatın əyalətlərində, eləcə də Aİ-nin yaxın xaricində qeyri-sabitliyin, müşahidə edilən risklərin artmasını ayrıca qeyd edir, bunu həm təşkilat daxilində fəaliyyət mexanizmlərinin lazımi səviyyədə işlənməməsi, həm də qlobal prosesin bir hissəsi olması ilə izah edirlər (bax: məs., Николай Кавешников. Четыре вызова для Евросоюза / РСМД, 13 fevral 2017). Etiraf edək ki, həmin məqamlar çox aktual və incə geosiyasi faktorlara bağlıdır.

Qlobal geosiyasətə təsir: azalma tendensiyasının işığında

Burada ilk olaraq Aİ-nin dəyişən dünyaya çevik və adekvat reaksiya verə bilməməsi vurğulanmalıdır. N.Kaveşnikov bu aspektdə qeyd edir ki, "avropalıların görmək istədikləri dünya daha təhlükəsiz, iqtisadi cəhətdən inkişaf etmiş və dayanıqlı olmur" (bax: əvvəlki mənbəyə). Əksinə, təhlükəsizliklə bağlı risklər artır, iqtisadi uğur qazanmış ölkələrlə uğursuzlar arasındakı uçurum dərinləşir, xarici siyasət məsələlərinin həllində sərt gücdən və hərbi qüvvələrdən istifadə meylləri güclənir.

Təbii ki, bunlar çox prinsipial məqamlardır və Aİ kimi təşkilatın onlara hazır olmaması ciddi məsələdir. Çünki Aİ dünyanın iqtisadi, siyasi, demoqrafik və hərbi cəhətdən ən güclü mərkəzlərindən biridir. Belə bir təşkilatın qlobal geosiyasətdə müşahidə edilən ciddi proseslərə uyğun reaksiya verə bilməməsi, şübhəsiz, dünyada böhrana səbəb ola bilər. Maraqlısı odur ki, qabaqcıl idarəetmə sisteminə malik bir təşkilat prinsipial yeniliklərə hazır ola bilmədi. Görünür, burada mütəxəssislərin də vurğuladığı bir özəllik öz rolunu oynayıb.

Biz, bütövlükdə Qərbin son illər ikili standartlara daha çox meyl etməsini nəzərdə tuturuq. Vaşinqton və Brüssel dünyanın müxtəlif regionlarında ədalətə dayanan siyasət deyil, məxsusi geosiyasi maraqlara xidmət edən xəttə üstünlük verdilər. Bir bölgədə təcavüzkar sərt cəzalandırıldı, digərinə isə havadarlıq edildi. İraq, Liviya, Suriya, Misir, Əfqanıstan vuruldu, Ermənistan qorundu. Müəmmər Qəddafi, Səddam Hüseyn cəzalandırıldı, Sarkisyan, Koçaryan isə müdafiə edildi. Hətta adlarını demokrat qoydular. Halbuki sarkisyanlar və koçaryanların əlləri qana daha çox batıb.

Belə çıxır ki, Aİ, əslində, özünün illərdir apardığı yanlış siyasətin fəsadları ilə üz-üzə qalıb. Maraqlıdır ki, bunu Brüssel sona qədər dərk etmir ki, bu da, ümumiyyətlə, təşkilatın çətinliklərdən yaxa qurtara bilməsi məsələsini müəmmalı edir. Bu məqam ümumilikdə təşkilatın daxilində gedən proseslərin bir qismidir. Ekspertlər həmin kontekstdə əhəmiyyəti olan başqa faktorları da vurğulayırlar.

Məsələn, Cenevrə Beynəlxalq Hüquq İnstitutunun prezidenti R.Müllerson Aİ-nin taleyinə həsr etdiyi məqalədə göstərir ki, təşkilat üçün iqtisadi tənəzzül aparıcı problemlərdən biri olub. Burada Şimali, Cənubi və Şərqi Avropa ölkələri arasındakı iqtisadi inkişafdakı fərq proseslərin gedişinə təsir edir. Cənubi Avropa ölkələrinin o qədər də səmərəli olmayan iqtisadi sistemi, onların qlobal rəqabətə kifayət qədər davamlı olmamaları ciddi çağırışlardır (bax: Рейн Мюллерсон. Европейский союз: быть или не быть? / "Валдай", 17 fevral 2017). Avrozonanın idarə edilməsindəki çətinliklər, borcların yığılması kimi hallar daha çox sistem xarakterli iqtisadi faktorlardan qaynaqlanır.

Digər problem yuxarıda vurğuladığımız miqrasiya böhranının yaratdığı siyasi-ideoloji mühitlə əlaqəlidir. Ekspertlər hesab edirlər ki, miqrasiya böhranı Aİ-nin bir sıra ölkələrində radikal əhval-ruhiyyəni yüksəltdi. Bu da siyasətdə populizmin, avroskeptisizmin vüsət almasına və əhalinin ənənəvi siyasi sistemə inamsızlığının artmasına aparıb çıxardı (bax: Николай Кавешников. Четыре вызова для Евросоюза / РСМД, 13 fevral 2017). Nəticədə, elektorat mövcud sistemi müdafiə edən qüvvələrdən və partiyalardan üz döndərir.

Məsələn, 2016-cı il dekabrın 4-də Avstriyada prezident seçkisində sağçı-radikal qüvvələrin təmsilçisi, avroskeptik, antimüsəlman cəbhəsinin siyasətçisi Norbert Hoferlə prezident seçilən Aleksandr Van der Bellen arasında fərq cüzi olub.

Eyni mənzərəni Aİ-nin digər ölkələrində, deyək ki, Hollandiyada, Fransada, Almaniyada, yaxud İtaliyada görmək ehtimalı az deyil. Həmin dövlətlərdə builki seçkilərdə sürprizlərin olması istisna edilmir.

Mütəxəssislər avroskeptisizmin Aİ-də özünə ciddi yer tutduğuna inanırlar. Tarix elmləri doktoru V.Y.Şveytser vurğulayır ki, ""Avroskeptisizm" termini müasir Avropanın siyasi leksikonunda özünə möhkəm yer edib" (bax: Владимир Швейцер, Антон Таршин. Европейский Союз: критики и апологеты / "Современная Европа", №1 (67), 2016, s.16-25). Faktiki olaraq, həmin terminin ifadə etdiyi siyasi cərəyan indiki Avropa siyasi səhnəsində getdikcə daha böyük rol oynamağa başlayır. Bunun da uyğun siyasi-ideoloji nəticələri olmalıdır.

Onların sırasında Avropa ölkələrində radikal millətçiliyin, təcridçiliyin və islamofobiyanın geniş yayılması xüsusi yer tutur. Bu tendensiyalar bütövlükdə Avropada inteqrasiya prosesinə ciddi mənfi təsir göstərir, eyni zamanda, digər sahələrdə də ziddiyyətlərin dərinləşməsinə şərait yaradır.

Buradan iki nəticə çıxarmaq olar. Əvvəla, Avropada siyasi sistem dayanıqlığını itirmək üzrədir. İkincisi, Aİ-nin daha şəffaf fəaliyyət göstərməsinə böyük ehtiyac yaranıb. Birinci prosesin dərinləşməsi mütləq təşkilatın siyasi böhranına aparıb çıxaracaq. İlk növbədə sistem problemləri dərinləşəcək. Bu istiqamətdə mütəxəssislər iki faktoru ayrıca vurğulayırlar. Onlardan birincisi institusional böhranla əlaqəlidir (bax: Рейн Мюллерсон. Европейский союз: быть или не быть? / "Валдай", 17 fevral 2017). Bu böhranın məzmunu ondan ibarətdir ki, 1957-ci ildə Aİ-nin əsasını qoyan altı ölkənin liderlərinin tarixdə görünməmiş ittifaq yaratmaqla bağlı vədlərinə inanan xalqlar yeni "çoxbaşlı əjdaha"nın gəlişini istəmirlər (bax: əvvəlki mənbəyə). Avropalıların inteqrasiyanın perspektivlərinə inamları xeyli azalıb. Onlar daha çox öz milli maraqlarına köklənirlər. Bu vəziyyət avtomatik olaraq Aİ-nin institutlarını zəiflədir.

İkinci faktor avronun üzləşdiyi böhrandan qaynaqlanır. Üzv dövlətlərin bir çoxu suverenliklərini qurban verməyə son qoymaq arzusundadırlar. Avrodan imtina bununla bağlıdır. Britaniyalılar məsələnin bu tərəfini çox qabartdılar. İndi Fransada, Avstriyada, Hollandiyada da həmin məqamdan danışırlar. Bununla yanaşı, mütəxəssislər məsələnin başqa mühüm aspektinə də diqqət çəkirlər. Bu, iqtisadi inkişaf səviyyəsinə, ənənələrinə və həyat tərzinə görə fərqli dövlətlərin vahid valyutaya malik olması şərtləri ilə bağlıdır. Dinc cənub xalqları sərt protestant ruhlu olmaq istəmirlər. Bir çox Avropa institutlarının Almaniyanın Yunanıstana qarşı repressiv addımlarını dəstəkləməsi müəyyən narazılıqlar yaradıb. Onların sırasında daha çox Mərkəzi və Şərqi Avropa ölkələri rahatsızdırlar. Sosialist düşərgəsindən Aİ-yə keçid prosesinə sevinən həmin dövlətlərin başçılarını bəzən Avropa Parlamentində fitə basırlar. 2009-cu ildə Çexiyanın prezidenti Vatslav Klausun başına belə bir iş gəlmişdi (bax: əvvəlki mənbəyə).

Liberal demokratiyanın böhranı: şəffaflıq və demokratiya kontekstində

Yuxarıda vurğulanan müddəalar ikinci nəticəni – Aİ-nin daha şəffaf fəaliyyət göstərməsinə olan ehtiyacı əsaslandırır. Çünki xalqların inamının azaldığı bir dövrdə idarəetmə və icra orqanlarının şəffaflığı böyük önəm daşıyır. Aİ-də dövlətlərüstü qurumların işlərinin ictimaiyyətə aydın olması zərurəti artıq daha kəskinliklə özünü göstərir. Sosial, siyasi, müdafiə və təhlükəsizlik aspektlərində bu məsələnin aktuallığı xeyli artıb. Lakin hələlik həmin istiqamətlərdə əhalini qane edən bir səviyyəyə nail olunmayıb. Məsələn, fransızların Aİ strukturlarının suverenliyə nə dərəcədə imkan yaratdığı haqqında dəqiq mövqeləri yoxdur. Həmin faktordan istifadə edən sağçı Marin Le Pen xəbərdar edir ki, əgər Fransanın milli suverenliyinə xələl gətirəcək məqamlar olacaqsa, təşkilatdan dərhal çıxacaqlar.

Hollandiyada, Almaniyada, İtaliyada və Avstriyada da siyasətçilər bu barədə danışırlar. Onlar həmin kontekstdə daha çox miqrant siyasəti ilə əlaqədar vətəndaşlara məlumatlar verilməsini qabardırlar. Brüssel isə bu aspektdə tam şəffaf ola bilmir. Xüsusilə Almaniya hakimiyyət orqanları radikal sağçıların tələbləri üzrə miqrantlara qarşı sərt davranmaq istəmir. Bu kimi məqamlar Aİ daxilində ziddiyyətlərə yeni məzmun çalarları verir.

Beləliklə, Aİ-nin siyasi dayanıqlığını itirə bilməsi və şəffaflığın təminində ciddi çətinliklərlə üzləşməsi təşkilatın gələcəyi ilə bağlı nikbin proqnoz verməyi çətinləşdirir. Mütəxəssislər daha çox mərkəzdənqaçma tendensiyasının üstünlük təşkil edəcəyi haqqında yazırlar. Bu ssenarinin reallaşması ehtimalı az deyil. Burada əlavə olaraq, iki digər faktoru da göstərmək olar. Bunlar dünyada liberal demokratiyanın böhranı və hakimiyyət qütblərinin dəyişməsindən ibarətdir (bax: əvvəlki mənbəyə).

Liberal demokratiya ideyalarının böhranının kökləri liberalizmlə demokratiyanın ziddiyyətlərinə gedib çıxır. Azad bazarlar və demokratiya bir-birinin inkişafını stimullaşdırır, lakin həm də aralarındakı rəqabəti gücləndirir. Çünki bazarın azadlığı həm də inkişafda qeyri-bərabərliyə imkanlar yaradır. Bu da demokratiyanın daha az olması deməkdir. Kembric Universitetindən olan iqtisadçı H.C.Çanq yazıb ki, "azad bazar və demokratiya təbii tərəfdaş deyillər" (bax: əvvəlki mənbəyə).

Doğrudur, o, daha çox "nəzarət edilməyən bazar"ı nəzərdə tutub, lakin Ronald Reyqan və Marqaret Tetçer kimi siyasətçilər məhz həmin növ bazarlara üstünlük veriblər. Müasir neoliberallar da eyni mövqedədirlər. Beləliklə, iqtisadi qeyri-bərabərlik siyasi qeyri-bərabərliyi meydana gətirir. Yəni demokratiya hamının bərabərliyinə, azad bazar isə qeyri-bərabərliyinə doğru aparır. Nəticədə, bu iki amil bir-birini tarazlaşdıraraq həddən ziyadə inkişafın qarşısını alır. Bütün bunlar Avropada liberal elitanın xoşuna gəlməyən siyasəti populizm adlandırmağa imkan verib. Lakin hələ Ralf Darendorf deyirdi ki, "populizm sadə, demokratiya isə mürəkkəbdir". Həmin mənada biri üçün populizm olan, digəri üçün demokratiya ola bilər.

Populistlər də öz növbəsində liberalları "elitanın burnu dik təmsilçiləri" adlandırırlar. Onları sadə insanlardan uzaqlaşmaqda ittiham edirlər. Həmin kütlənin az informasiyaya malik olduğunu, mədəni səviyyəsinin zəifliyini vurğulayırlar. Məsələn, Amerikada Hillari Klinton Donald Trampın elektoratını son seçki kampaniyasında məhz belə xarakterizə etmişdi. "Brexit"də də ekspertlər eyni özəlliyi müşahidə etdiklərini deyirlər.

Belə görünür ki, Qərbdə liberal demokratiyanın böhranı xeyli dərinliklərə işləyib. Həmin tendensiyaya dünya hakimiyyətinin böhranı ayrıca təsir etməkdədir. Bu barədə Zbiqnev Bjezinski geniş danışıb (bax: Zbigniew Brzezinski. How To Address Strategic Insecurity In A Turbulent Age / "The Huffington Post", 3 yanvar 2017). Bu, özünü onda göstərir ki, İkinci dünya müharibəsindən sonra formalaşmış qüvvələr balansı pozulub, meydana yeni təhlükələr çıxıb. Nəticədə, qlobal miqyasda hakimiyyət böhranı yaranıb, geosiyasi nüfuzda yeni qütbləşmə meydana gəlib.

Bir ssenari: qüvvələr balansı və Aİ

Konkret olaraq, dünya siyasətində Rusiya və Çinin təsiri xeyli artıb. İndi dünyanın yeni nizamının Qərbin istədiyi kimi formalaşması imkanı xeyli aşağıdır. Bunları nəzərə alaraq, Z.Bjezinski ABŞ-Rusiya-Çin əməkdaşlığına ciddi ehtiyacın yarandığını yazır (bax: əvvəlki mənbəyə).

Onun baş tutması isə mürəkkəb məsələdir. Çünki artıq yuxarıda vurğulanan dünya hakimiyyətinin qütblərinin dəyişməsi prosesi gedir. Qərb görür ki, tarixi alternativlər ola bilər. Hər şey onların meyarlarına uyğun baş verməyə bilər.

Bu kontekstdə onu da unutmaq olmaz ki, demokratiya konkret olaraq bir çoxmillətli dövlətin daxilində yaranıb və inkişaf edib, onun beynəlxalq münasibətlər sisteminə transformasiyası mürəkkəb prosesdir. Mütəxəssislər bu anlayışa beynəlxalq arenada ən yaxın olan terminin "qüvvələr balansı" olduğunu qeyd edirlər (bax: Рейн Мюллерсон. Европейский союз: быть или не быть? / "Валдай", 17 fevral 2017). Deməli, həmin konsepsiyanı tətbiq etmək üçün Aİ federallaşma yolunu seçməlidir. Elita buna can atır, lakin avropalılar bunu qəbul etmirlər. Bununla da ciddi ziddiyyət meydana gəlir – Aİ inteqrasiya modeli ilə demokratikləşmə arasında balansı tapa bilmir.

Dünyanın yeni qüvvələr balansına doğru transformasiya etdiyi barədə fikirlər səslənir. Və orada Aİ-nin yeri görünmür. Əsas olaraq ABŞ, Rusiya və Çindən danışırlar. Lakin belə bir vəziyyətin mövcudluğu Aİ layihəsinin iflası olub-olmadığı barədə konkret fikir bildirmək anlamına gəlmir. Mümkündür ki, Avropa ölkələri özlərində güc tapıb XXI əsrin tələblərinə uyğun birləşmə modeli meydana çıxarsınlar.

Beləliklə, 2016-cı ilin sonu – 2017-ci ilin əvvəllərinə yaxın Aİ üçün aşağıdakı üç əlamət xarakterikdir. Birincisi – Aİ-nin tamlığının pozulmasıdır. Müxtəlif üzv dövlətlərin daxilində və təşkilat çərçivəsində mərkəzdənqaçma meylləri yeni səviyyəyə yüksəlib. Onun nümunəsi kimi "Brexit"i göstərmək olar. Eyni zamanda, növbədə "Frexit" və digərlərinin olduğundan bəhs edilir. İkincisi – Avropa ilə ABŞ arasındakı münasibətlərdə uzun illərdir formalaşmış status-kvonun dəyişməyə başlamasıdır. D.Trampın gəlişi ilə bu aspekt daha da aktuallaşıb. Üçüncüsü isə – qitədə miqrasiya balansının kəskin dəyişməsidir. Onun sosial-siyasi fəsadlarının çox ola bilməsi gözlənilir.

Bu əlamətlər fonunda 2016-cı ildə Avropada baş verən bir sıra hadisələr təhlükəsizlik məsələsini də yeni səviyyədə gündəmə gətirib. Paris terroru, Kölndə yeni il zorakılığı, Nitsada yayda baş verən terror aksiyası, Berlində olan terror aktı kimi olaylar Avropanı silkələdi. Aİ rəsmiləri bunlara reaksiya olaraq vahid Avropa ordusu yaratmaq ideyasını ortaya atdılar. Ancaq onun reallaşması yuxarıda vurğuladığımız çoxlu sayda problemlərin yaratdığı maneələr səddini hələ keçə bilmir.

Qlobal geosiyasi dinamika prizmasından isə "Rusiyaya Avropanın qonşusu kimi baxmaq lazımdır", lakin bu qonşu heç zaman Avropa dəyərlərini qəbul etməyəcək (bax: Walter Russell Mead, "Washington and Brussels: Rethinking Relations with Moscow?", in Aldo Ferrari (ed.), Putin’s Russia: Really Back? (Milan, Ledi Publishing for ISPI, 2016), p. 46). Bu o deməkdir ki, Rusiya Çinlə birgə "dünyanın idarə edilməsi haqqında Qərb anlamlarına alternativ hazırlayır" (bax: Bobo Lo, Frontiers New and Old: Russia’s Policy in Central Asia, IFRI Russia / NIS Centre, Russie. Nei. Visions №.82, January 2015, p. 9).

Bütün bu məqamlar 2016-cı il 28 iyunda qəbul edilən Aİ-nin qlobal strategiyasında nəzərə alınıb. Orada xüsusi qeyd olunub ki, "sülh və sabitlik artıq real deyil", lakin "Aİ bütövlüyünü saxlayacaq" (bax: Shared Vision, Common Action: A Stronger Europe. A Global Strategy for the European Union’s Foreign and Security Policy, June 2016, p. 33).

Nəticə

Yuxarıda aparılan təhlildən görünür ki, hazırkı mərhələdə Avropa İttifaqı üçün real ssenari bütövlüyü qoruyub saxlamaqdan ibarətdir. Həm təşkilatdaxili siyasi, iqtisadi-maliyyə, idarəetmə böhranları, həm də qlobal səviyyədə alternativ dünya nizamı modellərinin işlənib-hazırlanması Aİ-nin taleyinə qeyri-müəyyənliklər gətirir. Mütəxəssislər onun sürətli inkişaf ssenarisini nəzərdən keçirmirlər. Əsas məsələ təşkilatı qoruyub saxlamağın yollarının axtarılıb tapılması ilə bağlıdır. 2017-ci ilə "Köhnə qitə"nin bu reallıqlarla daxil olması ümumən dünya siyasətində ciddi dəyişikliklərə yol aça bilər.

Yaradılandan böyük ümidlər bəslənən güclü bir təşkilatın belə vəziyyətə düşməsinə səbəb həm dünya miqyasında cərəyan edən geosiyasi hadisələr, həm də Aİ daxilində özünü göstərən müxtəlif xarakterli tendensiyalar olub. Yəni, gəlinən qənaət təsadüfi deyil. Uzun illərdir ki, Qərbin böyük dövlətləri ikili standartlara uyğun daxili və xarici siyasət yeridirlər. Və bu, mütləq müəyyən bir müddətdən sonra fəsad verməli idi. Məhz həmin faktor indi özünü göstərməkdədir. Bu xüsusda iki nəticə önəm daşıyır.

Birincisi, Aİ-də milli radikal siyasi kursa üstünlük verənlərin cəmiyyətdən getdikcə daha çox dəstək görməsidir. Bu proses Avropanı siyasi cəhətdən parçalaya bilər. O cümlədən Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasından sonra inqilabi proseslərin olması mümkündür. Bir sıra avropalı ekspertlər həmin proseslərin aparılmasında ABŞ-ı günahlandırırlar. Bu, ikinci nəticəni Aİ üçün daha əhəmiyyətli edir.

İkincisi, ABŞ-Rusiya-Çin əməkdaşlıq formatı Aİ-ni dünya siyasəti miqyasında çətin vəziyyətə sala bilər. Brüssel arxa plana keçər. Əgər Amerika Avropanı yenə özündən asılı vəziyyətdə saxlamaq xəttini davam etdirsə, onun Almaniya və Fransaya təzyiqlərini yenə də müşahidə etməli olacağıq. Deməli, həmin aspektdə yaxın illərdə maraqlı hadisələrin baş verməsi mümkündür.

Bunlar onu göstərir ki, bütün variantlara rəğmən, Avropa İttifaqının hətta yaxın perspektiv üçün konkret inkişaf ssenarisi yoxdur. Ehtimallar isə daha çox qeyri-müəyyənliyin mövcudluğundan xəbər verir.

 Kamal Adıgözəlov 
  Newtimes.az




Baxış sayı: 1 883
Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib Bu gün, 11:00 Azərbaycan kəlağayısının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub Bu gün, 10:30 ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb Bu gün, 10:00 Moldovanın Aİ-yə üzv olmaq üçün real şansı var Bu gün, 09:30 “Azərbaycan kəlağayısı günü” Bu gün, 09:30 Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Dünən, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Dünən, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Dünən, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Dünən, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Dünən, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Dünən, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Dünən, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Dünən, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930