FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Bədii və ictimai fikir tariximizdə ədəbi məktəbin banisi Mirzə Ələkbər Sabirin 162-ci ildönümü
30-05-2024, 13:30 | MƏDƏNİYYƏT
Bədii və ictimai fikir tariximizdə ədəbi məktəbin banisi Mirzə Ələkbər Sabirin 162-ci ildönümü

Mayın 30-da böyük Azərbaycan şairi, bədii və ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 162-ci ildönümü tamam olur.

 Fact-info.az xəbər verir ki, Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin ən görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirdir. Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarından olub. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır.

Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 1862-ci il mayın 30-da Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən olan Şamaxıda anadan olub. Ələkbər kiçik yaşlarında ikən mollaxana məktəbində ərəb, fars dillərini öyrənib, Şərq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı qazanıb. Lakin o dövrün mollaxana məktəblərinin sərt rejimi, tədris üsulları gənc Ələkbəri razı salmamışdı. Təxminən 10-11 yaşlarında Ələkbər Tahirzadənin yazdığı “Tutdum orucu irəmazanda” şeiri onun kiçik yaşlarından cəmiyyətdəki prosesləri dərk etməyə çalışdığını, yeniləşməyə can atdığını göstərir.

Ələkbər Tahirzadə 1874-1883-cü illərdə görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) dərs dediyi Şamaxı quberniya məclisi məktəbində dünyəvi elmləri həvəslə öyrənib, klassik ədəbiyyatı mütaliə etməyə ciddi maraq göstərib.

Şərq ölkələrinə 1884-1886-cı illərdə etdiyi səyahətlər M.Ə.Sabirin bilik və məlumatlarını, dünyagörüşünü inkişaf etdirmişdir. İranın Səbzivar, Nişapur, Xorasan, Həmədan vilayətlərində, qədim Buxara və Səmərqənddə, məşhur dini ziyarətgahlardan Kərbəlaya səfər zamanı müşahidə etdiyi təzadlı hadisələr, rastlaşdığı zavallı insanlar, görüşdüyü mütərəqqi ziyalılar, oxuyub öyrəndiyi əsərlər onun üçün böyük həyat və sənət məktəbi rolunu oynayıb.

M.Ə.Sabir 1887-ci ildə Şamaxıda yaxın qohumlarından olan Billurnisə adlı bir qızla ailə həyatı qurub. Bu nikahdan onun səkkiz qızı və bir oğlu dünyaya gəlib. Çoxuşaqlı bir ailənin başçısı kimi o, çətin, məşəqqətli ömür yaşayıb, hətta sabun bişirib satmağa məcbur olub. Şamaxıda 1902-ci ildə baş vermiş dəhşətli zəlzələnin M.Ə.Sabirin də ailəsini evsiz-eşiksiz qoyması onun ağır keçən həyatını daha da çətinləşdirib. Lakin heç bir məhrumiyyət Sabirin qürurunu sındıra bilməyib. Məslək və sənət dostu Abdulla Şaiqlə (1881-1959) Şamaxıda ilk görüşü zamanı dediyi “Bir çox adamın batini kirini təmizləmək əlimizdən gəlmir. Zahiri kirini təmizləmək üçün sabun bişirmək peşəsini qəbul etmişəm” sözləri onun həyat və sənət qayəsini dolğun ifadə edir.

Tehranda ali həkimlik təhsilini 1901-ci ildə başa vurub Şamaxıya qayıdan Abbas Səhhətlə (1874-1918) səmimi dostluq münasibətləri onun şeirə-sənətə marağını qüvvətləndirib.

Bakı quberniya ruhani idarəsində müəllimlik sənətinə yiyələnmək üçün 11 aprel 1908-ci il tarixdə imtahan vermiş M.Ə.Sabir Qafqaz Şeyxülislamı tərəfindən imzalanmış ana dili və şəriət müəllimi diplomu alıb. Bundan az sonra onun Şamaxıda açdığı “Ümid” adlı ibtidai məktəbdə təxminən 60-a qədər şagird ana dili və şəriət dərsləri ilə yanaşı hesab, coğrafiya, təbiət, nəğmə kimi dünyəvi fənləri də öyrənmək imkanı qazanıb. Məktəbdə həmçinin yeni tədris üsullarından istifadə olunur, maraqlı ekskursiyalar təşkil edilirdi. Bununla belə, qaragüruhçu qüvvələr bu yeni məktəbi və yenilikçi müəllimi boykot etməyə çalışmış, məktəbin normal fəaliyyətinə maneçilik törətmişlər.

XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayır. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb onun ən fəal müəlliflərindən biri olub. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranıb. Hər iki sənətkar zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutduğundan onlara hədə-qorxu gəlirlər. Bu səbəbdən şair imzasını tez-tez dəyişməli olur. “Molla Nəsrəddin” jurnalında şair 36 gizli imza ilə çıxış etmişdi.

Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqədardır. Onun “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin” şeirləri vaxtilə çox məşhur idi.

Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmamış, onlar üçün “Gəl, gəl a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və digər şeirlər yazmışdı.

1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir, “Zənbur” jurnalında, “Günəş” və “Həqiqət” qəzetlərində işləyib. Elə həmin ilin axırında xəstəliyi səbəbindən geriyə, Şamaxıya qayıdıb.

Böyük şair 1911-ci il iyulun 12-də vəfat edib. Məzarı Şamaxıda “Yeddi günbəz” qəbiristanındadır.

Sabirin vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri “Hophopnamə” adı ilə çap olunub. İki il sonra xalqın ianəsi ilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxılıb.




Baxış sayı: 270
MEK elektron xidmətlərini təqdim edir Bu gün, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Bu gün, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Bu gün, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Bu gün, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Bu gün, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Bu gün, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb Dünən, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub Dünən, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region Dünən, 12:30 Bəzi sözlərin mənşəyi haqqında Dünən, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu Dünən, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir Dünən, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib Dünən, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub Dünən, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN Dünən, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00 Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir 18-09-2026, 11:00 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 11 nəfər saxlanılıb 18-09-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930