Fact-info.az AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun işğal dövründə Xudavəng monastırının ciddi vandalizm aktlarına məruz qalması ilə bağlı araşdırma yazısını təqdim edir.
Ermənilər 1992-2020-ci illər ərzində Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin mənimsənilməsi istiqamətində düşünülmüş siyasət həyata keçiriblər. Alban dövrü tarix və mədəniyyət abidələrini mənimsəmək üçün bu hiyləgər siyasətin mahiyyəti, ilk növbədə abidələrə məxsus izləri silib, memarlıq quruluşunu dəyişdirməklə, abidələrə öz mülkiyyət hüquqlarını tətbiq edir və bu abidələri erməni mədəni irsinin nümunələri kimi dünyada təbliğ edirlər.
Bu cür erməni vandallığına uğrayan tarix və mədəniyyət abidələrindən biri də Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Xudavəng monastır kompleksidir. Monastır kompleksi Murovdağ və Qarabağ dağ silsilələrinin kəsişdiyi yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir. Ərazi olduqca cazibədar təbiətə malikdir. Burada monastır memarlarının qarşısında duran tələblərdən biri kompleksin memarlığının landşaftla vəhdətinin yaradılmasına nail olmaq olmuş və lanşaftla kompleksin vəhdəti məharətlə təmin edilmişdir.
Xudavəng monastırı kompleksinə dini və dünyəvi xarakter daşıyan çox sayda müxtəlif ölçülü və müxtəlif dizayna malik tikililər daxildir ki, onların da bir çoxu işğal dövrü erməni vandallığı nəticəsində formaları dəyişdirilərək tanınmaz hala salınıb, bir qismi isə öz mövcudluğunu itirib.
Kompleks daxilindəki tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə tikilib. Kompleksin ən qədim tikilisi, Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş Həvari Dadinin məzarı üzərində VI–VIII əsrlərdə tikildiyi güman edilən bazilikadır.
Qafqaz Albaniyası memarlıq abidələrinin tədqiqi göstərir ki, böyük ölçülü birnefli bazilikalar əsasən erkən orta əsrlərdə inşa edilib. Nadir hallarda VI–VII əsrlərdə də belə tikililərə rast gəlmək olur. Bu baxımdan Xudavəng bazilikasının Qarabağın digər anoloji abidələrlə müqayisəsinə əsasən, tikilinin VI əsrə aid olmasını söyləmək olar. Kompleksə daxil olan tikililərin ən qədimi VI–VIII əsrlərə aid olduğu güman edilsə də, kafedral Arzu Xatun kilsəsi və digər unikal tikililərin XIII əsrdə tikildiyi bildirilir.
Bir zamanlar kompleksin adını daşımış (Dadivəng) Dadi və ya Dada, Həvari Faddey tərəfindən "xristianlığın təbliğ edilməsi üçün şimal və şərq ölkələrinə göndərilmiş" 70 həvaridən biri olub. Dadi sözünün etimologiyası Qafqaz Albaniyasının tarixi ilə əlaqədardır. Bu monastır kompleksinin yaradılmasında ermənilərin iştirakından söhbət belə gedə bilməz.
Monastır kompleksi orta əsrlər Qarabağının mədəniyyət mərkəzlərindən biri olub. Monastır kompleksinə daxil olan çoxsaylı tikili və tikili qalıqları uzun əsrlər ərzində burda çoxsaylı monarxların iştirakı ilə təşkil olunmuş aktiv monastır həyatının mövcud olduğunu deməyə əsas verir.
Monastır kompleksinə daxil olan tikililər müxtəlif inşaat materiallarından, Azərbaycanın fərqli memarlıq üslublarında inşa edilib, tikililərin inşaasında istifadə olunan oyma naxışlar, epiqrafik nümunələr və digər bəzəklərin heç birinin nə erməni memarlığına, nə də erməni mədəniyyətinə heç bir aidiyyəti yoxdur.
Qədim Bazilika. İsanın həvarilərindən biri olan Müqəddəs Faddeyin təbliğat üçün "Şərq ölkəsinə" göndərdiyi Dada və ya Dadinin xatirəsinə tikilmişdir. Bazilika Xudavəng monastırı kompleksi ərazisində ən qədim tikili hesab olunur. Düzbucaqlı planda inşa edilən, tavanı tağlı birnefli bazlikadır. Binanın şərq tərəfində geniş yarımdairəvi altar apsidası yerləşir. Yan divarların içərisində tikilmiş altı sütun binanın çatmatağ tavanını üzərində saxlayırdı. Abidənin tavanı məlum olmayan səbəblərdən uçurdulmuşdur.
Qədim bazilikanın tavanı ermənilər tərəfindən ya qəsdən uçurdulmuş, ya da təmir zamanı uçmuşdur. Bazilikanın döşəməsinə mərmər daşlar döşənmiş, qəbirin ətrafı heç bir qaydaya uyğun olmayan şəkildə betonlanmışdır. Hansı ki bu cür hallar abidələrin bərpasında yolverilməzdir.
Ermənilərin Xudavəng monastrında qeyri-qanuni “bərpa” bərpa işlərinin apardığı binalardan biri də kiçik bazilikadır.
Kiçik bazilika. Orta əsrlərə aid kiçik bazilika Qədim bazilikanın cənub divarına bitişik düzbucaqlı planda damı tağlı inşa edilmişdir. Kiçik bazilika binası üç pilyastra malikdir. Kiçik bazilika, bitişik inşa edildiyi Qədim bazilikadan əhəmiyyətli dərəcədə ensiz və qısa ölçüdədir.
Ayrı-ayrı hissələrdə divar hörgüsünün vəziyyəti, bazilikanın ermənilər tərəfindən bir neçə dəfə bərpa edildiyini göstərir. Binanın üstü onun orijinal görkəminə uyğun olmayan formada betonlanmış, binanın damı qırmızı kirəmitlə bağlanmışdır. Binanın dam hissəsində Alban memarlığının əlamətləri tamam itirilmişdir. Kompleksdə bu cür erməni vandalizminə məruz qalan tikililərdən biri də Böyük Həsən Məbədidir.
Böyük Həsən məbədi monastır həyətinin cənub tərəfində yerləşir. Mərkəzi günbəzli tavanı tağlı struktura malik, düzbucaqlı planda işlənmiş birnefli bazilikadır. Kilsə kiçik ölçüdə tikildiyinə görə bəzən elmi ədəbiyyatda sovmə də adlandırılır. Kilsənin günbəzi binanın damından bir neçə metr hündür tikilib. Günbəzin üstü ikiqat daşlarla yarımqövs şəkilində tağla bağlanmışdır. Binanın şərq və qərb divarlarının mərkəzi hissələri yüngül hündürləşdirilsə də, divarların sağ və sol qanadları aşağıya meyllənərək damın tağı ilə tamamlanmışdır.
Klassik Alban dövrü memarlığı üslubunda inşa edilən Böyük Həsən Məbədi dizayn seçimi və unikallığı ilə seçilirdi. Lakin 2017-2018-ci illərdə abidənin memarlıq quruluşuna ermənilər müdaxilə edərək, məbədi öz original formasından məhrum etdilər. Belə ki, təmir zamanı binanın arxa, qabaq və yan divarları kobud şəkildə hündürləşdirilərək üçbucaq formaya salınmış, divarların sağ və sol qanadlarına ətəklər əlavə edilərək tavanın damına birləşdirilmişdir. Kilsə günbəzinin üst hissəsi bir neçə metr hündürləşdirilmiş, günbəzin tavana birləşən oturacağına dörd kiçik qanad əlavə edilmiş, binanın və günbəzin üstü qırmızı kirəmitlə örtülmüşdür. Abidə təmirdən sonra memarlıq baxımından öz əzəli əhəmiyyətini itirmişdir.
Böyük Həsən məbədində baş verən vandallıq halları eyni ilə kompleksin kafedral məbədi sayılan Arzu xatun məbədində də baş vermişdir.
Arzu xatun məbədi. Kompleksin kafedral Arzu xatun məbədi kompleksin əsas binası hesab olunur. Epiqrafik məlumatlara əsasən, bina 1214-cü ildə Arzu xatunun sifarişi ilə inşa edilmişdir. Kompleksin giriş darvazası ilə üzbəüz həyətin sonunda yerləşən Arzu xatun məbədi yüksək günbəzi və monumental həcmi ilə kompleks ərazisinə girənlərin diqqətini cəlb edir və ətrafındakı bütün tikililər arasında dominant mövqe tutur. Məbədin qərb fasadı ona bitişik inşa edilmiş tikililər – qalereya formalı narteks və birnefli zal kilsəsi ilə örtülmüşdür.
Məbədin cənub fasadında mərkəzi tağı bəzəyən barelyef və pəncərə kəməri naxışları öz unikallığını qoruya bilib. Məbədin yeganə giriş qapısı qərb tərəfdə yerləşməklə monastır kompleksinin giriş qapısı istiqamətində yerləşir. Məbədin şimal fasadı Qafqaz Albaniyasının memarlığı üçün xas olan unikal formada dekorativ portalla bəzədilmişdir.
Birinci Qarabağ müharibəsindən sonra indiki Ermənistanın Basarkeçər rayonundan gələn bir qrup erməni tərəfindən məbədin içərisindəki rəsmlər və digər dekorlar balta ilə çapılaraq yararsız hala salınmışdır. 2004-cü ildə erməni əsilli ABŞ-dan gələn iş adamı Edel Hovnanyan monastır kompleksinin Arzu xatun məbədində təmir işləri aparıb, iş prosesi 2005-ci ildə tamamlanmışdır. Məbədin daxili tərtibatının təmirdən sonra, öz əzəli formasına uyğun olub-olmaması isə aparılacaq tədqiqatlardan sonra müzakirə mövzusu ola bilər. Lakin qeyd etmək lazımdır ki, Arzu xatun məbədinin xarici interyeri işğal dövrü ciddi dəyişikliklərə məruz qalsa da, öz mövcudluğunu qismən qoruyub saxlamışdır. Bu baxımdan qeyd etmək lazımdır ki, Yepiskop Qriqor məbədinin xarici interyerində onun əzəli formasına oxşarlıq tapmaq qətiyyən mümkün deyildir.
Yepiskop Qriqor məbədi. Ayrıca narteks-sovmə kimi inşa edilmiş Yepiskop Qriqor kilsəsi qərb tərəfdən Qədim bazilikaya birləşməklə kompleksin memarlıq ansamblında xüsusi yer tutur. Tikili özünəməxsus memarlıq xüsusiyyətlərinə malikdir. Onun dünyəvi-dini xarakteri memarlıq xüsusiyyəti və prinsipinə təsir etmişdir və buna görə də onun memarlıq obrazında yerli kənd evlərinin xüsusiyyətlərini görmək mümkündür.
Yepiskop Qriqor kilsəsi əsrlər boyunca Yuxarı Xaçının knyaz nəsillərinin ailə türbəsi rolunu oynamışdır. Məbədin döşəməsi bütünlüklə müxtəlif məzarların sinə daşları ilə örtülmüşdür. Həmin daşların bir hissəsinin yazıları tədricən silinərək oxunmaz hala düşdüyündən kimə məxsus olduqlarını anlamaq mümkün deyil.
Kompleksin bütün tikililərinin vahid ansambl təşkil etməsi üçün məbədin memarları onun eksteryerlərini ətraf kilsələrin eksteryerinə uyğun – mümkün qədər sadə təşkil etmiş, interyerdə isə zəngin və dəbli dizayn istifadə etmişlər.
Tikilinin günbəzli tağtavanı müstəqil dayanan dörd sütun və onlar üzərində ucalan pilyastrlar vasitəsi ilə saxlanılır. Günbəzin ortasında işıq düşməsi üçün oyuq vardır. Kilsənin naxışlı portala malik yeganə girişi cənub tərəfdə yerləşir. Girişin sağ tərəfindəki kitabədə abidənin 1224-cü ilin yayında yepiskop Qriqor tərəfindən inşa edildiyi göstərilir.
Birinci Qarabağ müharibəsindən sonra kilsənin divarlarına daxildən ermənilər tərəfindən çoxsaylı xaçdaşlar əlavə edilmişdir. Binanın günbəzinin maili yarımqövs forması dəyişdirilərək, altıguşəli ulduz formasına salınaraq hündürləşdirilmişdir. Binanın damı öz formasına uyğun olmayan tərzdə iti üçbucaqlı planda işlənmiş, abidənin üstü qırmızı kirəmitlə bağlanmışdır. Bu binanın təmirində Alban memarlığının bütün elementləri itirilmişdir.
Zəng qülləsi. Kompleksin qərb tərəfində, giriş qapısının yaxınlığında yerləşir. İkimərtəbəli tikilidir XIII əsrin ortalarında inşa edildiyi güman edilir. Zəng qülləsinin kimin tərəfindən tikilməsi haqqında məlumat ermənilər tərəfindən silinmişdir. Binanın birinci mərtəbəsinə xaricdən giriş qapısı hörülərək bağlanmışdır. İkinci mərtəbədəki kor nişə isə qərb tərəfdə inşa edilmiş pilləkənlə qalxmaq mümkündür.
Zəng qülləsinin ikinci mərtəbəsi dörd sütuna malik rotonda formasındadır. Rotondanın günbəzinin altında zənglər asılmışdır. Günbəzin təməli, günbəzdaşıyan tağlar, sütunlar və onların kapitelləri yaxşı işlənmiş daşlardan inşa edilmişdir və ümumilikdə, olduqca xoş təəssürat yaradır. İşğal dövrü zəng qülləsi öz görkəmini qismən qoruyub saxlamışdır.
Zal. Zal-günbəz tipinə malik olan düzbucaqlı planda işlənmiş binadır. Zalın dörd küncünün hər birində ikimərtəbəli yardımçı otaqlar yerləşir. İkinci mərtəbədə yerləşən otaqlardan konsol pilləkəninə çıxış vardır. Uzadılmış zal formasına malik olan kilsə narteksi ona qərb tərəfdən birləşir. Zalın cənub divarı arkada formasında həll edilmişdir. Zal ikiqat daşlarla örtülmüş tağlı tavana malikdir. Zalın tağlı tavanı bir tərəfdən Kiçik bazilikanın cənub divarına, digər tərəfdən isə arkadaya söykənir. Kiçik bazilikanın qapıları zala açılır.
Narteksin divarlarında üç kitabə saxlanmışdır. Onlardan ikisi işğal dövrü ermənilər tərəfindən ciddi zədələndiyindən oxunulması mümkün deyil. Üçüncü kitabə inşaat kitabəsi olsa da, inşa tarixi olan hissə ermənilər tərəfindən silinib, erməni dilində binanın tarixinə uyğun olmayan ifadələr yazılmışdır. Zal işğal dövrü ermənilər tərəfindən bərpa qaydalarına uyğun olmayan formada təmir edilmişdir. Belə ki zalın divarlarına xaç daşları əlavə edilmiş, zalın damı üzlük daşlarla bağlanmışdır.
Digər tikililər. Böyük Həsən kilsəsindən cənub-şərq və cənub-qərb istiqamətlərdə monastıra aid çoxlu sayda köməkçi bina var idi. İşğal dövründə kompleksin daxilində və əhatəsində yerləşən bütün bu yardımçı tikililər ermənilər tərəfindən dağıdılaraq yox edildi. Bütün bunlardan başqa, Xudavəng monastır kompleksinin yerləşdiyi təpənin ətrafında daha üç sovmə ermənilər tərəfindən dağıdılaraq xarabalığa çevrilmişdir.
Monastır kompleksinin giriş qapısı və giriş qapısının sağ tərəfindəki tikilinin bir hissəsi öz görkəmlərinə uyğun olmayan bir formada iddia edilən “erməni memarlığı üslubunda” təmir edildi. Bütün bu təmir-tikinti işlərindən sonra ermənilər Xudavəng monastırının ermənilərə məxsusluğu barədə yersiz iddialar qaldırmağa başladılar. Onlar Alban dövrü tarix və mədəniyyət abidələrini mənimsəmək üçün bu cür hiyləgər metodlardan istifadə edərək, Azərbaycanın mədəni-irsi üzərinə öz mülkiyyət hüquqlarını tətbiq etməyə çalışırlar.
1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya"ya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var.
1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirmişdir. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.
2020-ci ildə Kəlbəcərin işğaldan azad edilməsi ərəfəsində ermənilər vəhşilik örnəyi göstərərək monastırdakı zəngləri, xaç daşlarını, digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana apardılar.
2021-ci il dekabrın 16-da ermənilər İrəvan şəhərindəki Xalq Sənətləri Muzeyində "Dadivəngdən İrəvana" adlı satış-sərgi keçiriblər. Sərgidə Xudavəng monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar satışa çıxarıldı. Təbii ki, bu hadisəni daha bir erməni həyasızlığı kimi dəyərləndirmək olar.
Baxış sayı: 248