Ermənilər dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq planının icrası istiqamətində ilk öncə Salması erməniləşdirməyə başlamışdılar. Salmas Qafqazla Şərqi Anadolu arasında körpü rolunu oynadığı üçün daim ermənilərin, eləcə də onların himayədarı olan çar Rusiyası və bəzi Qərb dövlətlərinin diqqət mərkəzində olmuşdur. Bu bölgə, xüsusilə XIX əsrin sonlarından ermənilərin təxribatçı hərəkatının əsas mərkəzlərindən birinə çevrildi. Əsasən köçüb Salmas dağlarında partizan həyatı yaşayan ermənilər rusların qulluğunda idilər. (1, s. 134) Bu istiqamətdə ermənilər davamlı olaraq Osmanlı ərazisindən Azərbaycan şəhərlərini erməniləşdirmək və Azərbaycan ərazisində erməni dövləti yaratmaq məqsədilə bu bölgəyə köçürdülər. Açıqca həyata keçirilən bu plan haqqında Qərb diplomatlarının da qeydləri və məktublarında məlumat mövcuddur. Belə ki, Təbrizdə Fransa konsulunun “İran Ermənistanı” adlı yazdığı və Avropa qəzetlərinin birinə göndərdiyi məqalədə yazılır: “Azərbaycanda olan erməni əhalisi 14000 nəfəri, bütün İranda isə ermənilərin sayı 45 min nəfəri keçməz. Erməni xislətini bilməyən Avropa yalnız onların xristian olmasını nəzərə alıb və zülm altında olduqlarını güman edirlər. Halbuki, İran erməniləri şahın ən xoşbəxt təbəələri hesab edilir. Dini sərbəstliyə malikdirlər, əsgərlikdən azaddırlar, əkinçiliklə məşğul olmasalar vergi verməzlər. Üstəlik dövlətin əleyhinə planlar cızırlar. Fitnəkarlığın mərkəzi isə Salmasdır. Burada güclü inqilab komitəsi vardır. Kitabsevərlər dərnəyi adı altında fəaliyyət göstərən bir komitə müstəqil Ermənistan təxəyyül etməkdədir. Osmanlı dövlətində baş verən üsyanlardan sonra bir çox erməni Salmasa gəlib. Onların çoxu gəncdir və Rusiya ermənilərinin yoxsul təbəqəsini təşkil edirlər. Məhəllə-məhəllə dolaşıb inqilabı təbliğ etməkdədirlər. Hətta keşişlər də ianə yığır və qurtuluş gününün yaxınlaşmaqda olduğunu açıqca söyləyirlər. Onların yeyəcək və silah ehtiyacları təmin edilir... (14 fevral 1892).” (2, s. 279)
Kazak diviziyasının komandanı polkovnik Kasakovski də 2 oktyabr 1897-ci ildə ermənilərin Azərbaycan şəhərlərinə köçməsi barədə qeyd edir ki, “son zamanlar Türkiyədə təqib edilən ermənilər İrana köçürlər. Təxminən 7-8 min erməni Urmiya və Xoy şəhərlərinə sığınıb”. (3, s. 400)
Türkiyənin ATASE arxivindən əldə edilən “ATASE, K, 1/3, D. 18, F.22; K.1/l, D 151, F 42.” Sənədə əsasən “ingilislərin Alaçatı tərəfindən gizli yollardan qatır satın aldıqları və 5000-ə qədər erməni mühacirini Dilman (Salmasın mərkəzi şəhəri – H.S.) ətrafındakı kəndlərə yerləşdirməsi haqqında da məlumat verilir”. (4, s. 40)
Bitlisdən İstanbul alıqapısına göndərilən digər sənəddə isə ermənilərin Xoy və Salmasa toplaşdığı söylənilir. Bunların xərcinin isə Tiflisdən və oradakı erməni komitələrindən təmin edildiyi qeyd edilir. (2, s. 279) Bununla bağlı arxivlərdə bir sıra məktublar da mövcuddur. On mindən çox erməninin Salmasda toplaşması haqqında bir arxiv məktubunda yazılır: “Xoy və Salmas nümayəndəliklərindən bildirilib ki, Salmas erməniləri birləşib on min nəfərlik bir cəmiyyət təşkil ediblər, fürsət yarandıqda Osmanlı şəhərlərinə təcavüz edəcəklər. Həmçinin Rusiyadan qırx-əlli nəfərlik bir erməni çətəsinin hücumu və Qarabulaq xəttini nəzarətə götürdükləri və beləliklə Bəyazitdə böyük çaxnaşma yaratdığı barədə xəbər verilmişdir. Ona görə də lazımi tədbirlər görülüb və Ərzrum vilayətindən alınan teleqrafa uyğun olaraq hərəkət edildi. (2, s. 280) Ümumiyyətlə ermənilərin Cənubi Azərbaycanın qərb bölgəsi, xüsusilə Salması erməniləşdirmək və oradan Osmanlıya qarşı hücum və təxribatın həyata keçirilməsində istifadə edilməsinə dair çoxsaylı arxiv materialları mövcuddur. (5, s. 143-144)
Rusiya ermənilərinin də Salmasa toplaşdığı osmanlıların Azərbaycandakı kəşfiyyatının gözündən qaçmamışdır. Belə ki, 1896-cı il aprel ayının 19-da Eçmiədzin yepiskopluğuna bağlı erməni inqilabçılarının Təbriz və Salmasa gəliş-gedişi haqqında hesabat mövcuddur. Osmanlı gizli kəşfiyyatının hesabatına görə, ermənilər Makıda Muş erməniləri üçün münasib yer axtarışında olublar. Eyni zamanda onlar Salmasda erməni məktəbi açmağı qərara alıblar. (2, s. 280)
Ermənilərin Salmasa gəlib toplaşması və bu bölgəni erməniləşdirmək cəhdi missionerlərin qeydlərində də etiraf edilir. ABŞ-ın missionerlik fəaliyyəti ilə bağlı əsərlərin birində qeyd edilir ki, “1917-ci ildə Türkiyənin Van bölgəsindən erməni mühacirləri Azərbaycana sığındı. Həmin ermənilərin bir hissəsi yollarda ölsələr də, təxminən 30-35 min erməni Salmas düzənliyinə gəlmişdilər”. (6, s. 79)
Osmanlı Xarici İşlər Nazirliyinə aid digər sənəd isə ermənilərin Xoy və Salmasa toplaşdığı və Osmanlıdan olan keşişin Salmasda inqilabçı ermənilər tərəfindən qətlə yetirdiyinə etiraz edildiyi qeyd edilib. Həmçinin səfirliyə, Salmas, Urmiya və Təbrizdə Osmanlı nümayəndəliyinə lazımi göstəriş verildiyi bildirilib. 1889-cu il iyunun 31-də Rza paşanın əsgərlərindən baş nazir Kamilə 2000 ədəd sürməli tüfəngin ermənilərə paylanmasına və bir çox erməni süvarilərin osmanlıların Hakkarı bölgəsinə yaxın göndərilməsinə dair hesabat göndərildi. (2, s. 280)
Ermənilərin planlı şəkildə Cənubi Azərbaycanın qərb bölgəsi, xüsusilə Salmas və Urmiyaya yerləşməsi aysor dilli ədəbiyyatlarda da etiraf edilir: “Böyük Britaniya dövlətinin fitnəkarlığı nəticəsində ermənilər və aysorlar Osmanlıya qarşı üsyana qaldılar. Osmanlı dövləti də hücuma keçən erməni və aysorlara qarşı 36 min nəfərlik ordu və kürd dəstələrlə birlikdə əks hücuma keçdi. Nəticədə onlar məğlub olub, İran istiqamətində geri oturtdular. Xoy, Salmas və Urmiya şəhərlərinə aysorlarla yanaşı 50000 erməni axıb gəldi”. (7, s. 87)
Beləliklə, ermənilər yerli əhali olan azərbaycanlıların humanistliyindən istifadə edərək, məqsədli şəkildə Salmasda, eləcə də ətraf qəsəbə və kəndlərdə məskunlaşdılar. Bununla kifayətlənməyən ermənilər azərbaycanlıların köməyini unudub, onlara qarşı soyqırım törətməyi qərara aldılar. 1918-ci ildə ermənilərin Salmasda azərbaycanlılara qarşı soyqırıma başlaması Şəkkak kürd tayfası və erməni-aysor xristian birləşmələrinin arasında baş verən münaqişədən sonra kütləvi hal almağa başladı. Belə ki, Urmiyada 1918-ci ilə fevral ayının 22-dən birləşmiş erməni-aysor silahlı dəstələri tərəfindən başlanan, 3 günü kütləvi olmaqla törədilən soyqırımdan sonra İ.Smitqonun başçılığı altında olan kürdlərin də ermənilərə birləşdirilməsi gündəmə gəlmişdi. Birləşmiş erməni-aysor silahlı dəstələrinin dini başçısı B.Marşimon həmin məqsəd üçün İ.Smitqo ilə Salmas bölgəsinin şəhərlərindən olan Köhnəşəhərdə görüşdü. Lakin İ.Smitqo ermənilərin və Qərb dövlətlərinin həmin birləşdirmə təklifindən məqsədinin yalnız kürdlərin gücündən ermənilərin xeyrinə istifadə etmək olduğunu başa düşdü. Ona görə də B.Marşimonu öldürməyi qərara aldı. İ.Simitqonun açdığı atəş nəticəsində Marşimon yaralandı, Simitqonun qardaşı Əliağa isə atəş açaraq onu dərhal öldürdü (8, s. 78).
İ.Simitqo birləşmiş erməni – aysor silahlı dəstəsinin dini lideri B.Marşimonu 1918-ci il mart ayının 16-da qəsdən Köhnəşəhərdə öldürməyi planlaşdırmışdı. Eyni zamanda bu hadisədən sonra öz silahlı dəstəsinin çox az hissəsini həmin şəhərdə qoyub, özü Çehriqə getdi. Onun B.Marşimonu Köhnəşəhərdə öldürməsinin məqsədi isə erməni-aysor silahlı dəstələrinin Köhnəşəhərə hücum etməsinə nail olmaq idi.
B.Marşimonun qətl xəbəri erməni - aysor silahlı dəstələrinin mərkəzinə çevrilən Xusrovabadda yayılan kimi B.Marşimonun yaxınları, xüsusilə onun bacısı və qardaşı matəmə başladı. Marşımonun bacısı göstəriş verdi ki, “erməni – aysor silahlı dəstənin müəyyən hissəsi B.Marşimonun cənazəsini gətirsinlər. Bu məqsədlə birləşmiş erməni-aysor silahlı dəstələri Köhnəşəhərə hücuma keçdilər. Şəhər əhalisi özlərini müdafiə etməyə məcbur oldular” (8, s. 79).
Birləşmiş erməni – aysor silahlı dəstəsi Köhnəşəhərin müdafiəsini qıra bilmədiyi üçün, Xusrovabaddan yeni qüvvə cəlb edib, bir daha hücuma keçdilər. Lakin yenə də Köhnəşəhər əhalisi xüsusi igidlik nümayiş etdirdi. Gecənin qaranlığında kəskin döyüş gedirdi. Ancaq “Köhnəşəhərdə yaşayan bir nəfər erməninin şəhər əhalisinə xəyanəti və yol açması nəticəsində silahlı erməni-aysor dəstələri şəhərə daxil ola bildilər” (9, s. 728). Erməni və aysor silahlıları tədricən şəhərin içərilərinə irəlilədilər. Köhnəşəhər əhalisi vəziyyəti belə gördükdə daha ciddi şəkildə döyüşüb müqavimət göstərməyə başladı. Lakin bu anda İ.Simitqonun şəhərdə qalan atlıları da qaçdılar. Birləşmiş erməni – aysor silahlıları Köhnəşəhərdə yaşayan ermənilərin köməyi ilə erməni məhəlləsindən keçib bazar yaxınlığında yəhudi məhəlləsinə çatdılar. Onlar divarı deşib, bazara daxil olaraq, mağazalara od vurdular. Beləliklə, birləşmiş erməni – aysor silahlıları şəhərin bir hissəsini işğal edib çox sayda əhalini öldürdülər (8, s. 79).
Erməni-aysor silahlı dəstələri B.Marşimonun cənazəsini gecə ilə Köhnəşəhərdən götürüb Xusrovabada apardılar. Lakin 1918-ci il mart ayının 17-də erməni və aysorlar yenidən Köhnəşəhərə hücuma keçdilər. Köhnəşəhərə yardım qüvvəsinin gəlməsinin, eləcə də əhalinin şəhərdən qaçmasının qarşısını almaq üçün ermənilər Köhnəşəhər-Salmasın yolunu bağladılar. Məqsəd isə azərbaycanlıları tamamilə qətliam etmək idi. Lakin Salmasın mərkəzi Dilmandan Sadıqxanın başçılığı altında az sayda atlı, az miqdarda silah-sursatla artıq Köhnəşəhərə hərəkət etmişdilər. Həmin atlılar erməni – aysor gözətçiləri ilə döyüşərək özlərini Köhnəşəhərə çatdıra bildilər. Köhnəşəhər əhalisi həmin gün də erməni – aysor silahlı dəstəsinin hücumunu ciddi fədakarlıq və müqavimətlə gecə yarılarına qədər döyüşməklə dəf edə bildilər (2, s. 362).
1918-ci il mart ayının 18-də üçüncü dəfə olaraq erməni – aysor silahlıları Köhnəşəhərə hücuma keçdilər. Lakin bu dəfə daha böyük qüvvə və artilleriya ilə şəhəri mühasirəyə alıb, top atəşinə tutdular. Evlərə dəyən top mərmiləri damları dağıdır, əhalini uçqun altında qoyaraq öldürür. Bu hücumda Köhnəşəhərdə çoxlu tələfat oldu. (10, s. 559)
Köhnəşəhərə hücum edən erməni-aysor silahlılarına əlavə köməkçi dəstələr birləşdi. Şəhəri müdafiə edən mücahidlər vəziyyəti belə gördükdə məyus olsalar da, ümidini itirmədilər. Onlar məsləhətləşmədən sonra qərara aldılar ki, tüfəngi olan bütün şəxslər iki nöqtəyə toplaşıb şəhəri müdafiə etsinlər. Həmin yerlərin biri Teymurağa Köhnəşəhəri və qardaşlarının evi, digəri isə Hacı Hüseyn Köhnəşəhrinin evi idi. Teymurağanın evi geniş ev idi. Bu ev “Əmirərrüəyya” ləqəbi ilə tanınan Kərbəlayi Bağırın evinə bitişik idi. (11, s. 157) Mücahidlər bir gün həmin evlərdən bayıra çıxa bilmədilər və oradan hücuma keçən erməni və aysorlarla döyüşdülər. Lakin xristianlara əlavə yardımçı qüvvələr çatdı və bomba hücumu ilə mücahidləri ağır tələfata uğratdılar (10, s. 559-560). Ona görə də mücahidlər Hacı Hüseynin evini tərk edib, Teymurağanın evinə toplaşdılar və bir neçə saat da oradan qəsəbəni müdafiə etdilər. Lakin 6 gün müqavimət göstərdikdən sonra onlara heç bir yardımın yetişmədiyi, silah-sursatlarının və ərzaq məhsullarının tükənməsi, eləcə də ağır tələfat verdikləri üçün şəhəri boşaldaraq, tərk etməyi qərara aldılar. (1, s. 187)
1918-ci il mart ayının 20-də səhər açılmamış sağ qalan əhali bütün əmlakını buraxıb, yalnız ailələrini götürərək, Köhnəşəhəri tərk etməyə başladı. “Didərgin düşən əhali Dilman (Salmasın mərkəzi) və Xoy şəhərlərinə qaçmağa məcbur oldular. Qalanlar isə erməni və aysorların əlinə keçib güllələndilər. Minlərlə günahsız qadın, uşaq və kişi qətlə yetirildi” (8, s. 79). Didərginlərin bəziləri də güllə yarası aldıqları üçün qan itirib və yolda öldülər. Dilmanın erməni və aysorların mühasirəsində olduğu üçün didərginlərin əksəri Xoy şəhərinə hərəkət etməyə məcbur oldu. Lakin yolda erməni-aysor birləşmələrinə rast gəldikləri üçün bir qrupu qətlim edildi. Qalanlar isə özlərini Xoy şəhərinə çatdıra bildilər. (1, s. 187) Köhnəşəhərdən sonra uzaq və yaxın ətraf kəndlərin də əhalisi vəziyyətdən xəbər tutub, qorxuya düşdülər. Onlar da tədricən Salmasa (Dilmana) köçməyə başladılar. (10, s. 559)
Köhnəşəhərin birləşmiş erməni-aysor silahlı dəstələri tərəfindən işğal edildiyi gün qətliam edilən dinc azərbaycanlı qadın, uşaq və qocaların sayının 1000 nəfərdən (9, s. 728) çox olduğu qeyd edilir. Lakin Dilman və Xoy şəhərlərinə sığınana və daha sonra soyqırıma məruz qalan köhnəşəhərlilərin sayının minlərlə olduğu qeyd edilir. Köhnəşəhərə daxil olan erməni-aysor silahlıları isə şəhəri tərk edə bilməyən əhalini soyqırıma məruz qoyub, evləri isə talayıb yandırdılar. Beləliklə, Salmas rayonunun ikinci şəhəri olan Köhnəşəhər erməni-aysor silahlı dəstələr tərəfindən işğal edib dağıdıldı. Əhali isə həm işğal zamanı, həm də sonrakı aylarda soyqırımın qurbanı oldu.
Urmiya və Köhnəşəhərdə birləşmiş erməni-aysor silahlı dəstələrin törətdiyi kütləvi soyqırımdan sonra Salmasda siyasi təşkilatlar və Azərbaycan Demokrat Partiyası mövcud vəziyyətlə bağlı yasa batmışdılar. Onlar gecə-gündüz Dilmanın qiraətxanasında toplantı keçirib, birləşmiş erməni-aysor silahlı dəstəsinin Salmasda da soyqırım törətməsinin qarşısını almaq üçün plan cızırdılar. Azərbaycan Demokrat Partiyası əhalini silah almağa təşviq edərək, bildirirdi ki, Urmiyada baş verən faciə onları qorxutmamalıdır və özlərini qorumalıdırlar... Lakin Salmasın bəzi təcrübəli ağsaqqalları demokratların qeyd edilən fikri ilə razılaşmadılar. Onlar bildirdilər ki, Urmiya kimi böyük şəhər bir gün erməni – aysor silahlı dəstələri qarşısında müqavimət göstərə bilmədi. Salmas hansı güc və yardımla müqavimət göstərə bilər? Urmiya hadisəsindən sonra erməni – aysor silahlılarının sayının çoxluğu əhalini qorxuya salmışdı. (10, s. 592-593)
Urmiya və ətraf şəhər və kəndlərdə birləşmiş erməni-aysor silahlı dəstələrinin törətdiyi qanlı hadisələrindən xəbərdar olan Salmas əhalisi, Tehran, Təbriz və Xoyda məsələni dövlət rəsmilərinə çatdırmaqla yardım tələb etdilər. Beş nəfərdən ibarət heyət Təbrizə göndərildi. Təbriz əhalisi də vəliəhd Məhəmməd Həsən Mirzəyə təzyiq göstərirdilər ki, camaatın yardımına qoşun göndərsin. (11, s. 177)
Salmas əhalisi ancaq dövlətdən yardım gələcəyi təqdirdə müdafiənin mümkün olacağını düşünürdülər. Lakin əhalinin dövlətə ümid bağlaması xam xəyal idi. Dövlət onların yardım tələbinə məhəl qoymurdu. Çünki hərc-mərclik və anarxiya baş alıb gedirdi. Dövlət məmurları yalnız “ciddi tədbir görüləcək” cavabı ilə kifayətlənirdilər. (10, s. 592-593)
B.Marşimonun 1918-ci il mart ayının 16-da qətlindən sonra Salmasın əhalisi şəhərin qapılarını bağlayıb, hər gecə darvazalara gözətçi qoyurdular. Eyni zamanda Dilmanın Köhnəşəhər istiqamətindəki darvazasında yerləşən mərhum Əminərrüəyyanın evində şəhər ağsaqqallarından Abbasağa Hacı Haşımzadənin sədrliyi ilə müharibə komissiyası təşkil edildi. Demokrat Firqəsinin üzvləri oraya toplaşıb, müdafiə məsələləri, eləcə də Təbriz və Xoy şəhərlərindən yardım istəmə məsələlərini müzakirə etdilər. Təbriz və Xoy şəhərlərinə müxtəlif teleqraflar göndərib, təcili yardım və qüvvə göndərilməsini xahiş etdilər. Təbrizdən müsbət cavab gəldi, xoylular da qüvvə göndərməyə söz verdilər. Salmas əhalisi Təbrizdən qüvvə gələcəyinə ümid bağlayıb, gözləməyi qərara aldılar. (10, s. 601)
Azərbaycanın valisi Hacı Möhtəşəməssəltənə demokratlarla qoşunun göndərilməsinə dair müzakirə apardı. Qərara alındı ki, Mərənd silahlı dəstə hissəsinin başçısı Hacı Əhmədxanın Salmasa tərəf hərəkət etməsinə göstəriş verilsin. Eyni zamanda əlavə 100 nəfər bir neçə qatıra bağlanan topla birlikdə Salmasa göndərildi. (2, s. 377) Qaradağdan Əmir Ərşəd də 300 nəfər atlısı ilə köməyə getdi. Lakin bu yardımlar yaxşı silahlanmış erməni – aysor silahlı dəstələrinin qarşısında kifayət deyildi. (12, s. 141) Eyni zamanda demokratlara beş və üç gülləli tüfənglər vermək yerinə köhnə tüstüləyən (berdeniqa) tüfəngləri verilmişdi. Bu da müdafiə işini çətinləşdirdi.
Birləşmiş erməni-aysor silahlı dəstəsi Köhnəşəhərdən sonra Salmasın mərkəzi hesab edilən Dilmana hücum etməyi planlaşdırırdı. Lakin Təbriz və Şərəfxana şəhərlərindən buraya silahlı qüvvə göndərildiyi üçün erməni və aysorlar hücuma keçməyə cürət etmirdilər. Onlar digər ərazilərdən də qüvvələrini buraya toplayıb Dilman əhalisinə təzyiqi artırdı. Daha sonra Dilmana hücuma keçən birləşmiş erməni-aysor silahlı dəstələrinin erməni komandanlarından Samsun qorxuya düşən şəhər əhalisinə şərt qoydu ki, əgər müqavimət göstərmədən təslim olsalar qətliam edilməyəcəklər. (9, s. 731) Erməni və aysorların qəddarlığından qorxuya düşən əhali təslim olmağa məcbur oldu.
1918-ci il aprelin 3-də cilolar (birləşmiş erməni-aysor silahlı dəstəsi-H.S.) Salmasın mərkəzi Dilmana daxil oldular. (11, s. 177) Şəhərə ilk öncə erməni Samsun öz silahlı dəstələri ilə hücuma keçdi, daha sonra isə aysor silahlı dəstələri Dilmana daxil oldu. Onlar Urmiya və Köhnəşəhərdən fəqli olaraq, əvvəlcə öz sözlərini tutdular və qırğına başlamadılar. Yalnız bazarları, evləri talamaq, küçələrdə isə əhalinin geyim və qiymətli əşyalarını soymaqla məşğul oldular. (13, s. 523) Az sayda əhali qətliam edildi. Ermənilərə inanmayıb şəhərdən qaçan əhalinin əksəri isə qarlı və şaxtalı yollarda soyuqdan həlak oldular. (1, s. 190) Salmasın mərkəzi tutulandan bir neçə gün sonra birləşmiş erməni-aysor silahlı dəstələrinə başçılıq edən Ağa Petros az sayda aysor silahlısını şəhərə yerləşdirib, silahlı dəstə ilə Urmiyaya hərəkət etdi. Qaradağdan Salmas bölgəsində Almasaraya gələn Əmir Ərşədin atlıları, eləcə də Xoydan gələn az sayda qoşun hissəsi fürsətdən istifadə edərək aprel ayının 19-da Dilmana daxil oldular. Onlar şəhərdə qalan bir neçə aysor silahlısını da öldürdülər. (9, s. 736)
1918-ci ilin aprel ayının sonlarında Ağa Petros birləşmiş erməni – aysor silahlı dəstələri ilə Urmiyadan Salmasa gələrək, Dilmanı yenidən mühasirəyə aldı. Birləşmiş erməni – aysor silahlı dəstələrinin sayı çoxaldı və kəskin döyüş baş verdi. 2 gündən çox davam edən hücumda Əsəd Humayunun dəstəsi məğlub oldu və böyük bir top da erməni – aysor dəstələrinin əlinə keçdi. (14, s. 261) Birləşmiş erməni – aysor silahlı dəstələri hər tərəfdən yolu bağlayıb, şəhərə hücuma keçdilər. Ələ keçirdikləri böyük topla şəhəri top atəşinə tutdular. Atəş nəticəsində hər dəfə bir bina xarabaya çevrilirdi. Salmasın Səidiyə mədrəsəsi də həmin hücumda dağıdıldı. Çarəsiz qalan əhali bürclərdə özlərini müdafiə etməyə çalışırdı. Axşam müdafiə məsələsi də çətinləşdi və əhali Sədəqian darvazasının arxasında toplaşıb qaçmağa imkan gözləyirdilər. (2, s. 360) Lakin birləşmiş erməni-aysor silahlı dəstələri tam şəkildə şəhəri təcrid edib, şəhərə gələn yolları bağladılar. Giriş-çıxış yollarının bağlayan erməni – aysor silahlı dəstələri şəhəri güclü top atəşinə tutdular. (14, s. 261)
Əhali gecə qaçmağa yol axtardığı zaman birləşmiş erməni-aysorlar silahlı dəstələri Əhrəncan darvazasından şəhərə daxil oldu. Onlar gördükləri hər kəsi öldürür, evləri isə yandırırdılar. Dilməqanı mühafizə edən müdafiəçilər isə Pəyəcik darvazasından geri çəkildilər. Bəziləri bürclərdən özünü yerə atırdılar. Erməni–aysor silahlı dəstələri qaçanları gülləboran edirdi. Şəhər ətrafında cəsədlərdən tərpənmək olmurdu, hətta xəndəklər də dolmuşdu. Gecənin qaranlığında qaçanlar çölə dağılışıb ağlaşmaqda idilər. Onlar piyada olduqları üçün bir fərsəx (hər fərsəx 6240 m-dir – H.S.) yol gedəndən sonra əksəri yorulub gecəni çöldə dağınıq və faciəli şəkildə qarın üzərində keçirməyə məcbur oldular. (11, s. 177)
Əhalinin üçdə ikisi, xüsusilə qocalar şəhərdə qalmağa məcbur olmuşdular. Birləşmiş erməni–aysor silahlı dəstələri hər evin qapısını sındırıb yüzlərlə əhalini kütləvi şəkildə öldürürdülər. Övladı anasının gözü qarşısında, qardaşı qardaşının gözü qarşısında qətlə yetirirdilər. Bəzilərini öldürəndən sonra bədən üzvlərini kəsir, bəzilərini isə odda yandırırdılar. Bir evdə quyudan su çəkən südəmər uşağı olan qadını uşağı ilə birlikdə quyuya salıb öldürdülər. (10, s. 607)
Salmas və Urmiya kəndlərində divarları deşərək azərbaycanlı qadınların və kişilərin başını deşiyə keçirib, daha sonra öküzə bağlayaraq bir hərəkətlə başlarını bədənindən qoparırdılar. Hələ də həmin şəhidlərin sümüklərinin qalıqlarını Salmas kəndlərindəki kütləvi qəbiristanlıqlarda müşahidə etmək mümkündür. (2, s. 381)
Salmas əhalisinin bir qrupu məscidin hörmətinin saxlanacağını düşündükləri üçün məscidə sığındılar. Lakin Dilmanı tutulduqdan sonra məscidə sığınanlar da gülləboran edildilər. O gündən sonra həmin məscidin adı “qanlı məscid” kimi qalıb. (2, s. 381)
Dilmandan və ətraf ərazilərdən 40 min nəfəri əsir götürüb, cəsədlərin üzərindən keçirməklə bir həftə Nəftvan və Qalada ac saxladıqdan sonra ac-yalavac səhralığa buraxdılar. Onların çoxu Nəftvan xarabalıqlarında aclıqdan və soyuqdan öldü. Diri qalanlar qürbət diyara – Güney mahalına (Şəbistər ərazisi – H.S.) doğru irəlilədilər. Çöldə ayaqyalın və çarəsiz hərəkət edən həmin azərbaycanlıları isə kürdlər hücuma keçib geyimlərini soyundurub talamaqla qətliam etdilər. (15, s. 349)
Erməni və aysorların törətdiyi soyqırım nəticəsində yaranan antisanitar şərait isə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxardı. Salmas bölgəsində soyqırımdan canını qurtarıb Xoy şəhərinə sığınan 40 min nəfər didərgindən isə buraya ermənilərin hücumu və yayılan yoluxucu xəstəliklər nəticəsində 30 mindən çoxu həlak oldu. Cənazələri yollar, küçələr və məscidlərdən arabalarla çəkib aparırdılar. Cənazələrin çoxluğundan qüsl və kəfən etmədən onları çuxur yerlərdə basdırırdılar. Şəhərin tanınmış əhalisindən ölən olurdusa, dörd hambal cənazəni qəbiristanlığa aparırdı. Qonşunun qonşudan xəbəri olmurdu. Ölülərə hörmət də yox idi. Cənazələr küçələrdə, evlərin qapıları bağlı qalmışdı” (3, s. 479).
Salmas bölgəsinin mərkəzi Dilman, eləcə də Köhnəşəhərdən başqa, bölgənin Urmiyadan Xoy bölgəsinə qədər bütün böyük və kiçik qəsəbə və kəndlərinin əhalisi də soyqırıma məruz qaldı. Birləşmiş erməni-aysor silahlı dəstələrinin Salmas rayonunun şəhər, qəsəbə və kəndlərində törətdikləri soyqırım nəticəsində bölgə əhalidən tamamilə boşaldı. Ona görə də soyqırımdan sonra İranın nazirlər kabineti hətta Arazın şimalından, o cümlədən Lənkəran ərazisindən mühacirlərin və əhalinin bir qrupunu, Salmasa, eləcə də Urmiyaya köçürülməsi ilə bağlı layihə hazırlamışdı. (2, s. 406)
Ümumilikdə isə İran dövlətinin yaratdığı komissiyasının hesabatına görə 1918-ci il 22 fevraldan başlayaraq avqust ayına qədər davam edən soyqırım nəticəsində Cənubi Azərbaycanın qərb bölgəsində 200 minə (16, s. 230) qədər günahsız azərbaycanlı soyqırım qurbanı olmuşdur.
İstifadə olunmuş ədəbiyyat
توحید ملکزاده دیلمقانی، سلماس در سیر تاریخ و فرهنگ آذربایجان، جلد اول، 1378، تبریز انتشارات الدار، 286 ص
توحید ملیکزاده، تاریخ ده هزار ساله سلماس،و غرب آذربایجان، تبریز، 1384، انتشارات الدار تبریز، 700ص.
محمد امین ریاحی، تاریخ خوی (سیر تحولات اجتماعی و فرهنگی شهرهای ایران طی قرون)، تهران، 1378، انتشارات طرح نو، 602 ص.
Nəcəfli G. Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı (1917-1918). (ATASE sənədləri əsasında), Bakı: “Azərbaycan Tarixçiləri” İB, 2015, 112 s.
Osmanlı belgelerində ermeni-rus ilişkileri (1899-1906), II, Ankara, 2006, 221 s.
دکتر جان الدر، تاریخ میسیون آمریکایی در ایران، مترجم سهیل آذری، انتشارات نورجهان، تهران، 116 ص.
منشی. س. امیره، حقوق پایما شده آسوریها بدست دولت بریتانیا، تهران، انتشارات اشتار، 1362، 145 ص.
مجتبی آزادی، تاریخ قتل عام مسلمانان آذربایجان توسط جلوها، ارومیه، 1369، انتشارات حسام الدین چلبی، 254 ص.
سيد احمد كسروي «تاريخ 18 ساله آذربايجان » چاپ 5، نشر امیرکبیر ، تهران 1350، 919 ص.
تحولاتغربآذربایجانبهروایتاسنادمجلسشورایاسلامی،دورههایسومتاپنجم،بهکوششعلیططری،رحیمنیکبخت،تهران، 1390،کتابخانهموزهومرکزاسنادمجلسشورایاسلامی، 735 ص.
Məlikzadə Dilməqani T. Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində – soyqırım. Tərcümə: C.Mirzəyeva, Bakı, 2010 Bakı, Çap evi, 259 s.
سرهنگ بایبوردی، تاریخ ارسباران، انتشارات کتابخانه ابن سینا، تهران، 1341، 301 ص.
علی دهقان، سرزمین زرتشت رضائیه، انتشارات ابن سینا،تهران، چاپ اول 1348، 1017 ص
احمد کاویان پور، تاریخ عمومی آذربایجان، موسسه انتشارات آسیا، تهران، 1346، 408 ص.
عباس نبیی و سلمان نبیی، تسوج در گذر تاریخ (با نگاهی اجمالی به تاریخ، جغرافیا و فرهنگ منطقه شبستر (ارونق و انزاب)، پاییز 1382، تسوج، موسسه مطبوعاتی و کتابفروشی خوش نیت، 596 ص.
رحمت الله خان معتمدالوزاره، ارومیه در محاربه عالم سوز، به کوشش کاوه بیات، نشر پژوه شیرازه، تهران 1379، 585 ص.
Açar sözlər: Cənubi Azərbaycan qərb bölgəsi, soyqırımı, Urmiya, Salmas, erməni, aysor, Dilman, Köhnəşəhər
1918-ci ildə Salmasda azərbaycanlıların soyqırımı
1918-ci ildə ermənilər Azərbaycan Respublikasının müxtəlif bölgələri və Anadolunun şərq hissəsi ilə yanaşı Cənubi Azərbaycanın qərb hissəsində də azərbaycanlıları soyqırıma məruz qoydular. Cənubi Azərbaycanda azərbaycanlıları soyqırıma məruz qoymaq üçün aysorlar da ermənilərə birləşdirildi və birləşmiş erməni-aysor silahlı dəstəsi yaradıldı. Bu soyqırımdan məqsəd isə Azərbaycan ərazisində “Böyük Ermənistan” yaratmaq idi. Cənubi Azərbaycan qərb hissəsində soyqırımın həyata keçirildiyi bölgələrdən biri də Salmas bölgəsi idi. Burada on minlərlə günahsız azərbaycanlı Dilman, Köhnəşəhər və ətraf qəsəbə və kəndlərdə soyqırıma məruz qaldı. Ümumilikdə isə Cənubi Azərbaycanın qərb bölgəsində 200 minədək azərbaycanlı soyqırımın qurbanı oldu.
Key words: West region of the South Azerbaijan, genocide, Urmiya, Salmas, Armenian, Aysors, Dilman, Kohnesheher
The genocide of Azerbaijanians of Salmas in 1918
In 1918, Azerbaijanians were under genocide the genocide of Armenians in different regions of Azerbaijan Republic as well as the eastern part of Anadolu and the western part of South Azerbaijan. Assyrians and Armenians were unified with Armenians to take Azerbaijanians under genocide in South Azerbaijan, and united Armenians Assyrian armed groups were created. The propose of this genocide was to establish “Great Armenia”. One of the western parts of South Azerbaijan which was under genocide was Salmas. In Salmas, thousands of innocent Azerbaijanians of Dilman, Kohnesheher and of the villages and towns around were under genocide. Generally, they made genocide of 200 thousands Azerbaijanians in the western part of South Azerbaijan.
Həsən Səfəri Əli oğlu
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşı
Baxış sayı: 2 774