Bu sırada Azərbaycan xalqının taleyinə nəzər saldıqda aydın görmək mümkündür ki, tarixən soydaşlarımız vətən, qürbət, yurd ağrı-acıları ilə baş-başa qalmış və bu səbəbdən ədəbiyyatımızda vətən həsrəti, qürbət nisgili, yurd yaddaşına bağlı notlar əhəmiyyətli yer tutmaqdadır. XIX əsrin sonu XX əsrin əvvəllərindəki ictimai-siyasi hadisələrlə əlaqədar olaraq eyni taleyi yaşayan azərbaycanlı mühacirlər sırasında böyük bəstəkar və ictimai xadim Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəylinin (3 fevral 1891-2 oktyabr 1962) özünəməxsus yeri vardır.
Onun adı və əsərləri SSRİ hakimiyyəti illərində ictimaiyyətə geniş tanıdılmayıb, siyasi senzuranı həmişə milli düşüncə dövriyyəsindən kənarda saxlayıb. XX əsrin əvvəllərində mətbuat, ədəbiyyat və mədəniyyət aləminə gələn Ceyhun bəy Hacıbəyli yaradıcılığa publisistika ilə başlayıb, özünün çoxsaylı məqalələri ilə milli fikir və ideologiyanın təkmilləşməsində fəal rol oynayıb. Onun "Kaspi" (rus dilində), "Həqiqət" qəzetlərində dərc etdirdiyi məqalələri bu qənaəti birmənalı söyləməyə ciddi əsas verir.
"Həqiqət" qəzetində publisistik silsilə kimi dərc olunan "Avropa məktubatı"nda C.Hacıbəyli milli maarifçilik, məişət mədəniyyəti, milli adət-ənənələr, ədəbiyyat və mətbuat məsələlərinə aydınlıq gətirir, Avropanın müasir mütərəqqi inkişaf meyllərini təbliğ edir, həmvətənlərimizin ədalət, cəhalət, xürafat və dini fanatizmdən qurtuluşunu vacib vəzifə sayırdı. Bunun üçün Avropa və Azərbaycan gerçəkliyi arasında tarixi-müqayisəli təhlil aparan C.Hacıbəyli qurtuluşun əsas vasitələrindən hesab etdiyi ədəbiyyat və mətbuatın əhəmiyyətini xüsusi olaraq vurğulayırdı.
Mövcud milli yaşantı tərzini tənqid edən C.Hacıbəyli qəzet və jurnalın ictimai faydalı tərəflərinə şərh verir, bunların siyasi şüur formalaşdırmasını nəzərə çatdırırdı. O yazırdı: "Avropalılar öz xüsusi ev və ailə məsələlərindən başqa siyasiyyatı dəxi yemək-içmək kibi özlərinə fərz bilirlər. Aləmi-siyasiyyatdan agah olub həm öz vətəninin və həm də əcnəbi məmləkətlərin nə tərzdə müvazinə etməsini bilmək Avropada ümumi şərtlərdən biridir.
Odur ki, mütəəddid (çoxlu) qəhvəxanələr sübhdən gecə yarısınadək müxtəlif adamlar ilə doludur. Burada hər bir silk, hər bir sinfıyyə nümayəndəsi tapılar: doktor, mühəndis, zabit, tacir, tələbə, baqqal, vəkil və qeyrə-hamısı gündə bir dəfə də olmuş olsa gərək qəhvəxanəyə bir baş çəksin.
Böylə güman etməyin ki, qəhvəxanəyə keyf və ya qəhvə içmək üçün gediyorlar! Xeyr! Böylə şeylər ancaq bizlərdə istemal olunur ki, çayxanalara gedən ya qumar oynayacaq və ya başqa "keyflər" ilə gününü keçirəcək.
Lakin burada qəhvəxanalar, demək olar ki, "siyasiyyatxanə"lərdir ki, orada hər bir qəzetə və jurnallar mövcuddur. Bir stəkan qəhvə içib də 20-30 qəzetə və jurnalı oxuya bilərsən.
Amma bizim çayxanalarda adamın qabağına qəzetə və jurnal əvəzinə dördaşıq ilə nərtaxta və kart qoyurlar" ("Həqiqət" qəzeti 25 dekabr 1909, №1).
C.Hacıbəyli mətbuat vasitəsilə milli-siyasi şüurun formalaşdırılması məsələsinə xüsusi diqqət yetirir, abunəçi-müştəri qıtlığından əziyyət çəkən Azərbaycan mətbuatının problemlərini yaxından bildiyinə görə əhalinin, xüsusən gənc nəslin qəzet və jurnala meylini artırmağı təxirəsalınmaz vəzifələrdən sayırdı. Avropalıların həyat tərzi və gündəlik məşğuliyyətində bəhs açan C. Hacıbəyli yazırdı ki, "bunlar çörək əvəzinə qəzet yeyirlər". Obrazlı deyilən bu fikrə aydınlıq gətirən publisist "Avropalıların məişət və güzəranları və xalq və xasiyyətləri haqqında" yazırdı: "Buranın qəhvəxanələrində adamlar cəm olub həm dünyada nə olmağından agah olurlar və həm də bir-birilə üns tapıb gözümüzün önündə icra edilən siyasiyyatı müzakirə edirlər. Baxırlar görək vətənlərinin səadət və rifahətinə xələl yetirəcək bir şey filan yoxdurmı ki, haman dəm önünü alsınlar.
Hətta qəhvəxanənin qapısında küçədə faytonunu saxlayan faytonçu qozlidə əgləşib qəzetə mütaliə eliyor və öylə bir diqqətlə oxuyur ki, adam faytonuna minib əl ilə tərpətməsə, xəbərdar olmuyor. Balaca-balaca uşaqlar, küçə ilə cəhd getdikləri əsnada qəzetə əllərindən düşmüyor. Bir restorana gedib nahar etsəniz, görərsiniz ki, avropalı nahar üstündə dəxi qəzetə ilə üzünü örtmüşdür. Bir loxma çörək arasında genə qəzetə mütaliə eliyor. Böylə ki, deyə bilərsiniz ki, bunlar çörək əvəzinə qəzetə yegirlər.
Qəzetə satanlar müştəri üçün bulurmuyor. Müştərilər qəzetə satan üçün yügürürlər. Qəzetə satanın başına milçək qənd üstünə yığılan kimi cəm olur. Odur ki, Vyanada məşhur "Vyafri Press" qəzetəsinin bir milyondan çox müştərisi vardır.
Ondan savayı Vyanada 20-30-dək qəzetələr nəşr olunur ki, hərəsinin 20 mindən-yarım milyonadək müştərisi vardır. Hələ bu öylə bir yerdə ki, hamı qəhvəxanələrdə və başqa yerlərdə qəzetə oxumağa imkan yardır" ("Həqiqət" qəzeti 25 dekabr 1909, №1).
Göründüyü kimi C.Hacıbəyli mətbuatın ictimai rolu və faydasına mühüm əhəmiyyət verir, "qəzetə satanın başına milçək qənd üstünə yığılan kimi cəm olan" bir cəmiyyətin mütaliə həvəsini ümumxalq maarifçiliyinin əsası kimi qiymətləndirirdi. O göstərirdi ki, mətbuatın yaşaya bilməsi müştəriyə, abunəçiyə bağlıdır. Onun Avropadakı qəzetlərin tirajı haqqında söylədiyi rəqəmləri oxuyanda XX əsrin əvvəllərində Azərbaycanda abunə üçün bölgələrə səfər edən redaktorların taleyi yada düşür və "qaranlıq gecədə bir-birinin ardınca yanıb sönən" (Abdulla Şaiq) milli mətbuat orqanlarını xatırlamaq lazım gəlir. C.Hacıbəyli mətbuatı "yeddinci dövləti əzimədir"- deyə qiymətləndirən avropalıların həyat təcrübəsinə istinad etməyi vacib bilir və göstərirdi ki, top-tüfəngin görmədiyi işi mətbuat ilə görmək mümkündür. Bu vaxtından dünya təcrübəsini xüsusən də Avropa və Amerika mətbuat tarixini örnək kimi qiymətləndirən C.Hacıbəyli "Mətbuat xəlayiqin səsi və rəyidir" deyir və yazırdı: "Avropalılar mətbuatı böylə bir şərafətdə turular və gərəkdə tutsunlar. Çünki mətbuat-yeddinci dövləti-əzimədir. Mətbuatın etdigi işi top, tüfəng edə bilməz. Avropada mətbuat vasitəsilə iş görüyorlar.
Öz milləti ucundan şəhid olan ispaniyalı Ferrir Runun biinsafən öldürülməsinə qarşı cümlə dünyanı: Avropanı, Amerikanı, Afrikanı, hətta Avstraliyanı böylə həyəcanə gətirib, bu bimürvəvvət işə qarşı minlərcə protesto nümayişləri icra edib və hətta bir adamın qətli üçün böyük bir dövlətin mallarını boykotaja etdirən (dəvət etdirən) qüvvət - mətbuat olmuyub nə oldu?!
Bəli, çünki mətbuat xəlayiqin səsi və rəyidir. Bunun üçündür ki, burada hər bir şey, nəinki pis və murdar, bəlkə nahəmvar köntü olan bir hadisəyə haman dəm çarə tapıb onu düzəltdirirlər. Daha başlı-başına buraxmıyorlar" ("Həqiqət" qəzeti 25 dekabr 1909, №1).
Mətbuatda fikir mübadiləsini və diskussiyaların ictimai əhəmiyyətini vurğulayan C.Hacıbəyli onun siyasi dəyərini də yüksək qiymətləndirir, qəzet və jurnal vasitəsilə tərbiyə alan kütlənin intellektual cəmiyyət qura biləcəyinə diqqət yönəldir, Avropada olduğu kimi uşaq yaşından əhalinin mətbuata meyl göstərməsini vacib sayırdı. O bildirirdi ki, yalnız bu yolla "sadiq və ciddi vətən oğlu" yetirmək mümkündür. Avropanın mövcud həyatını müşahidə edən C.Hacıbəyli yazırdı: " Avropada 12 yaşında uşaq sənə hər bir siyasi məsələlərdən bəyanat verər, öz vətənində nə qədər siyasi fırqələr vardır, onların başçıları kimlərdir və axırda hansı tərəf qalib gələcəkdir hamısını xəbər verir.
Bunlar böylə tərbiyə alırlar.
Güman etmiyin ki, bu tərbiyəni ona məktəbdə ögrədirlər! Xeyr!
Bunu özü qəzetələrdən oxuyur və ya ata-anası oxuduğu qəzetədən eşidir və uşaqlıqdan qulağı böylə siyasiyyat ilə dolur ki, böyüyəndə dəxi ondan sadiq və ciddi bir vətən oğlu çıxır" ("Həqiqət" qəzeti 25 dekabr 1909, №1).
C.Hacıbəyli Azərbaycanda ictimai-mədəni, eləcədə siyasi həyatda islahatların tərəfdarı kimi çıxış edir, ölkəsinin Avropa dəyərlərinə sahib olmasını arzulayır, mühafizəkar qüvvələrin ifşasına çalışırdı. Bunun üçün o, böyük ziyalılar ordusuna arxalanır, demokratizmi fəaliyyət strategiyası seçən "Füyuzat" "Molla Nəsrəddin" jurnalistika məktəblərindən faydalanır, yeni mədəniyyət quruculuğu hərəkatının önündə getməyə çalışırdı. Buna görədir ki, o böyük Azərbaycan demokratı C.Məmmədquluzadə kimi "elmsizlik, dilsizlik, vətənsizlik" əleyhinə barışmaz mübarizə aparır və bu ümumxalq faciəsinin əsas səbəbinin əsrlərdən bəri formalaşan qəflət olduğunu müəyyənləşdirirdi. O deyirdi: "Biz gözümüzü açdıqda başqa şeylər, başqa dünya görürük... Məgər bu ömürdür ki, biz aparıyoruz? Əstəğfirüllah! Bu ömür degil, bu bir yükdür öz boynumuza qoymuşuq, bu qəflətdir!
Əgər mən səhv ediyoramsa gözlərinizi açıb bir dörd tərəfinizə baxın, görünüz ki bir tərəf rifah və səadətdə və o biri tərəf xar və zəlalətdə!
Birincilər - avropalılardır, ikincilər biz, müsəlmanlarız! Onları böylə bir tərəqqi və təali pilləsinə çıxardan nə olmuşdur?-Mədəniyyət, mədəniyyət və mədəniyyət!
Haman mədəniyyət ki, biz onu lazımsız bir şey bilib atırıq, istəmirik... İştə haman mədəniyyətdir ki, avropalıları cümlə dünyaya müsəllət edib onları hər bir cəhətdən bizdən əfzəl etmişdir. Nə üçün bunu düşünmək istəmirik? Yoxsa xidmətçilik bizim qanımızda vardır..." Dağıstani (Ceyhun Hacıbəyli) Vyana ("Həqiqət" qəzeti 25 dekabr 1909, №1).
Göründüyü kimi, tarixən qanımızda kök salan qəflət və xidmətçilik-nökərçilik psixologiyasının əleyhinə çıxan C.Hacıbəylinin arzuları -
Turana qılıncdan daha kəskin,
ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət,
mədəniyyət!
- fikri ilə üst-üstə düşür, görkəmli publisistin yaradıcılığını ümummilli, ədəbi-mədəni hərəkat məcrasında qiymətləndirməyə ciddi əsaslar verir. İctimai-siyasi fəaliyyətini mətbuatla sıx əlaqə saxlayan C.Hacıbəyli istər redaktorluq işində, istərsə də silsilə publisistik yazıları və bədii əsərlərində milli-mənəvi dəyərlər, müstəqil, suveren dövlət, azad vətəndaş ideyasını ön plana çəkir, ölkəsi və həmvətəninin qayğılarını əks etdirirdi: 1918-ci il sentyabrın 15-də Gəncədə ilk nömrəsi nəşr olunan "Azərbaycan" qəzetinə redaktorluqdan tutmuş mühacirətdəki son yazılarından hər bir qələm nümunəsi deyilənləri təsdiq edir. Ayrıca onu da qeyd etmək lazımdır ki, C.Hacıbəylinin AXC-yə qədərki publisistikasında milli-maarifçilik, məişət və mədəniyyətdə islahatlar, yeniləşmə və müasirlik duyğusu, bədii sənətkarlıq axtarışları yaradıcılıq keyfiyyəti kimi ön plandadır. Lakin AXC-dən sonra bu özəlliklər arxa plandadır və onun publisistikasında siyasi düşüncə, istiqlal uğrunda mübarizə, Azərbaycanın tarixi və müasir vəziyyəti ilə bağlı təbliğat işi bolşevizm və kommunizmə qarşı demokratik düşüncənin yürüdülməsi mühüm əhəmiyyət daşıyır.
Ömrünü mühacirət acıları içərisində keçirən Ceyhun bəy Hacıbəylinin mətbuat və publisistikaya bağlılığı onun taleyi və şəxsiyyətini əks etdirmək baxımından maraqlıdır. Qardaşı Üzeyir Hacıbəyli ilə birgə gənclik illərindən mətbuata böyük rəğbət göstərən Ceyhun bəy Hacıbəyli XX əsrin əvvəllərində müxtəlif mətbuat orqanlarında şeir və məqalələrlə çıxışlar etmiş, elm-təhsil, maarif barədə mülahizələr söyləmiş, dövrünün müvəqqəti inkişaf meyllərini tərənnüm etmişdir. Onun milli mətbuata birmənalı bağlanması 1918-ci ildə sentyabrın 15-də Gəncədə nəşr olunan "Azərbaycan" qəzeti ilə başlayır. Əvvəlcə 14 sayı Gəncədə nəşr olunan həmin qəzet Bakıya köçdükdən sonra da C.Hacıbəyli burada redaktor kimi çalışır və AXC-nin Avropaya göndərdiyi nümayəndə heyətinin üzvü olur, nəhayət Cümhuriyyətin süqutu səbəbindən mühacir həyatını Fransada yaşamağa məcbur olur. Bütün həyatı boyunca Azərbaycanı tanıtma yolunda çalışan C.Hacıbəylinin fəaliyyətinin və yaradıcılığının mahiyyətində publisistika əsas əhəmiyyəti təşkil edir. Belə ki, xalqı, vətəni, tarixi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı tale borcu sayan C.Hacıbəyli müstəqilliyi əlindən alınan xalqının və vətəninin azadlığını düşünür, onun Sovet imperatorluğundan qurtuluşunu məqsəd sayır, dünyada və xüsusən "Avropada dolaşan kommunizm kabusu"nun (K.Mars) törətdiyi bolşevizm taun və terroruna qarşı mübarizə aparanların sırasında özünəməxsus yer tuturdu. Elə buna görədir ki, C.Hacıbəyli mühacirətdə qurulan istiqlal təşkilatlarının işində fəal iştirak edir, həm siyasi görüşləri, həm də bədii-publisistik yazıları ilə xalqı və ölkəsinin azadlığı uğrunda mübarizə aparırdı. Onun Qafqaz mühacirləri tərəfindən yaradılan "Prometey", "Qafqaz İstiqlal Komitəsi", "Qafqaz Konfederasiyası Şurası"nın işində yaxından iştirak etməsi, məqalələri ilə Qafqaz xalqlarının birlik və bərabərlik ideyasını yürütməsi, onların müstəqillik haqq və hüquqlarının qorunmasına çalışması deyilənlərə aydınlıq gətirir.
Deyilənləri C.Hacıbəylinin Rusiya demokratları hansı məqamlarda bolşeviklərələ qovuşurlar? Paris, 1953 Şimali Qafqaz və Azərbaycan. "Qafqaz almanaxı", 1936 Mənəvi parkt. "Qaqaz almanaxı", 1936 Visabdendən-Ştamberqə. "Azərbaycan" (Münhen), 1952, №3 Koordinasiya mərkəzi. "Azərbaycan" (Münhen), 1953, №6-7 adlı məqalələri aydın şəkildə təsdiqləyir. Avropada SSRİ əleyhinə mübarizə aparan və antisovet mühacirlərin təşkilatlanması işində fəal çalışanların sırasında C.Hacıbəyli publisistik mülahizələri ilə seçilir və demokratik dünyanın siyasi-hüquqi təcrübəsini təbliğ edirdi. Məqalələrində milliyyəti, dini fərqlərindən asılı olmayaraq mühacirlərin birliyi və vahid cəbhədə mübarizəsi ideyasına haqq qazandıran C.Hacıbəyli Ştramberqdəki kontran təəssüratını belə şərh edirdi: " Ştramberqdəki bu dəfə dörd rus və altı qeyri-rus təşkilatı görüşdü. Müşavirə ümumən, sülhpərvər bir atmosferdə keçdi. Yenə də ümumi ünvan məsələsi gələcək plenuma buraxıldı, komissiya seçildi ki: birisi siyasi digəri isə radio işlərini yürüdüb, cari işlərin aparılması üçün dərhal fəaliyyətə keçdi. Hər iki komissiya hələ fəaliyyətdədir. Bu günlərdə əsl məsələlərin necə həll olunması xüsusunda siyasi komissiya toplantıya dəvət edildi və bu xüsusda hər bir fıkirlər dinlənildi. Təəssüf ki, bir qərar çıxarmaq mümkün olmadı, məsələ gələcək plenuma həvalə edildi.
Müsbət bir məsələ həll edildisə də, o da radio stasionunun irəliləməsidir. Radio komissiyası bu yolda ciddi surətdə çalışır və bəlkə də bu yaxında yurddaşlarımızla şifahi şəkildə dərdləşə bilərik. Ümumi mərkəz olarmı və ya olmazmı, buna yüz faiz nə hə və nə yox demək qeyri-mümkündür, lakin radio ilə təbliğatımızın davamı artıq yüz faiz təmin edildi. Təbii, ruslarla müəyyən şərait daxilində anlaşmağı biz də istərdik. Bu, bizim üçün indidən bir qarantiyadır. Lakin nə etməli? Bu anlaşma mümkün olmasa da, əldə etdiyimiz müsbət nəticələr az deyildir: bu gün məmləkətimizi və millətimizi Batı demokratiyası daha da çox tanıyar və bəşəri hüquqlarımızı müdafiə edər.
Təbliğatımız qüvvətlənir və yurddaşlarımızın yaxın zamanda ən dəhşətli bir əsarətdən qurtaracaqlarına imanları artar" ("Azərbaycan"jurnalı, iyul 1952-ci il, №3).
C.Hacıbəylinin mühacirətdə qələmə aldığı əsərlərinin janr müxtəlifliyinə baxmayaraq burada əsas qəhrəman Azərbaycandır. Onun hekayə, pyes, məqalə və başqa əsərlərində Azərbaycan coğrafiyası, onun əzabkeş insanı, təbii sərvətləri, tarixi, mədəniyyəti və s. böyük rəğbətlə xatırlanır, bu zəngin Şərq ölkəsinin müstəqillik ideyası tərənnüm olunur. Azərbaycan mühacirətinin Parisdə məskunlaşan üzvləri sırasında mühüm yer tutan C.Hacıbəyli də ölkəsinin tanıdılması yolunda ciddi addımlar atır, Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk müstəqil demokratik dövlət olduğunu dünyaya tanıtmağı müqəddəs vətəndaşlıq vəzifəsi sayırdı. Bu mənada Ə.Topçubaşovun xidmətləri ilə eyni sırada dayanan C.Hacıbəylinin "İlk müsəlman respublikası Azərbaycan" adlı məqaləsi diqqətəlayiqdir. Publisist Azərbaycana bağlı duyğularını ifadə etməklə məhdudlaşmır, öz ölkəsi və xalqı haqqında ətraflı məlumat verir, onun "hüzr yaşamaq" və dünyaya olduğu kimi tanıdılmaq imkanlarını bəyan edirdi. C.Hacıbəylinin Münhendə nəşr olunan "Azərbaycan" jurnalında (1952, №2) dərc etdirdiyi "28 May hissiyyatı" məqaləsi deyilənlərə parlaq sübutdur. Eyni istiqamətdə düşüncələrini bölüşən C.Hacıbəyli "Azərbaycan" (Münhen) jurnalının 1953-cü il tarixli 12-ci nömrəsində yazırdı: "O mənhus 28 aprel günündən bəri Azəri milləti öz milli bayramını yalnız qəlbində qeyd etməyə məcbur qalmış, mühacirətə qaldıqda, bizlər də bu bayramı ümid və iztirablar içində qeyd etmək məcburiyyətindəyik... bəzən oturduğumuz isti künclər bizimi hissiyyatımızı korlaşdırır. "O qədər ümidsizliyə düşməyəlim... min cür fədakarlıq nəticəsində əldə etdiyimiz neməti birdən-birə qeyb etdik. Əvət, istiqlahmızı bir rahatlıqla qazanmadıq. Parlament rəisi rəhmətlik Həsən bəyin söylədiyi kimi, "başqaları yüz il ərzində vermiş olduqları qurbanları biz bir il ərzində verdik". Rahatlıqla itirdiyimiz yurdumuzun istiqlalı üçün daha nə qədər qurbanlar verəcəyik - bunu Allah bilir. Hər halda, bizə düşən vəzifə bu qurbanları mümkün dərəcə azaltmaq və bəlkə də məsələni qan tökməməklə həll etmək: zatən 27 Aprel faciəsindən bəri millətimizin qanı axmaqda davam edir, tənəffüs yox..."
Paris sülh konfransına gedən nümayəndə heyətinin üzvü C.Hacıbəyli mühacirətdə yalnız publisist yazıçı olaraq fəaliyyət göstərmir, həm də ictimai-siyasi xadim kimi tanınır, xalqı, vətəni və dövlətinin beynəlxalq hüquqlarının qorunmasını tələb edirdi. O fəaliyyətinin istiqamətindən və məzmunundan asılı olmayaraq mətbuat və jurnalistikaya mühüm əhəmiyyət verir, siyasi publisistikanın gücü ilə məqsədinə çatacağına inanırdı. Nəticə belə də oldu. Tarixin təsdiqlədiyi nəticə indi göz qabağındadır. Ölkəsində olduğu kimi mühacirətdə də demokratik mətbuata arxalanan publisist siyasi haqq və hüquqların qorunması, Azərbaycanın təbliği, dünyaya tanıdılması üçün ictimai fikir institutu olan dördüncü hakimiyyətin rolunu yüksək qiymətləndirirdi. Azərbaycan sülh missiyasının üzvü C.Hacıbəyli Fransadakı mətbuat və publisistik fəaliyyətinə aydınlıq gətirərək yazır: "Missiyamızın üç aydan sonra bitəcəyini zənn edirdik.
Parisə gələr-gəlməz yenə "Azərbaycan" ismində fransızca olaraq aylıq bir bülleten nəşr edərək, Avropa əfkari-ümumiyyəsini məmləkət və millətimizə dair zəngin məlumat verərək anladırdıq. Bu bülleteni 11 nüsxə çıxara bildik.
Gərək biz və gərəksə vətəndə qalanlanmız üç ay müddətin uzanması sonunda günləri çox uzun görürdük. Bilmirdik ki, bir çoxumuz gözəl vətənimizi bir daha görməyəcəyik.
Şimaldan gələn qara dalğa torpağımızı silib-süpürdü. Nəcib Azərbaycan-türk milləti yabançı bir pis düşmən əlinə keçdi. 27 nisan (aprel) faciəsinin təfərrüatı gələcək Azərbaycan tarixində qara bir səhifə tutacaq, o faciənin təhlilinə vətəndə başlamaq üçün indilik açıq yaramızı qurdalamağı özümüzə rəva görmədiyimizdən sükut edirik" (C.Hacıbəyli "Azərbaycan" davam ediyor. "Azərbaycan", Münhen, №1,1951).
C.Hacıbəylinin mühacirətdəki publisistika məqalələri və bədii əsərlərində xatirə-memuar elementləri ilə AXC nostalji və müstəqil Azərbaycan idealı vəhdətdə ifadə olunur. Bu mənada milli tarix və müasir həyat faktlarını eyni müstəvidə təhlil edən C.Hacıbəyli mühacirlər arasında yaranan müxtəlif fikir təməyüllərini birləşdirməyi vacib bilir, siyasi birgə- partiya təəssüblərini azad Azərbaycan idealına tabe tutmağa çağırırdı. Bu məsələnin xüsusən mühacirətdə aktual olduğunu görən C.Hacıbəyli yazırdı "Məqsədimiz Milli Birliyi qurmaqdır və birlik mühacirətdə başlamalıdır. Bütün azərbaycanlıları istisnasız bu birliyə dəvət edirik.
Zatən "Azərbaycan" başlanğıcda həmin birliyin simvolu idi. "Azərbaycan" bir firqənin, bir sinrin və ya bir kastanın orqanı deyildi. "Azərbaycan" milli bir orqan idi və felən rəsmi hökumət heyətinin rəy və mülahizəsini izhar edəcəyinə, öz yolunu sərbəstcəsinə cızıb, öz qənaətini bəyan edərdi.
Bu xüsusda vaxtında nəşriyyat işləri ilə məşğul nazirlərimizdən rəhmətlik Nəsib bəyin geniş nəzərliyini, təbiətinin nazikliyini və ona məxsus məlumatlılığını hörmətlə yad edək. Özü fırqəçi olduğu halda, hökumətin rəsmi orqanını firqəçi olmayan bir şəxsə həvalə etməsi həddi-zatında bir simvolik jest idi. Onun üçün millət firqənin önündə gəlirdi. Halbuki şimdiki firqəçilər bəzən firqə təsirini o qədər irəli götürdülər ki, milləti adətən unutdular" (C.Hacıbəyli "Azərbaycan" davam ediyor. "Azərbaycan", Münhen, №1, 1951).
Burada Azərbaycan mühacirətinin tarixinə bağlı bir məqamı da ayrıca vurğulamaq lazımdır. AXC-nin süqutundan sonra əsasən Türkiyə və Avropada məskunlaşan mühacirlər arasında şəxsi keyfiyyət və münasibətlər, partiya mənsubiyyəti baxımından bir sıra hallarda ayrılıqlar olsa da azad və demokratik Azərbaycan idealı hər kəsin birmənalı müdafiə etdiyi həqiqət idi. Odur ki, digər mühacirlər kimi C.Hacıbəyli də publisistikasında bu həqiqəti şərh edir, onun qorunması vacibliyini dönə-dönə xatırladır, bunun üçün təşkilatlanmağın təxirəsalınmaz vəzifə olduğunu deyirdi. Mühacir azərbaycanlıların yaratdığı "Milli Birlik Məclisi"ni həmin məqsədlə təqdir edən C.Hacıbəyli yazırdı "Hər halda Milli Birlik Məclisi heç bir firqə üçün çalışıyor. Onun yalnız bir hədəfi və bir məfkurəsi var. Yurdumuzun qurtuluşu. Azəri türkləri bu gün bir-birindən ayrıan proqram məsələsi deyil, onları ayıran psixolojik bir amaldır ki, məəttəəssüf əlaqəli zəvalət o nöqteyi anlamıyorlar və anlamamazlıqda da Azəri-türkləri türlü-türlü zümrələrə bölüyorlar.
27 nisan fəlakətinin amillərini unutmayalım. Gözəl vətənimizi firqəçiliyin hızlanması yıxdı, uçuruma sürüklədi. Firqə təəssübü bir millətin birliyini daima pozar.
Təbii bir firqə daxilində namuslu, istedadlı ünsürlərin də mövcud bulunduğu inkar ediləməz. Biz bütün vətəndaşlarımıza hörmət və sevgi bağları ilə bağlıyız.
Onun üçün də bu gün gərək firqəcə və gərəkcə müstəqil və firqəsiz Azəri-türkləri həpsini üçrəngli bayrağımız altında toplanıb həp bərabər bir yerdə vətənimizin qurtarılması uğrunda çalışmağa dəvət ediriz.
Azərbaycan davam ediyor" (Ceyhun bəy Hacıbəyli "Azərbaycan davam ediyor", "Azərbaycan" №1, 1951, Münhen, Almaniya).
Ümumiyyətlə C.Hacıbəylinin mühacirət dövründə yazdığı bədii əsərləri və çoxsaylı publisistik əsərləri ilə tanışlıq belə bir fikri söyləməyə əsas verir ki, o milli ictimai-siyasi taleyimizə bağlı həqiqətlərə öz yaradıcılığında geniş yer ayırır, xalqının, millətinin, vətəni və mədəniyyətinin qorunmasını mənəvi vəzifəsi, hüquqi haqqı sayırdı. Onun publisistikasında elmilik, fakta, həqiqətə istinad etmək, doğru-düzgün nəticə axtarmaq və tapmaq meyli üstünlük təşkil edir. Publisistik yazılarındakı tənqidi fikir və aydın siyasi mövqe sərgiləməsi C.Hacıbəylini mühacirət dövrü yaradıcılığının əsas keyfiyyəti kimi maraq doğurur və onun fakta, həqiqətə istinad etməsindən qaynaqlanırdı. Görkəmli publisist bolşevizmə əsaslanan Sovet idarəçilik sistemini tənqid edərkən kəskin mübarizə ruhlu publisistik yazılarında kommunist ideologiyası ilə pərdələnən Azərbaycan həqiqətlərinin gizlədilməsi əleyhinə çıxır, onun müstəqilliyinin gələcəyinə inamını ifadə edir, ölkəsi və xalqının taleyüklü problemlərini publisistikasının təsvir və təhlil hədəfinə çevirməyi mühüm vətəndaşlıq vəzifəsi sayırdı.
Şamil Vəliyev
Baxış sayı: 2 109