FACT-INFO.AZ » AKTUAL » “Dayım Turan Yazqanın əlindən tutub, “Qarabağdan xəbər varmı?” – dedi”
6-03-2016, 22:45 | AKTUAL
“Dayım Turan Yazqanın əlindən tutub, “Qarabağdan xəbər varmı?” – dedi”

- Rəhbəri olduğunuz institutun fəaliyyəti barədə məlumat verə bilərsinizmi? 

- Marmara Universiteti Türkiyyat Araşdırmaları İnstitutu təxminən 30  ildir dil, tarix, ədəbiyyat, incəsənət sahəsində magistratura təhsili verir. Eyni zamanda, türk dünyasının ədəbiyyatına, tarixinə, sənətinə həsr edilmiş simpoziumlar və konfranslar təşkil edirik. Konfransların materiallarını  kitab şəklində  çıxarırıq. Sovetlərin dağılmasından sonra ortaq türk əlifbasıyla bağlı ilk beynəlxalq konfransı 1992-ci ildə biz keçirmişik. İki ildir ki, “Türkiyat Araştırmaları” adlı elmi dərgi  çıxarırıq. Elm sahəsindəki çalışmalarımızdan əlavə, türk dünyasının problemləri ilə bağlı mühüm məsələlər ətrafında konfrans və simpoziumlar keçirərək xalqımızın da o toplantılarda iştirakına imkan yaradırıq. 24 fevralda keçirdiyimiz son toplantımızın mövzusu “Xocalı faciəsinin 24-cü ilində Qarabağ” idi. Builki toplantımızda Qarabağ məsələsini təkcə Xocalı faciəsi çərçivəsində yox, ədəbiyyat və sənət  mərkəzi kimi Qarabağın türk mədəniyyətindəki yeri baxımından da  müzakirə etdik. Məqsədimizə nail olduq, toplantıdan sonra tələbələrimiz dedilər ki, xocam, Qarabağ bizim üçün nə qədər önəmli yer imiş, Mirhəmzə Seyid Nigari, Əhməd Ağaoğlu Qarabağdan çıxıbmışlar... 

- On il əvvəlki söhbətimizdə dünya türkologiyasının önəmli simalarından biri olan professor Məhərrəm Erginin 1923-cü ildə Borçalıda anadan olduğunu, 1925-ci ildə ailəsinin Muş vilayətinə köçdüyünü, böyük qardaşının Gəncəyə getdiyini, ailə üzvlərinin bir daha bir-birlərini görmədiklərini demişdiniz. Professor Ergin qohumunuzdur? 

- Məhərrəm Ergin mənim anamın dayısıdır. 1923-cü ildə Borçalıda anadan olub, ailə 1926-cı ildə Muş vilayətinin Bulanık qəzasına gəlib. Ömrünün axırına qədər Məhərrəm hoca anadan olduğu torpaqlara bir daha gedə bilmədi, ancaq yazdığı əsərlərdə oralara bağlılıq hissiyyatını heç vaxt itirmədi. Məsələn, “Azeri Türkçesi” kitabı. 

- 2 cildlik “Dedem Korkutun kitabı”... 

- Bəli, “Dedem Korkutun kitabı”. Oralardan gələn ən kiçik bir hədiyyə  Məhərrəm dayımı son dərəcə sevindirirdi. 1988-ci ildə Təbirzdən Bəhram adlı bir poçt məmuru dayımı görməyə gəlmiş, Təbriz almaları gətirmişdi. O vaxt Əralp da (həyat yoldaşı), mən də universitetdə Məhərrəm hocanın yanında işləyirdik. Xoca çox kövrəlmiş və qonaq gedəndən sonra almaları əməkdaşlara paylamışdı. Professor Məhərrəm Ergin türk dilinə dair mükəmməl əsərlər yazmış bir alim idi. Professor Əhməd Cəfəroğlu Məhərrəm dayımdan böyük idi. 

- Professor Məhərrəm Ergin Türkiyədəki türkoloqların ikinci nəslinə aid alimdir, elə deyilmi? Birinci nəsildə professorlar Rəşid Rəhməti Arat, Əhməd Cəfəroğlu var. 

- Bəli, onlar türk dünyasından gəlib burada türkologiya elminə xidmət edən birinci nəsildir, professor Məhərrəm Ergin isə ikinci nəslin təmsilçisidir. 

- Qarabağ müharibəsi başlayandan sonra professor Erginin hər gün Qarabağ barədə  məlumat almağa çalışdığını bilirik. Dayınız və xocanızın Qarabağ nigarançılığıyla bağlı sizin xatirinizdə nələr var?

- Rəhmətlik xoca ömrünün son illərində çox xəstə olurdu. İstanbul Universitetinin Çapa tibb fakültəsində əməliyyat olunmuşdu. Mən yanında qalırdım. Əməliyyatdan sonra yanına çox adam gəlib-gedirdi. Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Turan Yazgan xoca xanımıyla gəldi. Turan xoca dayıma “Yastığın yüngül olsun, tez ayağa qalx” - deyəndən sonra Məhərrəm dayım Turan xocanın əlindən tutub “Turan, mənim xəstəliyimi boş ver. De görüm, Qarabağdan yeni xəbərlər varmı?” - dedi. Bunu deyəndə gözündən 2 damcı yaş gəldi. Turan xocam aldığı xəbərləri Məhərrəm dayıma danışdı. Dayım həyəcanlandı, xanımı dedi ki, sən əvvəlcə yaxşılaş, sonra bu söhbətləri ətraflı edərsən. Bizim hamımızın qəlbimizdə Qarabağın ayrı yeri var. Dayımgil və başqa böyüklərimiz Azərbaycanın problemlərindən heç vaxt uzaq durmadılar, Qarabağdan gələn yaxşı xəbərlərə daima sevindilər. Dayım Azərbaycana getmədi, nədənsə narahat  idimi, nədənsə şübhələnirdimi?.. Bu barədə heç vaxt heç nə demədi, bizim də bunu onun nöqteyi-nəzərindən dəyərləndirməyimiz mümkün deyil. 

- Sözünüzə qüvvət kimi deyim ki, professor Əhməd Cəfəroğlunun çox sevdiyi bacısı oğlu Saleh Gəncə 1960-cı illərin axırında Azərbaycana gedib-gələndən bir müddət sonra vəfat edib. Professor Cəfəroğlu deyirmiş ki, sovet kəşfiyyatı oraya gedənləri zəhərləyir, Türkiyəyə qayıdandan bir müddət sonra ölürlər. Cəfəroğlu xoca da ona görə getməyib... 

- Bəlkə psoxoloji səbəbləri varmış, bu barədə bəzən evdə danışardılar. Bəlkə dayım Azərbaycanın müstəqil olmasına yaxın gedə bilərdi, heç bir əngəl olmazdı, ancaq getmədi. Səbəbini dəqiq bilmirəm. 

- Gəncədəki böyük qardaşıyla məktubla da əlaqə saxlaya bilmədimi? 

- Məhərrəm dayımın böyük qardaşı İbrahim Gəncəyə gedib, ailənin ondan kiçik övladları buraya gəlib. Heç vaxt görüşə bilməyiblər. Mən 1992-ci ildə Bakıya gedəndə Məhərrəm dayımdan böyük o biri qardaşı Cavanşir bəyə zəng etdim. Onlar Bakıya gələ bilmədilər, biz qatarla Gəncəyə getdik. Mən də Cavanşir dayını heç vaxt görməmişdim, qatardan enən kimi vağzalda bizi  gözləyən adamların arasında uzaqdan Cavanşir dayını Əralpa göstərdim. Daha sonra ailənin həyatdakı üzvləri bir-birlərini tapdılar. İndi daimi gediş-gəliş var. 

- Yaxşı vaxtda getmişiniz. Səməd Ağaoğlu 1966-cı ildə Qarabağa gedib, Şuşada anasının dünyaya gəldiyi evi tapıb, Bakıda təxminən 20 gün mehmanxanada qalıb, zəng etdiyi qohumlarının əksəriyyəti onunla görüşməyə gəlməkdən qorxublar.

- Bəli, bunlar çox acı gerçəklərdir. 

- Muş vilayəti professor Erginin xatirəsini əziz tutur, elə deyilmi?

- Bəli. Aprelin 23-də Muş bələdiyyəsi professor Məhərrəm Erginin xatirəsinə həsr edilmiş simpozium keçirəcək. Məktəblərdə “Professor Məhərrəm Ergin” mövzusunda inşa yarışı keçiriblər, onlar dərəcələndiriləcək. Muşdakı Alparslan Universiteti isə professor Məhərrəm Ergin barədə məqalə yarışı təşkil etdi, gedəndə onları da dərəcələndirəcəyik. Bütün bunlar Muş şəhəri üçün də önəmli şeylərdir. Dayım ilk və orta təhsilini Muşda alıb, liseyi isə Balıkəsirdə oxuyub, Nihal Atsızın qardaşı Necdət Sancar dayımın dil-ədəbiyyat müəllimi olub. Daha sonra İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olub. 

Universitetdə oxuyanda yataqxanada birgə qaldığı dostları olub ki, onlar da Azərbaycan üçün çox önəmlidir. Onlardan biri professor Turxan Gənceyi, o biri isə professor Cavad Heyətdir. Universiteti bitirəndən sonra Turxan Gənceyi Almaniyaya, İtaliyaya, daha sonra İngiltərəyə gedib, mən onunla da işlədim. İngiltərədə vəfat etdi, məzarı Londondadır. Rəhmətlik Cavad Heyət isə məni harada görsə, qollarını açıb qucaqlayardı ki, səndən Məhərrəmin qoxusunu alıram. Cavad bəyi axırıncı dəfə ölümündən 2 il qabaq Bakıda görmüşdüm. Bu adamların dostluqları o qədər möhkəm idi ki, dünyanın harasında olmalarına baxmayaraq, hər il yayda mütləq görüşürdülər. Onların bir-birlərinə bu qədər bağlı olmalarının əsas səbəbi hamısının eyni ideal və məfkurəyə xidmət etmələri və bunu güzəştsiz şəkildə həyata keçirmələri idi. Onlar üçün elmi işlərindən əvvəl türklük üçün çalışmaq gəlirdi. 

- Professor Məhərrəm Erginin “Azeri Türkçesi” kitabı Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının leksik-qrammatik xüsusiyyətlərinə həsr edilmiş mükəmməl əsərdir. Poema barədə ilk yazını Məhəmməd Əmin Rəsulzadə yazıb. Dayınız Rəsulzadəni görmüşdümü, onunla bağlı nəsə danışdığını eşitmişdinizmi?

- O barədə mən heç nə eşitməmişdim. Bəlkə bunların hamısını eyni  kontekstdə dəyərləndirmək lazımdır: o nəslin nümayəndələri niyə Azərbaycana getmədilər? O nəslin nümayəndələri  danışmaq baxımından xəsis idi. Hər şeyi hər yerdə qətiyyən danışmazdılar, bəzi narahatlıqları vardı... 

- Qəribədir, Əlibəy Hüsyenzadənin qızı da deyir ki, atam Bakıdakı fəaliyyəti barədə bizə heç nə danışmırdı.

- Cavad Heyət xoca mənə danışmışdı ki, Nihal Atsızın Maltəpədəki evinə polisin basqın etdiyi gecə dayım da, Cavad bəy də orada olublar. Nihal Atsız onları arxa qapıdan çıxararkən Cavad bəyə deyib ki, sən İranda bizə çox lazımsan, dayıma isə deyib ki, sən universitetdə olmalısan. Dayım bu barədə mənə heç nə deməmişdi, Cavad bəy demişdi. Görünür, özlərindən əvvəlki nəslin yaşadığı problemləri onlar yaşamaq istəmirdilər.





Baxış sayı: 2 068
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30