FACT-INFO.AZ » SİYASƏT » Şərq İqtisadi Forumu: Asiyada geosiyasi dinamika yeniləşir
19-09-2019, 07:30 | SİYASƏT
Şərq İqtisadi Forumu: Asiyada geosiyasi dinamika yeniləşir

Dünyanın 60-dan çox ölkəsinin nümayəndələrinin dəvət olunduğu yubiley forumunda 440-dan artıq şirkətin rəhbər şəxsləri, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, aparıcı media şirkətlərinin nümayəndələri iştirak ediblər. Forum iştirakçıları geniş müzakirələr aparıblar, çox sayda müqavilələr imzalanıb. Rusiyanın Uzaq Şərq əyalətlərinin inkişafı baxımından vacib olan sazişlər əldə edilib. Mütəxəssislər də Foruma böyük maraq göstəriblər. Ekspertlərin əksəriyyəti bu tədbiri qlobal geosiyasi dinamika kontekstində təhlil etməyə çalışırlar. Belə görünür ki, söhbət alternativ beynəlxalq siyasi modeldən gedir. Hətta bu prosesin bir sıra geosiyasi cizgilərini də təsvir etməyə cəhdlər edilir. Bu prosesdə aparıcı rol oynaya biləcək güclərin adları çəkilir. Bütün bunların fonunda Şərq İqtisadi Forumunun geosiyasi kontekstdə proqnostik analizinə ehtiyac görürük.

Alternativ axtarışı: Moskvanın fəallığında növbəti mərhələ

Müasir dövrdə beynəlxalq miqyaslı müxtəlif forumlar tez-tez keçirilir. Lakin onların heç də hamısı yaddaqalan olmur. Bir sıra tədbirlər isə böyük maraq doğurur və ekspertlərin diqqətini cəlb edir. Məsələn, "Bakı Prosesi", Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və bir çox başqa tədbirlər daim diqqət mərkəzində olur. Bu ilin sentyabrın əvvəllərində Rusiyanın evsahibliyi ilə Vladivostokda keçirilən Şərq İqtisadi Forumu da dünyanın müxtəlif "beyin mərkəzləri"nin marağına səbəb oldu. O, beynəlxalq statuslu tədbirdir. Əsas məqsədi Rusiyanın Uzaq Şərq regionuna xarici sərmayələri stimullaşdırmaq və Asiya-Sakit okean regionunda iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Bunlardan başqa, orada Uzaq Şərqə aid olan daxili məsələlər də müzakirə olunur.

Sonuncu, 5-ci yubiley forumu Vladivostok şəhərində keçirilib. Tədbirdə 270 saziş imzalanıb. Ekspertlər bu rəqəmi kifayət qədər əhəmiyyətli hesab edirlər. Çünki bu, Rusiyanın geosiyasi güc kimi cəlbedicilik dərəcəsini göstərir. Digər tərəfdən, rəqəmlərlə yanaşı, tədbirdə iştirak edən dövlətlərin Asiya qitəsində oynadığı rola da baxmaq lazımdır. Burada Çin, Yaponiya, Hindistan, Malayziya, Sinqapur, Cənubi Koreya və s. kimi inkişaf etmiş ölkələrin nümayəndələri iştirak ediblər. Bu səbəbdən də ekspertlər foruma daha çox qlobal geosiyasi kontekstdə qiymət verməyə çalışırlar.

Görünür, burada mövzunun Rusiyanın Uzaq Şərq regionu ilə bağlı olmasının da təsiri vardır. Məsələ ondan ibarətdir ki, artıq bir neçə ildir ki, müxtəlif dairələrdə həmin regionun Rusiyadan ayrıla biləcəyi ilə bağlı söhbətlər gəzir. Hətta bu regionda yerləşən əyalətlərdən birinin qubernatoru Vladimir Putinlə görüşdə ağzından qaçırıb ki, "regionun Rusiyadan uzaqlaşmaması üçün..." müəyyən addımlar atmaq lazımdır. V.Putin buna kəskin reaksiya verərək, sərt şəkildə "bunu ancaq axmaqlar deyə bilər" kimi cümlə işlədib. Deməli, Moskva mövzunun həssaslığından narahatdır.

Bu məsələdə konkret olaraq Çinin adı çəkilir. Çinlilərin Rusiyanın Uzaq Şərqini demoqrafik olaraq zəbt etdiyi bildirilir. Bundan başqa, Çin həmin regiona külli miqdarda sərmayə yatırıb. Bu proses indi də davam edir. Təsadüfi deyil ki, Şərq İqtisadi Forumuna ən çox nümayəndə heyəti bir qayda olaraq Çindən gəlir. Bu dəfə də istisna olmadı. Lakin Uzaq Şərq mövzusu geosiyasi aspektdə Rusiya və dünya üçün yalnız bu məqamlarla məhdudlaşmır. Yaponiya ilə Rusiya arasında Kuril adaları ilə bağlı kəskin ziddiyyətlər mövcuddur. Tokio həmin adalara iddiasını davam etdirir, Moskva isə bir qarış torpağın belə verilməyəcəyini bəyan edir. Hətta V.Putin Vladivostokda bu məsələ ilə bağlı verilən suala obrazlı: "Papaşa hamısını yığıb götürüb və bununla iş bitib... Xalqlar atası" deyə, cavab verib. Yəni İosif Stalinin aldığı əraziləri kimsə geri qaytara bilməz. 5-ci Şərq İqtisadi Forumunda da V.Putinlə Şinzo Abe arasında həmin mövzuya dair gərgin müzakirələr aparılıb.

Bütün bunlarla yanaşı, Uzaq Şərqdə ABŞ-Çin qarşıdurmasının mövcud olduğu sirr deyil. Orada dənizdə faktiki olaraq Amerika, qitədə isə Çin hakimdir. Bu istiqamətdə rəqabət tez-tez qarşıdurmaya çevrilir. Ekspertlər Hindistan-Çin münasibətlərində də ziddiyyətli məqamların və kəsişən geosiyasi maraqların olduğunu ifadə edirlər. Belə ki, Cammu və Kəşmirdə, Himalay dağlarında iki ölkənin toqquşduğu məqamlar vardır. Geosiyasi maraqlarda da Dehli ilə Pekinin rəqabəti ciddidir.

Yeni dünya nizamı: Asiya aparıcı mövqeyə çıxa bilərmi?

Bütün bunlar Şərq İqtisadi Forumunda Rusiyanın mövqelərini gücləndirirmi? Bu suala birmənalı cavab vermək çətindir, ancaq Moskvanın incə manevrlər etməyə çalışdığı aydın görünür. Bu sırada 5-ci forumda Hindistanın baş naziri Narendra Modinin iştirakı və V.Putinlə geniş müzakirələr aparması maraq doğurub. Qərb ekspertləri bu məqamı Rusiyanın Çinlə Hindistan arasında manevr edərək, yeni dünya nizamı yaratmaq cəhdi kimi təqdim etməyə çalışırlar (bax: məs., Tomas Qrgm. Povorot Rossii na Vostok: pereçenğ priçin i sledstviy / Valdaiclub.com, 9 sentyabr 2019).

Belə göstərilir ki, Hindistanın Rusiya ilə ciddi fikir ayrılığı yoxdur. Əksinə, iki ölkə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Ənənəvi olaraq Hindistan Rusiya ilə yaxın olub. Hazırda Rusiya və Hindistan üçün Çinin yüksəlişi eyni dərəcədə təhlükəlidir. Belə ki, Çinin büdcəsi Rusiyanın büdcəsindən 6-8 dəfə çoxdur. Texnoloji inkişaf baxımından da Çin Rusiyanı xeyli qabaqlayır.

Pekinin maliyyə imkanları bütövlükdə Rusiyanın maliyyə imkanlarından bir neçə dəfə çoxdur. Bundan başqa, Çinin iqtisadi potensialı da Rusiyanı qabaqlayır. Konkret olaraq iqtisadi inkişaf tempinə görə Pekin Moskvanı xeyli arxada qoyub. Belə çıxır ki, Çinin daxil olduğu hər hansı regional təşkilatda Rusiyadan güclü mövqeyə sahib olacaq.

Belə olan halda Rusiya üçün ən yaxşı variant regionun digər böyük güclərinin də iştirak etdiyi geniş tərkibli təşkilat, məsələn, G7-yə bənzər bir təşkilat yaratmaqdır. Bu səbəbdəndir ki, V.Putin məhz Vladivostokda belə bir təşkilatın yaradılmasının ilk işarəsini verdi. Hətta orada Türkiyənin də iştirakının vacibliyini vurğuladı. Əlbəttə, Türkiyə Moskvanın mövqeyini dəstəkləyəcək. Çünki Ankara üçün daha vacibi daha yaxın olan və böyük hərbi gücə malik, Türkiyə ilə hərbi əməkdaşlığa müsbət yanaşan Rusiya ilə ortaq geosiyasi mövqedə olmaqdır. Hindistan da Moskvaya loyaldır. Yaponiya məsələsi bir qədər müəmmalıdır, lakin onun da Çinlə problemləri mövcuddur. Cənubi Koreya isə Şimali Koreya ilə yaxınlığına görə Pekinlə elə də isti münasibətdə deyil.

Belə çıxır ki, Rusiyanın hər hansı formada yeni regional əməkdaşlıq təşkilatı yaratması onun Çin qarşısında mövqelərini gücləndirməyə xidmət edə bilər. Bütövlükdə isə Moskvanın "Asiyaya dönüş" xətti geosiyasi aspektdə perspektivli görünür. Bu xətlə Rusiya Şərq cəbhəsində aparıcı rolunu qoruyub saxlaya, hətta bu faktordan yararlanaraq özünün təkbaşına gücü çatmadığı regionlarda inkişafa nail ola bilər. Lakin yenə də Uzaq Şərq məsələsi Moskva üçün bunlarla məhdudlaşmır. Moskva qlobal miqyasda geosiyasi dividendlər qazanmaq imkanı əldə edir. Bu məsələnin iki tərəfi vardır. Birincisi, Rusiyanın bütövlükdə Qərbə qarşı əli güclənmiş olur. Məlumdur ki, Amerika Rusiyanı Çindən ayırmaq üçün G7 təklifini irəli sürüb.

Bu, adi hadisə deyil. Əgər Rusiya bu təklifi qəbul etsə, stratejidə geosiyasi məğlubiyyəti qaçılmazdır. Alternativ bir model ortaya qoymadan da etiraz etmək mənasız qərardır. Bu səbəbdən Moskva sanki Vaşinqtona özünün Asiyanın güclü dövlətlərini bir təşkilatda birləşdirmək qabiliyyətinə malik olduğunu ortaya qoyur.

İkincisi, Avrasiya məkanında inteqrativ rol oynadığını təcrübədə təsdiqləyir. Təsəvvür edin, artıq Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati çərçivəsində keçmiş sovet məkanında Qazaxıstan və Belarus kimi iki böyük dövləti bir araya gətirə bilib. Bunlara Türkiyə, Hindistan, Çin, Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya, Monqolustan və başqa Asiya ölkələri də əlavə olunsa, faktiki olaraq, "Böyük Avrasiya"nın geosiyasi mənzərəsi meydana gələr. Əlbəttə, belə bir təşkilatlanma Qərbə (ABŞ üstəgəl Avropa İttifaqı) qarşı geosiyasi-iqtisadi və hərbi dayanışmanı tamamilə təmin edə bilər. Üstəlik, Türkiyə kimi güclü bir dövləti Avropa strukturlarından qoparıb Asiyaya bağlamaq şansı yaranır.

Beləliklə, Şərq İqtisadi Forumu həqiqətən də maraqlı və geosiyasi aspektdə əhəmiyyəti olan hadisədir. Moskva bu tədbirdə kifayət qədər təmkinli və çevik davrana bilib. Tədbirdə imzalanan 3,4 milyard rublluq müqavilələr bir yana, forumun geosiyasi dividendləri Moskvanı sevindirə bilər. Ekspertlər bu istiqamətdə də ehtiyatlı olmağı tövsiyə edirlər. Çünki Vaşinqtonun cavabı hələ məlum deyil. Burada isə sürprizlər istisna edilmir!

Newtimes.az




Baxış sayı: 1 126
Ankara Qazi Universitetində Xocalı soyqırımına həsr olunmuş müzakirələr təşkil edilib Dünən, 18:30 Türkiyə Orta Dəhlizin əsasını təşkil edən BTQ dəmir yolunun tam gücü ilə işləməsinə əhəmiyyət verir - Hakan Fidan Dünən, 18:30 Deputat: Azərbaycan neomüstəmləkəçiliyin heç bir halı ilə barışmır Dünən, 17:00 Xocalı: Xalqımızın qan yaddaşı Dünən, 12:00 “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub Dünən, 12:00 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər Dünən, 11:00 Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib Dünən, 10:00 "Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəyik" - Pakistan səfiri Dünən, 10:00 Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb Dünən, 09:00 Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib Dünən, 07:30 Türkiyə Avropada həlledici rol oynayacaq 25-02-2025, 20:30 İnkişaf edən Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir 25-02-2025, 19:00 Pezeşkian Lavrovu qəbul etdi 25-02-2025, 18:30 Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Xocalı heç vaxt yaddaşımızdan silinməyəcək faciədir” 25-02-2025, 16:00 “İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda təlim keçirilib 25-02-2025, 13:00 Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib 25-02-2025, 12:30 "Dünya dövlətləri Xocalı soyqırımı canilərinin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdır" 25-02-2025, 11:00 Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə çağırış edib 25-02-2025, 11:00 Rumıniyada Xocalı qurbanlarının xatirəsi anılıb 25-02-2025, 10:30 Azərbaycanla Pakistan birgə istehsal müəssisələri yaradır 25-02-2025, 08:00 Şahbaz Şərif: Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olub 24-02-2025, 20:30 Elnur Məmmədov Cenevrədə Ermənistanın xarici işlər nazirinin qaldırdığı iddialara cavab verib 24-02-2025, 20:00 Shehbaz Sharif: Our friendship, political understanding, union of thought and action with Azerbaijan at international levels have been legendary 24-02-2025, 19:30 Prezident İlham Əliyev: Azərbaycan və Pakistan iqtisadi tərəfdaşlığı siyasi sahədəki səviyyəyə çatdırmalıdırlar 24-02-2025, 15:00 Rusiya-Ukrayna müharibəsi ədalətlə bitəcəkmi? 24-02-2025, 15:00 Deputat: Heydər Əliyev ana dilinin qorunması istiqamətində müstəsna xidmətlər göstərib 24-02-2025, 14:00 Niderland Krallığında Xocalı soyqırımının 33-cü ildönümü qeyd edilib, qurbanların xatirəsi anılıb 24-02-2025, 10:30 Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün kənar vasitəçiyə ehtiyac yoxdur 24-02-2025, 10:30 Əcnəbi media COP29-un ciddi nəticələrlə yadda qalması haqqında yazıb 24-02-2025, 10:00 Ərdoğan Makronla Rusiya-Ukrayna münaqişəsini müzakirə edib 24-02-2025, 08:00
Köşə yazarları
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728