Xətai Sənət Mərkəzində Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin vəfatının 115-ci ildönümünə həsr olunmuş “Sabirin sözü, zamanın gözü” adlı kitabın təqdimat mərasimi və eyniadlı sərginin açılışı olub.
Fact-info.az xəbər verir ki, layihə çərçivəsində Mirzə Ələkbər Sabir Fondu tərəfindən hazırlanan nəşr şairin zəngin ədəbi irsinə həsr olunmaqla yanaşı, onun yaradıcılığının Azərbaycan təsviri sənətində yaratdığı bədii əks-sədaları özündə birləşdirir.
Tədbirdə çıxış edən Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli qeyd edib ki, “Sabirin sözü, zamanın gözü” kitabı şairin ölməz irsinə müxtəlif dövrlərdə rəssamların fırçasından süzülən bədii baxışları əks etdirən dəyərli sənət toplusudur.
“Nəşrdə 1906-cı ildən bu günə qədər müxtəlif illərdə tanınmış rəssamlar tərəfindən Mirzə Ələkbər Sabirin şeirlərinə çəkilmiş illüstrasiyalar, qrafik əsərlər və digər vizual materiallar bir araya gətirilib. Uzun illər ərzində müxtəlif kitabların səhifələrində, dövri mətbuatda pərakəndə şəkildə qorunub saxlanılan, yaxud ayrı-ayrı nəşrlərdə yalnız qismən təqdim olunan bu bədii irs ilk dəfə sistemli şəkildə toplanaraq ümumiləşdirilib. Nəşr yalnız Sabirin yaradıcılığını deyil, həm də müxtəlif nəsil Azərbaycan rəssamlarının onun poeziyasına münasibətini, şairin əsərlərindəki ictimai motivlərin və satirik düşüncənin təsviri sənətdə təcəssümünü izləmək baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin əsas məqsədlərindən biri Sabir irsinin daha geniş auditoriyaya çatdırılması, şairin yaradıcılığının müxtəlif sənət sahələri ilə əlaqəsinin nümayiş etdirilməsi, eyni zamanda, onun əsərlərinə çəkilmiş illüstrasiyaların qorunması və gələcək nəsillərə ötürülməsidir. “Sabirin sözü, zamanın gözü” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib”, - deyə S.Tahirli əlavə edib.
Kitabın təqdimatı ilə yanaşı, nəşrdə yer alan illüstrasiya və qrafik əsərlərdən ibarət eyniadlı sərgi də nümayiş olunub. Sərgi ziyarətçilərə Sabir poeziyasının rəssam təxəyyülündə qazandığı müxtəlif bədii ifadə formaları ilə tanış olmaq, şairin satirik fikirlərinin və obrazlarının təsviri sənətdə necə canlandırıldığını görmək imkanı yaradıb.
Baxış sayı: 85
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
