Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət və etimada, bərabər hüquqa, yaxın tərəfdaşlığa, möhkəm dostluğa əsaslanır.
1994-cü ilin fevralında qəbul olunmuş Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci ilin iyulunda imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə sənədləri iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə güclü zəmin yaradıb. Enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlıq modeli əlaqələrin yüksək səviyyəsini nümayiş etdirməklə, Bakı və London arasında çoxistiqamətli prioritetlərin müəyyənləşdirilməsində mühüm rol oynayıb.
2026-cı il noyabrın 12-də Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi” Sammiti çərçivəsində Prezident İlham Əliyev və Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşdə dövlətlərimiz arasında mövcud olan yüksəksəviyyəli əlaqələrə bir daha nəzər salınıb, əməkdaşlığını yeni gündəliyi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
İki ölkə Lideri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin qəbul olunması isə əlaqələrin de-yure yeni müstəviyə keçməsinə, uzunmüddətli siyasi və iqtisadi münasibətlərdə yeni dövrün başlandığını təsdiqləyir.
ABŞ, Çin və digər dünya gücləri ilə imzalanmış Strateji tərəfdaşlıq haqqında sazişlərin ardınca Qərbin ən güclü dövlətlərindən biri olan Birləşmi Krallıqla imzalanmış Birgə Bəyannamə hazırkı geosiyasi çağırışlar fonunda olduqca mühüm əhəmiyyət kəsb edir, Azərbaycanın Qərb və Şərq regionunda orta güc statusunu legitimləşdirir.
Sənəd tərəflərin güclü iradəsini, münasibətləri daha da irəliyə aparmaq yolunda konkret niyyət və məramlarını əks etdirir. İlk növbədə, hər iki ölkə BMT-nin Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiq qalacaqlarını bəyan etməklə, regional sülhün və dayanıqlı rifahın möhkəmlənməsində birgə addımlar atmaq iradəsini bəyan edir.
Bu xüsusda, 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanmaqla, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarında rəsmi Londonun da töhfəverici rol oynayacağı istisna olunmur. Bəyannamədə qeyd olunduğu kimi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyini göstərəcək.
Azərbaycan–Birləşmiş Krallıq əlaqələrinin inkişafında iqtisadi tərəfdaşlıq mühüm əhəmiyyət daşıyır. Birləşmiş Krallıq Azərbaycanın ən böyük investorudur və iqtisadi təşəbbüskarlığını yeni iqtisadi siyasət kursu ilə təsdiqləməkdədir. Bu baxımdan, Birgə Bəyannamə iqtisadi sektorlarda birgə təşəbbüslərin perspektivlərini təyin etməklə, müştərək investisiyaların şaxələndirilməsi üçün yeni imkanlar açır, güclü, dayanıqlı iqtisadi artımın, açıq ticarətin və innovasiyanın mühüm faydalarını təşviq edən uzunmüddətli sabitlik və rifahın təməlləri qoyulur.
Tərəflər bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt sahələrində əməkdaşlıq üçün mövcud olan geniş imkanları əlaqələndirməklə birgə iqtisadi dəyər yaradan rifah platforması quracaq ki, bu da Azərbaycanın Avropa geoiqtisadi məkanında mövqelərini daha da möhkəmləndirəcək.
Azərbaycan Avrasiyanın mərkəzində nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirir, xüsusilə də Orta Dəhlizin inkişaf etdirilməsində strateji rol oynayır. Etibarlı sərhədyanı marşrutlara xüsusi əhəmiyyət verən Birləşmiş Krallıq bu istiqamətdə Azərbaycanla həm tranzitlərin əlaqələndirilməsində, həm də logistika infrastrukturlarının modernləşdirilməsində fəal rol oynayır. Regional və beynəlxalq bağlantıların əlaqələndirilməsi, xüsusilə də Orta Dəhlizin inkişafında vahid əməkdaşlıq isə Şərq-Qərb marşrutunda koordinasiyanı asanlaşdıracaq.
Tərəflər, həmçinin texnoloji inkişafın açarları olan rəqəmsal transformasiya və innovasiya, yeni sənaye quruculuğu istiqamətində də praktik əməkdaşlığın bünövrələrini qoyur. Bütün bu proseslərdə isə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın üzərinə yeni vəzifələr düşəcək.
Tərəflərin anlaşdıqları strateji məsələlərdən biri də müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin möhkəmləndirilməsidir. Bu istiqamətdə əsas baxış və tərəfdaşlıq regional sülh və sabitliyi dəstəkləməyə yönəlməklə, ümumi təhdidlərə qarşı adekvat cavab vermək qabiliyyətlərini artırmaq öhdəliklərinə əsaslanır. Həmin strateji xətt üzrə ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşdirilməsi, habelə müdafiə sənayesi əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulur. Qanunun aliliyini və institusional dayanıqlılığı gücləndirmək üçün hüquq-mühafizə orqanları arasında gücləndirilmiş tərəfdaşlıq və sərhəd idarəçiliyi, eləcə də məhkəmə və hüquqi əməkdaşlığının formalaşdırılması da birgə niyyətlərə aiddir.
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə təhsil və innovasiya sahəsində gələcək əməkdaşlığını yeni gündəliyini də müəyyənləşdirir. Təhsilin, elmin, innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın, rəqabətə davamlı inklüziv iqtisadiyyatların təməli kimi qəbul edən hər iki dövlət artan əmək bazarı və idarəetmə ehtiyaclarına cavab olaraq, ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar sahəsində əməkdaşlığı dərinləşdirəcək.
Ramid Namazov
Milli Məclisin deputatı
Baxış sayı: 70
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
