FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » İnformasiya mübadiləsinin əhəmiyyəti
26-10-2018, 09:20 | TƏDQİQATLAR-ANALITIKA
İnformasiya mübadiləsinin əhəmiyyəti

Hazırda inkişaf etmiş ölkələr beynəlxalq əlaqələri müəyyənləşdirərkən informasiyalara müraciət edirlər. Qərb ölkələri çox yaxşı başa düşürdü ki, informasiya cəmiyyətinin formalaşmasının əsasında informasiya texnikasının inkişafı durur.

Bunu nəzərə alaraq alimlər kompüter texnikasının inkişafına, qərarların vaxtında qəbuluna nail olmağı məsləhət görürdü. Uzun illər Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı olmuş, hazırda fakültənin fəxri prezidenti Y.N.Zasurski yazır ki, müasir informasiya cəmiyyətində informasiyanın vaxt itirmədən mübadiləsi qərarların tez qəbul edilməsindən və yüksək səviyyədə informasiyaya malik olmaqdan çox asılıdır. Ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmada KİV-in rolu böyükdür. Bununla yanaşı, Prezident İlham Əliyev demişdir: "Bəzən yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya ikitərəfli münasibətlərə müəyyən dərəcədə zərər də vura bilər". Totalitar rejim tarixə qovuşduqdan sonra mətbuat ideoloji buxovlardan azad olmuş və yeni keyfiyyətlərlə zənginləşmişdir. Bu da saysız-hesabsız informasiyanın qlobal şəbəkəyə çevrilməsinə gətirib çıxarmışdır.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov bu barədə yazır: "Elmi-texniki inqilabın və elektron texnologiyaların sürətlə informasiya və kommunikasiya sahələrini əhatə etməsi üçüncü minilliyin başlanğıcında planetin geosiyasi məkanını "vahid məkan-zaman çərçivəsinə" salaraq bütövləşdirilmiş və virtuallaşdırmışdı ... Dünyanın transmilli kütləvi informasiya vasitələri ölkələrin milli hüdudlarını aşaraq, vahid informasiya və təbliğat məkanı yaratmışdır".

Mütəxəssislər qeyd edirlər ki, müasir dünyada informasiya həm də çox baha qiymətə satılan, mübadilə edilən məhsuldur. Bu gün informasiya artıq adi məlumatlıq çərçivəsindən çıxıb, insanların dünyagörüşünü formalaşdırmaqla yanaşı, məsafələri qısaldır, xalqları bir-birinə yaxınlaşdırır. Eyni zamanda, insan hüquqlarının qorunması, müharibələrin qarşısının alınmasında da informasiya öz sözünü deyir.

Əvvəlki illərdən fərqli olaraq, hər birimiz bizi maraqlandıran informasiyanı əldə edə, hətta fikir mübadiləsi apara bilərik. Həyatımızın bütün sahələri (dövlət sirrini çıxmaqla) informasiya üçün açıqdır. Deməli, "informasiya cəmiyyəti" termininin yaranmasına təbii baxmaq lazımdır. "Çünki informasiya cəmiyyətini əvvəlki sosial quruluşlardan mahiyyətcə fərqləndirən ən əsas cəhət bu cəmiyyətin iqtisadi sistemində informasiyanın həlledici əhəmiyyətə malik olmasıdır".

Ölkələrin əksəriyyəti informasiya cəmiyyətinə keçid üzrə konsepsiyaların və proqramların hazırlanmasını vacib məsələ kimi dəyərəndirirlər. Konsepsiya yaradılarkən mütləq dövlətin, cəmiyyətin, işgüzar dairələrin, vətəndaşların maraqlarını nəzərə almaq lazımdır. Belə konsepsiyalar bir çox ölkələrdə hazırlanmışdır. Avropa Komissiyası 1995-ci ildə İnformasiya Cəmiyyətinin Forumunu təsis etmişdir. Forumun ilk hesabatında deyilir: "ən yeni texnologiyalar yalnız o zaman uğurla tətbiq edilə bilər ki, informasiya cəmiyyətinin problemləri geniş müzakirənin predmetini təşkil etsinlər, vətəndaşlar isə mövqelərini bildirərək aparıcı məsələlər üzrə öz prinsipial fikirlərini açıqlasınlar".

İnformasiya cəmiyyəti ənənəvi cəmiyyətdən fərqlənir. Belə ki, informasiya cəmiyyətində informasiyanı toplayan, hazırlayan, lazım gəldikdə çap edən xüsusi bölmənin olması əsasdır. Bu bölmə əslində, informasiya sənayesidir. Qeyd edək ki, informasiya sənayesinin bütün sahələri iqtisadi artıma, təhsil sisteminin müasirləşməsinə müsbət təsir göstərir. Bu da informasiya cəmiyyətinin iqtisadi dayaqlarını təşkil edir.

Informasiya cəmiyyətinin digər bir sıra xüsusiyyətləri də vardır. Aslan Aslanov "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAC-ın yeri" adlı dərs vəsaitində bu xüsusiyyətləri belə göstərir: İnformasiya cəmiyyəti zəngin və daha geniş çoxçeşidli xidmətlərə əsaslanır. Bu cəmiyyətdə əsas rol oynayan yalnız əzələ qüvvəsi və enerji deyil, onu tənzimləyən və inkişafa təkan verən, yol göstərən informasiyadır. Müəllif haqlıdır.

Biz informasiya əldə etmək üçün KİV-dən asılıyıq. Xarici xəbərlərdən tutmuş yerli xəbərlərə kimi məlumatları KİV-dən alırıq. Odur ki, KİV gərək azad olsun ki, insanları doğru-dürüst informasiyalarla təmin edə bilsin. Informasiya mübadiləsi apararkən onun dəqiqliyinə, faktlara söykəndiyinə, qərəzsiz olmasına diqqət yetirmək lazımdır.

Xüsusilə də müasir dövrdə informasiya müharibəsi şəraitində yaşadığımızdan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının böyük əhəmiyyəti var. Bir sıra xarici ölkələrdə, məsələn, ABŞ-da informasiyanın istehsalı və mübadiləsi üçün mükəmməl mexanizmlər yaradılmışdır. "Bu mexanizmlərin hər biri öz funksiyası çərçivəsində dünyada gedən proseslərə dair informasiyaları toplayıb təhlil etmək, superdövlətin qlobal məkanda nüfuz dairəsini möhkəmləndirmək və genişləndirmək işinə xidmət edir". Həmin iş, informasiya mübadiləsi üzərində qurulur.

Ölkələr arasında aparılan informasiya mübadiləsi rəsmi dövlət qurumları və xəbər agentlikləri vasitəsilə aparılır. Azərbaycanda bu funksiya əsasən dövlət informasiya agentliyi olan AzərTAC vasitəsilə həyata keçirilir. Hazırda dünyanın 90-dan çox ölkəsinin informasiya agentləri ilə əlaqə yaradan AzərTAC Azərbaycanın informasiya siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti və Səudiyyə Press Agentliyinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseynin təbirincə desək, AzərTAC dünya xəbər agentlikləri sırasına qoşulmaqla beynəlxalq müstəvidə yüksək nəticələrə nail olub. AzərTAC regionda 7 dildə informasiya və 5 dildə vidioxəbər yayan yeganə informasiya mənbəyidir.

Azərbaycan müstəqilliyə qovuşduqdan sonra bir sıra yeni agentliklər yarandı. Bu agentliklərin yaradılmasında əsas məqsəd beynəlxalq aləmdə, regionda baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri obyektiv və qərəzsiz ictimaiyyətə çatdırmaqdır. Ən əsası isə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, bu siyasətin acı nəticələri agentliklərin fəaliyyətinin prioritet istiqamətini təşkil edir. Agentliklərin bəzilərinin xarici ölkə agentlikləri ilə müntəzəm əlaqə saxlanması müsbət hal kimi qiymətləndirilməlidir. Məsələn, "Trend" informasiya agentliyi və "Mehri" İran informasiya agentliyi tərəfdaşlıq haqqında saziş imzalayıb. Bir şərtlə ki, Azərbaycanın dövlət maraqları unudulmamalıdır.

Heç kəsə sirr deyil ki, bazar münasibətləri şəraitində media həm də biznes fəaliyyəti göstərir. "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çox haqlı olaraq qeyd edir ki, əgər dövlət çap və elektron KİV-ə senzura vasitəsilə nəzarət etmirsə, onlara hər hansı bir təsir imkanı yoxdursa, birbaşa maliyyələşdirmirsə, deməli, nədən necə yazmaq, maliyyə resursları tapmaq qəzet, jurnal, sayt və ya telekanal rəhbərinin öz üzərinə düşür. Deməli, təsisçi işçilərini maaşla təmin etmək üçün pul qazanmalıdır, amma bu pulu halallıqla qazanmalı, əyri yollara əl atmamalıdır. Yoxsa sensasiya xatirinə hər hansı yalan məlumatı, düşmən üçün lazım olan informasiyanı yayıb ictimaiyyəti çaşdırmamalıdır.

Faktın obyektiv, qərəzsiz olması çox vacibdir. Əli Həsənov qeyd edir ki, bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatizm, ekstremizm cinayətkarlıq kimi təhdidlərlə üzləşdiyi indiki vaxtda bu, xüsusilə vacibdir. Obyektiv informasiya əldə edə bilmək insanların nəinki öz ölkələrində, həmçinin, bütün dünyada baş verən hadisələri düzgün qiymətləndirilməsinə imkan verir. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, informasiya mübadiləsi apararkən çox diqqətli, obyektiv, qərəzsiz olmalı və Azərbaycanın dövlət maraqları nəzərə alınmalıdır.

Akif RÜSTƏMOV BDU-nun professoru




Baxış sayı: 1 543
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031