FACT-INFO.AZ » CƏMİYYƏT » Ermənistan Rusiya-Qərb arasında çabalayır
8-08-2018, 09:05 | CƏMİYYƏT
Ermənistan Rusiya-Qərb arasında çabalayır

İnqilabdan sonra iqtidara gələn Nikol Paşinyan hökuməti bir tərəfdən köhnə rəhbərlik ilə hesablaşmağa çalışarkən, digər tərəfdən beynəlxalq mühitdə özünə yer etməyə çalışan kimi görünür. Baş nazir N.Paşinyanın tez-tez dilə gətirdiyi "Ermənistanın klassik xarici siyasətinin davam etdiriləcəyi" istiqamətindəki bəyanatlarına baxmayaraq, Qərb ilə daha yaxın əlaqələr qurmaq istədiyi də diqqətlərdən qaçmır.

N.Paşinyan iqtidara gəlməzdən əvvəl, hələ müxalifətdə olduğu dövrdə Rusiya əleyhinə söylədiyi fikirləri ilə tanınırdı. Serj Sarkisyanı tez-tez Rusiya tərəfdarı olmaqda günahlandıran N.Paşinyan "məxməri inqilab" nümayişlərində və sonrasında isə rəsmi Moskvaya qarşı kəskin bir mövqe nümayiş etdirə bilməyib. Hətta iki ölkə arasındakı dostluğun və əməkdaşlığın daha da irəli aparılmasından yana olduğunu da dilə gətirib. N.Paşinyanın bu fikirləri qüvvələr tarazlığı qurma səyi içərisində olduğunu göstərir.

Ermənistanla yaxın əlaqələrini Sovetlərin dağılmasından sonra da davam etdirən Rusiyanın rəftarı da N.Paşinyanın bəyanatları ilə uyğunluq təşkil edir. Mayın 14-də baş nazir Rusiya prezidenti Vladimir Putinlə görüşüb Yerevanla Moskva arasındakı əlaqələrin möhkəmliyinə bir daha diqqət çəkib. İki ölkə arasındakı əlaqələrin N.Paşinyan iqtidarı dövründə necə davam edəcəyi isə hələ bir çox dövlətlər tərəfindən yaxından təqib edilən bir mövzu olaraq qalmaqdadır. Bu mənada, Ermənistan-Rusiya əlaqələrinin son 4 ayını dəyərləndirmək yerinə düşər.

N.Paşinyan baş nazir seçilməsindən dərhal sonra Avropa İttifaqı (Aİ) və Rusiya ilə əlaqələrini dərinləşdirmək istədiyinə dair bəyanatlarla çıxış etdi. Aİ seçkilərdə və korrupsiya araşdırmalarında Ermənistana fəal dəstək olacağını dilə gətirdi. Ermənistan ilə Qərb arasında atılan addımlar isə Rusiya rəsmiləri tərəfindən yaxından təqib edilir. Ukrayna və Gürcüstanda baş verən inqilablara qarşı sərt reaksiyalar verən Rusiya Ermənistanda baş verən proseslərə daha ehtiyatlı yanaşır. Digər tərəfdən, Rusiya-Ermənistan münasibətlərinin əsas dinamikasından birini Dağlıq Qarabağ münaqişəsi formalaşdırır. Yerevan Qərb ilə yaxınlaşma siyasəti yürütdüyü bir dövrdə V.Putinin məsləhətçilərindən biri, rusiyalı politoloq Aleksandr Duqin və Rusiyanın tanınmış siyasətçilərindən ibarət bir heyət Azərbaycana səfər etdi. Burada "Rusiyanın Qafqazdakı tək müttəfiqi" adlı konfrans keçirildi. Tədbirdə A.Duqin Ermənistanın Dağlıq Qarabağın işğalını sona çatdırması ilə bağlı çağırışlar etdi. O, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və bu fikirlərin eyni zamanda Rusiyanın dövlət başçısının mövqeyini də ifadə etdiyini vurğulayıb. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova iyulun 31-də Azərbaycana səfəri əsnasında A.Duqinin ifadələrinin XİN-in rəsmi mövqeyini əks etdirmədiyini dilə gətirib. Buna baxmayaraq, ikitərəfli əlaqələrin kritik olduğu bir dövrdə bu istiqamətdə bəyanatların verilməsi nəzərə çarpacaq haldır.

N.Paşinyan iyulun 11-12-də keçirilən NATO zirvəsinə qatılıb. Bu, Ermənistanın xarici siyasətində dönüş anı kimi qiymətləndirilir. Baş nazir Brüsselə səfəri zamanı Aİ və NATO rəsmilərindən daha çox dəstək gözlədiyini açıqladı. O, Əfqanıstan və Kosovoda NATO ilə birlikdə müvəffəqiyyətli əməliyyatlar icra etdiklərini dilə gətirdi, Ermənistanın "beynəlxalq sülhə töhfə verən demokratik bir ölkə" olduğunu ifadə etdi. N.Paşinyan "Euronews"ə müsahibədə isə Dağlıq Qarabağ probleminin həll edilə bilməsi üçün NATO-nun güclü bir mesaj verə biləcəyini açıqladı.

NATO-nun zirvə toplantısının sonunda qəbul edilən yekun sənəddə Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyünə dəstək ifadə olunub. Bu isə Ermənistanın gözlədiyinin tam əksi olan bir addımdır. NATO zirvəsi vasitəsilə Qərblə olan münasibətlərini dərinləşdirmək istəyən N.Paşinyan gözlədiyi nəticəni əldə edə bilmədi. Rəsmi Yerevanın beynəlxalq sülhə töhfə verən bir ölkə olması iddiasının əsassızlığı NATO-nun yekun sənədi ilə bir daha təsdiqini tapdı. Digər tərəfdən, N.Paşinyanın Brüssel ziyarətindən dərhal sonra, iyulun 17-də Ermənistanın Gümrü şəhərinin Panik kəndində rus əsgərləri hərbi bir təlim həyata keçirdi. Məlum olduğu kimi 102-ci Rusiya hərbi bazası bu kənddə yerləşir. Rus ordusunun erməni səlahiyyətlilərə xəbər vermədən reallaşdırdığı bu manevr bölgədə yaşayanların panikasına səbəb olub. Təlimdən sonra 102-ci Rusiya hərbi bazasının komandirləri erməni rəsmilərini ziyarət edib, onlara bu hadisə ilə bağlı araşdırma aparacaqlarını və sonra mətbuat konfransı təşkil edərək ictimaiyyətə məlumat verəcəklərini söyləyiblər. Hərbi bazanın Ermənistanda olduğu müddətdə 2015-ci ildə yaşanan hadisələrdən başqa belə bir hadisənin yaşanması və təlimin həyata keçirilməsi, bu baxımdan, diqqətçəkəndir. Ermənistan NATO və Qərb həmlələrindən sonra Rusiyanın təcrid edilməməsi lazım olan bir aktyor olduğu qənaətinə gəlib. Necə ki, N.Paşinyanın təlimdən sonra Rusiya hərbi bazasının Ermənistandakı varlığı ilə bağlı etdiyi şərh bu fikri təsdiqləyir. Baş nazir 102-ci Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyində olduqca əhəmiyyətli bir rol oynadığını və buna görə minnətdar olduqlarını bildirib.

Rusiya-Ermənistan münasibətlərində digər gərginlik isə NATO kimi bir təhlükəsizlik təşkilatı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) görə baş verir. Ermənistanda davam edən korrupsiya əməliyyatları çərçivəsində KTMT baş katibi Yuri Xaçaturova qarşı ittihamlar irəli sürülüb. Rəsmi Yerevan onun baş katib vəzifəsində başqa şəxslə əvəzlənə biləcəyini açıqladı. Bu vəziyyət iki ölkə arasında yeni gərginliyə səbəb olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni rəhbərliyinin siyasətini tənqid edərək bildirib ki, orada baş verənlər, o cümlədən MDB məkanında Ermənistanın iştirak etdiyi təşkilatların normal fəaliyyəti məsələsi nöqteyi-nəzərdən gedən proseslər Moskvanı narahat etməyə bilməz. S.Lavrov deyib ki, son günlər Rusiya tərəfi bir neçə dəfə öz narahatlığını Ermənistan rəhbərliyinə çatdırıb. O, ümidvar olduğunu bildirib ki, vəziyyət hər halda konstruktiv məcrada davam edəcək. Rusiyanın xarici işlər nazirinin sözlərinə görə, bu ilin mayında Ermənistanda baş verən siyasi böhran zamanı Moskvada məmnunluqla qeyd edirdilər ki, bütün siyasi partiyaların iştirakı ilə kompromis əldə olunub və ölkənin yeni rəhbərliyi milli həmrəyliyi möhkəmləndirməkdə davam edəcək. “Lakin son günlər baş verən hadisələr bu müsbət proqnozları açıq-aşkar yox edir və Ermənistanın yeni rəhbərliyinin öz sələflərini siyasi motivlərə görə təqib etməyəcəyi barədə bu yaxınlarda verdiyi bəyanatlara tamamilə ziddir”, - deyə S.Lavrov vurğulayıb. Bu açıqlamalardan sonra erməni KİV-də rəsmi Moskvanın Yerevana kredit verməyi dayandıra biləcəyi şəkildə informasiyalar yayılmağa başladı. KTMT daxilində belə gərginliklər yaşandığı halda, Ermənistan NATO-nun Gürcüstanda təşkil etdiyi Noble təliminə az sayda iştirakçı ilə qatılma qərarı aldı. Ermənistan 2017-ci ildə eyni adda keçirilən təlimdən son anda iştirakdan imtina etmişdi. Yerevan bu il tədbirə qatılmaqla NATO tərəfdaşlığına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirdi.

Bütün bu hadisələr Ermənistanın Rusiya-Qərb oxunda tarazlıq yaratmağa çalışdığını göstərir. Moskvadan gözlənilən hər hansı bir təzyiqlə üzləşmək istəməyən Ermənistan rəhbərliyi Rusiya əleyhinə olmayan ifadələr işlətməməklə yanaşı, NATO və Aİ vasitəsilə Qərb ilə yaxınlaşmağa çalışır. Rəsmi Yerevanın xarici siyasətindəki bu dəyişikliyin yaradacağı durum isə Cənubi Qafqaz ölkələri üçün əhəmiyyətli nəticələrə səbəb ola bilər. Rusiyanın xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə təsir edə biləcək bu dəyişikliklər yaxından izlənilməlidir. Ehtiram AŞIRLI Analitik-icmalçı




Baxış sayı: 1 561
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30