FACT-INFO.AZ » CƏMİYYƏT » Ömür bahar deyil bir də qayıda
30-04-2018, 10:00 | CƏMİYYƏT
Ömür bahar deyil bir də qayıda

“Biri varmış, biri yoxmuş”la başlayan nağıllarımız, görünür elə uşaqlıqdan qulağımıza gizli-gizli pıçıldayırmış ki, həyat budur-biri olanda, biri olmayacaq. İstəsən də belədir, istəməsən də... Amma hələ bunu bilməyimizə çox var. Hələ ki, uşağıq, dünyanın kələyindən, küləyindən xəbərsizik. Xoşbəxtlik, qayğısızlıq dənizində üzürük. Hərdən böyüklər əlimizdən tutub elə dünyamız kimi ağ rəngdə olan bu binaya gətirirlər-nağıla baxmağa. Hələ bilmirik teatr nədir, səhnə nədir, aktyor kimdir. Nağılçı danışır, biz də şirin-şirin qulaq asırıq. Nağılçının ağzından çıxan hər kəlməni dünyanın ən böyük gerçəyi bilirik.

Heç xəbərimiz yoxdur ki, bu məxmər pərdələrin o üzündə o nağılçı da öz nağıl ömrünü yaşayır. Nağılın biri qurtarır, o biri başlayır. Yenə, yenə...Və bir də baxıb görür ki, ömrün nağıl fəsli çoxdan bitib, amma hələ də o nağıllardan ayrıla, qopa bilmir. İlk dəfə bu teatrın qapısına ayaq basanda heç kəsin tanımadığı 16 yaşlı uşaq idi, indi hamının tanıdığı Rəhman Rəhmanovdu. Ömrün 61-ci pilləsinə yaxınlaşıb. Nə yaş həmin yaşdır, nə həyat həminkidir, nə də səhhət. Amma içində elə həmin uşaqdı, dünyaya da həmin nağılların içindən baxır.

Uşaqlıqda sevgi aclığı çəkən insanlar olur. O yer sonradan sevgiylə dolmasa, ora başqa şeylər yol tapa bilər-qəzəb,kin, nifrət, paxıllıq...Yaxşı ki, teatr var idi. Yaxşı ki, bu uşağın həyatındakı o boşluğu teatr doldurdu. Yolu üstündə işıq yandırdı. Sonra ömrün nağıllı illəri başladı.

Hə, əziz nağılçı, gəl indi pərdənin o üzünə keç. Gəl bu pərdə arxasındakı gerçək həyatı yaşa. Gəl indi səhnədə uşaqları inandırdığın nağıla özünü də inandır. İnandır ki, dünya gözəldir, hər şeyin sonu yaxşı olacaq, yaxşı pisə qalıb gələcək, haqlı haqsızı yenəcək. Bəli, əziz aktyor, indi səni bu məmləkətdə tanımayan yoxdur. Bəs sən necə, tanıyırsanmı? Bu həyat səhnəsinə çıxıb oynayanları, alıb-aldadanları tanıya bilirsənmi? Həyatda oynayanı səhnədə oynayanından çox olan bu dünyada aktyor olmağın zövqü çoxdur, ya əzabı? Aktyorluq, ümumiyyətlə, başıbəlalı sənətdir. Bir əsr əvvəl Mirzə Cəlil yana-yana deyirdi ki, qadınlar bir yana, Allahın kişiləri də teatrdan, oynamaqdan qaçırlar. İndi isə az qalmışıq biz tamaşaçılar qaçaq səhnəni, ekranı tutan istedadsızlar yığınının əlindən. Amma söhbətimiz bu deyil. Həqiqi sənət adamından, səhnəni qiblə bilən sənətkardan danışırıq. Sənətkar adından ehtiyat edən, təvazökar, iddiasız, dilindən heç vaxt giley-güzar eşidilməyən, heç kəsə pis deməyən, umu-küsüsünü içində saxlayan, əzəmətli vücudunda ipək kimi urək gəzdirən, bir cüt gözünün dərinliyindən dünya boyda kədər boylanan sənətkar...

Uşaq olanda elə bilirdim ki, aktyorlar dünyanın ən xoşbəxt adamlarıdır. Elə bilirdim dünyanın istisi-soyuğu onlardan yan keçir. Səhnənin sehrli işıqları adamı necə də xoşbəxt göstərə bilərmiş... Hardan bilək ki, bu biçarə aktyorlar hərdən xoşbəxtliyi də oynamaqa məcburdurlar. Aktyorun yükü düşündüyümüzdən də ağırdır-səhnədə də, həyatda da. Özün gülə bilmirsən, amma güldürməlisən, özün ürək dolusu sevinə bilmirsən, amma sevindirməlisən.

Həyatda elə şeylər var ki, onları çalışıb-vuruşub əldə etmək olar,elə zirvələr var ki, istedad gücünə qalxmaq olar, elə qapılar var ki, nəyəsə, kiməsə arxalanıb açmaq olar. Amma elə yollar var ki, sevgisiz bir addım da atmaq olmaz. Teatr sonsuz bir eşq yoludur. Sevməsən, işləyə bilməzsən. 45 il nədir, heç 45 gün də davam gətirməzsən. İstedad, zəhmət, peşəkarlıq öz yerində. Amma bunların hamısının önündə sevgi gəlir. Uşaq sevgisi kimi saf, nağılvari sevgi. 45 il insanı bir yerə, bir ünvana bağlayan yalnız bu hiss ola bilər. Bu sevgi, bu sadiqlik olmasaydı, biz bu aktyorumuzu başqa teatrların səhnəsində də görə bilərdik, çəkildiyi filmlərin sayı bəlkə daha çox olardı. Amma o, bu teatra dönüklük edə bilmədi. Bura elə bir səhnədir ki, enerjini dörd bir yana paylamalısan, əvvəlcə cansız əşyaların-kukların dilini tapmalısan, əlinə, səsinə öyrəşdirməlisən. Sonra o təması səni canlı-canlı izləyən tamaşaçıya ötürməlisən. Bunların hamısı xüsusi hazırlıq, həm də böyük istək, bağlılıq tələb edən işlərdir. Kukla teatrı aktyoru universaldır, bütün səhnələrdə-dram səhnəsində də, komediyada da oynaya bilər, filmə çəkilə bilər. Amma məsələn, hansısa bir dram aktyoru gəlib birdən-birə kukla oynada bilməz.

İndi çox şey arxada qalıb-yaşamadığın uşaqlıq, doymadığın gənclik, özünlə-özgəylə savaşan vaxtlar...Şair demiş, ömür bahar deyil bir də qayıda. Yaşın bu çağında adamın ən yaxşı həmsöhbəti bir özüdü, bir də nağıllar. Ömrün bundan sonrakı illərinə, aylarına da tanrı nağıl şirinliyi qatsın!

Xuraman Həsənova




Baxış sayı: 2 298
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031