- Mübariz müəllim, bu yaxınlarda Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyasının növbəti hesabatı dərc olunub. Həmin hesabatda Azərbaycandakı dini vəziyyəti tənqid edən bəzi iddialar yer alır. Məsələn, iddia olunur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların qeydiyyat müraciətlərinə baxmaqdan imtina edir. Hesabata görə, 2009-cu ildən qeydiyyat üçün müraciət etmiş bir çox icmalar hələ də Komitə tərəfindən ərizələrə baxılacağını gözləyir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Bu iddianın heç bir əsası yoxdur. Yalnız bu faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildən bugünədək 808 dini qurum qeydiyyatdan keçib. Onlardan konfessional baxımdan 777-si İslam, 31-i isə qeyri-İslam (xristian – 20; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Təkcə 2018-ci ildə 13 İslam və 3 qeyri-İslam dini icması dövlət qeydiyyatına alınıb. Azərbaycanda 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ümumiyyətlə, dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş dini qurumların sənədlərinə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində baxılır və sənədlər yalnız qanunvericiliyə uyğun qaydada hazırlanmadığı təqdirdə qeydiyyatdan imtina edilir. 2009-cu ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınması ilə bağlı heç bir sənəd və ya müraciət, o cümlədən heç bir dini qurumun müraciəti cavabsız qalmayıb.
- Hesabatdan elə təəssürat oyanır ki, ölkədə protestantların vəziyyəti olduqca acınacaqlıdır, fəaliyyətlərinə məhdudiyyətlər yaradılır və onların heç bir dini icması qeydiyyata alınmayıb. Eyni iddia “Yehovanın Şahidləri” dini icması ilə də bağlıdır. Bu, həqiqətənmi belədir?
- Təəssüf ki, Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası məsələni araşdırmadan, heç bir fakta əsaslanmadan illərlə bu əsassız iddianı ortaya atır. Belə ki, 2009-cu ildən bəri DQİDK-da doqquz protestant təmayüllü dini icma dövlət qeydiyyatına alınıb. Yenidən dövlət qeydiyyatına alınmış dini qurumlardan birisi baptist, ikisi adventist, üçü isə əllinciliyin bir istiqaməti sayılan xarizmat dini icmasıdır. Respublikamızda hər hansı protestant dini icmasına dini mənsubiyyətinə görə məhdudiyyət tətbiq olunmayıb. Əksinə, fərqli protestant dini icmalar dua evlərində tam sərbəst şəkildə öz dini ayinlərini icra edir, dini bayramlarını keçirirlər. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Bakı şəhərinin ən gözəgəlimli yerində yerləşən “Xilaskar” yevangelik-lüteran kilsəsində üç protestant dini icması bazar günü ayinlərini yerinə yetirir və dini bayramlarını təmtəraqlı şəkildə qeyd edir. Eyni zamanda, qeydiyyata alınmış protestant dini icmalarına dövlət tərəfindən maliyyə yardımı ayrılır. Adventist və babtistlərin dua evləri illik müəyyən limit daxilində pulsuz təbii qazla təmin olunur. “Yehovanın Şahidləri” dini icmasına gəlincə, 2002-ci ildə DQİDK-da dövlət qeydiyyatına alınan bu icmanın qeydiyyatı hüquqi qüvvəsini saxlayır və onun fəaliyyəti legitim xarakter daşıyır. Eyni zamanda, “Yehovanın Şahidləri” dini icması mütəmadi olaraq DQİDK-ya dini ədəbiyyatların idxalı ilə bağlı rəsmi müraciət edir. O zaman belə bir sual yaranır: rəsmi statusu olmayan dini icma möhürü ilə təsdiqlədiyi məktubları hansı hüquqi əsaslarla Dövlət Komitəsinə göndərir? Müqayisə üçün deyim ki, təkcə 2017-ci il ərzində 601 adda (765 151 ədəd) dini təyinatlı ədəbiyyatın nəşri məqsədəuyğun hesab edilib. Bunlardan 359 adda dini ədəbiyyat məhz “Yehovanın Şahidləri” dini icmasına məxsusdur. Göründüyü kimi, “Yehovanın Şahidləri” dini icmasının bu gün ölkəyə idxal etdiyi kitabların sayı müsəlman dini icmalarının kitablarının sayından dəfələrlə çoxdur. Bu fakt isə bir daha onu göstərir ki, bu dini icmanın üzvlərinin ölkəmizdə sıxışdırılması ilə bağlı iddialar reallığı əks etdirmir. Hesabatda iddia olunan fikirlərin əksinə olaraq, qanunla nəzərdə tutulmuş qaydada onların fəaliyyəti üçün tam şərait yaradılır. Məsələn, “Yehovanın Şahidləri” üçün mühüm dini bayram sayılan İsa Məsihin anım gününün qeyd olunması, eyni zamanda, bu dini icma tərəfindən mütəmadi olaraq regional yığıncaqların keçirilməsi üçün DQİDK tərəfindən lazımi şərait yaradılıb və hüquq mühafizə orqanları onların təhlükəsizliyini təmin edib. Bununla bağlı həmin dini icma DQİDK-ya təşəkkür məktubu göndərib.
- İddia olunur ki, müsəlmanlar digər inanclara şamil olunmayan əlavə dini məhdudiyyətlərlə qarşılaşırlar. Hüquq mühafizə orqanları 2008-ci ildən bəri məscidlərdən kənarda ibadətetmə qadağasını tətbiq edir. Həmçinin guya Azərbaycanın şimalında yaşayan bir çox etnik azərbaycanlı olmayan sünni müsəlmanların və ənənəvi şiə ibadət tərzinə uyğun olmayan şiə müsəlmanların dövlət qurumları tərəfindən daha sərt nəzarətlə üzləşdiyi haqqında fikirlər irəli sürülür. Sizcə, bu məsələ nə dərəcədə həqiqətə uyğundur?
- Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununun 21-ci maddəsində göstərilir ki, ibadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə maneəsiz keçirilir. Göründüyü kimi, qanunvericiliyimizdə məscidlərin həyətində namaz qılınması ilə bağlı hansısa qadağa yoxdur. Lakin bu məsələnin hər bir məsciddə mövcud vəziyyət nəzərə alınaraq tənzimlənməsi hüququ həmin məscidlərdə fəaliyyət göstərən dini icmalara aiddir. Əgər hansısa məscidin həyətində, yaxud kənarında namaz qılınması ictimai təhlükəsizlik, eyni zamanda, insanların hərəkəti üçün maneə törədirsə, təbii ki, məsciddəki icma özü bunu tənzimləyir. Hesabatın yanlış tərəflərindən biri də dövlət qurumlarının bu və ya digər şəxslərə, yaxud qruplara qarşı həyata keçirdiyi tədbirlərin onların etiqadı ilə əlaqələndirilməsi və bunu süni şəkildə dini inanca təzyiq kimi qələmə verilməsidir. Bu, tamamilə qərəzli mövqedir. Əslində, Azərbaycanda heç kim əqidəsinə və etiqadına görə sıxışdırılmır. Əgər qanuna görə məsuliyyətə cəlb olunan, yaxud barəsində inzibati tədbir görülmüş şəxslər arasında hər hansı dini cərəyanın mənsubu varsa, bu, onların əqidəsindən deyil, qanunazidd əməllərindən qaynaqlanır. Dolayısı ilə dövlət üçün vətəndaşın hansı əqidədə olması əsas deyil, qanunlara riayət edib-etməməsi məsələsi əhəmiyyət daşıyır.
- Belə bir fikir yaratmağa çalışırlar ki, guya Azərbaycanda “ənənəvi” və “qeyri-ənənəvi” dini icmalar arasında fərq qoyulur və “qeyri-ənənəvi” dini icmaların fəaliyyətinə, qeydiyyat məsələsinə süni maneçilik törədilir.
- DQİDK-da dövlət qeydiyyatına alınmış protestant dini icmaların ölkəmizdəki fəaliyyət tarixinə nəzər yetirsək görərik ki, onlardan bir çoxunun respublikamızdakı tarixi ötən əsrin 90-cı illərindən başlayıb. Hətta 2018-ci il aprelin 9-da dövlət qeydiyyatına alınmış xarizmat təmayüllü “Vineyard Azərbaycan” xristian dini icması cəmi səkkiz ildir fəaliyyət göstərir. Bu isə bir daha göstərir ki, dini icmaların qeydiyyata alınması, onlara hüquqi münasibətin göstərilməsi məsələsində dini qurumların ölkəmizdəki tarixi ənənələri və kökləri deyil, vicdan və etiqad azadlığı prinsipi nəzərə alınır.
- Sənəddə qeyd edilir ki, hökumət guya çoxlu sayda dini fəalı həbs edib. “Azərbaycanda Siyasi Məhbusların Müdafiəsi Mərkəzi” və “Azərbaycanda Siyasi Məhbusların Siyahısı” adlı qeyri-hökumət təşkilatlarının hazırladıqları məhbusların siyahılarına əsaslanan hesabatda bildirilir ki, 2017-ci ilin ikinci yarısı üçün olan məhbusların siyahısına əsasən, 90-100 şəxs dini etiqadına görə həbs olunub.
- Təəssüf ki, hesabatda “dini etiqadına görə” həbs olunmuş şəxslərlə bağlı statistika verilərkən, bu rəqəmlərin hansı faktlara və məlumatlara istinad edildiyi göstərilməyib, yalnız mücərrəd şəkildə ümumi rəqəm səsləndirilib. Yəni, hesabatda əks olunan statistika təxminlərə, fərziyyələrə əsaslanıb, beləliklə, obyektiv meyara riayət olunmayıb. Bununla yanaşı, statistik göstəricilərin hansı mənbədən götürüldüyü şübhəlidir. Digər tərəfdən, cinayət törətmiş şəxslərin öz əməllərini ört-basdır etmək və həbs olunmalarının səbəbi kimi dini inanc və etiqadlarını bəhanə gətirmələri absurddur. Ümumiyyətlə qeyd edək ki, istər dindar, istər qeyri-dindar olsun, vətəndaşlar tərəfindən qanun pozuntusuna yol verilmirsə, onların fəaliyyətinə heç bir maneə və ya təzyiq olunmur. Məsuliyyətə cəlb olunma halları yalnız hüquq pozuntuları aşkar edildikdə baş verir və bunu dini etiqad azadlığının pozulması, eləcə də dini ayrı-seçkiliyə yol verilməsi kimi qiymətləndirmək düzgün deyildir. Təbii ki, hər bir hüquq pozuntusu müvafiq hüquqi məsuliyyətə səbəb olur və qanunu pozan şəxsin cəzalandırılması labüddür. Törədilmiş hüquq pozuntusu faktı isə qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilir.
- Bakının Yasamal rayonunda yerləşən Hacı Cavad məscidinin sökülməsi tənqid olunur.
- Bu iddia da əsassızdır. Bildiyiniz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə 2017-ci il iyulun 2-də Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidinin yeni binasının tikintisinə başlanıldı. Dövlətimizin başçısı məscidin yeni binasının tikintisini daim diqqət mərkəzində saxlayır və görülən işlərlə bağlı müvafiq tapşırıqlar verirdi. Beləliklə, bu il aprel ayının 12-də Hacı Cavad məscidinin yeni binası dindarların istifadəsinə verildi. Açılışda Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva iştirak ediblər. Bu hadisə Hacı Cavad məscidinin dini icmasının nümayəndələri tərəfindən rəğbətlə qarşılandı və onlar dövlətimizin başçısına dindarlara göstərdiyi qayğıya, inşa olunan yeni məscid binasına, o cümlədən dini ayinlərin icrası üçün yaradılmış yüksək şəraitə görə minnətdarlıqlarını bildirdilər.
- Dini ədəbiyyatla bağlı məsələlərin tənzimlənməsinə müdaxilə edildiyi barədə iddialar irəli sürülür. Dini ədəbiyyatla bağlı proses necə aparılır?
- Azərbaycan Respublikasının qanunvericiliyində hüquq mühafizə orqanlarına dini ədəbiyyatların tənzimlənməsi səlahiyyəti verilməyib. Hüquq mühafizə orqanları yalnız dini ədəbiyyatın qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilməsində iştirak edir. Dini ədəbiyyatın məzmununun zərərliliyinin yoxlanılmasını və onların nəşr, yaxud idxal edilməsinə razılığın verilməsini DQİDK həyata keçirir.
- Hesabatda yer alan iddialara Dövlət Komitəsi tərəfindən rəsmi cavab veriləcəkmi?
- Hazırda hesabatın təhlili üzərində iş aparılır. İddia olunan bütün məsələlərə ətraflı şəkildə cavab hazırlanır. Sənəd üzərində iş başa çatandan sonra Dövlət Komitəsinin rəyi Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyasına təqdim ediləcək. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, ölkədə dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfrans və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti hökm sürür. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı milli mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına hər zaman xüsusi diqqət ayırır. Onun sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilib, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilib. Mütəmadi olaraq hər il dövlət başçımız tərəfindən dini konfessiayalara maliyyə yardımı ayrılır. Həmin vəsait hesabına ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işi daha da gücləndirilir, dini icmalar tərəfindən müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm İli”, onun məntiqi davamı kimi ötən ili “İslam Həmrəyliyi İli” elan etməsi millətindən və dinindən asılı olmayaraq bütün bəşəriyyətə həmrəylik, sülh və dialoq çağırışıdır. Bunun ən gözəl örnəyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət-din münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və tətbiq olunmasıdır. Ümummilli Lider tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan bu mükəmməl model sayəsində milli mənəvi dəyərlərə qayıdışın əsası qoyulub, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilir, ölkədə etiqad, inanc azadlığı tam təmin edilir. Beləliklə, dini zəmində ixtilafların, qarşıdurmaların, toqquşmaların kəskinləşdiyi, terrorizm, dini radikalizm kimi mənfi meyillərin artdığı bir dövrdə Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin edilməsi, ölkə vətəndaşlarının dinc və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin multikultural və tolerant dəyərlərin qorunub saxlanılmasına verdiyi dəstək digər ölkələr üçün nümunədir. Sonda təəssüf hissi ilə qeyd etməliyəm ki, dünyada dini durumu təhlil etmək yükünü üzərinə götürmüş Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası builki hesabatında da adi tarixi faktları saxtalaşdırıb, məsələni araşdırmadan, heç bir fakta söykənmədən tamamilə qərəzli mövqe sərgiləyib. Sözügedən Komissiya illərdir bu əsassız iddiaları ortaya atır, yoxlanılmamış məlumatları hər il təkrarlamaqda davam edir və biz illərlə bu iddianın əsassız olduğuna dair faktlar gətirməyə məcbur qalırıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gələcəkdə bu sahədə hazırlanan hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyasını və digər müvafiq qurumları əməkdaşlığa dəvət edir.
Baxış sayı: 1 911