Klassik bədii əsərlərin klassika xarakteri onların bütün zamanlar üçün aktuallığı və sənətkarın ustadlıq dəyərləri ilə ölçülür. Mən bu nəzəri fikri “Dolu” filminə yenidən baxarkən xatırladım. Və bir də belə bir qəti qərara gəldim ki, sənət əsərini birləşdirən ən böyük faktlardan biri onun materialının həyat həqiqətlərinə nə qədər bağlı olmasından asılıdır.
Belə faktlar sübut edir ki, sənət əsəri insana təsir gücünü real həyat hadisəsinə həm də bədii münasibətin nisbətindən alır. Yaradıcı sənətkarın bu nisbətə ölçülü yanaşmasını isə çox zaman hadisənin miqyası və cəmiyyətdə doğurduğu rezonans müəyyən edir. Real həyat hadisələrindən uzaq, yalnız təxəyyülə söykənən “sənət əsəri” nə qədər məzmunsuzdursa, yalnız real həyat həqiqətini əks etdirən və bədii təxəyyüldən məhrum əsər də o qədər gücsüz və cılız görünür.
Daha çox gerçək hadisələri, gerçək faktları əks etdirən publisistika şüura ünvanlandığı kimi, bədii təxəyyülə güvənən əsər də daha çox duyğulara ünvanlanır. Lakin sənət əsərinin böyüklüyü onda baş verir ki, o həm şüurlara, həm də duyğulara - ikisinə də eyni zamanda ünvanlanır. Sənətin bu anında reallıqla bədiiliyin harmoniyası kimi vacib bir hadisə baş verir və yalnız bu hadisəni yaşayan format sənət əsəri kimi dəyərləndirilir. Mən bütün bu hissləri “Azərbaycanfilm” kinostudiyasının yazıçı, publisist, ictimai xadim Aqil Abbasın “Dolu” romanı əsasında çəkdiyi eyniadlı filmə ictimai baxış zamanı elə o kinoteatrın salonundaca keçirmişdim. Bu hissləri keçirməyimi isə üç əsas amil şərtləndirirdi: birincisi Qarabağ uğrunda gərgin xalq mübarizəsinin ağır günlərini az-çox yaşamış bir insan kimi, ikincisi bu döyüşlərin bir çox cəhətlərini özündə əks etdirən “Dolu” romanını oxumuş adam kimi, üçüncüsü həmin hadisələrin vizual səhnələrinin ekrana köçürülmüş variantından riqqətə gələn bir tamaşaçı kimi. Sonra roman gəldi və mən bu filmə TV ekranlarında təkrar-təkrar baxdım və gördüm ki, hər dəfə eyni duyğuları, eyni hissləri yaşamaqdayam.
“Dolu” filmindən aldığım təəssüratları içimdən gələn bir səmimiyyət duyğusu ilə ifadə etdiyim anlarda baş verəcək epitetlərə görə məni qınayacaq hər kəsə belə bir həqiqəti də anlatmaq istərdim: mən “Dolu” romanının nə adi oxucusuyam, nə də “Dolu” filminin adi tamaşaçısı. Mən bu romanda və bu filmdəki hadisələrin nə qədər gerçək olduğunu bir qarabağlı şahid kimi, kəndi, kəsəyi, doğmalarının qəbri düşmən tapdağında olan bir insan kimi içindən keçirən minlərin biriyəm. O biri tərəfdən mən əsərin nə zaman sənət səviyyəsinə yüksəldiyini az-çox bilən, hiss edənlərdən biriyəm. Bu faktlar fonunda təkrar-təkrar tamaşa etdiyim “Dolu” filmi məni lap yaxın keçmişin ən ağır günlərinə qaytarır: xalqın, Vətənin, torpağın, arvad-uşağın yiyəsiz qaldığı o ağır günlərə. Mən o günlərin ağırlığını özündə əks etdirən onlarca publisistik, bədii əsər oxumuşam, şahidlərin hekayətlərinə qulaq asmışam, onlarca teleproqrama baxmışam. Lakin etiraf edim ki, “Dolu” filminin şüura və duyğulara təsir gücü qədər bir güc görməmişəm.
“Dolu” filmində bu təsir gücü hardandır? Əlbəttə, mən də belə bir nəzəri fikri qəbul edirəm ki, film rejissorundur və filmin sənət səviyyəsinə yüksəlməsi rejissorun istedadına bağlıdır. Ancaq dünyanın kino təcrübəsində şedevr səviyyəsinə çatmış filmlərin hamısında ssenarinin böyük rolu danılmazdır. “Dolu” filminə də tamaşadan sonra ümumiyyətlə kino sənətinin həmişə yaxşı ssenarilərə ehtiyacı olduğu qənaətinə gəldim. Filmdən belə bir qənaətə də gəldim ki, rejissorun da, aktyorun da, qalan digər yaradıcı heyətin də uğurunda ssenari çox böyük rol oynayır. “Dolu” romanına yaxından bələd adam kimi deyə bilərəm ki, bu romandakı hadisələrin hamısında yazıçının ustalıqla qələmə aldığı qəribə və həm də aydın bir vizuallıq var. Mənə elə gəlir ki, filmin rejissoru Elxan Cəfərovun da bu romana müraciətini şərtləndirən əsas amillərdən biri məhz bu vizuallıqdır. Görmüşük axı, bəzi uğursuz filmlərdə əsərdə vizuallığın olmadığını ört-basdır eləmək üçün rejissor obrazın daxili aləmini onun heç nəyə yaramayan monoloqu ilə kompensasiya edir. “Dolu” belə şeylərdən uzaqdır. Çünki “Dolu”nu ərsəyə gətirən hər kəs ilk növbədə romanın mahiyyətinə söykənmişdir. Bəs romandakı hadisələr bizə niyə bu qədər doğma və təsirlidir? İlk növbədə ona görə ki, onun müəllifi Aqil Abbas Qarabağ savaşına ürəyinin odunu vermiş bir sənətkar yazıçıdır. Br dəfə Aqilin bu yaxınlarda televiziyada on dəqiqəlik çıxışını qəzetlərdən biri “hadisə” adlandırmışdı. Ağdamın işğal gününün ildönümü ilə bağlı televiziyaya dəvət olunmuş yazıçı və ictimai xadim yalnız həqiqəti və yalnız səmimi danışdığı üçün onun on dəqiqəlik çıxışı hadisəyə çevrildi.
Doğrusu vaxtilə “Dolu” filmi ilə bağlı bir yazıma məni yenidən qaytaran Aqil Abbasın iyulun 23-də İctimai Televiziyanın “Yeni gün” proqramında Ağdamın işğalının 22-ci ili ilə bağlı çıxışı oldu. Aqil Abbasın yaradıcılıq dünyasına və xarakterinə yaxından bələd olan hər kəs onun orijinal, bənzərsiz bir ziyalı olduğunu yaxşı bilir. Qeyd etdiyim proqramda da Aqilin Qarabağ döyüşlərinin hər anına bələdliliyi, Ağdamın tarixi və bu günü ilə bağlı səmimi, səriştəli söhbəti tamaşaçını çox təsirləndirdi və etiraf edim ki, elə bu anda mənim ən çox yadıma düşən “Dolu” filmi oldu. Həmin gün İctimai Televiziya Ağdamın işğal günü ilə əlaqədar bir çox proqramlarını bu problemə həsr etdi. Və “Dolu” filmini yenidən efirə gətirdi. Filmə təkrar baxıram və bir daha belə bir qərara gəlirəm ki, “Dolu” real gerçəklik romanıdır. Onun səhfələrində onlarca hadisə, onlarca bədii tapıntı var. Rejissorun metrliyi ustadlığı ondadır ki, öz estetik ideallarının ifadəsi üçün əsər seçməyi bacarmışdır. Rejissorun bu əsərdəki estetik idealı isə “Dolu” romanında yazıçının əks etdirdiyi həyat həqiqətini kino sənətinin bədii vasitələri ilə tamaşaçıya çatdırmaq olmuşdur. Rejissorun bu andakı estetik idealının məhz Qarabağ həqiqətlərinə xidmət missiyası ilə ifadəsi isə onun vətəndaşlıq yanğısından doğan bir hadisədir. Deməli, yazıçı Aqil Abbas həqiqəti, üstəgəl rejissor Elxan Səfərovun bədii görümü bütöv bir sənət əsərinin meydana çıxmasına səbəb olmuşdur.
“Dolu” filmini ərsəyə gətirən bütün yaradıcı heyətin isə ideya-estetik qayəsi Vətən dediyimiz bu torpaqda, oyunlar açılan, başı siyasi oyunların qurbanı olan Azərbaycanda belə şeylərə bir daha yol verməməkdən ibarətdir.
Mən “Dolu” filmi haqqında Rəbiqə Nazimqızı imzası ilə bir yazı oxumuşam. “Dolu”- bir filmə sığmayacaq qədər...” sərlövhəli bu yazı həcmcə çox böyük olmasa da, onun ifadə etdiyi fikir çox böyükdür. O yazıdan bir parça: “Müharibədə qalib gəlib yaxşı film çəkmək asandır. Qalibiyyət özü danışır. Və burada təntənə də, pafos da yerinə düşür. Qalib gələn çığıra bilər. Bunu ona bağışlayacaqlar. Məlum həqiqət var: qaliblər mühakimə olunmurlar. Qalibiyyət barədə zəif əsərin qüsurlarına da göz yummaq olar. Çünki bu, daha çox özlüyündə parlaq, bədii, cəlbedici olan zəfərin fiksə edilməsidir...
Məğlub olub elə məğlubiyyətdən film çəkmək olar. Bu daha çətindir, sən ağrınla ağrıtmalısan, bütün məğlubiyyətlərin ədalətsiz olduğunu göstərməlisən. Amma bundan daha çətin bir vəziyyət də var. Sən nə qalibsən, nə də məğlub. Çünki müharibə bitməyib. Müharibə dayanıb. Onun nəticələrini heç bir tərəf qəbul etməyib. Və deməli, onun hər an yenidən başlama ehtimalı var...” Mən Rəbiqə Nazimqızının məqaləsindən bu parçanı qəsdən belə iri şəkildə yenidən təqdim edirəm, ona görə ki, bu fikirlərdə çox böyük həqiqət var və bu həqiqət “Dolu” filminin motivasiyasını aydın şəkildə üzə çıxarır.
Bəli, doğrudan da qalibiyyət və məğlubiyyət haqqında əsər ortaya qoymaq asandır. Böyük Lev Tolstoy “Savaş və barış” romanını təsvir etdiyi müharibədən çox-çox sonralar yazdı. Həm də qalib tərəfdə oturub yazdı. Hadisələr olmuşdu, təhlil edilmişdi, nəticələr göz qabağında idi. Roman şedevr səviyyəsində alındı. Ötən zaman, tarixi təhlillər L. Tolstoyun bədii həqiqətinin köməyi ilə romanı şedevr səviyyəsinə yüksəltdi. Məğlubiyyət haqqında da zaman keçəndən sonra çoxlu əsərlər ortaya çıxıb. Aqil Abbas hələlik dayanmış bir ağır müharibənin birinci hissəsindəki məğlubiyyətin ağır səbəblərini bir dərs olaraq anladır və rejissor Elxan Cəfərov bu səbəblərin vizual təhlilini göstərməyi qarşıya məqsəd qoyur. Ən əsası da budur ki, film məğlubiyyətdən qələbəyə bircə addım məsafə qaldığına bizi inandıra bilir. Ermənistanın havadarlarının namərdcəsinə Azərbaycana qarşı tədbirləri: quş tüfənglərinin belə xalqdan yığılması, erməni tərəfinin təpədən dırnağadək silahlandırılması, hər cür ideoloji təxribat, düşmənin düşmənçiliyə ruhlandırılması... kimi halların hamısı o zaman bu rəzalətə heç cür inanmaq istəməyən Azərbaycanın çökdürülməsinə yönəlir. Lakin “Dolu” xalq gücünün, xalq inamının heç vaxt tükənmədiyi ümidini ekrana gətirir, xalqın nəyə qadir olduğunu sübuta yetirir.
Mən bu yerdə Aqil Abbasın “Dolu” filminin çəkilişi zamanı baş verən bir hadisəni nağıl etməklə xalqın, millətin necə fədakar olduğunu bildirmək məqamını xatırladım: Aqil Abbas yenə televiziyalardan birinin qonağı idi və deyirdi ki, cəbhə xəttindəki sərhəd zolağında filmin çəkilişi zamanı kütləvi səhnə üçün kənd adamlarını dəvət edirlər. Bu zaman Qarabağ döyüşlərində bir ayağını itirmiş bir qazi adamları, texnikanı görüb elə zənn edib ki, camaat ermənilərə qarşı hücuma keçib. Bir ayağı üstündə yüyürərək hücumda iştirak etmək cəhdi göstərib. Film çəkənlər ona başa salıblar ki, heç bir hücum-zad yoxdur, sadəcə film çəkirlər. Onda bu qazi filmin “yiyəsi” Aqil Abbasa yaxınlaşaraq: “ - Ə, biqeyrət, - deyir -bəs mən də elə bilirəm hücuma keçirik?” Aqil Abbasın efirdən öz ifadəsi ilə təqdim etdiyim bu epizod xalqın qeyrətini, Vətən uğrunda canından keçməyə hazır olduğunu çox gözəl ifadə edir.
Filmin bütün məzmununda xalq gücünə bu inam hissi ilk sırada durur. Əla rejissor tapıntıları tamaşaçını bu müqəddəs hissin gerçəkliyinə yönəldir. Filmdəki obrazların hər biri bizim həqiqətən yaxın tarixdə gördüyümüz, tanıdığımız könüllü dəstələrin döyüşçüləridir. A.Abbas özünün şəxsən tanıdığı, bir çox döyüş səhnələrində yanındaca müşahidə etdiyi xalq hərbçilərinin yüksək bədii obrazlarını ustalıqla yarada bilmiş və reallıq rejissorun məharəti ilə bədii zirvəyə yüksəlmişdir. Bu obrazların hər birinin gerçək həyatda adları, soyadları var. Lakin həm romanın, həm də filmin müəllifləri bu gerçək xalq döyüşçülərini ümumiləşdirməklə millətin torpaq uğrunda əliyalın vuruşunun daha geniş panoramını yaratmağa nail olmuşlar.
Aktyor Məmməd Səfanın canlandırdığı komandir torpaq uğrunda mübarizədə hər cür çətinliyə sinə gərən bir döyüşçüdür. Müharibələrin hamısında komandirlər var və biz onların maraqlı obrazlarını çox tanıyırıq. Lakin A.Abbasın, E. Cəfərovun və Məmməd Səfanın komandiri dünyanın bütün müharibələrindəki döyüş komandirlərindən fərqlidir. Bu komandirin nə nizami ordusu var, nə hərbi sursatı var, nə də söykəndiyi “yuxarıdan” ümid gözlədiyi, kömək umduğu dövləti var. Ətrafına yığılan fədailərdən başqa bu komandirin heç nəyi yoxdur. Yuxarılardan silah tələbi etinasız qarşılanır, “dövlət” adamları sanki hər şeyi Allahın ümidinə buraxıblar. Komandirin yeganə silah yeri döyüşdə öldürülən erməni yaraqlılarından qoparılan avtomat trofeyidir. Filmdə silah ümidiylə “katibin” kabinetinə gələn komandirin bu otaqdan ümidsiz gedişi o zamanın ümumiləşdirilmiş vəziyyəti kimi maraqlıdır. Ancaq komandir ruhdan düşmür. Aktyor Məmməd Səfa acınacaqlı vəziyyətə düşmüş komandirin üzüntülərini, lakin bu üzüntülər içərisində yaşadığı xalq gücünə inam hissini böyük bir ustalıqla yarada bilir. Komandirin əsgərlərlə sərt davranışı, film boyu gərgin vəziyyəti aktyorun ifasında əvəzolunmaz bir dolğunluqla tamaşaçıya çatdırılır.
Bütövlükdə maraqlı süjet üzərində qurulan bu filmdə hadisələrin aydınlıq prosesi obrazların xarakterləri və fəaliyyətləri ilə çox əlaqəlidir. “Drakon” ləqəbli döyüşçünün xeyli dərəcədə kobud görünə biləcək xarakterində əslində son dərəcə zərif və milli keyfiyyətlərə bağlı məqamlar var. Vəhşiliyin miqyası təkcə bu filmdə deyil, yüzlərlə digər tarixi hadisələrdən məlum olan erməni xislətinə nifrət dolu bir intiqamla erməni başkəsəninin kəşfiyyatına çıxmış Drakonun real obrazını aktyor Rza Rzayev məharətlə yaratmışdır. Aktyor Drakonun- sözün həqiqi mənasında ləqəbinə çox uyğun bu döyüşçünün həm savaş xarakterini, həm də milli kişilik xüsusiyyətini əks etdirən insani keyfiyyətini ustalıqla aça bilir. Bu anda ssenari tapıntısından doğan maraqlı bir səhnə var. Xaricdən gəlib Azərbaycan kəndlərinə qan udduran erməni Levonun axtarışı zamanı Drakonun adamları Azərbaycan kəşfiyyatçılarını izlədiyi ehtimal olunan erməni qızını tutub onun yanına gətirirlər. Öldürülən yoldaşlarının, yandırılan kəndlərin, pərən-pərən salınan arvad-uşağın intiqamı ilə yaşayan Drakonun bu saat həmin erməni qadının başına min oyun açacağı ehtimalı ilə ekranı izləyən tamaşaçı tamam başqa bir səhnə ilə rastlaşır: Drakon kişilərlə döyüşdüyünü deyib, vəhşi ermənilərdən fərqli olaraq casus qadını azadlığa buraxır. Drakonun bu milli kişilik hərəkətindən heyrətə gələn erməni qızı onun ayaqlarına düşərək barı heç olmasa adını öyrənmək istəyir. Drakona isə erməni qadının heç duası da lazım deyil... Bu səhnədə aktyor R. Rzayevin oyunu Azərbaycan kinematoqrafiyası üçün xeyli dərəcədə yeni keyfiyyəti ilə uzun müddət tamaşaçı yaddaşında qalır...
Filmin həm xaraktercə, həm də aktyor oyunu baxımından maraqlı obrazlarından biri də “Pələng” ləqəbli döyüşçüdür. Elvin Əhmədovun oynadığı bu obraz cavan bir döyüşçü olsa da, artıq batalyonda öz yeri olan, formalaşmış xarakterə malik bir insandır. O cəsarətlidir, orijinaldır, cavab verməyi də, əfv etməyi də, özündən böyüklərə hörmətlə yanaşmağı da bacaran bir insandır. Batalyonda dediyini mütləq icra edən, necə deyərlər “tüpürdüyünü yalamayan”, buna görə də çoxlarının ehtiyatla davrandığı Drakonun həyatın ağrı-acılarını yaşayan kənd adamlarına etinasızlıq göstərən bir adamla bağlı artıq hərəkətinə qarşı çıxır və bütün hədələrə baxmayaraq öz xarakterini göstərir. Drakon onu mütləq “vuracağı” ilə hədələyir. Lakin filmin müəllifləri onların bir-birinə münasibətini ayırd etmək üçün tamaşaçıya güclü təsir edən bir məqam “tapırlar”. Erməni cəlladı Levonun axtarışı zamanı meşədə dərin bir yarğana yumalanan Drakonu Pələng xilas edir. Əlbəttə, Drakon bununla Pələngi bağışlayana oxşamır. Ancaq düşmən gülləsi Pələngi yerə sərəndə Drakon onu ağuşuna alır və can verməkdə olan bu cəsarətli oğlanın ölümünə çəkdiyi nərəsi ilə tamaşaçıda qəti bir intiqam hissi yaradır. Filmin bu anında cavan aktyor Elvinin və Rzanın ustalığı tamaşaçını, sözün həqiqi mənasında riqqətə gətirir...
Daha bir obraza diqqət yönəltmək istərdim. Bu həm romanda, həm də filmdə real həyatla təcəssüm olunan, lakin bədii təxəyyülün daha da ucaltdığı “katib” obrazıdır. Biz Kommunist Partiyasının o zaman ideoloji vassalları olan rayon partiya komitələrinin birinci katiblərini sovetlərin süqutundan sonra yalnız damğalamaq və lənətləməklə məşğuluq. Aqil Abbas dövrün yaşadığımız reallığından doğan bir həqiqətə son dərəcə səmimi yanaşmış, yeni ideoloji kanonları aşaraq içərisində yaxşı kadrların da olduğu yaxşı katiblərin ümumiləşdirilmiş obrazını yaratmışdır. Böyük aktyorumuz Fuad Poladovun böyük ustalıqla oynadığı bu katib obrazı “Dolu” filminin realizmə bədii münasibətinin yadda qalan faktı kimi çox maraqlı alınmışdır. Bu katib qulluğunda durduğu ideologiyadan daha çox Vətən, torpaq, xalq haqqında düşünür. Yuxarıdan ala bilmədiyi köməyə görə xəcalət hissi keçirir. Ermənilərin divan tutduğu kəndlərə, insanlara görə zülm çəkir. Vətənə, xalqa, xalqın faciələrinə biganəlik göstərən yuxarılara qəzəblənir və telefonda tamaşaçının da yəqin etdiyi lap “yuxarıya”, bütün ölkəyə cavabdeh adamın ünvanına səslənərək: “Biqeyrət doğulmusunuz, biqeyrət də öləcəksiniz!” kimi bir nidadan sonra intihar edir. Bu səhnənin təsir gücünün böyüklüyü təkcə onunla təyin oluna bilər ki, həmin epizodda - katibin telefonla “yuxarının” ünvanına səsləndirdiyi əsəbi nidada tamaşaçıdan alqış səsi ucalır və sanki hamı ədalətin zəfərini qarşılayır... Əlbəttə, bu səhnənin möhtəşəmliyini təkcə katibin kəsərli sözü, onun necə intihar etməsinin rejissor tapıntısı deyil, həm də Fuad Poladovun aktyor sənətkarlığı təmin etmişdir.
Filmə tamaşa etdikcə məndə (deməli, tamaşaçıda) belə bir qəribə assosasiya yaranır: ssenari, rejissor və aktyor tandemi yalnız o zaman ortaya çıxır ki, onların üçü də sənətkarlıq meyarlarına malik olur. Bu qənaət tamaşaçıda Pələngin anasının obrazı ilə tamamlanır. Pələngin anası ermənilərin viran qoyduğu, balasını, ərini, qardaşını əlindən aldığı Qarabağ qadınlarının o qədər gerçək obrazıdır ki, bu hadisələri yaşamış hər kəs onu öz anası, öz bacısı, öz doğması hesab edir. Şəxsən mən bu anda oğlu Füzulinin Məngələnata dağında öldürülmüş doğma bacımı, Ağdam uğrunda vuruşlarda şəhid olmuş tanıdığım neçə-neçə doğma anaları xatırladım. Aktrisa Gülzar Qurbanova mənim tanıdığım, şəhid oğullarının meyitləri üstündə ağı deyən həmin anaların ümumiləşdirilmiş obrazını o qədər real detallarla ifa edir ki, o dərdi, o ələmi bir daha yenidən, bəlkə elə həmin ağrı ilə yaşamalı oluruq. Onun yerişi də, bütün hərəkətləri də, danışıq tərzi də, üzünün üzgün ifadəsi də mənim tanıdığım o şəhid analarının unudulmaz həqiqətlərini ortaya qoymuşdur.
Bu filmdə obrazlar qalereyasını bütövlükdə təhlil etmək çətindir. Lakin qısaca da olsa qeyd etməliyəm ki, Azərbaycan kino sənətində öz uğurları olan Şamil Süleymanlının müəllim obrazı, Fərhad İsrafilovun milis rəisi, Rövşən Ağayevin, Cavanşir Hadiyevin, Faiq Kərimoğlunun, Vüqar Vəlixanovun döyüşçü obrazları ustalıqla yaradılmışdır. Əjdər Ağayevin yaratdığı Levon obrazı erməni xislətinin xarakterini açmaq baxımından maraqlı alınmışdır. Nair Şirməmmədovun Aram, Mayak Kərimovun həbsxana rəisi, Sadiq Əhmədovun dustaq obrazları da güclü təsir bağışlayır.
Bəstəkar Polad Bülbüloğlunun hadisələrin ovqatına uyğun musiqisi filmin sənətkarlıq keyfiyyətini artıran fakt kimi xüsusi qeyd olunmalıdır.
Mən bir daha Aqil Abbasın əsərdəki sənətkarlığına qayıtmaq istərdim. Azərbaycan oxucuları Aqil Abbası bəlkə yazıçıdan çox vətəndaş qeyrətli bir insan kimi yaxşı tanıyırlar. Aqilin əsərlərinin güc mənbəyi real həyatın özüdür. Bu əsərdə isə o real həyatı yazıçı şəxsən izləmiş, müxtəlif cəbhə nöqtələrində saysız-hesabsız dəfə döyüşçülərin yanında olmuşdur. Amma o zamanlar Aqil döyüş bölgələrində əsər yazmaq üçün olmurdu. Aqili döyüşçülərin yanına vətəndaşlıq vicdanı, qarabağlı ürəyi aparırdı. Mən o vaxtlar Aqilin də taleyindən çox qorxurdum. Amma Aqil o döyüş nöqtələrinə getməyə bilməzdi. Çünki Aqilin özündə də onun yaratdığı Drakon obrazının cəsarəti var.
Aqil Abbas o bölgələrdə gördüklərini bir gün “Dolu” adlı o romanda qələmə aldı. Qələmə aldı və möhtəşəm bir əsər yaratdı. Sonra Elxan Cəfərov bu romandan bir “Dolu” filmi yaratdı. Bu “dolu”lar rusun ölüm saçan “qrad” silahından doğub, bir romanın və bir filmin zaman ağrısı, Qarabağ ağrısı, xalq zilləti ilə dolu bir sənətkarlıq keyfiyyətini ortaya qoydu. Operatorlar Tarıverdi Tarıverdiyevin, Asif Şirəliyevin rejissorlar tərəfindən yaradılan möhtəşəm döyüş səhnələrini lentə almalarından tutmuş bütün yaradıcı heyətin vətəndaşlıq qeyrətilə ərsəyə gətirdikləri bu filmə baxışdan sonra ürəyində azacıq da olsa, Vətən, torpaq, millət qeyrəti olan hər kəs Qarabağ uğrunda ölüm-dirim savaşına yollanmaq istəyir. Filmin bütün qayəsi də bundadır.
Daha bir məqam Aqil Abbasın TV efirindəki söhbətində də xatırlatdığı kimi bu filmin axırında “Filmin sonu” titri yoxdur. Çünki Qarabağ uğrunda xalq döyüşü hələ bitmədiyi kimi , “Dolu” filmi də bitməmişdir. Qarşıda Qarabağ mövzusunda bu filmin möhtəşəm davamı durur.
Professor Cahangir MƏMMƏDLİ
Baxış sayı: 2 646