FACT-INFO.AZ » XƏBƏR » Klassik ədəbi irsimizə Tofiq Hacıyev baxışı
6-05-2021, 09:35 | XƏBƏR
Klassik ədəbi irsimizə Tofiq Hacıyev baxışı

Əfsuslar olsun ki, böyük insan, görkəmli türkoloq bizim yaşadığımız bu gözəl günləri yaşamadı, Qarabağın, o cümlədən, doğma yurdu Cəbrayılın azad olunduğu xəbərini eşitmədi, azad edilmiş torpaqlarda qürur və fərəh hissi ilə gəzib-dolanmadı. Ancaq Tofiq müəllim bu günlərin mütləq gələcəyinə ürəkdən inanırdı...

Akademik Tofiq Hacıyevi yaşadığı ölkənin yalnız bu günü deyil, dünəni və gələcəyi də çox maraqlandırırdı. Buna görə də o, xalqın, vətənin, yaşadığı mühitin dərdlərini öz dərdinə çevirən Azərbaycanın bütün dəyərli şəxsiyyətlərinin yaradıcılığına müraciət edib, onları dəyərləndirib, xalqın düçar olduğu bəlalardan qurtarmağın yollarını onların öz əsərlərindən gətirdiyi nümunələrlə təsdiq etməyə çalışırdı.

Böyük alim Azərbaycan xalqının işıqlı gələcəyi, inkişafı və maariflənməsi yolunda qorxmadan, çəkinmədən mübarizə aparan M.F.Axundov, C.Məmmədquluzadə, H.Zərdabi, M.Ə.Sabir kmi mütəfəkkirlər haqqında sanballı əsərlər - məqalələr, monoqrafiya yazmışdı.

Bu müdrik və həssas yanaşma akademik Tofiq Hacıyevin M.Ə.Sabirin yaradıcılığına münasibətində daha qabarıq şəkildə görünür. O hələ aspiranturada oxuduğu illərdən bu böyük şairin irsinə yaxından diqqət göstərmiş, ümumilikdə Sabir haqqında 13 məqalə və iki kitab yazıb çap etdirmişdi.

1961-ci ildə şairin 100 illiyinə həsr etdiyi "Sairin fırçası" adlı məqaləsi "Azərbaycan" jurnalında çıxmışdı. Onun satirik əsərlərlə bağlı yazdığı əksər məqalələrdə Sabirin yaradıcılığına müraciət olunur. Bu məqalələrdə Sabirin özündən əvvəl yazıb-yaradan şairlərlə ideya bağlılığı, haqsızlığa nifrət, zəhmətkeş insanlara məhəbbət kimi keyfiyyətləri öz əksini tapıb.

İlk məqalədən sonra Tofiq Hacıyevin "Füzuli və Sabir" seriyası, M.Ə.Sabir üslubunda "Molla Nəsrəddin" formaları, "Satirik nitqdə jarqonun xüsusiyyətləri", "Dilimizin satirik gücü", "İnqilabi-satirik üslubda xüsusi isimlərin işlənmə xüsusiyyətləri", "Sabir satiraları dini xürufatla mübarizədə", "Sabirin uşaq şeirləri haqqında", "Sabirin elmi düşüncələri" adlı məqalələri jurnal və qəzet səhifələrində işıq üzü görüb.

Onun Sabirin həyat və yaradıcılığı ilə bağlı kitablarından biri 1975-ci ildə ADU nəşriyyatında çap edilən "Satira dili", digəri isə 1980-ci ildə "Yazıçı" nəşriyyatında işıq üzü görmüş "Sabir: qaynaqlar və sələflər"dir. "Satira dili" əsəri bütünlüklə M.Ə.Sabirə həsr olunmasa da, "Sabir: qaynaqlar və sələflər" əsəri tamamilə M.Ə.Sabirin yaradıcılığından bəhs edir. Kitabda Sabirin Füzuli yaradıcılığından bəhrələnməsi, onun yaradıcılığına şifahi xalq ədəbiyyatı nümunələrinin təsiri, Sabir yaradıcılığının Mirzə Fətəli Axundov yaradıcılığı ilə bağlılığı, Sabir yaradıcılığında "Molla Nəsrəddin"in rolu və Sabir yaradıcılığında C.Məmmədquluzadənin bir şəxsiyyət kimi rolu və sair məsələlər öz əksini tapıb. Bundan əlavə, Sabir yaradıcılığının C.Cabbarlıya təsiri kimi məsələlər də qələmə alınıb, bu böyük şəxsiyyətlərin hər birinin yaradıcılığının bir məktəb vəzifəsini yerinə yetirdiyi müqayisəli faktlarla konkretləşdirilib.

Akademik Tofiq Hacıyev "Sabir: qaynaqlar və sələflər" kitabının müqəddiməsi hesab olunan "Daha dərin köklər" bölməsində yazır: "Azərbaycan dilli satirik şeir Mirzə Ələkbər Sabirlə kamala çatır: zarafatdan, məzhəkədən yüksəlib, masqaradan, həcvçilikdən çıxıb, mükəmməl ictimai-estetik vüsət qazanır; ötəri, əyləndirici gülüşdən sarsıdıcı gülüşə, yumşaq yumordan sərt satiraya keçir".

Kitabı oxuduqca, bir-birindən 350 illik zaman məsafəsində yaşamış bu iki böyük şairin eyni dərdləri daşımaları diqqət çəkir. Aydın olur ki, bu iki həmdərdi tarixin uzaq keşməkeşləri ayırsa da, onları eyni əqidə, eyni məslək birləşdirir.

Kitabda akademik T.Hacıyev bu qənaətə gəlir: "Sabir yaradıcılığı Füzuli yaradıcılığından qidalansa da, onların yaradıcılıqları arasındakı fərq aradan qaldırılmamış, Sabir bu xətti heç zaman keçib gedə bilməmişdir... Sabir görürdü ki, Füzuli məktəbinin ən istedadlı nümayəndəsi olan öz müəllimi Seyid Əzim belə onun bərabərinə çata bilməmiş və Füzuli üslubunda təxminən yeni heç bir şey deməmişdir..."

Kitab müəllifi nümunələrlə göstərir ki, Sabir uzun müddət Füzulinin cazibə qüvvəsində qalsa da, sonradan bu tilsimindən, çətin də olsa, uzaqlaşa bilir, özünü poeziya üfüqlərində daima yaşadacaq yeni bir yola qədəm qoyur və bu yol onu kortəbii Füzuli pərəstişkarlığından kənarlaşmağa kömək edir.

Sabirin Füzuli yardıcılığından ayrılıb özü üçün yeni bir bənzərsiz cığır açması və bu cığırdan keçdikdən sonra əlçatmaz uğurlar əldə etməsi kitabın dördüncü, "Müstəqil üslub yollarında" bölməsində öz əksini tapıb.

Verilən nümunə və aparılan təhlillərdən belə məlum olur ki, Sabir təkcə Füzuli yaradıcılığından deyil, öz dünyagörüşünə, ideyalarına uyğun gələn digər mütəfəkkirlərin də yaradıcılığından qidalanmışdı. Bu yaxınlıq təkcə insan sənətkarlığına olan vurğunluqdan, sənətkarlıq xüsusiyyətlərini hesabına deyil, öz sənət üslubu da digərlərindən kəskin surətdə fərqlənməklə, onların qarşılarına qoyduqları məqsəddən, amaldan da asılı idi.

Sabirin, şəxsiyyətinə və tutduğu poetik yola hörmət bəslədiyi görkəmli sənətkarlardan biri də Azərbaycan dramaturgiyasının banisi, hamının savadlanması üçün yeni əlifba uğrunda mübarizə aparan şair, publisist, dövlət adamı, eyni zamanda yurddaşlarının savadlanması üçün əlindən gələni əsirgəməyən M.F.Axundov idi.

Müəllif qeyd edir ki, Sabir təkcə Füzuli yaradıcılığını sevib, ondan qidalanmır, bu vurğunluq onun M.F.Axundov yaradıcılığına olan münasibətində də özünü göstərir.

Kitabın "Eyni səviyyə" bölməsində T.Hacıyev Sabirin M.F.Axundova, onun yaradıcılığına, yazdığı əsərlərdəki personajlara olan vurğunluğunu nəzərə alaraq yazır: "Müəllim seçmək məsələsi qarşısında dursa idi, Sabir bunu heç də problemə çevirmədən bütün sələflərindən öyrənməkdən imtina etmədən, şübhəsiz, M.F.Axundovu, həmişəlik özünə müəllim seçərdi. Yeganə müəllimdən dərs almağı heç kəs qanun zoruna qəbul etdirə bilməz. Sabir də həm Axundovdan, həm də Füzulidən dərs alırdı".

Kitabda Sabirin Axundova olan münasibətindən bəhs edən bölmələri oxuyanda duyursan ki, insan kamilliyi birtərəfli yolla, kiminsə əsərləri-yaradıcılığı ilə tanış olmaqla başa gəlmir. Kamil yaradıcı şəxsiyyət tarixdə qalmaq, yaddaşlara kömək üçün mütləq geniş elmi dünyagörüşə, fasiləsiz mütaliəyə sahib olmalıdır. Elə bunu nəzərə alaraq T.Hacıyev kitabda yazır: "Sabir Axundov ideyalarını məhz Füzulidən öyrəndiyi, mənimsədiyi sənətkarlığın gücü ilə öz yaradıcılığındakı məlum zirvəyə qaldırır".

Müəllif, Sabirin M.F.Axundov irsi ilə tanışlığı haqqında əldə heç bir rəsmi sənədin olmadığını qeyd edir. Lakin tutduğu yol, gördüyü işlər, qarşısına qoyduğu həlli tələb olunan məsələlər Sabirin Axundov yaradıcılığından qidanlandığını göstərən faktlar kimi ortaya qoyulur. Bununla bağlı Tofiq Hacıyev yazır: "Böyük satirikin M.F.Axundov irsi ilə bilavasitə tanışlığı haqqında hələlik heç bir tarixi sənəd yoxdur. Lakin bu sənədsizlik iki sənətkarın üslub yaxınlığı kimi böyük faktın qarşısında gücsüzləşir".

T.Hacıyev Sabirlə Axundovu müqayisə edəndə onların hər ikisinin yaradıcılığının xalq mənafeyinə xidmət etdiyini, xalqın dərdinin öz dərdi hesab edib onu aradan qaldırmağın yollarını axtardıqlarını xüsusi olaraq vurğulayır: "Ədəbiyyatımızın tarixindəki inqilabi çevriliş cəsarətinə görə M.Ə.Sabiri nə Q.B.Zakirlə, nə S.Ə.Şirvani ilə yox, məhz və yalnız M.F.Axundovla müqayisə etmək olar, ona bərabər tutmaq olar... Sabir də ədəbi formalara Mirzə Fətəli tələbləri ilə yanaşırdı. O dövrün tələbinə, "millətin işinə yarayan" formaya müraciət etdi, inqilabi satiranın bünövrəsini qoydu. Axundovla Sabirin yaxınlığı təkcə ideya, məslək birliyində, estetik baxış uyğunluğunda deyildir. M.F.Axundovun komediyaları ilə M.Ə.Sabir satiraları arasında ciddi üslubi təmas vardır".

Müəllif Axundov və Sabir yaradıcılığında qarşıya qoyulan məqsəd, tənqid hədəfləri, həyata baxış və həlli vacib olan məsələlərdə bir yaxınlıq görür və bu yaxınlığı belə ifadə edir: "Həm M.F.Axundovun, həm də M.Ə. Sabirin üslubunda tənqid başlıca yer tuturdu: onlar ictimai qüsurları amansızcasına ifşa edirdilər. Axundov da, Sabir də mənəvi eybəcərliyin, əxlaqi şikəstliyin, ictimai xəstəliklərin səbəbini mövcud ictimai quruluşda görürdülər".

Mirzə Cəlil, "Molla Nəsrəddin" və M.Ə.Sabir haqqında söz açarkən T.Hacıyev yazır: "Molla Nəsrəddin" və M.Ə.Sabir. Bir qədər qəribə səslənir: məgər "Molla Nəsrəddin"lə M.Ə.Sabiri ayrılıqda təsəvvür etmək mümkündür?! "Molla Nəsrəddin"in yaradıcısı Cəlil Məmmədquluzadə və onun dostu Mirzə Ələkbər Sabir bu ədəbi məktəbin iki ən böyük feilidir. "Molla Nəsrəddin"i yığcamlaşdırıb şərti olaraq bir cümlə şəklində təsəvvür etsək, bu isim və bu feil onun baş üzvləridir".

Sabirin jurnalla əlaqəsinin yaranmasına işarə edən professor Tofiq Hacıyevin fikrincə, "Molla Nəsrəddin" nadir istedad sahibi olan öz Sabirini tapmışdı. Həm də gözlədiyindən də tez, gözlədiyindən də yaxşı".

Müəllif "Molla Nəsrəddin" də nəşr olunan Sabir şeirlərinin adi şeirlər olmadığını söyləyir və qeyd edir ki, "Sabirin məqsədi bu sözlərlə döymək, zərbə vurmaqdır. Bunun üçün də onun satiralarında heç bir söz orta çəkidə çıxış etmir; onda hər söz öz ağırlığının ən yüksək dərəcəsindədir. Sabir şeiri üçün sözü maksimum ağırlığı səciyyəvidir".

Akademik T.Hacıyev bu kitabında təkcə satiraya, bu janrda yazan görkəmli sənətkarlara diqqət göstərməmiş, eyni zamanda, bu kitabda diqqət mərkəzinə gətirilən məsələlərin hərtərəfi tədqiqata ehtiyacı olan məsələlər olduğunu vurğulamışdı.

Bu kitabda akademik dörd elmi iş mövzusunun, o cümlədən, "Sabir və Füzuli", "Sabir və Axundov", "Sabir və C.Məmmədquluzadə" və nəhayət "C.Cabbarlı və Sabir" mövzularının işlənməsi vacibliyini diqqətə çatdırmış, bu məsələlərin həllini özündən sonra gələn elm adamlarının öhdəsinə buraxmışdı.

"Son söz yerinə" başlıqlı bölmədə akademik Tofiq Hacıyev Sabir haqqında olan fikirlərinə sanki yekun vuraraq yazır: "Poeziyamızın tarixində, nəhayət, Füzuli "tilsimi" tamam qırıldı. Onu Sabir dağıtdı. Lakin o özü poeziyada yeni bir tilsim yaratdı, Sabir tilsimi!"

Akademik Tofiq Hacıyevin əsərlərində bu kimi, cəsarətli, yeni, yalnız onun özünəməxsus dərin siqlətli fikirlər, əbədi-bədii müzakirə mənbələri çoxdur. Yəqin ki, gələcək nəsillər Tofiq müəllimin zəngin irsindən həmişə bəhrələnəcəklər.

Sərdar ZEYNAL Filologiya üzrə elmlər doktoru




Baxış sayı: 1 468
Azərbaycan əhalisinin sayı açıqlandı Bu gün, 17:00 Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 ayda 13 milyard kubmetrdən çox qaz nəql edilib Bu gün, 17:00 “Əsas məqsədimiz İranın nüvə silahına malik olmasına yol verməməkdir” - Tramp Bu gün, 15:30 Azad edilmiş ərazilərdə daha 132 mina, 614 PHS aşkarlanıb Bu gün, 14:30 DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib Bu gün, 10:30 Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb Bu gün, 10:00 Tarixin yaddaşına işıq salan alim — Qafar Cəbiyev Bu gün, 09:30 Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Dünən, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Dünən, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Dünən, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Dünən, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Dünən, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31