Amerika Prezidenti Azərbaycanın dövlət başçısına Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Donald Tramp məktubunda iki ölkə arasındakı münasibətlərin məzmunu və perspektivləri ilə bağlı maraqlı məqamları vurğulayıb. Həcmi qısa olan məktubun məzmunu dərindir və orada geosiyasi kontekstdə əhəmiyyətli fikirlər ifadə edilib. Həmin fikirlər Azərbaycanla ABŞ arasında münasibətlərin müxtəlif istiqamətlərini, ondan hər iki ölkə xalqlarının faydalanmasının zəruriliyini və bunun bütövlükdə dünya üçün əhəmiyyətini əks etdirir. Vurğulanan məqamların üzərində geosiyasi kontekstdə geniş dayanmağa ciddi ehtiyac görürük.
Suveren və müstəqil Azərbaycan: Trampın etirafı
Dünya siyasi liderlərinin koronavirus pandemiyasından sonra qlobal nizam ilə əlaqəli müxtəlif fikirlər söylədiyi bir dönəmdə böyük dövlətlərin xarici siyasətdə atdıqları addımlar diqqəti çəkir. Çünki bu addımları ekspertlər postpandemiya mərhələsinin geosiyasi mənzərəsinin fraqmentləri kimi qəbul edirlər. O cümlədən ABŞ kimi böyük bir gücün xarici siyasət istiqamətindəki fəaliyyəti maraq doğurmaqdadır. Rəsmi Vaşinqtonun Çin və Rusiya ilə bağlı tutduğu mövqe məlumdur. Son bəyanatlar göstərir ki, bu istiqamətdə elə bir dəyişiklik yoxdur. Bu kimi gedişatın fonunda Amerikanın Azərbaycanla bağlı siyasəti maraq doğurmaya bilməz.
Məsələ son zamanlar Ermənistan tərəfindən bir sıra təxribatçı addımların atılması fonunda da əhəmiyyətli görünür. Rəsmi İrəvan öz qeyri-konstruktiv və təcavüzkar addımları ilə Azərbaycanı şantaj etməkdə davam edir. Belə bir şəraitdə Azərbaycanın sərt addımlar atması istisna olunmur. Mümkündür ki, Bakı İrəvanı hərbi zərbə ilə susdursun. Hamı bilir ki, Azərbaycan Ordusu bu işin öhdəsindən yüksək səviyyədə gələ bilər. Əsas məsələ beynəlxalq ictimaiyyətin Azərbaycanın təbii olaraq özünümüdafiə fəaliyyətini obyektiv qəbul etməsi ilə bağlıdır. Bu baxımdan Ağ ev administrasiyası Azərbaycanla bağlı nə düşünür?
Bu sual D.Trampın Azərbaycanın dövlət başçısına göndərdiyi məktubda ifadə edilən fikirlər prizmasından da kifayət qədər maraqlıdır. Amerika Azərbaycana inanırmı? Məktubun məzmunundan belə bir suala cavabla bağlı nəticə çıxarmaq olar. Məktub qısa, lakin çox məzmunludur. D.Tramp yığcam şəkildə ABŞ-ın Azərbaycana münasibətini, o cümlədən əməkdaşlıq əlaqələrinin perspektivini ifadə edib.
"28 May – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından səmimi salamlarımı və təbriklərimi çatdırıram" cümləsi ilə başlayan məktubunda D.Tramp dərhal ifadə edir ki, "Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir". Bu iki cümlə bir-birini məzmun və məqsəd baxımından qarşılıqlı surətdə tamamlayır. Belə ki, birinci cümlədə Amerikanın Azərbaycanın müstəqil dövlət olmasını tam qəbul etdiyi bildirilir ki, bu da məsələnin tarixinə Vaşinqtonun hörmətlə yanaşmasını göstərir. ABŞ Cənubi Qafqazda müstəqil Azərbaycan dövlətinin qurulmasını tamamilə təbii, zəruri və geosiyasi aspektdə faydalı hadisə adlandırır. İkinci cümlədə bu tezisin konkret siyasi arqumenti ifadə edilib. Yəni, Amerika Birləşmiş Ştatları Azərbaycanı həm də ona görə ürəkdən təbrik edir ki, bu dövlət suverenlik və müstəqilliyini təmin edə bilir!
Müasir dolaşıq geosiyasi mühitdə müstəqilliklə bərabər suverenliyi də təmin etmək hər ölkəyə müyəssər olmur. Azərbaycan bu baxımdan Cənubi Qafqazda yeganə dövlətdir ki, 1993-cü ildən bu yana həm müstəqil, həm də suveren addımlar atır. Bunu təsdiq edən çoxsaylı faktları Vaşinqtonda çox yaxşı bilirlər. O cümlədən Azərbaycan enerji sferasında qlobal enerji təhlükəsizliyi üçün əhəmiyyəti olan layihələri heç bir təhdidə, təhlükəyə, hədəyə, sui-qəsdlərə və risklərə baxmadan inamla həyata keçirməkdədir. Amerika rəsmi dairələrində buna qiymət verirlər.
Bu tezisi D.Tramp məktubunda belə ifadə edib: "Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər". Burada qarşılıqlı münasibətlərin üç vacib aspekti öz əksini tapıb. Birincisi, Amerika-Azərbaycan münasibətləri hətta qlobal miqyasda təhlükəsizliyə müsbət təsir edən faktor-prosesdir. İkincisi, Azərbaycanın həyata keçirdiyi layihələrin Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirdiyini Vaşinqton yaxşı anlayır. Üçüncüsü, iki ölkə arasındakı münasibətlər 30 ildir ki, yüksələn xətt üzrə davam edir və başlıca məqsəd iki böyük xalqın parlaq gələcək qurmasına xidmətdən ibarətdir.
Perspektiv: rəsmi Vaşinqton Cənubi Qafqazın lider dövlətinə inanır
Bunlar çox vacib məqamlardır. Şübhə yoxdur ki, Amerika rəhbərliyinin bu dərəcədə yüksək fikirdə olmasının əsas səbəbi Azərbaycan Prezidentinin həyata keçirdiyi səmərəli daxili və xarici siyasətdir. Bakının enerji siyasətinə diqqət hələ keçən əsrin 90-cı illərinin ortalarından vardır. Ulu öndər Heydər Əliyevin strateji əhəmiyyətli siyasi xəttini Amerika kifayət qədər lazımi səviyyədə dərk edə bilmişdi. İndiki mərhələdə də Prezident İlham Əliyev geosiyasi dinamikanın ziddiyyətləri və mürəkkəbliyi şəraitində Ulu Öndərin müəyyən etdiyi enerji siyasətini çox uğurla inkişaf etdirir və bunu konkret layihələrin reallaşması tam təsdiq edir. Bu baxımdan deyə bilərik ki, D.Tramp, sadəcə, gerçəklikləri etiraf edir. Bu isə hər bir siyasətçi üçün müsbət keyfiyyətdir.
Bizcə, ABŞ Prezidentinin məktubunda iki ölkə arasındakı münasibətlərin qlobal təhlükəsizliyə təsirinin ayrıca vurğulanmasının kökündə məhz Azərbaycan dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən və müxtəlif sferaları (iqtisadi, enerji, humanitar, ekoloji və s.) əhatə edən layihələrin verdiyi töhfələr dayanır. Yəni, D.Tramp bu qənaətini faktları araşdıraraq ifadə edir. Bu, Azərbaycanın müstəqil və suveren dövlət kimi dünya miqyasında davamlı şəkildə statusunu yüksəltməsindən xəbər verir.
Həmin bağlılıqda Amerika Prezidentinin iki ölkənin münasibətlərinin son 30 illik inkişaf təcrübəsini xüsusi qeyd etməsi rəsmi Vaşinqtonun bu əlaqələrə yüksək siyasi qiymət verməsinin göstəricisidir. Həm də ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan-Amerika əlaqələri iki böyük xalqın rifahına xidmət edir! Əlbəttə, D.Trampın Azərbaycan xalqını böyük xalq adlandırması təsadüfi deyil. Amerika rəhbərliyi əmindir ki, Azərbaycan xalqı Cənubi Qafqazda mədəniyyətin, sivilliyin, demokratiyanın, əməkdaşlığın və tərəqqinin layiqli daşıyıcısıdır. Həmin səbəbdən də Azərbaycanla əlaqələrin inkişafı dünyanın istənilən mədəni və sivil dövləti üçün faydalıdır.
Burada biz, D.Trampın dolayısı ilə bir sıra dairələrin Azərbaycan ətrafında yaratmağa çalışdıqları yalançı mənzərəyə cavab verdiyini görürük. Amerika rəhbərliyi bu qəbildən olan qarayaxmaları qəbul etmir və müstəqil Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Məktubunda D.Tramp davam edir: "Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk".
Fikrimizcə, ABŞ rəhbərliyinin mövqeyi aydın ifadə olunub. Vaşinqton bundan sonra da Azərbaycanla birgə çalışmağa davam edəcək və bu prosesə çox perspektivli yanaşır. ABŞ Azərbaycanın "parlaq gələcək naminə" "mühüm töhfələrini" diqqətə almaqdadır!
Vurğulanan kontekstdə D.Tramp Azərbaycanın pandemiya ilə mübarizəsini də yüksək qiymətləndirir. Bununla bağlı məktubda qeyd olunur: "Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır".
Nəhayət Azərbaycan xalqı üçün çox əhəmiyyəti olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli məsələsində Vaşinqtonun hansı mövqedə olması da aktualdır. Bununla bağlı D.Tramp məktubun sonunda vurğulayıb: "Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik".
Buradan aydın görünür ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasında maraqlıdır. Onun formatı kimi isə ATƏT-in Minsk qrupunu ABŞ qəbul edir. Deməli, Vaşinqton rəsmi İrəvanın münaqişə ilə bağlı atdığı təxribatçı addımları dəstəkləmir. Bu isə müsbət hal kimi qəbul edilməlidir.
Beləliklə, Amerika Prezidenti son məktubunda Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və onun perspektivinə tam əmin olduğunu ifadə edib. Şübhəsiz, bu məqam Azərbaycan rəhbərinin uğurlu siyasətinin növbəti təsdiqlərindən biridir.
Newtimes.az
Baxış sayı: 1 095