Müxtəlif ölkələrin bu qlobal layihədə iştirak səviyyəsi də fərqlidir. Onun əsas iştirakçılarından biri kimi, Azərbaycanın bu layihədə xüsusi yeri vardır. Prezident İlham Əliyevin foruma dəvət edilməsi və orada çıxış etməsi kontekstində Azərbaycanın həmin proyektdə iştirakı bir sıra aspektlərdə aktuallıq kəsb edir. Eyni zamanda, Azərbaycanın dövlət başçısı ilə Çin rəhbərinin ayrıca görüşməsi maraqlı geosiyasi məqamları ortaya qoyur. Bütün bunların işığında Azərbaycan Prezidentinin tədbirdə iştirakının geosiyasi analizi üzərində dayanmağa böyük ehtiyac görürük.
Pekinin layihəsi: Azərbaycan-Çin münasibətlərində yeni mərhələ
"Bir kəmər, bir yol" təşəbbüsünə həsr edilmiş ikinci beynəlxalq forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev maraqlı görüşlər keçirib və tədbirdə çıxışı zamanı bir sıra əhəmiyyətli tezislər irəli sürüb. Dövlət başçısı forumun hər üç sessiyasında olub. Birinci sessiya "İnkişaf üçün yeni mənbələrin araşdırılması məqsədilə əməkdaşlığın təşviqi"nə, ikinci sessiya "Qarşılıqlı siyasətin gücləndirilməsi və daha yaxın tərəfdaşlığın qurulması"na, üçüncü sessiya isə "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi"nə həsr olunmuşdu.
Azərbaycanın dövlət başçısı üçüncü sessiyada çıxış edib. İlham Əliyev Azərbaycanla Çin arasında əlaqələrin qarşılıqlı fayda prinsipi üzərində qurulduğunu vurğulayaraq, bu il 70-ci ildönümünü qeyd edən ÇXR ilə əməkdaşlığa ciddi əhəmiyyət verdiyini ifadə edib. Bu baxımdan foruma dəvət edilməsinin də Azərbaycanla Çin arasında dostluğun və tərəfdaşlığın göstəricisi olduğunu deyib.
Fikirlərinə davam edərək, ölkə rəhbəri vurğulayıb: "Azərbaycan lap əvvəldən Prezident Si Cinpin tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır".
İlham Əliyev bu cümlələrdə faktiki olaraq Çinin irəli sürdüyü təşəbbüsə Azərbaycan dövlətinin baxışını lakonik surətdə ifadə edib. Burada bir neçə aspektin vəhdətini görürük. Birincisi, "Bir kəmər, bir yol" təşəbbüsü çoxlu sayda ölkələr arasında nəqliyyat bağlılığına geniş imkanlar açır. Uzaq Şərqdən başlayaraq Avropaya qədər geniş bir məkanda yerləşən dövlətlər bir-biri ilə nəqliyyat marşrutları üzrə əlaqədə ola bilirlər. Azərbaycan da bu mənzərədə xüsusi yer tutur. Çünki Çindən başlayan bütün yollar "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Azərbaycandan keçir.
Bu məqam strateji əhəmiyyət daşıyır. Məsələ ondan ibarətdir ki, vurğulanan layihə özlüyündə müxtəlif marşrutları birləşdirir. Çindən Rusiya, Qazaxıstan, İran, Hindistan, Fars körfəzi, Cənubi Qafqaz istiqamətlərində marşrutlar başlanğıc götürür. Onların sırasında Azərbaycan ona görə xüsusi yerə və statusa malikdir ki, məhz Bakı etibarlı tərəfdaş imici ilə yanaşı, konkret beynəlxalq layihələrin təşəbbüskarı və aktiv iştirakçısı kimi də özünü təsdiq edib. Bundan başqa, Azərbaycan davamlı olaraq nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirir. Ölkədə qısa zamanda yük daşımaları üçün əlverişli infrastruktur yarada bilib. Uzaq Şərqdən gətirilən yüklərin dəniz və dəmir yolları ilə Avropaya çatdırılmasında artıq Azərbaycan ciddi rol oynayır.
Bu bağlılıqda Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı Dəniz Limanını ayrıca vurğulamaq olar. Bunlardan başqa, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə kimi onların fəaliyyətinə böyük töhfə verir. Bu o deməkdir ki, Azərbaycan Çindən nəinki birbaşa Cənubi Qafqaza istiqamətlənən yükləri, hətta Rusiya və İrana gələn yükləri də sonrakı punktlara çatdırmaqda rol oynaya bilər. Yeri gəlmişkən onu da vurğulayaq ki, Prezident İlham Əliyev çıxışında məsələnin bu tərəfinə diqqəti çəkib. Dövlət başçısı ifadə edib: "2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. ...Avrasiyada nəqliyyatda çox mühüm rol oynayır... Azərbaycanın sərmayə yatırdığı daha bir əhəmiyyətli nəqliyyat layihəsi Şimal-Cənub dəhlizidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər".
Perspektiv: ticarət, iqtisadi əməkdaşlıq və təhlükəsizlikdə yeni imkanlar
Konkret olaraq, Azərbaycan öz fəaliyyəti ilə ticarət, turizm, nəqliyyat sahələrində nadir imkanlar yaradır. Eyni zamanda, "...xalqları, ölkələri birləşdirir. Ölkələr bir-birinə bağlanır və bu, sülh və sabitlik amalına xidmət edir. Beləliklə, Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəyə çevrilib".
"Bir kəmər, bir yol" layihəsi çərçivəsində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə Lazurit dəhlizi (Lapis-Lazuli) ilə daşımaların Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşərək Azərbaycanın tranzit potensialını daha da artırmasını da xüsusi qeyd etmək gərəkdir. Bununla Azərbaycan getdikcə daha çox ölkə üçün mühüm tranzit məkanına çevrilib. Bu aspektdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi mühüm hadisə kimi qəbul edilməlidir.
İkincisi, Azərbaycanın təşəbbüsləri müxtəlif ölkələr arasında əlaqələrin, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir. Ölkə rəhbəri bu kontekstdə vurğulayıb: "...biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. "Bir kəmər, bir yol" təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir".
Və üçüncüsü, bütün bunlar cəm halında mövcud ticarət-nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və yenilərinin yaradılması, bütövlükdə isə ticarət münasibətlərinin inkişafına əlverişli təsir göstərir. Ölkəmiz faktiki olaraq Avropa ilə Asiya arasında əməkdaşlıq körpüsü rolunu oynayır. Bu prosesin daha da sürətlənəcəyi və genişlənəcəyi proqnozlaşdırılır. Burada çox vacib bir məqamı da unutmaq olmaz. Yuxarıda vurğulanan töhfələri vermək üçün Azərbaycan özü sürətli inkişaf etməli idi. Prezident İlham Əliyev bu aspektə vurğu edərək, ötən 15 ildə ölkə iqtisadiyyatının üç dəfədən çox artmasını ifadə edib. Ölkəyə 260 milyard dollar həcmində sərmayə yatırılıb. Bu, Azərbaycanı müasirləşdirməyə və müasir infrastrukturu, o cümlədən nəqliyyat sahəsində infrastrukturu yaratmağa kömək edib: "Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir".
Prezident İlham Əliyev forumdakı çıxışında ölkənin əldə etdiyi nailiyyətləri geniş şəkildə təqdim edib. Onlar göstərir ki, ölkə rəhbəri çox düzgün strateji inkişaf kursu müəyyənləşdirib. Azərbaycan "İpək Yolu İqtisadi Kəməri" layihəsi çərçivəsində də kifayət qədər rasional fəaliyyət göstərir.
Təbii ki, bütün bu faktlara Çin dövlət başçısı Si Cinpin laqeyd qala bilməzdi. Pekində Azərbaycan Prezidenti ilə görüşən Çin rəhbəri açıq ifadə edib ki, İlham Əliyev Çin xalqının yaxın dostudur, Çin-Azərbaycan münasibətlərinin, bütün sahələrdə əməkdaşlığın inkişafı üçün daim səylər göstərir və onun "Kəmər və yol" layihəsinin reallaşmasında xüsusi xidmətləri vardır.
Beləliklə, Pekində keçirilən "Bir kəmər, bir yol" forumu göstərdi ki, Azərbaycan Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən beynəlxalq miqyaslı əməkdaşlıq layihəsində aparıcı mövqe tutur. Prezident İlham Əliyevin həmin layihənin həyata keçirilməsinə verdiyi töhfələr Çin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Şübhə yoxdur ki, Azərbaycan həmin layihə çərçivəsində fəallığını davam etdirəcək və qlobal əməkdaşlığa yeni töhfələrini verəcək.
Newtimes.az
Baxış sayı: 1 652