FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Füzuli irsinə sonsuz məhəbbətlə...
7-03-2019, 16:15 | MƏDƏNİYYƏT
Füzuli irsinə sonsuz məhəbbətlə...

Füzuli şeiriyyətindən ilhamlanan, öz elmi axtarışlarını bu əsasda quran tanınmış ədəbiyyatşünas, fədakar tədqiqatçı Zəkulla Bayramlının böyük şairin yaradıcılığı ilə bağlı ikinci kitabı işıq üzü görüb. Müəllifin bu yaxınlarda nəşr edilmiş "Füzuli... və ..." kitabı, fikrimizcə, Füzuli yaradıcılığı üzrə aparılan son araşdırmalar içərisində ən qiymətli əsərlərdən biridir. Onu ələ alınca Füzuli işiğını hiss etməyə bilmirsən. Kitabı vərəqlədikcə Z.Bayramlının "Füzuli əsərləriylə tanış olduqdan sonra kimi oxudumsa, istər-istəməz onunla tutuşdurdum, onunla müqayisə etdim və bu dünyada Füzuli varkən başqa bir şairdən nəsə ciddi bir şey yazmağı heç vaxt ağlıma sığışdıra bilmədim", - fikirlərinin səmimiliyinə inanmamaq olmur. Füzuli sevgisinin şair təbiətli Z.Bayramlının qəlbini necə ovsunlaması onun Füzuliyə həsr etdiyi bu məqalələrin hər birində özünü göstərir.

Müəllif Füzuli ilə bağlı apardığı tədqiqatlara həm məsuliyyətlə, həm də sevərək yanaşmış və Füzuli haqqında ən yaxşı sözü deməyi, onun adına layiq tədqiqatlar aparmağı özünə borc bilmiş, həm də bu borcu böyük sevgi və şərəflə yerinə yetirməyə çalışmışdır. Fikrimizcə, müəllif öz istəyinə nail olmuşdur. Bu, onun Füzuli yaradıcılığı ilə bağlı illərlə apardığı tədqiqatların nəticəsi olsa da, hələ son deyildir.

Əsəri oxuduqca müəllifin Füzuliyə olan sevgisindən doğan məsuliyyətlə yanaşı, gərgin əməyi və qələminin gücü xüsusilə nəzərə çarpır. Bu gərgin əmək isə qeyd etdiyimiz kimi, sevgi ilə qovuşuq şəkildə özünü göstərir. Kitaba alimin Füzulinin həyat və yaradıcılığı, yaradıcılıq yolu, sənətkarlığı, poetikası və s.-dən bəhs edən "Bağdaddan doğan günəş", "Axundzadə və Füzuli", "Nigari lirikasına Füzuli təsiri", "Məcnun - tanrı sevgisi", "Füzuli "Divan"larının dibaçəsi nəsr örnəkləri kimi" və s. mövzularla bağlı bir sıra tədqiqatları daxildir. Bu günəşin şüası tədqiqatçının qəlbini isitmiş və bu hərarətin təsiri müəllifin qələminə də sirayət etmiş, sanki Füzuli haqqında deyilməmiş ən gözəl sözləri axtarıb tapmağı qarşısına məqsəd qoymuşdur. Füzulini bir günəşə bənzədən Z.Bayramlının bu prinsipi, demək olar ki, onun bütün məqalələrində, bütün yaradıcılığı boyu gözlənilmişdir.

Kitaba eyni zamanda, müəllifin klassik ədəbiyyatla bağlı apardığı "Şah İsmayıl Xətai", "Sürurinin bir qəzəli haqqında", "Orta yüzillər mühacir şairimiz Hamidi "Divan"ının yeganə avtoqraf nüsxəsi" kimi bir sıra sanballı tədqiqatları da daxildir. Lakin tədqiqatçı alimin Füzuli yaradıcılığı ilə bağlı məqalələri, fikrimizcə, kitaba daxil edilən və Füzuli zirvəsini ən yaxşı tədqiq edən əsərlərdəndir. Müəllif şairin yaradıcılığını müxtəlif rakurslardan tədqiq etmiş və bir çox maraqlı məsələlərə toxunmuşdur. Bu mövqedən yanaşsaq, kitabdakı tədqiqatları aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

1. Şairin həyatı, doğum tarixi;

2. Yaradıcılığı, lirikası;

3. "Leyli və Məcnun" poeması haqqında;

4. Şairin xələfləri və sələfləri; 5. M.F.Axundzadə və Firudin bəy Köçərlinin Füzuli yaradıcılığı ilə bağlı tədqiqatlarına münasibət və s.;

Burada xüsusilə qeyd etmək istərdik ki, tədqiqatçının Füzulinin doğum tarixi və eləcə də Axundzadənin Füzuliyə münasibətilə bağlı qaldırdığı problemlər daha aktual və əhəmiyyətlidir.

Məlumdur ki, klassik dövr sənətkarları ilə bağlı bir sıra önəmli tarixlərin dövrümüzə gəlib çatmaması, müəyyən sənədlərin itib-batması nəticəsində bəzən onların həyatları ilə bağlı dəqiq tarix söyləmək mümkün olmur və çox zaman çaşqınlıq yaranır. Ona görə də tədqiqatçılar bu tarixləri dəqiqləşdirmək üçün ya ikinci dərəcəli mənbələrə, ya da yalnız sənətkarın öz əsərlərinə müraciət etmək məcburiyyətində qalırlar. Bu isə fərqli fikirlərin meydana çıxmasına səbəb olur. Füzulinin doğum tarixi haqqında da müxtəlif fikir və mülahizələr mövcuddur. Füzulişünas alim Z.Bayramlı da "Bağdaddan doğan günəş" və "Füzulinin doğum tarixi doğru deyildir..." məqalələrində Füzulinin doğum tarixinə aydınlıq gətirməyə çalışmış, maraqlı faktlarla çıxış edərək oxucuları bu məsələ ətrafında bir daha düşünməyə sövq etmişdir. Belə ki, tədqiqatçı alim Füzulinin doğum tarixini dəqiqləşdirərkən onun əsərlərindən gətirdiyi bəzi beytlərə və Füzulinin öz ifadələrinə əsaslanmağı daha doğru hesab etmişdir. Bu kimi faktları diqqətlə araşdıran müəllif sonda gəldiyi nəticəni belə ümumiləşdirir: "Füzulinin təxminən 1480-85-ci illər arasında Kərbəla şəhərində doğulduğu daha ağlabatandır". Özü də tədqiqatçı bu fikirləri sözgəlişi demir, mülahizələrinin təsdiqi üçün Füzuli yaradıcılığından gətirdiyi bir neçə qitə, qəzəl və b. əsərlərindən bu kimi misallar təqdim edir:

Ruzi yeyənik ali-rəsulun qapısında,

Bir ömrdür olmuş bizə bu ruzi müqərrər.

... Dünyada qənaətlə bizik kim, bəyənildik

Ağgün qocalar, həm ürəyi varlı fəqirlər.

Alim Füzulinin Nəcəfdə öz arzusu ilə qulluq etməsi məsələsinə də diqqəti yönəldir, onun burada heç kimin fərqinə varmadığı bir zaman kəsimində - əlli il qulluq etdiyini göstərir. Bu baxımdan yanaşdıqda, həqiqətən də, Füzulinin doğum tarixinin daha əvvəllərə gedib çıxması inandırıcı görünür. Müəllif bu fikrini də Füzulinin əsərləri əsasında söylədiyini nəzərə çatdırır, bir qəsidəsindən verdiyi aşağıdakı beytlərlə bunu sübut etməyə çalışır. Belə ki, Hindistan hakimi Nizamülmülk Nəcəf türbəsini ziyarətə gələrkən Füzuli ona bir qəsidə təqdim edir və həmin qəsidədə açıqca deyilir:

Ey sərvər, müddətdir ki,

övliya şahının məddahıyam,

Mənaqibdə əlli il söz sərf etmişəm.

Tağ kimi bu ulu dərgahda mənim sabitliyimə

bir şahid yoxsa da,

"Dal" hərfi kimi ikiqat olmuş qəddim bəs edər.

Müəllif də məhz şairimizin bu kimi avtobioqrafik qeydlərinə arxalanaraq Füzulinin lap qoca-ahıl yaşlarına qədər yaşaması qənaətinə gəlir: "Nəcəf türbəsində əlli il qulluq edən, hətta belinin "dal" hərfi kimi ikiqat olduğunu deyən şairin bəzi tədqiqatçılar tərəfindən süni olaraq "gəncləşdirilməsinin" əksinə olaraq, uzun illər ömür sürdüyü, qoca yaşlarında dünyasını dəyişdiyi məlum olur".

Maraqlıdır ki, tədqiqatçı alim Z.Bayramlı bu deyilənlərlə kifayətlənməyib, axtarışlarını davam etdirib. Füzulinin "Türk Divanı"ndan gətirdiyi beytlər də fikrimizin doğruluğunu bir daha təsdiq edir. Belə ki, bu beytlər də yuxarıda xatırlatdığımız qəsidə ilə eyni mövzudadır və bu beytlərdə də Füzulinin qocalığından bəhs olunur. Bütün bu faktlardan sonra tədqiqatçı Füzulinin doğum tarixinin 1494-cü il yox, məhz 1480-85-ci illər götürülməsini daha məqsədəuyğun və doğru variant hesab edir. Fikrimizcə, başqa füzulişünas alimlərimiz də bu məsələ haqqında bir daha dərindən düşünməlidirlər.

Bu monoqrafik əsərin ən gözəl cəhətlərindən biri də budur ki, müəllif bir sıra tanınmış tədqiqatçıların, görkəmli alimlərin Füzuliyə münasibəti məsələsini xüsusi olaraq qabartmışdır. Bu sırada M.F.Axundzadənin, F.Köçərlinin, Ə.Səfərli və b. adlarını qeyd edə bilərik. Tədqiqatçı Axundovun Füzuliyə münasibətini xüsusilə ön sıraya çəkmiş və daha geniş təhlil etmişdir. Bu da səbəbsiz deyildir. Çünki başqalarından fərqli olaraq, Axundzadə Füzuliyə ədalətsiz münasibət göstərmişdir. Füzuliyə böyük sevgi və məhəbbətlə yanaşan Z.Bayramlı isə Axundzadənin fikirlərini daha obyektiv təhlil etməyi sanki şairin narahat ruhu qarşısında yerinə yetirə biləcəyi bir borc hesab edir və bu borcu ləyaqətlə yerinə yetirməyə çalışır. Təbii ki, bu işdə Füzuli sevgisi onun üçün tükənməz bir ilham qaynağı olmuşdur.

Qeyd etmək istərdik ki, Füzulinin öz dövründən bu günə qədər bir çox tədqiqatçı alimlər Füzuli şeiriyyəti haqqında danışarkən daha çox ona öz heyranlıqlarını ifadə etmişlər. Bunların içərisində M.F.Axundzadənin Füzuliyə münasibəti isə, deyildiyi kimi, çox fərqli, daha doğrusu, ədalətsiz olmuşdur. Belə ki, M.F.Axundzadə "Nəzm və nəsr" adlı məqaləsində Füzuliyə yersiz hücumlar edib, daha doğrusu, onu şair saymadığını açıqca bildirib. Bu məqalə, şübhəsiz ki, bir çox ədəbiyyatşünasların diqqətini cəlb edib, bəlkə bu məqalə ilə tanış olmayan tədqiqatçı alimə rast gəlmək də çətindir. Lakin məqalədəki fikirlərə münasibət bildirmək, Füzuliyə vurulan bu zərbəni mənən aradan qaldırmaq haqqında çoxları düşünməmiş, düşünmüşsə də, əməli iş görməmişlər.

Təbii ki, Füzuli haqqında deyilən sözlər, bəlkə də, adi bir tədqiqatçı tərəfindən deyilsəydi, başa düşmək olardı. Lakin əgər bu sözlər Azərbaycan dramaturgiyasının banisi, geniş dünyagörüşə və təhsilə malik bir şəxs tərəfindən söylənilirsə, o zaman bunun əsl səbəblərini araşdırmaq və həqiqəti ortaya çıxarmaq gərəkdir ki, bu işi də füzulişünas alim Z.Bayramlı layiqincə görüb. İndiyədək bəzi tədqiqatçılar Axundzadənin məlum məqaləsiylə bağlı fikir söyləsələr də, Axundzadəyə toxunmamağa çalışmış, daha çox "nə şiş yansın, nə kabab" prizmasından çıxış ediblər. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Axundzadə sıradan biri deyildi. Görünür, elə bu məsələdə uzun müddət çoxlarını susmağa vadar etmişdi.

Z.Bayramlı isə Axundzadə və Füzuli probleminə toxunarkən (fikrimizcə, burada məhz "problem" sözü yerinə düşür.) Axundzadənin şairə haqsız münasibətinin əsl səbəblərini arayıb axtarır və olduqca maraqlı nəticələrə gəlib çıxır.

Bəs görəsən, əsrlərdir qəzəlləri dillərdən düşməyən, hamı tərəfindən sevilən və qəlbi bütün insanlığa sevgi ilə dolu olan dahi şairimizə Axundzadənin bu cür ədalətsiz münasibətinə səbəb nə idi? Nə idi onu Füzulini bu cür gözdən salmaq istəyən ifadələr işlətməyə vadar edən? Bu sözlər hər hansı məqsəd üçün deyilmişdir, ya Axundov həqiqətən belə düşünürdü? Bütün bu suallar Z.Bayramlının "Axundzadə və Füzuli" məqaləsində geniş şərhlərlə və tam aydınlığı ilə öz həllini tapıb və deyərdim ki, çox güman, ulu Füzulinin ruhu bu yazıdan sonra çox sevinib.

Bir daha qeyd etməyi vacib bilirik ki, Z.Bayramlının həm bu məqaləsi, həm də elmi-nəzəri əsaslara söykənən digər yazıları Füzuli sevgisindən qaynaqlanıb, bu tükənməz sevgidən güc alıb.

Səltənət ƏLİYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi




Baxış sayı: 1 888
Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı-dramaturqun yaradıcılıq gecəsi keçirilib Dünən, 21:00 Hakan Fidan: Türkiyə və ABŞ liderləri arasındakı dostluq NATO-ya kömək edə bilər Dünən, 18:30 Leyla Aliyeva attends opening of individual exhibition and tree-planting campaign in Gabala Dünən, 17:30 Prof.Fərrux Rüstəmov: ”Laçının elmlər doktorları və dövlət xadimləri” kitabı Laçın rayonunun elmi-siyasi elitasına ucaldılan mənəvi abidədir” Dünən, 15:00 BMT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır Dünən, 14:30 Azərbaycanın rəqəmsal inkişaf strategiyası ölkəni regional texnologiya mərkəzinə çevirəcək Dünən, 13:30 Dağıdıcı imperiya iddiaları müasir dünya üçün təhlükədir Dünən, 13:00 Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başlayıb Dünən, 11:30 Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var Dünən, 10:00 Kiyevə kütləvi hava zərbələri endirilib Dünən, 09:30 Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb Dünən, 08:00 Nəsib bəy Yusifbəylinin ölümü: tarixi-siyasi şərait və onun Azərbaycan dövlətçiliyinə təsiri 5-07-2026, 18:00 Ukrayna Prezidenti: Müharibəni başa çatdırmaq üçün real perspektiv var 5-07-2026, 11:00 Dövlət başçısı: "Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar" 5-07-2026, 10:30 Türk Akademiyası Monqolustanda qədim türk irsinin tədqiqini davam etdirir 5-07-2026, 08:30 Rəcəb Tayyib Ərdoğan: Münaqişələrin davamlı həlli region ölkələrinin iradəsi və dəstəyi ilə mümkündür 4-07-2026, 18:30 Birinci Türkoloji Qurultayın 100 illiyi və Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olunub 4-07-2026, 16:00 Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 4-07-2026, 13:00 “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər 3-07-2026, 21:00 Dutch portal highlights Azerbaijan-Armenia peace process 3-07-2026, 18:00 “Qərbi Azərbaycan irsinə dair tədqiqatları davam etdirmək hədəfimizdir” 3-07-2026, 17:00 Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət 3-07-2026, 16:30 Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib 3-07-2026, 13:30 Dənizçi şair Səxavət Ənvəroğlunun növbəti kitabı işıq üzü görüb 3-07-2026, 11:30 "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar 3-07-2026, 11:00 Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir 3-07-2026, 11:00 Kiyevdə hava zərbəsindən ölənlərin sayı 30-a çatıb, dağıntıların təmizlənməsi davam edir 3-07-2026, 10:30 UNEP-in icraçı direktoru: Azərbaycanda ətraf mühitin qorunması naminə çalışan gənclərin enerjisi böyük ümid verir 3-07-2026, 10:30 Akademik Hüseyn Əhmədovun 100 illik yubileyinə həsr olunmuş toplantı keçirilib 3-07-2026, 10:00 Selçuk Bayraktar: Növbəti 30 ildə pilotsuz aparatlar hərbi təyyarələri əvəz edəcək 2-07-2026, 20:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031