1920-ci ildə bolşeviklərin XI Qırmızı ordusunun Azərbaycanı işğalından sonra ermənilər müsəlman şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan ictimai-siyasi xadimlərə qarşı terror aktları həyata keçiriblər. 1920-ci ilin may ayında Nəsib bəy Yusifbəyli, iyun ayında Tiflis şəhərində Fətəli xan Xoyski, iyul ayında Həsən bəy Ağayev, 1921-ci ilin iyulun 18-də isə Behbud xan Cavanşir İstanbulda erməni terrorçları tərəfindən qətlə yetirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşirin izi ilə Türkiyəyə yollandıq. Bu işdə Millət vəkili Xanhüseyn Kazımlı da bizə öz dəstəyini əsirgəmədi. İstanbulda məzarın yerini bilən Türk Dünyası Araşdırma Dərnəyinin sədri Cəlal Öcal bəylə Behbud xanın öldürüldüyü Pera Palas oteli önündə görüşdük və birlikdə Behbud xanın dəfn olunduğu Beşiktaşdakı Yahya Əfəndi Dərgahına yollandıq. Minlərlə, on minlərlə məzarın arasından bu “qərib məzar”ı nəhayət ki, tapa bildik.
Behbud xan Cavanşirin həyat və fəaliyyətinə nəzər saldıqda onun Azərbaycan üçün, xalqımızın azadlığı və müstəqilliyi, demokratik üsul idarəsində ilk dəfə şərqin ulduzu kimi parlayan Azərbaycan Xalq Cümhuriyyəti üçün gördüyü misilsiz işlər göz önünə gəlir. Təbii ki Behbud xanın ömür taleyinə nəzər salmadan o insanı xarakterizə etmək mümkün deyil. Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xan Cavanşirin oğludur. O, 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində anadan olub. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. 1902-ci ildə Almaniyada Frayberq Dağ-Mədən Akademiyasına qəbul olan Behbud xan burada neft sahəsi üzrə mükəmməl təhsil alıb və mühəndis ixtisasına yiyələnib. O, bu ölkədə Akademiyanı fərqlənmə diplomu ilə bitirən ilk azərbaycanlı idi.
1906-cı ilin qışı, yazı və yayında daşnaklar Şuşada və bütün Qarabağda, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı soyqırım törətdilər. Avqustun ilk günlərində Şuşaya gələn Behbud xan Cavanşir Əhməd bəy Ağayevlə birgə burada Qafqaz ümummüsəlman müdafiə komitəsini - “Difai” partiyasını yaratdı.
Alman dilini mükəmməl bilən, fransız, rus, gürcü dillərində sərbəst danışan Behbud xan ingilis dilini də öyrənmək üçün İngiltərəyə gedir. Londonda 1 illik təkmilləşdirmə kursunda oxuyur. Qərbi Avropadakı həyatı və təhsili onun siyasi-ictimai xadim kimi formalaşmasına böyük təsir göstərir. 1907-ci ildə vətənə qayıdan Behbud xan Cavanşir Şibayevin neft mədənində baş mühəndis vəzifəsində çalışır.
Behbud xan Cavanşir vaxtilə Almaniyadan gətirərək öz torpaq sahələrində əkdirdiyi yumşaq buğda növlərini və uşaqlıq dostu Əlfinin fermer təsərrüfatında saxladığı damazlıq mal-qaranın Qarabağ iqliminə uyğunlaşdırılmasına nail olur. O vaxt Qarabağda yolların abadlaşdırılması, buraya ilk avtomobilin gətirilməsi də Behbud xanın adı ilə bağlıdır.
Behbud xan Cavanşir, “Müsəlman Xeyriyyə Cəmiyyətinin “ rəhbərlərindən biri olmaqla yanaşı xalqın maariflənməsi üçün xidmət göstərən “Nicat” cəmiyyətinin də üzvü idi.
O zamanlar neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin əmək haqları məhz Behbud xanın köməkliyi ilə neftdən gələn gəlirin 3 faizi hesabına ödənilirdi. Behbud xan polis əməkdaşlarının fəaliyyətinə və qayğılarına yaxından bələd idi. Onun 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri təyin olunmasında bu məsələlərin də rolu az olmamışdı.
Behbud xan Cavanşir Fətəli xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə yaratdığı 2-ci hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutur. Yeni yaradılan nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayır. Behbud xan Cavanşirin təqdimatı ilə Azərbaycan hökuməti 1918-ci il iyulun 2-də Gəncə quberniyasının 9 qəzasında polis orqanlarının təsis edilməsi barədə qərar qəbul edir.
Behbud Xan Cavanşirin daxili işlər naziri olduğu dövrdə Bakı erməni-daşnak və bolşevik qüvvələrindən təmizlənir və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçür. Daxili işlər nazirliyi “Metropol” mehmanxanasının binasında fəaliyyətə başlayır və ölkənin asayişi buradan idarə olunur. Behbud xan daxili işlər naziri işlədiyi dövrdə, Bakıda İçəri Şəhərdə polis müdavimləri hazırlayan məktəb açılır. Məktəbdə 1200 müdavimin təhsil alması nəzərdə tutulurdu.
1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində kabinədaxili dəyişikliklərdən sonra Behbud xan Cavanşir daxili işlər naziri olmaqla bərabər, həm də ticarət və sənaye naziri vəzifəsini yerinə yetirir. O, bu vəzifədə yerli sənayenin inkişaf etdirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrlə əlaqələrinin yaradılmasına təşəbbüs göstərir.
1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında mal mübadiləsi haqqında müqavilə imzalanır. Azərbaycan tərəfindən bu müqavilələri Behbud xan Cavanşir imzalayır. Bu sənədlərə görə, tərəflər dəmir yolu ilə daşınan yüklər üçün 1 il müddətində azad tranzitə, yəni gömrük rüsumu alınmamasına razılıq verirlər.
Partiya mənsubiyyəti sarıdan bitərəf olan Behbud xan Cavanşir 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinə üzv seçilir. Parlamentdə fəaliyyət göstərən fraksiyalardan biri Behbud xan Cavanşirin də daxil olduğu bitərəflər fraksiyası idi. 1919-cu ilin oktyabrında fraksiyada parçalanma baş verir. Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov müstəqil olaraq bitərəflər qrupu yaradırlar. Həmin vaxt Fətəli xan Xoyski hökuməti ilə birgə Behbud xan da tutduğu vəzifədən istefa verir. Ancaq o, parlamentdəki fəaliyyətini davam etdirir. Behbud xan Cavanşirin nazirliyə rəhbərlik etdiyi dövrdə ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə əməli işlər görülür. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər peşəkar mühəndis kimi tanınan və xariclə əlaqələri olan Behbud xana toxunmurlar. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Behbud xanı 1920-ci ilin sonlarında neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərir.
1921-ci ilin iyulunda Behbud xan Cavanşir həyat yoldaşı Tamara xanım, eləcə də qardaşları Surxay və Cümşüdlə birlikdə İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım sonralar öz xatirələrində yazır: “Atam Maltadan qayıtdıqdan sonra erməni tanışlarından bir professor bizə gələrək atamın adının ermənilərin qara siyahısında olduğunu və onu xəbərdar etməyi özünə borc bildiyini və buna görə hərəkət etmək lazım gəldiyini söylədi. Azərbaycanın daxili işlər naziri Behbud xan Cavanşirin də “qara siyahı”da olması xəbərini almışdıq”.
1921-ci il iyulun 17-də Behbud xan həyat yoldaşı Tamara xanım və qardaşları Cümşüd və Surxayla birgə axşam saat 23 radələrində “Təpəbaşı” Ailə restoranından çıxıb “Pere Palas” otelinə yönəldikləri zaman arxadan qaçaraq gələn, şapkasını gözünün üstünə basmış cılız, kəsik bığlı, əyri burunlu erməninin “Mauzer” markalı tapançadan açdığı atəş nəticəsində ağır yaralanır. Bu zaman Qalatasaray karakolunun polis məmuru terrorçu Mişaq Torlakyanı yaxalayır. Ağır yaralı halda Behbud xan xəstəxanaya çatdırılır. Ancaq onun həyatını xilas etmək mümkün olmur. Ölüm ayağında onun son sözləri belə olur: “Mənim şəxsi düşmənim yoxdur. Məni ancaq ermənilər vura bilər” . Çox keçmədən Behbud xan xəstəxanada dünyasını dəyişir. O Beşiktaşda Yəhya Əfəndi Dərgahı məzarlığında dəfn olunur.Məzardaşına dövrünün böyük şairlərindən Cəlal Sahir Erozanın bu şeiri yazılır.
Karanlıktan cüret aldı bir sırtlan,
Onun pençesinde can verdi bir şir.
Bir yığın kemiktir toprakta kalan,
Cennete yükseldi Behbut han Cevanşir
Yolcu bu gördüğün bir makber değil,
Zülme zebun olan hakkın heykeli.
Geçme dur önünde hürmetle eğil,
Lanetle an hakka saldıran eli.
Asla uyumasın beyninde kinin,
Mukaddes borcundur intikam almak.
İstersen yaşasın milletin din'in,
Nur ol zülmeti boğ, nar ol zulmeti yak!
1921-ci ilin iyulun 18-də Behbud xanın ölümündən sonra dəfn mərasimi kütləvi nümayişə çevrilir. Həmin vaxt terrorçu Mişaq Torlakyan ingilis hərbçilərinin qərargahının yerləşdiyi “Kroker” otelində saxlanılırdı. Mişaq Torlakyan “Daşnaksütyun” partiyasının üzvü idi və Azərbaycanda “1918-ci il mart soyqırımı”nda xüsusi fəallıq göstərmişdi.
İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər qatil Torlakyanın müdafiəsinə səfərbər olunurlar. Behbud xan Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüf doğuracaq qədər az idi - cəmi 6 nəfər. Lakin şahidlərin sayı arasındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail olurlar. Məhkəmədə ittiham şahidi qismində ifadə verən “Azərbaycan” qəzetinin müxbiri ixtisasca hüquqşünas olan Şəfi bəy Rüstəmbəyli prokuror Qribbonun, məhkəmənin sədri Freezin suallarını inandırıcı dəlillərlə cavablandırır. Azərbaycan nümayəndələrinin gərgin səyi nəticəsində prokuror daşnak terrorçusu Mişak Torlakyan üçün ölüm hökmü tələb edir. Lakin səhərisi gün gözlənilmədən prokuror işdən uzaqlaşdırılır. Məhkəmədə iştirak edən Hüquq fakültəsinin tələbəsi olan Sürəyya xanım Ağaoğlu sonralar bu məhkəmə prosesi haqda bunları yazır: “Kiçik, zəif adam olan qatil tir-tir titrəyirdi. Prokuror onun üçün ölüm cəzası istədi. Tələb bizi də heyrətləndirmişdi. Bu gənc zabitdən belə cəsarəti gözləmirdik. Lakin həmin prokuror 24 saatın içərisində Türkiyədən uzaqlaşdırıldı. Onun yerinə gələn yeni prokuror isə müttəhimin bəraətini istədi”.
Behbud xan Cavanşirin qatili Mişaq Torlakyanın məhkəməsi təəssüf ki, erməni terrorçunun bəraət alması ilə nəticələndi. Məhkəmə prosesində terrorçunu az qala “milli qəhrəman” kimi qələmə verən ermənilər onu ingilislərin köməyi ilə vəkili Hasuryanla birlikdə Amerikaya qaçırdılar.
Behbud xanın həyat yoldaşı Tamara xanım onun ölümündən sonra Moskvaya getdi və ömrünün sonunadək orada tənha yaşadı. Xan nəslindən olan insanla ailə qurduğu üçün repressiya illərində Sibirə sürgün edildi. Behbud xan Azərbaycandan kənarda erməni terror maşınının qurbanı olsa da onun Bakıda qalan yeganə qardaşı Rəşid ağa da “sapı özümüzdən olan baltalar”, erməni dəyirmanına su tökən cəlladlar tərəfindən repressiyaya məruz qaldı. O, əvvəlcə Qazaxıstana sürgün edildi və daha sonra orada güllələndi.
“XX əsrin məhkəməsi” adlanan Azərbaycanın sabiq daxili işlər naziri Behbud xan Cavanşirin məhkəmə prosesi erməni havadarlarının təzyiq və təsiri nəticəsində ört-basdır edildi. Cinayət cəzasız qaldı. Bu, insan haqq və hüquqlarını rəhbər tutan Avropa hüquq məhkəməsi tarixində “qara ləkə” olaraq yaddaşlarda qaldı. Bəlkə elə bu cəzasızlığın nəticəsidir ki, XX əsrin əvvəllərində terrorun miqyası daha da genişləndi.
Türkiyəyə səfərimiz, erməni terroruna məruz qalmış Behbud xanın məzarını tapmağımızla bağlı İçtimai Televiziyada “Qərib məzar” adlı sənədli film hazırladıq. Orada olduğumuz vaxt o ziyarətgahın, Sultan Süleymanın süd qardaşı olan Yəhya Əfəndi dərgahının minlərlə insan tərəfindən hörmətlə ziyarət edildiyinin şahidi olduq. Behbud xanın o mübarək yerdə dəfn olunmasını Türk xalqının Şəhidimizə olan dərin ehtiramının nümunəsi olduğunu gördük. Günlərcə o ziyarətin, o ruhaniyyətin təsirini hiss etdik. İctimai Televiziyada efirə gedən “Qərib məzar” filmi isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Bakının azad olunmasında misilsiz xidmətlər göstərən Behbud xan Cavanşirin əziz xatirəsinə kiçik bir töhfəmiz oldu. “Qərib məzar” sənədli filminə baxmaq istəyənlər İctimai Televiziyanın itv.az saytında “Filmlər” bölməsində izləyə bilərlər.
Mahir QƏRİBOV
Tarix üzrə fəlsəfə doktoru
Baxış sayı: 3 043