FACT-INFO.AZ » AKTUAL » Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
21-05-2025, 19:00 | AKTUAL
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Fact-info.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Macarıstanın Baş naziri Viktor Orban dövlətimizin başçısını qarşıladı.

Əvvəlcə birgə foto çəkdirildi.

Sonra Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü işə başladı.

Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün əhəmiyyətinə toxundu. O, Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq dedi: “Mən Prezident Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilmişdir. Bu, əvvəllər heç vaxt baş verməmişdir, ilk dəfə idi ki, bu, baş verirdi. Cənab Prezidenti əmin edirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik.

Macarıstanın böyük enerji şirkətlərinə Azərbaycanda neft və qaz sahəsində işləməyə imkan yaratdığına görə də Prezident Əliyevə təşəkkür etmək istəyirəm. Özümüzə məxsus enerji ehtiyatlarımız olmadığı üçün bu, bizim üçün yeni imkanlar açdı. Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olması bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov çıxışında tədbirin yüksək səviyyədə təşkilinə görə Macarıstan tərəfinə minnətdarlığını ifadə etdi.

Qırğız Respublikasının Macarıstanın Türk Dövlətləri Təşkilatına töhfələrini yüksək qiymətləndirdiyini vurğulayan Sadır Japarov bildirdi: “Biz keçən il rəsmi şəkildə təsis olunmuş Türk İnvestisiya Fondunun tezliklə layihə fəaliyyətlərinə başlayacağını gözləyirik və bu, irəliyə atılmış mühüm addımdır. Bu Fond ticarət, logistika, infrastruktur, rəqəmsal iqtisadiyyat, energetika, sənaye, turizm və sahibkarlıq kimi milli prioritetlərin dəstəklənməsi üçün mühüm mexanizm kimi xidmət edəcək. Müsbət təcrübənin əyani nümunəsi olaraq mən Qırğızıstanda fəaliyyət göstərən Qırğız-Azərbaycan, Qırğız-Özbək və Qırğız-Macar inkişaf fondlarının uğurlu nəticələrini məmnunluqla qeyd edə bilərəm”.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli cənab Baş nazir.

Hörmətli dövlət başçıları.

İlk növbədə, qonaqpərvərliyə görə Baş nazir Viktor Orbana təşəkkürümü bildirirəm.

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.

Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.

Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm.

Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm.

Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur.

Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.

Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir.

Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır.

Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.

Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir.

Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.

Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.

Hörmətli həmkarlar, bildiyiniz kimi, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq.

Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir.

Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.

Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi.

COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur.

COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.

Çıxışımın sonunda Macarıstanı qeyri-rəsmi Zirvə görüşünün uğurlu təşkilinə görə təbrik edir, Türk Dövlətləri Təşkilatının fəaliyyətinə uğurlar arzulayıram.

Sağ olun.

X X X

Daha sonra çıxış edən Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev diqqətə çatdırdı ki, belə Zirvə görüşləri çağırışlarla bağlı addımların atılması üçün mühüm əhəmiyyətə malikdir.

Hazırkı mürəkkəb geosiyasi vəziyyətdə təşkilat daxilində əməkdaşlığın əhəmiyyətinin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayan Qazaxıstan Prezidenti qeyd etdi: “Bütövlüyümüzü gücləndirmək üçün türk xalqlarının birliyini və həmrəyliyini möhkəmləndirmək vacibdir. Qazaxıstan bununla bağlı bir sıra tədbirlər görüb, xüsusilə Naxçıvan Sazişinə düzəlişlərə dair protokolu ratifikasiya edib, Türk Dövlətləri Təşkilatına daimi nümayəndəsini təyin edib. Biz yaxın gələcəkdə daimi nümayəndəliyi açmağı planlaşdırırıq. Hazırkı vəziyyətdə enerji sektorunda əməkdaşlığa diqqət yetirmək vacibdir. Neft, qaz və uranın təchizat zəncirini şaxələndirmək üçün Təşkilatın potensialından istifadə etməyə ehtiyacımız var. Bununla əlaqədar, Qazaxıstandan Avropaya qaz ixracını artırmaq təşəbbüsünü dəstəklədiyinə görə mən Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istərdim. Səylərimizin Türkiyə və Macarıstan tərəfindən alqışlanmasını və dəstəklənməsini yüksək qiymətləndiririk. Bundan əlavə, rəqəmsallaşma və informasiya texnologiyaları sahələrində əməkdaşlığın perspektivləri olduqca ümidvericidir. Bu il Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsinə dair mühüm birgə layihəyə start verdilər. Bu layihə dövlətlərimiz arasında rəqəmsal bağlantını əhəmiyyətli dərəcədə genişləndirəcək və regional inteqrasiyanın gücləndirilməsinə xidmət edəcək. Bu cür təşəbbüslər məlumatların təhlükəsiz mübadiləsinə imkan verməklə Avrasiyada yeni rəqəmsal dəhlizin yaradılmasına yol açır”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayaraq dedi: “Dünyamız üçün strateji əhəmiyyətə malik Qafqaz bölgəsində yaşanan prosesləri diqqətlə izləyirik. Can Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi üzrə razılıq əldə etməsindən məmnunuq. İki ölkə arasında davamlı sülh əldə olunacağı təqdirdə, bu vəziyyət heç şübhəsiz ki, Türk dünyamız üçün bir çox fürsətlər yaradacaq. Bu baxımdan Müzəffər Prezident, əziz Qardaşım İlham Əliyevin bölgəyə sülhü gətirəcək Lider olaraq adını tarixə yazdıracağına əminəm”.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də Zirvə görüşündə çıxış edərək bildirdi: “Məlum olduğu kimi, ötən il biz Türk dövlətləri arasında strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıqla bağlı razılaşmanın işlənib hazırlanmasını təklif etdik. Bu gün bu sənədin əhəmiyyəti və aktuallığı daha da artır. Şübhəsiz ki, bu razılaşma xalqlarımızı bir-birinə yaxınlaşdırmağa töhfə verəcək və bizim çoxşaxəli əməkdaşlığımız üçün uzunmüddətli hüquqi bünövrə rolunu oynayacaq. Mən bu sənədin qarşıdan gələn Bakı Sammitində imzalanmasını təklif edirəm. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY dövlətlərimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafında xüsusi yerə malikdir. Hesab edirəm ki, bu sahədəki səylərimizi yeni səviyyəyə qaldırmaq və TÜRKSOY-un nüfuzunu daha da artırmaq üçün onun fəaliyyətini və strukturunu müasir tələblərə uyğun şəkildə təkmilləşdirmək lazımdır. Hesab edirəm ki, bununla əlaqədar xarici işlər və mədəniyyət nazirlərimizə buna dair təklifləri Bakı Sammiti üçün hazırlamaqla bağlı tapşırıq vermək məqsədəuyğun olar.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə Təşkilata üzv ölkələr arasında əməkdaşlığın inkişafından danışaraq dedi: “2025-ci ildə Bakıda gömrük orqanları rəhbərlərinin toplantısında “eTIR” sisteminin tətbiqinə və sadələşdirilmiş gömrük dəhlizi sazişlərinin texniki müddəalarına dair fəaliyyət planı qəbul edildi. Kosmik sektorda əməkdaşlığımız inkişaf edir. Bakıda keçirilmiş 4-cü görüşdə üzv ölkələr “CubeSat” layihəsini 2025-ci ilin sentyabrınadək tamamlamaqla bağlı razılığa gəldilər. Ümidvaram ki, bizim birgə peykimiz bu ilin sonunadək orbitə buraxılacaq.

Eyni zamanda, Türk kimliyi layihəsinə başlanılır. Bu, vətəndaşlara öz milli şəxsiyyət vəsiqələri ilə üzv ölkələrə səfər etməyə imkan verəcək. Türkiyə və Azərbaycan bu layihəni həyata keçirib. İndi biz bunu Mərkəzi Asiya regionunda tətbiq etməliyik. Həmçinin Şuşa Sammitində və TDT Katibliyinin büdcə və heyətinin artırılmasına dair işçi qrupun təklifi Bişkekdəki 11-ci Sammitdə razılaşdırılmışdır. Bu təklif üzv ölkələrin qarşıya qoyduqları vəzifələrin çoxalması ilə əlaqədar gələcək illərdə büdcənin əhəmiyyətli dərəcədə artırılması ilə bağlıdır. Bu təkliflərə əsaslanaraq dövlət başçılarına müvafiq tapşırıqlar verilib və bunlar da bu gün qəbul olunacaq Budapeşt Bəyannaməsində öz əksini tapacaq”.




Baxış sayı: 120
Əcnəbi media 31 Mart - Azərbaycanlıların Soyqırımından yazıb Bu gün, 20:30 Gürcüstan Azərbaycanlıları Konqresi: 31 Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir Bu gün, 18:30 Presidential Library hosts exhibitions commemorating Day of Genocide of Azerbaijanis Bu gün, 16:30 Prezident Kitabxanasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb Bu gün, 15:00 31 Mart soyqırımı – milli yaddaşın günü Bu gün, 14:30 31 Mart- xalqımızın tarixində ən faciəli hadisələrdən biridir Bu gün, 11:00 Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur Bu gün, 10:30 “1918-ci il hadisələri -UNUDULMAYAN TARİX” sənədli filminə baxmağı tövsiyə edirik VİDEO Bu gün, 10:00 Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib Bu gün, 10:00 İqtisadiyyat və Sülh İnstitutu: Azərbaycan ən təhlükəsiz ölkələr sırasındadır Bu gün, 09:30 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib Bu gün, 09:30 Azərbaycan Müdafiə Nazirliyi: İrandan Türkiyə ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik Dünən, 20:00 Rasim Balayev yalnız böyük aktyor deyildi, o, Azərbaycan kinosunun siması idi Dünən, 17:30 Qəhrəmanın taleyi – millətin yaddaşına həkk olan ömür Dünən, 14:00 İrandan Azərbaycana indiyədək 3094 nəfər təxliyə edilib Dünən, 12:30 Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndərib Dünən, 12:30 Yaxın Şərqdəki hərbi əməliyyatlar dünya iqtisadiyyatını təhdid edir 29-03-2026, 09:00 İranın xarici işlər naziri humanitar yardımlara görə Azərbaycana təşəkkür edib 29-03-2026, 09:00 "Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması mühüm addımdır" - NATO Baş katibi 29-03-2026, 08:30 Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 247 %-ni təşkil edir 28-03-2026, 11:00 Repressiya dönəmində erməni müstəntiqlər tarixi düşmənçiliklərini davam etdiriblər 28-03-2026, 10:00 Maarif və mədəniyyət tariximizdə parlaq sima 28-03-2026, 09:30 Hikmət Hacıyev TDT liderlərinin diplomatik köməkçilərinin toplantısında iştirak edib 27-03-2026, 19:30 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı qlobal inkişaf proqnozunu aşağı salıb 27-03-2026, 09:00 Dünya səyyahları Qarabağda 27-03-2026, 08:30 Ağdam sakini keçmiş təmas xəttində minaya düşüb 26-03-2026, 20:00 Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyəti 26-03-2026, 09:30 Azərbaycan mədəniyyəti Avropada təqdim olunub 26-03-2026, 07:00 Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 25-03-2026, 13:30 Prezident İlham Əliyev yunanıstanlı həmkarını milli bayram münasibətilə təbrik edib 25-03-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031