FACT-INFO.AZ » XƏBƏR » "Ən çox yadınızda qalan müəllim kimdir..."
6-10-2018, 09:45 | XƏBƏR
"Ən çox yadınızda qalan müəllim kimdir..."

Sorğuda iştirak edənlərin əksəriyyəti eyni müəllimin adını çəkiblər. Sonra sorğunu keçirən təşkilat həmin müəllimə "Siz necə etdiniz ki, illər sonra şagidləriniz yenə də sizi xatırlayırlar" sualını ünvanlayıblar. O isə gülümsəyərək bunu deyib: "Mən heç nə etmədim, sadəcə hər bir şagirdimi öz övladım kimi sevdim"...

Otto Bismark deyirdi ki, bugünkü Almaniya əldə etdiklərinə görə müəllimə borcludur.

Haqqında yazmaq üçün DİN-in Polis Akademiyasını bitirənlər arasında sorğu keçirmədim. Tanıdıqlarıma, bildiklərimə "Yadınızda qalan müəllimlərin adını çəkin" deyəndə, ilk olaraq onun adını çəkdilər. Məncə, bir müəllim ömrü haqqında kiçik bir söz demək üçün bu, yetərli idi. Və mən illərlə müşahidə etdiklərimlə, gördüklərimlə kifayətlənmədim, onunla xatirimdə ömür boyu qalacaq könül söhbəti etdim...

O, ruh adamıdır. Həyatda qazandıqlarına görə müəllim ömrünün çətinliklərinə, əzablarına borcludur. Özünün qəlbən inandığı "Haqq nazilər, amma üzülməz" həqiqətindən möhkəm yapışmağı yetirmələrinə də öyrədib.

Gözlərinə baxanlar görərlər ki, o, öyrətmək yanğısından bezmir, usanmır. Bu yanğı ömrünün sonuna kimi onunladır. Neyləsin, Allah onu belə yaradıb, doğulduğu torpaqda, ailədə belə görüb, belə götürüb.

Ona "cənab polkovnik" deyəndə ilk sözü bu olur: "Mənə müəllim de. Hər dəfə "müəllim" deyiləndə gözlərimin önünə 1994-cü ilin sentyabrında dərs dediyim kursantlar gəlir. O zamanlar "müəllim" sözündən barıt qoxusu gəlirdi. Çünki bütün müəllimlər cəbhədə, Vətənin müdafiəsində öz şagirdləri ilə çiyin-çiyinə yenidən imtahan verirdilər..."

Bu imtahanı vermək, özü də ən ağırı onun qismətinə yazılmışdı. Doğulduğu yurdun işğalından sonra "kəsiri"ni düzəltmək üçün bu gün də döyüşür, gözünü yollardan yığa bilmir.

Yurdsuzluq onunçün dünyanın qara rəngidir. Yuxularında hər gecə minalanmış sahələrdən keçib doğulduğu Dağ Xələfliyə gedir. Yuxuda da səsini içinə çəkib ürəyinə axıdır göz yaşlarını...

"Mən sizi yaxşı tanıyıram, bəs, oxucularımız necə tanısın" sualıma cavab verməyə tələsmədi. Handan-hana: "Oxucularımızın hamısı akademiyanın yetirmələri deyillər ki? Məni öyrətdiklərim yaxşı tanıyırlar", - dedi.

Polis polkovniki İmrəli Fətiyalı oğlu Məmmədli 1967-ci ildə Dirili Qurban nəfəsli Cəbrayılın Dağ Xələfli kəndində doğulub. Riyaziyyatçı olmaq istəyirmiş. Amma o kino...

"Qanun naminə" filmində Mehman obrazı bu kəndli balasının yaddaşına əbədi həkk olub və içindən gələn səs onu prokuror olmaq üçün gecəsini-gündüzə qatmağa sövq edib. Quzu da otarıb, nobata da gedib, 7 uşaqlı ailənin ən çətin işlərinə qatlaşsa da, kitab əlindən düşməyib. Bəzən bir parça yavan çörəklə aclığını yatırdıb, lilparlı bulaqların gözündən içib. Yel atını minib günü-günə, ili-ilə calayıb. Səhər tezdən otların şehiylə yuyunub, şimkəşlərdən qaçıb qoca dağların sərt qayalarına sığınıb. Cəbrayıllı günlərin çətiri, bir də "Xan çinar"ların altında uşaqlığının xoşbəxtliyini yaşayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsinə sənədlərini verib. Özünün təbirincə desək, çoban kişinin övladının universitetə girməsi təkcə Dağ Xələfliyə yox, bütün Cəbrayıla yayılıb.

Tələbəliyi ən çətin dönəmlərə düşüb. Onda vətənimiz azad olmaq, zalımın zülmündən yaxa qurtarmaq üçün ölüm-dirim mücadiləsindəydi. Xalqın azadlıq istəyi meydanlara sığmırdı. Erməni işğalçılarının torpaqlarımıza təcavüzü onun tələbəlik həyatından qara bir xətlə keçir.

Bütün çətinliklərə baxmayaraq, kitabı səadəti, ən əziz kimsəsi bilib, qiymətləri əla olub. Bu gün əlini çörəyə çatdıran müəllimlərini - Murtuz Ələsgərovu, Məmməd Xələfovu, Firudin Səməndərovu, Həmid İmanovu, Əli Əliyevi ehtiramla yad edir.

Daxili işlər orqanlarına gəlməyinin də maraqlı tarixçəsi var. Onlar universiteti bitirənə yaxın təyinat ləğv olunur. Bunu görən dekan Məmmədxan Rəsulov DİN rəhbərliyindən xahiş edir ki, məzunlardan bir neçəsinin daxili işlər orqanlarına qəbulu məsələsinə baxılsın. Beləcə, onun da taleyinə müəllim olmaq yazılır və 1994-cü ilin sentyabrında polis leytenantı rütbəsində DİN-in Polis Akademiyasında xidmətə başlayır. O gün, bu gün gələcəyin polislərinə gözünün nurunu, könlünü, Vətən sevdasını verir. "Cinayət hüququ" kafedrasının rəisidir. Hüquq üzrə fəlsəfə doktorudur.

O, fikir adamıdır, çünki müəllimdir. Söhbət zamanı həm də müxtəlif məsələlərə filosof baxışını gördüm. Torpaqdan kitaba, kitabdan torpağa gedən yolun fəlsəfəsini elə gözəl anlatdı ki, düzü, dərs dediyi kursantlara həsəd apardım. Dedi ki, əgər əsl vətəndaş yetişdirə bilsək, o, həm də öz məsuliyyətini dərk edib əla da mütəxəssis olmağa can atacaq.

Söhbət zamanı xəyalını yenə yurda çəkirəm. Gözləri dolur, həyacandan danışa bilmir. "Sarı sim"inə toxunduğumu bilirəm. İkimiz də eyni dərdin adamıyıq - o da yurd itirib, mən də. Buna görə də söhbətimiz tutur.

"Aprel döyüşlərindən sonra düz dörd dəfə vaxt tapıb Lələtəpəyə, Cocuq Mərcanlıya getmişəm", - deyir: "O zəfərin sorağını eşidəndə az qaldı ürəyim dayana. Bakıda özümə yer tapa bilmədim. Qartal oğullar vüqarımızı, təpərimizi bizə geri qaytarmışdılar. Torpaq həsrəti ilə bu dünyadan gedənlərin nələr çəkdiyini bax o zaman bildim..."

Fürsətdən istifadə edib dərsində kursantlara qatılıb tələbəlik illərimi xatırladım.

Auditoriya müəllimin döyüş meydanıdır. O, döyüşdə təkbaşına deyil, bildiklərini verdiyi yetirmələri ilə birgə döyüşür. Və mən üzümü dərsdə səs salan, deyilənləri qulaqardına vuran gənc həmkarlarıma tuturam: "Bu insanlar xəzinədir və bu xəzinədən təmannasız inci götürmək sizlərin bəxtinə düşüb. Əgər həqiqətən peşəmizin sirlərini öyrənmək istəyirsinizsə qulaq asın. Əgər gələcək xidmətinizdə bu kişilərin öyrətdikləri köməyinizə çatacaqsa, deməli, siz dünyanın xoşbəxtisiniz. Üzünüzə qapılar açılırsa, bu, əslində, sənin, mənim, bizim hünərimiz deyil, bu, onların hünəridir, onların zəhmətidir. Yuxusuz qalsa da, sıxıntıları olsa da, yetirmələrinin önünə qayğısız çıxmaq üçün ürəyi ilə əlbəyaxa olur. Təki onu içindəki səssizliyə çəkilən, dərdə əyilən görməsinlər. Yetər ki, müəllim üçün dünyanın ən xoşbəxt sözü olan "Mən dərsimə hazıram"ı eşitsin...

Su misalıdır müəllimlər, hara getsələr, həyat bəxş edərlər...

Evimizə əziz bir qonaq gələndə üzümüz gülür, isinişirik, ondan ayrılmaq istəmirik. O, gedəndən sonra özümüzü sonu görünməyən boşluqda hiss edirik. Bax, müəllim də belədir. Hər gün üzünü gördüyü, adını söylədiyi, yaxşı və ya pis oxuyan, sakit və ya nadinc yetirməsindən vaxt, vədə tamam olanda ayrılır. Bax, onda əsl müəllimin içində bir tel qırılır, bax, onda o, elə bir sıxıntı yaşayır ki, onu nə yazmağa, nə də deməyə qadirik. Belədir müəllim ömrü, öyrənməklə, öyrətməklə gəlib keçir. Nə gücü tükənir, nə də ziyası. Müəllim də yaşlanır, yorulur, taqətdən düşür. Amma o ruhla, o sevgiylə hətta şagirdlərinin balalarına, hətta onların nəvələrinə də dərs keçir. Beləcə, böyük bir nəsli işıqlı gələcəyə aparır...

Hafiz TƏMİROV polis mayoru




Baxış sayı: 2 076
İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   Bu gün, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib Bu gün, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Bu gün, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930