FACT-INFO.AZ » AKTUAL » Türk Şurasının baş katibi: “Hər kəslə əməkdaşlıq etməyə hazır olan açıq və şəffaf təşkilatıq”
21-12-2017, 10:05 | AKTUAL
Türk Şurasının baş katibi: “Hər kəslə əməkdaşlıq etməyə hazır olan açıq və şəffaf təşkilatıq”

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın yaratdığı Türk Şurasının baş katibi, Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi Ramil Həsənov APA-ya müsahibə verib. Həmin mənbəyə istinadən Fact-info.az müsahibəni təqdim edir

- Ənənəmizə uyğun olaraq, ilin son müsahibəsində 2017-ci ildəki fəaliyyətlərinizi təhlil etməyinizi xahiş edirəm.

- Bizim üçün uğurlu olan 2017-ci ili mən bundan əvvəlki iki ilin məntiqli davamı kimi qiymətləndirirəm. Türk Şurasına üzv olan ölkələrin hökumətləri arasında əlaqələrin genişləndirilməsi, alternativ enerji əldə edilməsi və informasiya kommunikasiyası kimi yeni sahələrin fəaliyyət sahəmizə daxil edilməsi, əlbəttə ki, bizim üçün uğurlu addımlar sayıla bilər. Hər il olduğu kimi, bu il də üzv ölkələrimizin iqtisadiyyat, gömrük, təhsil, nəqliyyat, gənclər və idman nazirlikləri ilə gördüyümüz işləri davam etdirərək ümumi hədəflərimizə doğru önəmli addımlar atmışıq. Adını çəkdiyim sahələrə başçılıq edən nazirlərimizlə keçirdiyimiz toplantıların hamısı konkret nəticələr əldə etməyi nəzərdə tutur. Məsələn, Qazaxıstan ilə Azərbaycan arasında həyata keçirilməsi nəzərdə tutulan TASİM layihəsinin üzləşdiyi əngəlləri aradan qaldırmaq üçün biz bu il öz köməyimizi əsirgəmədik. Kibertəhlükəsizliklə mübarizə sahəsində mühüm işlər görülüb. Əgər biz informasiya və kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsindəki fəaliyyətlərimizi indidən gücləndirə bilməsək, gələcəkdə çox böyük problemlərlə üzləşə bilərik. Üzv ölkələrimizin dövlət başçıları bu sahəyə xüsusi diqqət yetirirlər. Eyni zamanda, kosmik peyk sahəsində müştərək əməkdaşlıq üçün yeganə platforma Türk Şurasıdır. Əməkdaşlıq planlarımızı müştərək platformalarda həyata keçirmək üçün bizi lazımi şəkildə istiqamətləndirən və çalışmalarımıza hər cür dəstəyi verən dövlət başçılarına təşəkkür edirəm. Bilirsiniz ki, Azərbaycan, Qazaxıstan və Türkiyənin kosmik informasiya peykləri vardır və Baykonur kimi böyük kosmik aerodromunun məhz Qazaxıstanda olması bizim bu sahədəki əməkdaşlıq imkanlarımızı daha da genişləndirir.

İqtisadi sahədəki əməkdaşlığımız uğurla davam etməkdədir. Eyni zamanda, üzv ölkələrimiz arasında quru nəqliyyatı sahəsindəki “İpək yolu” layihəsi çərçivəsində əməkdaşlığın gündən-günə inkişaf etdirilməsi bizi çox sevindirir. Bu sahədə üzv ölkələrin iqtisadiyyat və nəqliyyat nazirliklərinin birgə fəaliyyət mexanizmi üzərində işləyirik. Nəqliyyat xərclərinin azaldılması əsas hədəflərimizdən biri olduğu kimi, Aktau, Ələt və Samsun limanlarının üzv ölkələr arasında yük nəqlinin əsas mərkəzləri kimi effektiv hala gətirilməsinə də böyük əhəmiyyət veririk. Biz başqa ölkələrin daxili işlərinə qarışmadan, başqa ölkələrə heç bir ziyan vurmadan, alternativ rəqabət mühitində üzv ölkələrimiz arasındakı əlaqələrin dərinləşdirilməsinə çalışırıq. Bizim həm dəmiryolu, həm də quru yolu nəqliyyatında uğurlu əməkdaşlığımız olduğunu deyə bilərəm. Bununla bağlı,mən Qazaxıstan və Qırğızıstan baş nazirləri ilə, Azərbaycanın həm iqtisadiyyat, həm də nəqliyyat naziri ilə, Türkiyənin baş naziri və nəqliyyat naziri ilə görüşərək konkret addımlar atmağımız üçün dəstək almışam. Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin üzv ölkələrə girərkən “torpaq basdı” pulunun alınmaması, gömrük vergilərinin azaldılması və s. məsələlərdə bizə verdiyi təklifləri sürətlə üzv ölkələrə çatdıraraq konkret nəticələr əldə etdiyimizi deyə bilərəm. Həm hökumətimiz, həm də Beynəlxalq Nəqliyyatçılar Dərnəyi bizə təşəkkür məktubu göndərib.

Biz bir çox beynəlxalq təşkilatda ölkələrimizin mənafeyini müdafiə edirik. Bu çərçivədə ATƏT, İƏT, BMT-nin UNESCO, Dünya Turizm, Azərbaycanın çox əhəmiyyət verdiyi Mədəniyyətlərarası Dialoq Forumu , BMT-nin İnkişaf Proqramı və bu yaxınlarda Antalyada keçirdiyimiz Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatla uğurlu əməkdaşlığımız fəaliyyətimizi beynəlxalq səviyyədə qura bilməyimiz üçün mühüm platformalardır. Dövlət idarəçiliyindəki keyfiyyəti və şəffaflığı yüksəltmək üçün Azərbaycanın yaratdığı ASAN sisteminin təcrübəsinin üzv ölkələrdə də tətbiq edilməsinə çalışırıq. Qırğızıstan bu sahədə artıq addım atıb. Bizim turizm sahəsində üzərində işlədiyimiz ən mühüm layihə - “İpək yolu” turizm paketidir. Novruz bayramında paketlərin satışa çıxarılacağını gözləyirik. Bizim üçün mühüm olan o layihənin uğurla həyata keçirilməsi üçün yoxlamalar təşkil etdik. Qırğızıstan, Qazaxıstan və Azərbaycana getmək istəyən turistlərin keçəcəyi yolların vəziyyəti, hotellər və iaşə obyektlərinin keyfiyyətli xidmət göstərməsi üçün 3 ölkənin turizm nazirliklərinin nümayəndələri ilə birlikdə yoxlamalar apardıq. Bu sahədə Türkiyənin böyük təcrübəsini üzv ölkələrə çatdırırıq. Bu məqsədlə biz üzv ölkələrin turizmlə məşğul olan nümayəndələri üçün təlim kursları təşkil etmişik. Üzv ölkələrin turizm sahəsindəki bəzi nümayəndələrinin isə BMT-nin Dünya Turizm Təşkilatının Cenevrədəki ofisində təcrübə keçməsinə nail olmuşuq. Təkcə üzv ölkələrdən deyil, diaspordan da dəvət etdimiyiz təxminən 600 gəncin iştirakı ilə Türkiyə və Qazaxıstanda gənclik düşərgələri təşkil etmişik. O düşərgələrin təcrübəsini yaşamış gənclər, gələcəkdə ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynayacaqlar. İllik proqramımızda üzv ölkələrin təcrübəli diplomatlarının gənc diplomatlara kurslarda dərs vermələri də bizim üçün əhəmiyyətli olduğuna görə, o ənənəni davam etdiririk. Belə ki, 4 il əvvəl o kurslarda iştirak etmiş gənclər indi öz ölkələrinin xarici işlər nazirliklərində diplomat ranqında işləyirlər. Onlar həmişə deyirlər ki, biz Türk Şurasından yetişmişik, ona görə hər yerdə Azərbaycanı, Türkiyəni, Qazaxıstanı, Qırğızıstanı təmsil edirik. Bu işləri həyata keçirməyimizdə bizə dövlət başçılarımızın siyasi iradəsi daima yol göstərir, həlledici dəstəyi verir. Maraqlı faktlardan biri də odur ki, Macarıstan bizimlə əməkdaşlığını sıxlaşdırır. Sentyabrda Macarıstan bizə müraciət edərək Şuramızın bir qurumu olan Türk Akademiyasında müşahidəçi olmaq istədiyini bildirmişdi. Xarici işlər nazirlərimizin iştirakı ilə sentyabrda Nyu-Yorkda keçirilən iclasda Macarıstanın istəyi qəbul edildi. Artıq Macarıstan, TürkPa-dan sonra o biri beynəlxalq qurumumuz olan Türk Akademiyasının da müşahidəçi üzvüdür. Özbəkistanın “dünyaya açılma” siyasətindən Türk Şurası da öz payını alır. Mən bunu Özbəkistanın bu sahədəki fəaliyyətlərini bərpa etməsi kimi dəyərləndirirəm. Siz də şahid oldunuz ki, iqtisadiyyat nazirlərimizin iclasında Özbəkistan iqtisadiyyat nazirinin birinci müavini iştirak edərək bizi son dərəcə məmnun etdi. Nazirin birinci müavini o addımı Türk Şurasında daimi iştirak etmək üçün atdıqlarını bildirdi. Mən növbəti zirvə toplantımızda Özbəkistan prezidenti cənab Mirziyayevin iştirak edəcəyinə inanıram. Türkmən qardaşlarımızı da eyni səviyyədə gözləyirik. Ümid edirəm ki, biz növbəti zirvə toplantımızda sıralarımızı daha da genişləndirəcəyik.

- Növbəti zirvə toplantısı nə vaxta planlaşdırılıb?

- Indi bu barədə Qırğız tərəfi ilə danışıqlar aparılır, çünki ev sahibi Qırğızıstandır. Verilən təklif- 2018-ci ilin mart ayıdır. Çox güman ki, ya 30-31 martda ya da Novruz bayramından əvvəl keçirəcəyik. Bunun danışıqlarını diplomatik kanallardan aparırıq. Mart ayında Bişkekdə növbəti zirvə toplantımızı keçirəcəyimizə ümid bəsləyirəm.

- İki önəmli nöqtəyə diqqəti cəlb etdiniz: birincisi- Özbəkistanın Türk Şuraısnın toplantılarına yüksək vəzifəli idarəçilər səviyyəsində qatılması; ikincisi isə - Qırğızıstanın yeni iqtidarının Türk Şurasının zirvə toplantısının Bişkekdə keçirilməsinə hərarətli baxması. Bu vəziyyət Türk Şurasının fəaliyyətini nə dərəcədə gücləndirəcək?

- Gücləndirəcəyinə şübhəmiz yoxdur. Açıq demək lazımdır: əvvəllər Özbəkistanla Qırğızıstanın arasında sərhədlərlə bağlı problemlər vardı. Ancaq bu gün hər iki ölkə hökumətlərinin xoş məramlı səyləri nəticəsində Özbəkistanla Qırğızıstan arasında çox gözəl münasibətlər qurulub. Əlbəttə ki, o münasibətlər Türk Şurasının fəaliyyətinə müsbət təsir göstərir. Evdə iki qardaş arasında da narazılıqlar ola bildiyi kimi, bəzən ölkələr arasında da anlaşmazlıqlar ola bilir. Bunu normal qarşılamaq lazımdır. Ortaq nöqtələri tapmaq üçün müzakirələr aparmaq lazımdır. Türk Şuras üzv ölkələr arasındakı münasibətləri sadəcə qardaşlıq səviyyəsində görmək istəyir və bunun üçün çalışır. Üzv olmayan, bizə qonşu olmayan ölkələrlə münasibətlərimizi daima dostluq prinsipləri üzərində qurmağa çalışırıq. Bu,həssas tarazlıq siyasətidir. Hər bir ölkənin özünün xüsusi çəkiyə malik olan xarici siyasəti mövcuddur, biz buna hörmətlə yanaşırıq.

Həmişə demişəm və səlahiyyət müddətim başa çatana qədər deyəcəyəm: Türk Şurası hərbi blok deyil, Türk Şurası heç kimlə savaşmaq niyyətində olan bir təşkilat deyil. Türk Şurası ortaq kökləri olan xalqlarımızın birlikdə və bərabər fəaliyyətini tənzimləmək və bununla bağlı siyasi-mədəni platforma yarada bilmək üçün qurulmuş hökumətlərarası beynəlxalq qurumdur. Türk Şurası üzv ölkələrin ərazi bütövlüyünə maksimum hörmətlə yanaşan təşkilatdır. Türk Şurası insanların milli, dini və mədəni hüquqlarına hörmət edilən ölkələrin qurduğu beynəlxalq təşkilatdır. Ona görə də dünyanın müxtəlif guşələrində etnik və dini zəmində ciddi anlaşmazlıqlar yaşanarkən, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda, Türkiyədə, bizə daimi üzv olmasını arzu etdiyimiz Özbəkistanda və Türkmənistanda bütün millətlər, dini və mədəni icmalar heç bir münaqişə olmadan öz haqlarını qoruyaraq və o haqlardan istifadə edərək azad şəkildə yaşaya bilirlər. Bu baxımdan Türk Şurası dünyaya çox gözəl bir örnəkdir. Türk Şurası sülh və əməkdaşlıq təşkilatıdır. Biz hər kəslə əməkdaşlığa hazırıq, bizim üçün qapalı qutu mexanizmi yoxdur. Biz açıq və şəffaf platformayıq, atdığımız hər bir addımı ictimaiyyətlə paylaşırıq. İndi əsas hədəflərimizdən biri Türk Şurasına üzv olan ölkələrdə gəlir və rifah səviyyəsinin yüksəldilməsidir. Türk Şurası ölkələrinin dövlət başçılarının Bişkekdə keçiriləcək zirvə toplantısına yenə də dəqiq ölçülüb-biçilmiş bir gündəmlə gedəcəyik.




Baxış sayı: 1 734
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30