FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Andranikin “Böyük Ermənistan” planı çərçivəsində Xoy şəhərinə hücumu (1918-ci il)
12-10-2015, 09:30 | TƏDQİQATLAR-ANALITIKA
Andranikin “Böyük Ermənistan” planı çərçivəsində Xoy şəhərinə hücumu (1918-ci il)

Onlar 1918-ci ildə Bakı, Quba, Şamaxı və digər bölgələrdə azərbaycanlıları qətliam etdiyi zaman, Cənubi Azərbaycanın qərb bölgəsində də əhalini soyqırıma məruz qoyub, özlərinə Azərbaycan ərazisində erməni dövləti yaratmağa çalışırdılar. Bu məqsədlə ermənilər Osmanlı ərazisindən Cənubi Azərbaycana sığınmış aysorları da özlərinə birləşdirmişdilər. Onlar Urmiya və Salması, eləcə də bütün ətraf qəsəbə və kəndləri işğal edərək, 200 minə (1, s. 230) qədər azərbaycanlını kütləvi şəkildə soyqırıma uğratmışdılar.
Böyük fəlakətin törədilməsindən xəbər tutan Osmanlı qoşunu azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasını dayandırmaq məqsədilə ermənilərlə dialoq yaratmağa çalışdılar. Osmanlı ordusu əvvəl danışıq yolu ilə birləşmiş erməni-aysor silahlı dəstələrinə bir neçə dəfə münasib təkliflər də verdilər. Hətta “Salmasda Osmanlı qüvvələrinin komandanı xristian başçılarından bir neçə nəfərlə görüşmək barədə xahiş etdisə də bu təklif ermənilər tərəfindən qəbul olunmadı” (2, s. 205). Son dəfə isə “10 iyul 1918-ci il tarixində bir Osmanlı nüma­yəndəsi 4 jandarmla birgə şəhərə gələrək xristianların Mosuldakı baş dini rəhbərindən xristian liderlərinə məktub gətirdi. Məktubda yazılmışdı ki, əgər xristianlar Osmanlı dövlətinə təslim olarlarsa dövlət onları qoruyacaqdır. Aysor və ermənilərin silahlı qüvvələri bu təklifi rədd etdilər” (2, s. 205).

Birləşmiş erməni-aysor silahlı dəstələri əhalini qətliam etməkdən vaz keçmək istəmədiyi və aqressiv mövqe nümayiş etdirdikləri üçün müharibə labud idi. Ona görə də, Osmanlı qüvvələrinin Cənubi Azərbaycana daxil olan hissələri artıq iyul ayının ortalarında Xoy və Salmasdan keçib Kərimabad kəndinə (Urmiya yaxınlığında - H.S.) çatandan sonra Andranik Ozanyan Qafqazdan olan 12 min nəfərlik erməni silahlı dəstəsi ilə Araz çayını keçib Cənubi Azərbaycana daxil oldu.

Andranik erməni terrorçuları içərisində ən fəalı idi. O hələ “1918-ci ildə Mançester-Paris-Türkiyə-Ermənistan-İran-Tehran-Ordubad vasitəsilə İrəvana külli miqdarda silah gətirmişdi” (3, s. 111).

Andarnik erməni-aysor silahlı dəstələrinin işğalında olan Urmiya və Salması Ermənistan Respublikasına birləşdirməkdə əsas maneə hesab edilən Xoy şəhərini hədəf almışdı. O Xoy şəhərində yerli əhalini etnik təmizləmə yolu ilə məhv edəndən sonra özü ilə gətirdiyi erməni ailələrini orada yerləşdirmək istəyirdi. Andranik həmçinin Osmanlı qoşununu arxadan mühasirəyə almaq və Urmiyadakı erməni-aysorlardan ibarət silahlı dəstələrlə birlikdə iki tərəfdən hücuma keçərək, Osmanlı ordusunu məhv etməyi qarşıya məqsəd qoymuşdu (4, s. 103). Andranik Osmanlı qoşununu məğlub edəndən sonra Urmiyadakı erməni-aysor silahlı dəstələrlə birləşməyi və Qafqazla Urmiya arasında yerləşən bütün əraziləri erməni dövləti tərkibində birləşdirərək, Azərbaycan və Osmanlı ərazisi hesabına dənizdən dənizə “Böyük Ermənistan” yaratmağı qərara almışdı. Çünki “Azərbaycanın bir hissəsi sayılan İrəvan əyalətində 28 may 1918-ci ildə Ermənistan dövləti yarandıqdan sonra işğalçı ermənilərin başçılarından olan Andranik bu dövlətin kiçik bir ərazidə yaradılması ilə razılaşmadığını bildirdi. O, Xəzər dənizindən Qara dənizə qədər böyük Ermənistan yaratmaq istəyən ifratçı ermənilərdən idi. Ermənistan dövlətinin bu kiçik ərazidə yaradılmasına qane ola bilmir­di”. (2, s. 216) Cənubi Azərbaycan ərazisində isə “ən azı Qərbi Azərbaycan (Cənubi Azərbaycanın qərb hissəsi - H.S.), Ərvənq, Ənzab və Mərənd bölgələri onun işğal planına daxil idi” (5, s. 352)

Andranikin silahlı dəstəsi I Dünya müharibəsi boyunca Azərbaycan və Anadolu türklərini qırmaqla ruslara böyük köməklik göstərmişdi. “Lakin Batum müqaviləsinə görə Andranikin silahlı dəstələri tərki-silah olunmalı idilər. Ancaq Andranik yalnız Ermənistan Respublikasını qəbul etməməklə qalmayıb hər hansı bir sülh danışıqlarına belə getmək istəmirdi. O həmçinin öz qüvvələri ilə birgə Urmiya gölünün cənubuna çatıb orada ingilis qüvvələri ilə birləşmək fikrində idi.” (2, s. 216)
Andranikin silahlı dəstələrinin Xoy şəhərinə hücumu barədə ilk məlumatı, Osmanlı hərbi qərargahının komandanlığı Xoy şəhərinin əhalisinə elan etdi. Osmanlı ordusunun Salmasdakı qələbəsi ilə bağlı Xoy şəhərində 3 gün şənlik keçirilib, nitqlər söylənildi. 22 iyul 1918-ci ildə Osmanlı ordusunun siyasi məsələlər üzrə nümayəndəsi zabit Yusif Ziya öz nitqində bildirdi ki, təhlükəli günlərdir. İngilislər Zəncan şəhərinə kimi irəliləyib 8000 erməni döyüşçüsü də Qafqazdan Culfaya gəlib və Xoya hücuma keçmək istəyir. (6, s. 475) Aydın məsələdir ki, Andrankin Xoy şəhəri və ətraf ərazilərinin əhalisini qətlimam etdikdən sonra özü ilə gətirdiyi 10000 erməni ailəsini burada yerləşdirməyi və bölgəni erməniləşdirməyi planlaşdırmışdı. (7, s.306) 
Türk zabiti Yusif Ziya elan etdi ki, “şəhər əhalisinin hamısı silahlanmalıdır və onların üç günlük azuqə ilə müdafiə üçün Evoğluna gedib, bizim qüvvələrə yardım etməsi məsləhətdir. Əhalinin bəzisi Yusif Ziyanın sözlərinə inanmadı. Lakin ehtiyat tədbirləri gördülər. Yardım üçün Makının sərdarının (hakiminin - H.S.) yanına elçi göndərdilər. Təbrizə teleqraf vurdular və kəndlərə də xəbər göndərdilər ki, yardıma gəlsinlər. Polis Ağarəhim də yardım gətirmək üçün Yekanata göndərildi” (6, s. 475). 

Xoy şəhərində olan Osmanlı siyasi nümayəndəsi ilə iki Osmanlı əsgəri isə Andranikin Xoy şəhərinə hücumu və şəhəri mühasirəyə aldığı barədə Osmanlı ordusuna məlumat vermək üçün Urmiyaya yola salındılar”. (8, s. 51-52)

Həmçinin “21 iyul 1918-ci ildə 500 nəfər erməni atlısı, 500 piyada ilə birgə Culfaya gəldilər. Onlarla üzvü olan bir dəstə hazırladılar. Bu dəstə guya artıq sülh bağlandığı üçün Vana qayıtdıqlarını, onların ardınca gələnlərin köçkünlər olduğunu bildirdilər. Əllərində ağ bayraqla Osmanlı qüvvələrinə hücum edib Arazın cənubuna keçdilər. Ermənilərin hücumunu və daha sonra Osmanlı mövqelərinə, xüsusilə Xoy şəhərinə tərəf irəliləməsini görən 4-cü korpusun komandanlığı ermənilərin qarşısını almaq əmri verdi. Osmanlılar 2 piyada rotası, 3 dağ topu və atlılarla birgə minbaşı Hüseyn Hüsnünün komandanlığı altında 2 iyulda Şeytanava (Reyhanə-Xoy) yolu ilə Culfaya tərəf irəlilədilər. Bu korpusun adı «Yeni Culfa korpusu» idi. Salmas cəbhəsindəki 4-cü korpusun komandanlığı isə Andranikin silahlılarını qırmaq üçün Osmanlı qüvvələrinin Urmiyaya tərəf hərəkətini dayandırdı”. (2, s. 216)

Şəhər əhalisi isə şəhərin müdafiəsi haqqında qərar vermək üçün “Xoy şəhərinin Qarı Məscidinə toplaşdılar. Qızğın müzakirələr getdi. Bəziləri bu müharibənin regional yox, dünya müharibəsi olduğu və İngiltərə ilə Osmanlı arasında getdiyini əsas gətirərək bildirdilər ki, bu müharibənin bizə dəxli yoxdur. Eyni zamanda onlar bizdən güclüdürlər və biz onların qarşısında dayana bilmərik. Müqavimət göstərsək də qətliam edilərək, uşaq və ailəmizi qırğına verərik. Erməniləri mehribanlıqla qarşılayıb, onlara tabe olduğumuzu bildirək. Digər qrup isə, Urmiyada baş verən qətliamı əsas gətirərək bildirdilər ki, dünya müharibəsi olsa da, bu silahlı erməni dəstələri bizim evimizə daxil olurlar. Urmiyada gördük ki, silahsız və sülhsevər əhalinin başına nə bəlalar gətirdilər. İndi biz onları qarşılasaq və hətta onların qarşısında qoyun qurbanlıq kəssək də, yenə onlar bizim uşaq və qadınlarımıza rəhm etməyəcəklər”. (6, s. 476) 

Xoy şəhərinin əhalisi “Andranikin hücum xəbərindən əvvəl bərk qorxuya düşdülər. Hətta bəzi şəhər varlıları şəhərdən kənara çıxıb, Təbrizə getdilər. Lakin müqavimət göstərmək istəyən əhali şəhərdən qaçanlara mane oldular və qalanın mühafizəsi üçün qəti qərara gəlindi” (9, s. 262).

Beləliklə, Urmiya və Salmasda əhalinin başına gətirilən hadisələrdən xəbəri olan Xoy əhalisi müqavimət göstərmək qərarına gəldilər. Onlar Xoy şəhərinin qala qapılarını bağlayıb, qala divarlarının üzərində istehkamlar qurdular.” (6, s. 476).

Andranikin silahlı dəstələrinin Xoy şəhərinə hücum xəbəri Cənubi Azərbaycana daxil olan Osmanlı ordusuna çatdırılan kimi qoşunun baş komandanlığı 23 iyulda göstəriş verdi ki, Muğancığın şimalında dincəlməli olan 12-ci piyada diviziya iyulun 23-dən 24-ə keçən gecə Xoy şəhərinin 5 kilometrliyində Qəzənfər dağlarına çatsın (10, s. 394).

Osmanlı qoşunu isə bundan öncə Xoy şəhərindən Urmiyaya hərəkət edərkən yalnız əsgərlərindən 50-60 nəfərini həmin şəhərdə saxlamışdılar. Onların da bəzisi xəstə idi. Salar Ovacığının atlıları ilə birlikdə “500 nəfərdən ibarət olan Osmanlı və Xoy atlıları şəhəri Andranikin hücumundan müdafiə üçün Evoğluna getdilər. Onlar Ərsi gədiyində Andranikin silahlı dəstələrinə çatdılar və toqquşma baş verdi. Hücum edən Andranikin silahlı dəstələri həm say baxımından, həm də hərbi təchizat baxımından on qatdan çox üstünlüyə malik idi. Osmanlı və Xoy şəhərinin atlılarından ibarət az sayda silahlı dəstə Andranikin silahlı dəstəsi tərəfindən mühasirəyə alındı. Onlar son gülləsinə qədər döyüşdülər və əksəri ermənilər tərəfindən qətliam edildilər. Az sayda sağ qalan və ya yaralanan atlılar geri çəkilib Xoy şəhərinə daxil ola bildilər. Onların özləri ilə apardığı üç top da erməni silahlı dəstəsinin əlinə keçdi. Erməni hücumçuları gecəni Səidabadın yaxınlığında qaldılar (8, s. 52).

Andaraniklə ilk toqquşmadan salamat qalıb, qalaya qayıdan Osmanlı əsgərləri Xoy qalasını qoruyanlara qalanı mühafizə və müharibə üsulunu ciddi-cəhdlə öyrətdilər. Digər tərəfdən isə Andranikin silahlı dəstəsi 1918-ci il 23 iyulda şəhərin ətrafını mühasirəyə alıb, top və odlu silahlarla şəhəri atəşə tutdu. Xoy əhalisi də ciddi şəkildə müqavimət göstərib, onlara cavab verdilər (10, s. 394-395).

Andranikin silahlı dəstələrinin hücuma keçdiyi anda “Xoy şəhərinin alimlərindən Höccətülislam və Ağa İbrahim Müctəhidi əhalini cəsarətləndirmək üçün hərəkətə keçdilər. İlk olaraq Höccətülislam əhalinin qarşısında çıxış edərək, dedi: Ey millət, hər kimsə bu gün oruc tutsa günah edib. Bu vəziyyətdə oruc tutmaq haramdır. Hər kəs iftarını edib düşmənlərlə döyüşsün. Hər iki höccətülislam özləri də iftar edəndən sonra, ayaqyalın şəkildə şəhərdə istifadəsiz qalan topu iplə boyunlarına bağlayıb səngərlərə doğru çəkdilər. Bu iki alimin həmin hərəkəti gənclər və səngərlərdə olan əhalini coşdurdu. Səngərlərə gedib döyüşmək istəməyənlər də canlarından keçib, səngərlərə yola düşdülər. Səngərlərə doğru iki ruhani alim tərəfindən çəkilən top vasitəsilə ermənilərin şəhəri atəşə tutan əsas topu məhv edildi. Həmin topun səsi isə erməniləri qorxuya saldı.” (8, s. 53)
Gecə düşənə qədər Andranikin silahlı dəstəsi mühasirədən əl çəkməyib, əksinə hücumlarını kəskinləşdirərək nəyin bahasına olursa olsun osmanlılar qayıdana qədər şəhəri tutmaq əzmində idilər. Andarnik osmanlılarla döyüşdə müqavimət göstərə bilmək üçün Xoy şəhərinin qala divarlarının imkanlarından istifadə etmək istəyirdi. Lakin onlar nə qədər çalışsalar da, qalib gələ bilmədilər. Səhər tezdən yenidən Andranik hər tərəfdən hücuma keçib, şəhəri işğal etməyə ciddi-cəhdlə çalışdı. (8, s. 54)

Xoy şəhərinin əhalisi isə lazımi silah-sursatın olmamasına baxmayaraq, döyüşürdülər. Qadınlar da kişilərlə çiyin-çiyinə döyüşür, bəzən isə döyüşən əhaliyə qida və hətta silah-sursat daşıyırdılar. (11, s. 754) 

Şəhərin qala divarlarındakı səngərlərdə döyüşən əhalinin bir sırası erməni güllərinə tuş gəlib öldürülmüşdü. Yalnız həmin gün nahar çağı Salar Avacığının 50 atlısının Çurs darvazasından şəhərə gəlməsi və atlıların səngərlərə paylanması Xoy əhalisinə yeni nəfəs verdi.  Urmiya yaxınlığından geri dönən Osmanlı qoşunu hələ də gəlib çatmamışdı. (10, s. 395)

Şəhərdə Fətəli şah dövründən yadigar qalmış və yalnız ramazan ayında azan vaxtını bildirmək üçün istifadə edilən daha bir top mövcud idi. Həmin topu istifadə etmək üçün hündürlüyə qaldırdılar. Hətta atmaq üçün mərmi belə yox idi. Köhnə topçulardan olan Məşədi Tağı həmin topdan atəş açmağa başladı. Mərmi olmadığı üçün zəncirləri mərmi yerinə doldurub, şəhəri atəşə tutan erməni toplarının birinin istiqamətində atəş açıldı. Nəticədə həmin erməni topu susduruldu. (6, s. 478)

Bürclərdə atışma nəticəsində onlarla insan şəhid edilmişdi. Top mərmisi üç nəfərin başını aparmışdı. Şəhərə dəyən top mərmiləri bir çox evləri darmadağın etmişdi. (6, s. 478)

1918-ci il iyul ayının 24-də günorta vaxtı erməni hücumçuları hiylə işlədərək şəhər darvazasının açılmasına nail olmaq istədilər. Belə ki, “Osmanlı türkcəsində danışa bilən üç nəfər erməni Osmanlı əsgəri geyimində Şəhanəq darvazasına yaxınlaşıb, dedilər ki, biz İslam ordusu tərəfindən gəlirik, ordu da bizim arxamızca gəlməkdədirlər, darvazanı açın” (11, s. 754). Bürcdə dayanan əsgərlər sevinsələr də, darvazanı açmağa ehtiyatla yanaşdılar. Məşədi Xəlil və Seyid Həmzə adlı iki şəhər sakini bildirdilər ki, kəndiri bizim belimizə bağlayıb sallayın aşağıya, görək onlar kimdirlər və nə deyirlər. Xəlil kəndirlə aşağı sallanaraq onların erməni olduğunu başa düşdü və iki nəfərini qucaqlayaraq çığırdı ki, bunlar düşməndi, bunları mənimlə birlikdə vurun. Maraqlıdır ki, hər üçünü də əsgərlər vurdular və Xəlilə heç bir xəsarət yetişmədi. O xəndəyə düşərək salamat qaldı və kəndirlə bürcə qaldırıldı (12, s. 63).

Xoy şəhərində olan yaralı Osmanlı əsgərləri də zorla döyüşmək istədiklərini tələb etdilər. Onlara da tüfəng verib bürcə qaldırdılar və saman üzərində yatırdılar. Onlar da atışmağa başladılar (6, s. 478).

Axşamçağı güllələr tükənməkdə idi və səngərlərdəki əhalidə artıq ümidsizlik müşahidə edilirdi. Xoy əhalisinin daha müqavimətə gücü qalmamışdı. Əgər Osmanlı ordusu gec çatsa idi Andranikin silahlı dəstələri şəhərə daxil olub, əhalini məhv etməklə, özü ilə gətirdiyi erməni ailələrini şəhərə yerləşdirəcəkdilər. Lakin bu vaxt Salmas istiqamətində Qəzənfər dağı tərəfdən Osmanlı toplarının atəşinin səsi eşidildi. Həmin an səngərlərdə Osmanlı əsgərlərindən biri çığırıb dedi ki, daha qorxmayın bu səs bizim qoşunun topunun səsidir. Bir neçə dəqiqədən sonra, Osmanlı əsgərləri şəhərin Salmas darvazası istiqamətində ətraf dağlarda görünüb, davamlı olaraq top və başqa silahlarla Andranikin qoşununu atəşə tutdular. (8, s. 54)

Andranik Xoy ətrafına hücum edəndə, Osmanlılar Urmiyanın 4 fərsəxliyində (hər fərsəx 6240 m-dir - H.S.) yerləşən Kərimabadda erməni-aysor silahlı dəstələri ilə döyüşürdü. Andranikin Xoya hücumunu eşidən Osmanlı qoşunu dərhal geri çəkilib və 10 saat ərzində 18 fərsəx yol qət edib, Xoya çatmışdı. (8, s. 55)
Andranik Əli Ehsan Paşanın qoşununun Salmasdan Xoya gələ biləcəyini əvvəlcədən müəyyənləşdirmişdi. Ona görə də Xoy məntəqəsinə çatan kimi qoşununun bir hissəsini Salmas yolunun iki tərəfindən yerləşən Qəzənfər və Qolabı dağlarında yerləşdirmişdi. (6, s. 478-479)
Osmanlı topxanası erməni silahlı dəstələrini atəşə tutub, qısa müddətdə onların müqavimətini qırdı. Onlar qaçmağa məcbur oldular. Günbatana 1 saat qalmış Osmanlı ordusu Təzəkəndə yetişib, Səidabada doğru top atəşi ilə hücumu davam etdirdi. Andranik silahlı dəstəsi və özləri ilə gətirdiyi erməni ailələri ilə gəldikləri yolla Arazı keçib özlərini Qafqaza çatdırdılar. (8, s. 55) Beləliklə, 1918-ci il iyul ayının 25-də Osmanlı ordusu şəhər və ətrafını düşmən ünsürlərdən təmizlədi. Osmanlı ordusu Xoya doğru irəlilədi. Xoy əhalisi Osmanlı əsgərlərinin gəlişinə qədər ciddi müqavimət göstərdi. Xoyun xilasına gələn Osmanlı qoşunları Andranikin geri çəkilməsinə nail oldular (13, s. 135).
Osmanlı ordusu həmin gecəni şəhərin xaricində qaldı və sabahısı gün erməniləri Culfaya qədər izlədi. Erməni qoşunu Culfanı keçdikdən sonra Arazın üzərindəki körpünü yandırdılar. (6, s. 479)

Andranikin Xoy şəhərinə hücum edib, bu şəhəri mühasirədə saxladığı bir vaxta isə birləşmiş erməni-aysor silahlı dəstələri Urmiya gölünün şimal-şərqində yerləşən strateji cəhətdən böyük əhəmiyyətə malik olan Şərəfxana limanına hücumu gerçəkləşdirildi. Məqsəd isə orada qalan rus saldatlarının silah-sursatını götürmək və işğalın, eləcə də soyqırımın əhatəsini Şərəfxana, Şəbistər, Təsuc və hətta Təbrizə qədər genişləndirmək idi (14, s. 523-524). Bu məqsədlə “1918-ci il iyul ayının 24-də aysor və ermənilərdən ibarət 180 nəfər yüksək hərbi təlim görmüş adamlardan seçib, ələ keçirdikləri ruslara məxsus buxar gəmisində, digər dəstəni isə yelkənli gəmidə yerləşdirib, onlara bir top da verib Şərəfxanaya göndərmişdilər. Onlar qəflətən sahilə çıxıb həmin ərazini işğal etməli idilər. Lakin onlar sahilə çıxarkən Osmanlı və azərbaycanlı türklərin müqavimətinə rast gəldilər” (12, s. 64).
Beləliklə, Andranikin Xoy şəhərini ələ keçirib, əhalisini soyqırıma məruz qoymaqla gətirdiyi erməni ailələri orada yerləşdirmə planı iflasa uğradı. Üstəlik o Xoy şəhəri ilə yanaşı Təsuc, Şəbistər, Mərənd və hətta Təbrizi belə tutmağı, həmin şəhərlərin əhalisini soyqırıma məruz qoymaqla Urmiya və Salmasa yol açmağı və Azərbaycan ərazisi hesabına dənizdən dənizə “Böyük Ermənistan” yaratmağı planlaşdırmışdı. Lakin xoşbəxlikdən Osmanlı qoşununun Cənubi Azərbaycana daxil olması və Andranikin məğlubiyyəti Azərbaycanda əhalinin soyqırımı miqyasının daha geniş xarakter almasının, eləcə də Azərbaycan ərazisi hesabına ikinci erməni dövlətinin yaradılmasının qarşısını aldı.

Həsən Səfəri Əli oğlu

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq

İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşı

 

İstifadə olunmuş ədəbiyyat

 

1-                  رحمت الله خان معتمدالوزاره، ارومیه در محاربه عالم سوز، به کوشش کاوه بیات، نشر پژوه شیرازه، تهران 1379، 585 ص.

2-                 Tohid Məlikzadə Dilməqani, Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində - soyqırım. tərcümə edən: C.Mirzəyeva, Bakı, Bakı Çap Evi Nəşriyyatı, 2010, 260 s.

3-                 Бахтияр Наджафов, Лицо врага история армянского национализма в Закавказье в конце XIX – начале XX в, Баку «Элм» - 1993, стр. 111, 166 с.

4-                              قاسم اشرفی، غارتگران- وقایع خونین اورمیه در جنگ جهانی اول، نشر اختر، تبریز 1387، 264 ص.

5-                              عباس نبیی و سلمان نبیی، تسوج در گذر تاریخ (با نگاهی اجمالی به تاریخ، جغرافیا و فرهنگ منطقه شبستر (ارونق و انزاب)، پاییز 1382، تسوج، موسسه مطبوعاتی و کتابفروشی خوش نیت، 596 ص.

6-                  محمد امین ریاحی، تاریخ خوی (سیر تحولات اجتماعی و فرهنگی شهرهای ایران طی قرون)، تهران، 1378، انتشارات طرح نو، 602 ص.

7-                  Böyük Rəsuloğlu, Azərbaycan yolunda - məqalələr toplusu. Bakı Qartal nəşriyyatı, 2001, 340 s.

8-                              رحمت الله توفیق، تاریخچه ارومیه، یادداشتهایی از سالهای جنگ اول جهانی و آشوب بعد از آن، انتشارات شیرازه، چاپ اول 1382، 162 ص.

9-                  احمد کاویان پور، تاریخ عمومی آذربایجان، موسسه انتشارات آسیا، تهران، 1346، 408 ص.

10-              توحید ملیکزاده، تاریخ ده هزار ساله سلماس،و غرب آذربایجان، تبریز، 1384، انتشارات الدار تبریز، 700ص.  

11-                          سيد احمد كسروي «تاريخ 18 ساله آذربايجان » چاپ 5، نشر امیرکبیر ، تهران 1350،  919 ص.

12-  Onullahi S. Erməni millətçiləri və İran. Bakı: Maarif, 2002, 87 s.

13-              Anar Isgenderli, Realities Of Azerbaijan 1917-1920. United States of America, Xlibris Corporation, 2011, 234 p.

14-              علی دهقان، سرزمین زرتشت رضائیه، انتشارات ابن سینا، چاپ اول 1348، 1017 ص.

 

 

 




Baxış sayı: 3 473
Beyin stimulyasiyası vasitəsilə yuxunun bəzi faydalarını süni şəkildə təqlid etmək mümkündür Bu gün, 10:30 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib 22-11-2024, 08:00 Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil 21-11-2024, 19:30 Şəfiqə Kutluer: Festivalımızın açılışının Qarabağ Zəfərinə həsr edilməsi məni çox qürurlandırır 21-11-2024, 19:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930