2026-cı il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dəyişən regional və qlobal təhlükəsizlik mühitinə yanaşmasını əks etdirən mühüm siyasi-strateji mətn kimi diqqət çəkir. Bu çıxış, əlbəttə, hüquqi baxımdan 2007-ci ildə təsdiq edilmiş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasını əvəz edən yeni normativ sənəd deyil. Ancaq burada təhlükəsizlik mühiti qiymətləndirilir, milli məqsədlər və risklər müəyyən olunur, təhlükələrin qarşısını almaq üçün hərbi, ideoloji-informasiya və diplomatik vasitələrin rolu göstərilir. Bu baxımdan çıxışı postmünaqişə dövründə Azərbaycanın de-fakto milli təhlükəsizlik strategiyasının, yaxud yeni təhlükəsizlik doktrinasının siyasi-konseptual çərçivəsi kimi dəyərləndirmək olar.
Milli təhlükəsizlik strategiyasının xarici siyasətə aid hissəsi dövlətin qlobal və regional mühiti necə gördüyünü göstərən strateji çərçivədir. Burada əsas təhdidlər, qorunmalı milli maraqlar, eləcə də istifadə ediləcək siyasi, iqtisadi, hərbi və digər imkanlar müəyyənləşdirilir. Strateji tədqiqatlarda səmərəli strategiya üçün məqsədlərlə vasitələr və fəaliyyət üsulları arasında uyğunluq mühüm şərt sayılır. Dəyişən təhlükəsizlik mühiti və yeni risklər də nəzərə alınmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı təkcə hakim partiyanın gələcək fəaliyyət istiqamətlərini göstərmir. Burada dövlətin qarşıdakı dövrdə təhlükəsizlik siyasətini müəyyən edəcək prioritetlər də aydın ifadə olunur. Prezident Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını əvvəlki mərhələnin əsas strateji məqsədinin həyata keçirilməsi kimi qiymətləndirir. Yeni mərhələnin vəzifələri isə hərbi gücün artırılması, fiziki və ideoloji risklərdən müdafiə, fəal xarici siyasət və dövlətin müstəqil qərar qəbul etmək imkanlarının qorunması ilə bağlıdır.
Çıxışda diqqət çəkən başqa bir məqam da var: milli təhlükəsizlik yalnız hərbi təhdidlər və sərhədlərin müdafiəsi ilə məhdudlaşdırılmır. Bu anlayış ideoloji-informasiya mühitini və xarici siyasətdə müstəqil qərarvermə imkanını da əhatə edir. Deməli, hərbi güc, cəmiyyətin ideoloji dayanıqlığı və strateji muxtariyyət vahid təhlükəsizlik sisteminin tərkib hissələri kimi götürülür. Çıxışa doktrinal məzmun verən əsas cəhətlərdən biri də məhz bu yanaşmadır.
Hərbi güc və çəkindirmə strategiyası
Prezidentin təqdim etdiyi yeni təhlükəsizlik arxitekturasında ilk istiqamət hərbi gücün davamlı artırılmasıdır. Çıxışda bu, “əsas vəzifələrdən biri” adlandırılır. Burada vacib olan odur ki, hərbi potensialın gücləndirilməsi Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmanın davam etməsi ilə deyil, uzunmüddətli təhlükəsizlik ehtiyacları ilə izah olunur. Prezident hazırkı mərhələdə münaqişə və müharibənin olmadığını bildirsə də, hərbi gücün niyə artırılmalı olduğunu ayrıca əsaslandırır.
Bu mövqenin iki əsas səbəbi var. Birincisi, tarixi təcrübə və milli yaddaşdır. Prezident Azərbaycanın keçmişdə yaşadığı təhlükəsizlik böhranını hərbi baxımdan zəifləməyə yol verməmək üçün ciddi dərs sayır. Daha dəqiq desək, sülh prosesində Ermənistana bir dövlət kimi tam etibar edə bilmərik. Bu ölkədə hələ də güclü olan revanşizm meyilləri və keçmiş hadisələr belə düşünməyə əsas verir. Buradan çıxan nəticə aydındır: əlverişli siyasi şərait və ya müəyyən müddət davam edən sabitlik müdafiə qabiliyyətini zəiflətmək üçün əsas ola bilməz. Əksinə, hərbi üstünlüyü qorumaq gələcək risklərin qarşısını almağın yollarından biri kimi nəzərdən keçirilir.
İkinci səbəb beynəlxalq sistemdə və Azərbaycanın yerləşdiyi geosiyasi məkanda qarşıdurmaların artmasıdır. Prezident ölkəmizin şimalında, cənubunda və Yaxın Şərqdə davam edən müharibə və qarşıdurmalara diqqət çəkir. Bu mənzərə fonunda beynəlxalq hüququn və münaqişələrin qarşısını almaq üçün yaradılmış mexanizmlərin səmərəliliyini şübhə altına alır. Belə qiymətləndirmənin strateji nəticəsi odur ki, dövlət təhlükəsizliyini ilk növbədə öz imkanları hesabına təmin etməlidir. Prezidentin yanaşmasına əsasən, Azərbaycan elə hərbi gücə malik olmalıdır ki, potensial rəqib hərbi təxribatın mümkün faydasından daha çox onun doğuracağı riskləri düşünsün. Beynəlxalq münasibətlər nəzəriyyəsində bu, çəkindirmə (deterrence) anlayışı ilə izah edilir. Çəkindirmənin məqsədi yalnız müharibədə qalib gəlmək deyil. Məqsəd qarşı tərəfi hücumun ağır və qəbuledilməz itkilərə səbəb olacağına inandıraraq müharibənin başlanmasının qarşısını almaqdır. Elmi ədəbiyyatda bunun üçün real hərbi imkanların, rəqibə ciddi itkilər verə bilmək qabiliyyətinin və zərurət yarananda həmin imkanlardan istifadə ediləcəyinə dair inamın vacibliyi vurğulanır.
Prezident çıxışında gələn ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələlərinə təqribən 9 milyard manat ayrılmasının nəzərdə tutulduğunu bildirir. O, son iyirmi ildən artıq müddətdə xaricdən silah alınması ilə yanaşı, ölkədə müdafiə sənayesi imkanlarının yaradıldığını da vurğulayır. Bu iki məqam göstərir ki, hərbi təhlükəsizlik siyasəti yalnız ordunun şəxsi heyəti və texnikası ilə ölçülmür. Müdafiənin uzunmüddətli maliyyələşdirilməsi və yerli hərbi istehsalın inkişafı da bu siyasətin mühüm hissəsidir.
Burada daha əsaslı bir fikir də irəli çıxır: təhlükəsizlik dövlət siyasətinin digər istiqamətləri üçün ilkin şərtdir. Prezidentin yanaşmasına görə, dövlət özünü qoruya bilmirsə, iqtisadi və sosial inkişaf layihələrinin davamlılığı da sual altına düşür. Buna görə hərbi güc ayrıca sahə kimi deyil, iqtisadi inkişafı, suverenliyi və diplomatik müstəqilliyi təmin edən əsas vasitələrdən biri kimi nəzərdən keçirilir.
İdeoloji təhlükəsizlik və cəmiyyətin dayanıqlığı
Çıxışın mühüm cəhətlərindən biri ideoloji təhlükəsizliyin ayrıca strateji istiqamət kimi təqdim edilməsidir. Prezident bunu “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir” fikri ilə ifadə edir. Bu yanaşmada təhlükələr yalnız coğrafi sərhədlərlə məhdudlaşmır. İnternet, kiberhücumlar və süni intellekt dövründə yanlış və manipulyativ məlumatlar, eləcə də psixoloji təsir vasitələri sərhəd tanımadan cəmiyyətə təsir göstərə bilir. Bu fikir təhlükəsizlik nəzəriyyəsində işlədilən informasiya mühitinin və cəmiyyətin dayanıqlığı, yaxud “koqnitiv dayanıqlılıq” anlayışına yaxındır. NATO-nun 2024-cü ildə qəbul etdiyi informasiya təhdidlərinə dair yanaşmada da süni intellekt və “deepfake” texnologiyalarının ictimai etimadı zəiflətməsi, informasiya qarışıqlığı yaratması və insanların düşüncəsinə təsir etməsi ayrıca təhlükəsizlik problemi sayılır. Sənəddə bu təhdidlərə qarşı qabaqlayıcı kommunikasiya, məlumatlılığın artırılması, informasiya bütövlüyünün və ictimai dayanıqlığın möhkəmləndirilməsi tövsiyə olunur. Bu müqayisə Azərbaycanın NATO modelini qəbul etdiyi anlamına gəlmir. Söhbət müasir təhlükəsizlik müzakirələrində oxşar problemlərin oxşar şəkildə izah olunmasından gedir.
Prezident ideoloji dayanıqlığın təmin edilməsində ilk vasitə kimi təhsili göstərir. Bu məqam xüsusi diqqətə layiqdir. Çünki savadlı və məlumatlı insan manipulyasiyaya, şayiəyə və dezinformasiyaya qarşı daha dayanıqlı olur. Bu yanaşma UNESCO-nun media və informasiya savadlılığı konsepsiyası ilə də səsləşir. UNESCO, xüsusən generativ süni intellektin geniş yayıldığı rəqəmsal mühitdə, tənqidi düşüncəni, mənbələrin qiymətləndirilməsini, media və süni intellekt savadlılığını dezinformasiyaya qarşı mühüm ictimai müdafiə vasitələri hesab edir.
İkinci mühüm amil vətənpərvərlik və vətəndaşın özünü dövlətə bağlı hiss etməsidir. Prezident qələbəyə, dövlətə və xalqa inamı xaricdən yönələn ideoloji təsirlərə qarşı daxili müqavimət mənbəyi kimi təqdim edir. Buradan görünür ki, milli təhlükəsizlik təkcə dövlət qurumlarının və silahlı qüvvələrin fəaliyyəti ilə bağlı deyil. Vətəndaşların dövlətə bağlılığı və ortaq siyasi kimliyi də mühüm rol oynayır. Beləliklə, milli həmrəylik yalnız sosial dəyər deyil, həm də təhlükəsizlik resursu kimi çıxış edir.
Üçüncü istiqamət dövlətin strateji kommunikasiya üsullarının yenilənməsidir. Prezident ideoloji işdə formal və şablon yanaşmalardan uzaqlaşmağı, ölkədə baş verənləri vətəndaşlara daha müasir üsullarla çatdırmağı tələb edir. Bunun mühüm mənası var. Yeni informasiya mühitində dövlətin kommunikasiyası yalnız birtərəfli təbliğatdan ibarət olmamalıdır. Dövlət çoxsaylı informasiya mənbələri arasında etibarlı, çevik və inandırıcı məlumat verməyi bacarmalıdır.
Prezident xaricdə yaradılan bəzi azərbaycandilli informasiya resurslarını Azərbaycana ideoloji təsir və manipulyasiya vasitələri kimi qiymətləndirir. Analitik baxımdan burada bir məqamı da qeyd etmək lazımdır: ideoloji təhlükəsizlik üçün risklər yalnız informasiya mənbəyinin hansı ölkədə yerləşməsinə görə müəyyən edilməməlidir. Mənbənin arxasında kimin dayandığı, onun davranışı, yaydığı məzmun, fəaliyyətin nə dərəcədə əlaqələndirildiyi və real təsiri də nəzərə alınmalıdır. Müasir informasiya təhlükəsizliyi yanaşmalarında manipulyativ fəaliyyətin davamlı izlənməsi və faktlar əsasında qiymətləndirilməsi önə çəkilir. Bu üsul həm ideoloji təhlükəsizliyi möhkəmləndirir, həm də sağlam informasiya mühiti üçün vacib olan ictimai etimadı qoruyur. Nəticə etibarilə, çıxışda ideoloji təhlükəsizlik adi “təbliğat” çərçivəsindən kənara çıxır. Təhsil, tənqidi düşüncə, vətənpərvərlik, informasiya dayanıqlığı və müasir strateji kommunikasiya burada bir-birini tamamlayan vasitələr kimi görünür. Bu isə milli təhlükəsizliyin insana və cəmiyyətə aid tərəfini daha da genişləndirir.
Fəal xarici siyasət, strateji muxtariyyət və orta güc statusu
Yeni təhlükəsizlik yanaşmasının üçüncü dayağı fəal və təşəbbüskar xarici siyasətdir. Prezident Azərbaycanın xarici siyasətinin yalnız müdafiə mövqeyi ilə məhdudlaşmamalı, daha təşəbbüskar olmalı olduğunu vurğulayır. Eyni zamanda ölkənin müxtəlif geosiyasi qütblər arasında seçim etməyə məcbur edən blok siyasətindən uzaq qalmaq niyyəti açıq görünür. Prezidentin “heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq” fikri bu mövqeyi qısa və aydın ifadə edir. Məncə, bunu “neytrallıq”dan çox strateji muxtariyyət anlayışı ilə izah etmək düzgündür. Strateji muxtariyyət bütün ölkələrlə eyni məsafə saxlamaq demək deyil. Əsas məsələ müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edərkən mühüm xarici siyasət qərarlarını müstəqil qəbul etmək imkanını qorumaqdır. Prezident Çin və ABŞ kimi bir-biri ilə rəqabət aparan böyük güclərlə strateji tərəfdaşlığı, eləcə də Avropa ölkələri, Mərkəzi Asiya, İslam dünyası və müxtəlif çoxtərəfli formatlarla əlaqələri bu siyasətin praktik nümunələri kimi göstərir.
Burada əvvəlki təhlillərimizə də qayıtmaq istərdim. Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasətini araşdırarkən çoxvektorluluğu ölkənin hərbi-siyasi bloklara qoşulmadan müxtəlif güc mərkəzləri ilə paralel və tarazlı münasibətlər qurması ilə izah etmişik. Bu, Azərbaycanın diplomatik manevr imkanlarını və müstəqil qərarvermə qabiliyyətini qorumağa xidmət edir. Fikrimizcə, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində tərəfdaşlıq da Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır.
Bu baxımdan Prezidentin Azərbaycanın artıq bəzi ekspertlər tərəfindən “orta güc” kimi qiymətləndirildiyini bildirməsi diqqətəlayiqdir. “Orta güc” anlayışı yalnız ərazi və əhalinin böyüklüyü ilə bağlı deyil. Bu anlayış dövlətin öz ölçülərindən daha geniş diplomatik fəallıq göstərməsini, regional proseslərə təsir etməsini və müxtəlif tərəflər arasında əlaqələndirici rol oynamasını ifadə edir. Çoxtərəfli platformalarda təşəbbüs göstərmək və böyük güclərlə münasibətlərdə müəyyən manevr imkanlarını saxlamaq da bu kateqoriyanın xüsusiyyətləridir. Prezident orta güc məsələsini iqtisadi müstəqillik və dövlətin öz taleyini özü müəyyən etmək imkanları ilə əlaqələndirir.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın “orta güc” kimi təqdim olunması hazırda rəsmi beynəlxalq status deyil. Bu, daha çox ölkənin artan imkanlarını, diplomatik fəaliyyətini və beynəlxalq rolunu təsvir edən analitik qiymətləndirmədir. Belə mövqenin möhkəmlənməsi üçün təkcə hərbi və iqtisadi resursların olması kifayət etmir. Həmin resursları diplomatik təsirə çevirmək bacarığı da vacibdir. Azərbaycanın rəqib güc mərkəzləri ilə eyni vaxtda münasibət qurması, beynəlxalq tədbirlərə və dialoq platformalarına ev sahibliyi etməsi, enerji və nəqliyyat əlaqələrində rolunu artırması orta güc davranışının əlamətləri sayıla bilər. Burada hərbi güclə fəal diplomatiya bir-birini tamamlayır. Hərbi potensial strateji muxtariyyət üçün güc dayağı yaradır, diplomatiya isə həmin müstəqilliyi xarici siyasətdə həyata keçirməyə imkan verir. Dövlət öz təhlükəsizliyini nə qədər çox özü təmin edirsə, xarici siyasətdə seçim imkanları da bir o qədər geniş olur. Eyni zamanda çoxşaxəli diplomatiya hərbi gücə müraciət etmədən milli maraqların qorunmasına şərait yaradır. Məncə, güclə diplomatiyanın bu əlaqəsi Prezidentin çıxışında ifadə olunan yeni təhlükəsizlik yanaşmasının əsas xüsusiyyətlərindən biridir. Bu, çıxışın məzmunundan çıxan analitik nəticədir.
Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışının təhlili göstərir ki, burada Azərbaycanın milli təhlükəsizlik siyasətinin yeni mərhələsi üçün siyasi-konseptual çərçivə müəyyənləşdirilir. Fikrimizcə, həmin təhlükəsizlik modelini üç əsas fikirlə ifadə etmək olar: düşməni və ya potensial rəqibi çəkindirəcək qədər güclü dövlət, manipulyasiyaya və ideoloji təhdidlərə qarşı dayanıqlı cəmiyyət, müstəqil seçim imkanını qoruyan diplomatiya. Bu üç istiqaməti birləşdirən əsas dəyər dövlət suverenliyidir. Əvvəlki mərhələdə Azərbaycanın milli təhlükəsizlik siyasətinin başlıca məqsədi ərazi bütövlüyünün bərpası idi. Yeni mərhələdə isə əsas vəzifə bərpa edilmiş suverenliyi qorumaq, qələbənin siyasi-strateji nəticələrini möhkəmləndirmək və Azərbaycanın dəyişən beynəlxalq sistemdə müstəqil güc mərkəzi kimi mövqeyinin davamlılığını təmin etməkdir.
Mətin Məmmədli
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri
Baxış sayı: 70
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
