FACT-INFO.AZ » CƏMİYYƏT » Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı
Bu gün, 15:30 | CƏMİYYƏT
Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı
Bu il 80 illik yubileyini qeyd edən professor Misir Cumayıl oğlu Mərdanov ömrünün səkkiz onilliyini Azərbaycan elminin, təhsilinin və milli-mənəvi dəyərlərinin inkişafına həsr etmiş görkəmli ziyalı, alim və dövlət xadimidir. Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Cumayıl oğlu Mərdanov Azərbaycanda elm və təhsilin inkişafında müstəsna xidmətləri olan görkəmli alimlərdən biridir.
 
Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (Ermənistan) Çəmbərək rayonunun Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Ailəsi 1953-cü ildə qonşu Salah kəndinə köçdüyünə görə 1954-cü ildə həmin kənddə birinci sinifə getmişdir. Yeddiillik təhsilini Salah kənd məktəbində, orta təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbi bitirmişdir. Həmin il ADU-nun Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuşdur. Tələbə olduğu dövrdə istedadı, zəhmətsevərliyi və yüksək erudisiyası ilə fərqlənən Misir Mərdanov dərs əlaçısı olmaqla yanaşı III kursdan başlayaraq elmi işlərə böyük maraq göstərmişdir. Həmin illərdə tanınmış riyaziyyatçı alim, Diferensial və inteqral tənliklər kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun rəhbərliyi ilə “Optimal idarəetmənin riyazi üsulları” elmi seminar fəaliyyətə başlamışdı. Mexanika-riyaziyyat fakültəsinin və kafedranın gənc alimləri Q.Əhmədovun rəhbərlik etdiyi elmi seminarın fəal iştirakçıları idilər. Fakültənin tələbələri I-II kurslarda riyaziyyatın əsas fənlərindən müəyyən həcmdə biliklərə yiyələndikdən sonra, III kursda öz arzu və istəklərinə uyğun olaraq, fakültə üzrə elan olunmuş ixtisaslar üzrə “İxtisas qruplarına” bölünürdülər. Misir Mərdanov tərəddüd etmədən III kursdan başlayaraq “Optimal idarəetmənin riyazi üsulları” ixtisasını seçmiş və gələcək taleyini bu sahəyə bağlamışdır. Üç il ərzində bu dar ixtisas sahəsi üzrə professor Qoşqar Əhmədovdan və onun yetirmələri fizika-riyaziyyat elmləri namizədləri Kazım Həsənovdan və Məmməd Yaqubovdan dərs alan Misir Mərdanov ilk elmi uğurlara imza ataraq müvəffəqiyyətlə diplom işini müdafiə etmişdir. O, hələ tələbə ikən “Gənc alimlər”-in Azərbaycan Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təşkil etdikləri konfranslarında elmi məruzələrlə çıxış etmişdir.
1969-cu ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən Misir Mərdanov təyinatla H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Üç ay müddətində həmin institutun Riyazi analiz kafedrasında baş laborant vəzifəsində işləyən Misir Mərdanov həmin ilin dekabrında arzularının qanadında yenidən Bakıya qayıdaraq ADU-nun Mexanika-riyaziyyat fakültəsinin aspiranturasına (əyani) qəbul olunmuşdur. O, 1970-ci ildən professor Q. Əhmədov və dosent K. Həsənovun rəhbərliyi ilə elmi-tədqiqat işlərinə başlayır. Aspiranturada oxuduğu illərdə həm də pedaqoji fəaliyyətlə məşğul olur, Mexanika-riyaziyyat fakültəsinin II kurs tələbələrinə “Diferensial tənliklər” fənnindən seminar məşğələləri aparır. Aspiranturanı uğurla başa vuran M.Mərdanov 30 may 1973-cü ildə ADU-nun Müdafiə Şurasında “İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1973-cü ilin 28 sentyabrında o, SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1973-1980-ci illərdə Mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında ixtisas kursundan mühazirələr oxumuş, seminar məşğələləri aparmışdır. 1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında AAK-ın qərarı ilə dosent elmi adını almışdır. 1978-1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.
Elmi erudisiyası, işgüzarlığı və kollektivdə qazandığı yüksək etimadın nəticəsində 1984 və 1985-ci illərdə Azərbaycan Dövlət Universitetində Qəbul Komissiyası Məsul Katibinin müavini, 1986 və 1987-ci illərdə ise Məsul Katib təyin olunan Misir Mərdanov çox məsuliyyətli və mürəkkəb bir prosesə bacarıqla rəhbərlik etmişdir. Həmin dövrdə o, həm də SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaq üçün 200-ə yaxın azərbaycanlı gəncin seçilib göndərilməsi işinə rəhbərlik etmişdir. Geniş təşkilati və pedaqoji fəaliyyətlə məşğul olan Misir Mərdanov elmi araşdırmalarını davam etdirərək 6 iyun 1989-cu ildə Ukrayna SSR Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda “Gecikməyə malik, məhdudiyyətləri olan optimal proseslərin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Müdafiədən az sonra - 3 noyabr 1989-cu ildə o, SSRİ AAK-kı tərəfindən fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş, iki il sonra (2 oktyabr 1991-ci il) Bakı Dövlət Universiteti “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının professoru vəzifəsinə seçilmişdir.
Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindən başlayaraq dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən Misir müəllimin karyerasında ciddi dəyişikliklər baş vermiş, müxtəlif dövlət vəzifələrində ləyaqətlə və şərəflə işləməklə pillə-pillə ucalmış, Azərbaycanda elm, təhsil və pedaqoji kadr hazırlığına dəyərli töhfələr vermişdir. 1989 - 1991-ci illərdə Xalq Təhsili Nazirliyində Ali Təhsil İdarəsinin rəisi, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Xalq təhsili nazirinin müavini, 1992-1996-cı illərdə M.Ə.Rəsulzadə adına BDU-nun I prorektoru - tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 1996 - 1997-ci illərdə M.Rəsulzadə adına BDU-nun rektoru vəzifəsini müvəqqəti icra edən prof.Misir Mərdanov 1997-1998-ci illərdə həmin universitetin rektoru vəzifəsində işləmişdir. Həmin müddətdə onun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq universitetdə “Heydər Əliyev Məktəbi” və “Heydər Əliyev Muzeyi” yaradılmışdır.
1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləyən prof. M.Mərdanovun adı Azərbaycan təhsil tarixinə büyük elmi səriştəyə və təcrübəyə, müasir təfəkkürə malik, müsbət radikal addımlar atmağa meyilli, yeniləşməyə nail olmağa israrlı, informasiya cəmiyyətindəki ideyaların daşıyıcısı olan təhsilşünas alim və islahatçı nazir kimi daxil olmuşdur. Dövlətin müəyyənləşdirdiyi təhsil strategiyası məhz Misir Mərdanovun bilavasitə rəhbərliyi və şəxsi iştirakı ilə həyata keçirilmişdir. Bu illər ərzində Misir müəllim bütün səylərini təhsilin bütün pillələrində effektiv yeniliklərin tətbiqinə, Azərbaycan təhsilində köklü məzmun islahatlarının aparılmasına, təhsil sisteminin yeniləşməsinə, milli və bəşəri dəyərlər zəminində Avropa və dünya təhsil sisteminə uğurla inteqrasiya edilməsinə yönəltmişdir. Məhz onun Azərbaycan təhsilinə rəhbərlik etdiyi 15 il müddətində təhsil sistemi elmi cəhətdən əsaslandırılmış proqramlara uyğun idarə olunmağa başlamışdır.
30 mart 1998-ci ildə Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının sədri” təyin olunan prof. Misir Mərdanov bütün səylərini təhsil sahəsindəki çatışmazlıqların aradan qaldırılmasına, təhsilin bütün pillələrində effektiv yeniliklərin tətbiqinə, Azərbaycan təhsilində köklü məzmun islahatlarının aparılmasına, təhsil sisteminin yeniləşməsinə, milli və bəşəri dəyərlər zəminində Avropa və dünya təhsil sisteminə uğurla inteqrasiya edilməsinə yönəltmişdir. Məhz onun Azərbaycan təhsilinə rəhbərlik etdiyi illərdə təhsil sistemi elmi cəhətdən əsaslandırılmış proqramlara uyğun idarə olunmağa başlamışdır. Təhsil tariximizdə ilk dəfə olaraq on altı inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilmişdir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində Azərbaycanda təhsil infrastrukturu müasir tələblərə uyğun qurulmuş, təhsilin məzmunu yeniləşdirilmiş, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" təsdiq olunmuş, yeni dərslik siyasəti reallaşdırılmış, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlər tətbiq edilmiş, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatı yaxşılaşdırılmış, təhsil müəssisələri informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmiş, təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuş, maddi dəyərlərdən əldə edilən kapital ölkədə insan kapitalının inkişafına yönəldilmişdir. Məhz həmin illərdə büdcə vəsaiti hesabına yeni təhsil-tərbiyə müəssisələri tikilməsi və ya əsaslı təmir edilməsi büyük bir vüsətlə həyata keçirilmişdir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmişdir.
Çağdaş təhsil tariximizin parlaq səhifələrini yazmış prof. Misir Mərdanovun sistemli və ardıcıl həyata keçirdiyi əsaslı tədbirlər, təhsilin infrastrukturunun və məzmununun yeniləşdirilməsi, mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılması sahəsindəki xidmətləri tarixi nailiyyət kimi dəyərləndirilməlidir. Azərbaycan müəllimlərinin üç qurultayının – XI (1998), XII (2003), XIII (2008) təşkili və keçirilməsi onun adı və çoxçaxəli fəaliyyəti ilə bağlıdır.
Prezidentin Sərəncamı ilə ona verilən səlahiyyətlərə uyğun olaraq müxtəlif dövlət, hökumət və beynəlxalq təhsil qurumları ilə Azərbaycan Hökuməti adından müqavilələr imzalayan Misir Mərdanov təhsil sistemi, ümumi təhsilin standartları və tədris proqramlarının hazırlanması təcrübəsi ilə tanış olmaq məqsədilə Böyük Britaniya, Hollandiya, Çin Xalq Respublikası, Almaniya, Yunanıstan, Avstriya, Norveç, Şimali İrlandiya, Latviya, Fransa, İtaliya və b. ölkələrdə işgüzar səfərlərdə olmuş, Parisdə UNESKO-nun təşəbbüsü ilə Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş tədbirdə nümayəndə heyətinin tərkibində iştirak etmişdir.
1998-ci ildə Respublika Sarayında (indiki Heydər Əliyev adına saray) Prezident Heydər Əliyevlə 1970-1982-ci illərdə SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə keçirilən görüşə prof. Misir Mərdanov həm rəhbərlik etmiş, həm də geniş məruzə ilə çıxış etmişdir. Prezidentin sərəncamı ilə N.Tusinin 800 illik, Məmmədhüseyn Şəhriyarın 90 illik, Aşıq Ələsgərin 175 illik, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik, Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illik, Naxçıvan Muxtar Respublikasının 75 illik və 80 illik, Cəfər Cabbarlının 100 illik, Sabit Rəhmanın 90 illik, Rəsul Rzanın 90 illik, “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 50 illik yubileylərinin keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin tərkibinə daxil edilən prof. Misir Mərdanov geniş ictimai-siyasi və elmi-mədəni fəaliyyəti ilə tanınmışdır.
2013-2026-cı illərdə prof. M. Mərdanov Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışıb. Hazırda Bakı Dövlət Universitetinin kafedra müdiridir. Məhz onun təşəbbüsü ilə “National Academy of Sciences of Azerbaijan PROCEEDINGS of the Institute of Mathematics and Mechanics” adlı jurnal beynəlxalq indeksli jurnallar sırasına daxil edilmişdir.
Elmi uğurlarına görə prof. M. Mərdanov 2000-ci ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 2005-ci ildə Rusiya Təhsil Akademiyasının xarici üzvü, 2014-cü ildə Rusiya Beynəlxalq Pedaqoji Akademiyanın (Moskva) akademiki, 2017-ci ildə isə riyaziyyat ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur.
Prof.M.Mərdanovun riyaziyyatçıların və riyaziyyat müəllimlərinin bütöv bir nəslinin yetişməsində xüsusi xidmətləri vardır. O, müxtəlif vaxtlarda riyaziyyat ixtisası üzrə Bakı Dövlət Universitetinin nəzdindəki doktorluq dissertasiyası üzrə Müdafiə Şurasının sədri (1996-1998) olmuşdur. 2015-2025-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 Dissertasiya Şurasının sədri olub. Hazırda BDU-da fəaliyyət göstərən Dissertasiya Şurasının sədridir.
O, ayrı-ayrı vaxtlarda “Təhsil xəbərləri” jurnalının (2007 -2013), “Kurikulum” jurnalının (2008 – 2013), “Ali təhsil və cəmiyyət” jurnalının (2012 – 2013) baş redaktoru olmuşdur. 2015-ci ildən “National Academy of Sciences of Azerbaijan PROCEEDINGS of the Institute of Mathematics and Mechanics” jurnalının baş redaktorudur. 2014-cü ildən - "Чебышевский сборник" jurnalının, “Azerbaijan Journal of Mathematics” jurnalının, “Azərbaycan Milli Elmlər Akademiyası Xəbərlər” jurnalının (Fizika-riyaziyyat elmləri seriyası, riyaziyyat buraxılışının) redaksiya heyətinin üzvüdür.
Onun ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək dəyərləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə "Azərbaycan Respublikasının Əməkdar elm xadimi" (2000), “Qızıl qələm” media mükafatına (2001), Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında elmi əlaqələrin inkişafında böyük xidmətlərinə görə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” (2011) fəxri adına layiq görülmüşdür. 2006-cı ildə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni, 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” , 2023-cü ildə “Azәrbaycan Dövlәt Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” yubiley medalları ilə təltif edilmişdir.
Prof. M.Mərdanov çoxşaxəli yaradıcılıq kredosuna malik alimlərdəndir. Uzun müddət müxtəlif dövlət vəzifələrində çalışsa da ciddi şəkildə elmi-pedaqoji yaradıcılıqla məşğul olmuşdur. 80-90-cı illərdə optimal idarəetmənin riyazi üsulları və variasiya hesabı sahəsində tanınmış alimlərdən biri kimi tanınsa da, sonrakı illərdə onun yaradıcılığında yeni istiqamətlər (təhsilin məzmunu, təhsilin tarixi, milli-mənəvi dəyərlər və s.) formalaşmağa başlamışdır.
Professor M.Mərdanovun elmi-pedaqoji yaradıcılığında aşağıdakı istiqamətlər aparıcı olmuşdur:
1.Optimal idarəetmənin riyazi üsulları. Professor Misir Mərdanovun optimal idarəetmə nəzəriyyəsi sahəsində apardığı fundamental elmi tədqiqatlar neytral tipli gecikən arqumentli tənliklər üçün Pontryaginin maksimum prinsipinin ilk dəfə isbatını və kafi şərtlərin alınmasını əhatə edir. O, müxtəlif məhdudiyyətləri olan məsələlər üçün maksimum prinsipini, eləcə də ikinci tərtib zəruri və kafi şərtləri təmin edən yeni, vahid tədqiqat metodu işləyib hazırlamışdır. İdarəedici funksiyasında gecikmə olan kəsilməz və diskret prosesləri tədqiq edərək Kelli, Koop-Mayer və Qabasov tipli yüksək tərtibli şərtlər əldə etmiş, diskret sistemlərdə isə qabarıqlıq şərtini zəiflədən komponentlərə görə yeni üsul təqdim etmişdir. Alim paylanmış parametrli Qursa-Darbu tənlikləri üçün analoji nəticələr almış, son illərdə isə hamar olmayan klassik variasiya məsələlərində zəif və güclü ekstremum üçün yeni zəruri və kafi şərtlər isbat etmişdir.
2.Qeyri-lokal sərhəd şərtli məsələlərin həllinin varlığı və yeganəliyinin tədqiqi. Professor Misir Mərdanovun qeyri-lokal sərhəd şərtli məsələlər və riyazi təhsilin məzmunu üzrə elmi-metodiki fəaliyyəti adi diferensial tənliklər, kəsr tərtibli impuls təsirli sistemlər, eləcə də q-fərq tənlikləri üçün qeyri-lokal və inteqral sərhəd məsələlərinin tədqiqini əhatə edir. O, Banaxın sıxılmış inikas prinsipi, Schaeferin tərpənməz nöqtə və Leray-Schauder teoremlərinin köməyi ilə həllərin varlığı və yeganəliyini isbat etmiş, üçnöqtəli və çoxnöqtəli ayrılmayan sərhəd şərtləri üçün Qrin funksiyasından istifadə edərək dünya miqyasında yüksək qiymətləndirilən nəticələr əldə etmişdir. Həmçinin, çoxnöqtəli ayrılmayan sərhəd şərtli sistemlər ilə təsvir olunan optimal idarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipi şəklində zəruri və kafi şərtlər almışdır.
3.Riyazi təhsilin tarixi. Prof. Misir Mərdanovun son tədqiqatlarında ölkəmizdə riyazi təhsilin inkişaf tarixinin araşdırılması mühüm yer tutur. Onun Moskvada prof. Ramiz Aslanovla birgə nəşr etdirdiyi “Предшественники современной математики Азербайджана” (2016), “Müəllimim Qoşqar Əhmədov” (2017), “Azərbaycan riyaziyyatçıları” (2019), “Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu — 60” (2019) kitablarında Azərbaycanda riyaziyyat elmini inkişaf etdirən işıqlı zəka sahiblərinin fəaliyyəti işıqlandırılmışdır.
4.Təhsilin nəzəri və tarixi problemləri. Prof. Misir Mərdanov təhsil-tərbiyə ilə bağlı xalqımızın min illər boyu yaratdığı, zamanın, tarixin yaddaşına həkk etdiyi, milli-mənəvi dəyərlərə çevrilən ideyaları ilk dəfə sistemli təhlil və tədqiq etməklə ciddi elmi ümumiləşdirmələrin predmetinə çevirməyə nail olmuşdur. "Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində (1918-1920)" (2003), "Azərbaycanın təhsil siyasəti" (2 cilddə, 2005), "Azərbaycan müəllimlərinin qurultayları. I-IX" (2008), "Azərbaycan müəllimlərinin XIII qurultayı" (2009) kitabları bu qəbildəndir. O, ixtisasca riyaziyyatçı olsa da, son illərdə daha çox təhsilşünas alim kimi tanınır, intensiv elmi axtarışları, monoqrafiya, kitab və kitabçaları, silsilə məqalələri ilə pedaqoq-alimlərin də qibtə edə biləcəyi mənəvi xəzinə yaradıb. "Azərbaycan təhsili islahat illərində" (2001), "Təhsil millətin gələcəyidir" (2002), "Azərbaycan Respublikasının dövlət rəmzləri" (2002), "Təhsil sistemində monitorinq və qiymətləndirmə" (2003), "Azərbaycan təhsili müstəqillik illərində" (2003), "Azərbaycan təhsili dünən, bu gün, sabah" (2006), "Davamlı inkişaf və təhsil" (2007), "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı, 2003-2008" (2008), "Azərbaycan təhsili yeni inkişaf mərhələsində" (2009), "50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim" (2009), "Azərbaycan təhsili: islahatların uğurlu nəticələri (2009-2010-cu illər)" (2010) kitabları elmi-nəzəri dəyərinə, tarixi əhəmiyyətinə, dərin məzmununa görə təhsilşünaslığa dəyərli töhfədir. Onun "Azərbaycanın təhsil nazirləri", 4 cildlik “Azərbaycan təhsil tarixi” monoqrafiyası, prof. Ədalət Tahirzadə ilə birgə ərsəyə gətirdikləri 10 cildlik “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” kitabları Misir müəllimin təhsil sahəsindəki xidmətlərini əyaniləşdirməklə, tarixiləşdirməklə yanaşı, həm də onu təhsil tarixi və təhsilşünaslıq sahəsində səlahiyyətli söz sahibi kimi təqdim edir. Təhsil tarixi ilə bağlı araşdırmalarında o, xalqımızın düşüncə tərzini, həyata baxışlarını, təhsil sahəsindəki nailiyyətlərini elmi fakt və hadisələrin fonunda təhlil edir. Misir müəllimin təhsil tarixi ilə bağlı tədqiqatları ilə tanış olduqdan sonra bir daha yəqin edirsən ki, tarix yazmaq, tarix yaratmaq qədər çətindir.
5.Pedaqoji publisistika. Azərbaycanın elm, təhsil və mədəniyyət tarixinə adlarını yazan görkəmli alimlər, tədqiqatçılar və ictimai-siyasi xadimlər haqqında prof. Misir Mərdanovun maraqlı yazıları vardır. Qələmə aldığı oçerklərdə klassik pedaqoji fikir nəhənglərinin (H.B.Zərdabi, Ə.B.Hüseyndzadə, A.O.Çernyayevski, F.B.Köçərli, N.B.Yusifbəyli, H.Z.Tağıyev, Ü.Hacıbəyov, S.M.Qənizadə və b.) və tanınmış alimlərin (Həsən Əliyev, Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hüseynov, Mehdi Əliyev, Lütfi Zadə, Azad Mirzəcanzadə, Fərəməz Maqsudov, Məcid Rəsulov, Qoşqar Əhmədov, Həşim Ağayev, Arif Paşayev, Yusif Məmmədov, Murtuz Ələsgərov, Hüseyn Əhmədov, Afad Qurbanov, Mehdi Mehdizadə, Süleyman Məmmədov, Mirabbas Qasımov, Cəlal Allahverdiyev, Akif Hacıyev, Akif Əlizadə, Rauf Hüseynov, Əbdül Əlizadə, Nizami Cəfərov, Kazım Həsənov, Sasun Yaqubov, Yusif Seyidov, Fərrux Rüstəmov və b.) yaradıcılığının özünəməxsus çalarları, onların təhsil tariximizdəki yeri və mövqeyi, pedaqoji nəsillərin taleyində oynadıqları rol yeni pedaqoji təfəkkür işığında geniş və hərtərəfli şəkildə araşdırılmışdır. Səmimi fikirləri həm də onun öz şəxsiyyətinin böyüklüyünə dəlalət edir.
6.İctimai-siyasi əsərləri. Dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən prof. Misir Mərdanovun yaradıcılığında ictimai-siyasi məzmunlu məqalələr xüsusi yer tutur. Bu istiqamətli yazılarda və “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” (2023) monoqrafiyasında Heydər Əliyevin titanik fəaliyyətinin bütün aspektlərinə, xüsusilə təhsilin inkişafı ilə bağlı xidmətlərinə işıq salınır, o, inkişafımızın memarı, müstəqillik konsepsiyasının müəllifi, Azərbaycan ruhunun simvolu kimi təqdim edilir.“Zəfərə aparan yol” (2024) monoqrafiyasında isə İlham Əliyevin çoxşaxəli fəaliyyəti, iqtisadi, siyasi və diplomatik uğurları, Vətən müharibəsindəki fəaliyyətinin hərbi-strateji və sərkərdəlik məqamları geniş təhlil olunur. Onun rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin Azərbaycan dövlətçiliyinin ən şanlı səhifəsi olduğu elmi-publisistik dillə əsaslandırılır. Bu monoqrafiya Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin, uzaqgörən diplomatiyasının və ordu quruculuğundakı misilsiz xidmətlərinin bütöv mənzərəsini yaradır.
Prof.Misir Mərdanovun 80 illik ömrünün uğurları və zəngin yaradıcılıq yolu bir insan taleyinin deyil, bütövlükdə Azərbaycan elminə, təhsilinə və milli-mənəvi dəyərlərinə xidmətin parlaq nümunəsidir. Onun 80 illik ömrünün hər mərhələsində elmə sədaqət, təhsilə bağlılıq, dövlətçilik amalı və yeniliyə açıq düşüncə aparıcı xətt təşkil edib. Riyaziyyatçı alim kimi əldə etdiyi fundamental elmi nəticələr, pedaqoq kimi yetişdirdiyi nəsillər, təhsil təşkilatçısı və islahatçı nazir kimi gördüyü böyük işlər, təhsil tariximizin öyrənilməsi və təbliği istiqamətində apardığı araşdırmalar Misir Mərdanovun çoxşaxəli şəxsiyyətini tamamlayan mühüm cəhətlərdir.
Bu mənada professor Misir Mərdanovun 80 illik yubileyi təkcə bir görkəmli alimin yubileyinin qeyd edilməsi deyil, Azərbaycan elminə və təhsilinə həsr olunmuş böyük bir yolun qiymətləndirilməsidir. Onun adı Azərbaycanda riyaziyyat elminin, milli təhsil tarixinin və müasir təhsil quruculuğunun mühüm səhifələri ilə sıx bağlıdır.
Fərrux Rüstəmov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri,
pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi



Baxış sayı: 85
Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir Bu gün, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Bu gün, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək Bu gün, 18:00 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı Bu gün, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb Bu gün, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova Bu gün, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib Bu gün, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT Dünən, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır Dünən, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib Dünən, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb Dünən, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi Dünən, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb Dünən, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir Dünən, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub Dünən, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib Dünən, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər Dünən, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30 CENTCOM: İranın hərbi hədəflərinə qarşı olan zərbələr başa çatdırılıb 2-09-2026, 08:30 Şamaxıda zəlzələ baş verib 2-09-2026, 08:00 Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 1-09-2026, 19:00 Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir 1-09-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930