XX əsr Azərbaycan humanitar fikri milli mədəniyyət tarixində yalnız bədii- estetik dəyərlərin deyil, həm də elmi təfəkkürün, filoloji metodologiyanın və ziyalı məsuliyyətinin formalaşdığı mühüm inkişaf mərhələsi kimi xarakterizə olunur. Bu dövrdə meydana çıxan görkəmli elm və ədəbiyyat xadimləri milli düşüncə sisteminin əsas istiqamətlərini müəyyənləşdirmiş, klassik irsin müasir elmi prinsiplərlə yenidən qiymətləndirilməsinə, Azərbaycan dilinin və ədəbiyyatının nəzəri əsaslarının zənginləşdirilməsinə mühüm töhfələr vermişlər. Həmin şəxsiyyətlər arasında Mir Cəlal Paşayev həm yazıçı, həm ədəbiyyatşünas alim, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutur.
Mir Cəlal Paşayev haqqında aparılmış tədqiqatlar əsasən onun bədii yaradıcılığı, Füzulişünaslıq sahəsində xidmətləri, realist nəsrin inkişafındakı rolu və pedaqoji fəaliyyəti istiqamətində cəmlənmişdir. Onun "Bir gəncin manifesti", "Açıq kitab", "Dirilən adam" kimi əsərləri Azərbaycan nəsrinin klassik nümunələri kimi dəyərləndirilmiş, "Füzuli sənətkarlığı" kimi fundamental monoqrafiyası isə milli ədəbiyyatşünaslığın mühüm nailiyyətlərindən biri olaraq bu gün də qəbul edilir.
Bununla belə, mövcud elmi ədəbiyyatda Mir Cəlalın yaradıcılığı əksər hallarda ayrı- ayrı fəaliyyət istiqamətləri üzrə araşdırılmış, onun yazıçılığı, alimliyi və müəllimliyi arasındakı mövcud daxili metodoloji əlaqələr sistemli şəkildə tədqiq edilsə də görüləsi işlər qalmaqdadır. Təqdim olunan məqalənin əsas elmi problemi isə belə bir suala cavab vermək məqsədi daşıyır: Mir Cəlal Paşayevin yaradıcılığı müxtəlif fəaliyyət sahələrinin məcmusu kimi deyil, vahid filoloji düşüncə sisteminin təzahürü kimi necə izah oluna bilər? Tədqiqatımızın nəzəri hipotezi ondan ibarətdir ki, Mir Cəlal Paşayev Azərbaycan filoloji fikrində "inteqral filoloq" modeli olaraq yazıçılıq, ədəbiyyatşünaslıq və pedaqoji fəaliyyətində vahid intellektual sistemi necə ifadə edir? Buna görə də, onun yazıçılığı, ədəbiyyatşünaslığı və pedaqoji fəaliyyəti müstəqil istiqamətlər kimi deyil, vahid filoloji təfəkkür sisteminin qarşılıqlı əlaqəli komponentləri kimi nəzərdən keçirilir. Bu yanaşma Mir Cəlalşünaslıqda mövcud təsnifatları genişləndirməklə yanaşı, Azərbaycan filoloji fikrinin inkişaf tarixinin yeni nəzəri aspektdən dərk edilməsinə də xidmət edir.
Ədəbiyyatşünas Mir Cəlal həmin insanı estetik kateqoriyalar əsasında izah edirsə, müəllim Mir Cəlal estetik və etik dəyərləri yeni nəslə ötürür. Beləliklə, yazıçılıq, alimlik və müəllimlik Mir Cəlal şəxsiyyətində bir- birindən ayrılan yox, vahid humanitar düşüncə sisteminin müxtəlif təzahürləri kimi çıxış edir. Məhz buna görə Mir Cəlal Paşayevi "inteqral filoloq" adlandırmaq mümkündür. Yazıçı Mir Cəlal insanı bədii obraz vasitəsilə dərk edir. Buna görədir ki, onun gələcək yaradıcılıq uğurlarının əsası kimi qəbul etdiyimiz hekayələri əsasında ümumi mülahizələrdən konkret filoloji təhlilə keçə bilərik. Təhlilin predmeti kimi ilk olaraq Mir Cəlalın psixoloji nəsrinin ən uğurlu nümunələrindən olan "Leyla" hekayəsinin üzərində isə ona görə dayanırıq ki, burada dil, psixoloji detal, etik seçim və müəllif diskursu eyni mətndə birləşir. Mir Cəlalın müharibə mövzusunda yazdığı hekayələr yalnız cəbhə hadisələrinin təsviri ilə məhdudlaşmır.
Yazıçının əsas maraq dairəsi müharibənin insan şüurunda, psixologiyasında və mənəvi dünyasında yaratdığı dəyişikliklərin bədii ifadəsidir. Bu baxımdan "Leyla" hekayəsi xarici hadisələrin deyil, intizarın, ümidlə qorxu arasında qalan insan şüurunun poetikasını yaradan mətn kimi diqqəti cəlb edir. Hekayənin başlanğıcında müəllif hadisədən çox psixoloji vəziyyəti təqdim etdiyi müşahidə olunur. Leyla ərindən xəbər ala bilmədiyi günlərdə dəfələrlə onun yola salındığı yerlərə gedir və həmin məkanla daxili dialoq qurur: "Mir Əli! Mir Əli, sənin dalınca gəlmişəm... Heç nədən və heç kəsdən cavab gəlməzdi. Gəlinin çağırışı dərin və sirli sükut içində əriyərdi". Bu fraqmentdə diqqəti çəkən ilk qabarıq cəhət sükutun poetik funksiyasıdır. Burada sükut sadəcə cavabsızlıq deyil, hadisənin fəal iştirakçısıdır. Leylanın çağırışı ilə təbiətin sükutu arasında yaranan qarşıdurma oxucuda psixoloji gərginlik yaradır. Mir Cəlal hadisəni dramatik təsvirlə deyil, səsin sükutda itib-batması ilə ifadə edir. Beləliklə, sükut semantik məna daşıyan bədii elementə çevrilir.
Narratoloji baxımdan maraqlı cəhət odur ki, müəllif hadisəni kənardan müşahidə etməsinə baxmayaraq, oxucu Leylanın daxili aləmini hiss edir. Bu effekt müəllif şərhlərinin çoxluğu ilə deyil, seçilmiş detallar vasitəsilə yaranır. Məhz buna görə Mir Cəlalın psixoloji nəsrindəki detal psixoloji analiz funksiyasını yerinə yetirir. Hekayənin kulminasiya nöqtələrindən biri Mürsəlin məktubudur. Məktubun məzmunu zahirən sadə görünür: "Tanımadığınız bir əsgərin sizə kağız yazmağından təəccüblənməyin... Sizə deməli vacib sözüm var..." Bu hissədə yazıçı psixoloji monoloqu klassik daxili monoloq formasında deyil, ardıcıl suallar vasitəsilə qurur. Sual cümlələrinin sıxlığı obrazın daxili narahatlığını sintaktik səviyyədə ifadə edir. Beləliklə, sintaksis psixoloji vəziyyətin göstəricisinə çevrilir. Məktubun ardınca Leylanın düşüncə axını daha da intensivləşir: "Hər sözün düzünə mənasını, məcazi mənasını axtardı... Bəlkə məndən gizlədir...? Bəlkə bu tamam ayrı Zibadır...?" Bu parçanın filoloji əhəmiyyəti ondadır ki, müəllif hadisəni deyil, mənanın yaranması prosesini göstərir. Oxucu məktubun obyektiv məzmunundan çox, onun müxtəlif mümkün yozumlarını izləyir. Deməli, Mir Cəlal üçün psixoloji gərginlik hadisələrin özündən deyil, insan şüurunun həmin hadisələri necə şərh etməsindən doğur. Müəllif daha sonra Leylanın psixoloji vəziyyətini metaforik dillə təqdim edir: "İntizar və nigarançılıq isə amansız bir qızdırma kimi gəlini taqətdən salırdı. Ürəyi qəfəsdəki quş kimi çırpınırdı." Burada diqqəti çəkən cəhət metaforaların sadəliyi və funksionallığıdır. Mir Cəlal mürəkkəb poetik obrazlar yaratmağa çalışmır, əksinə, ümumxalq dilində yaşayan bənzətmələrdən istifadə edərək emosional təsiri artırır. Bu xüsusiyyət onun üslubunun əsas əlamətlərindən biridir. Hekayənin ən təsirli epizodlarından biri Leylanın balaca oğlu Tofiqin səhnəyə daxil olmasıdır: "Pişik balası kimi qapı ağzında dayanmış, anasının pərişan, müztərib vəziyyətinə baxırdı..." Burada uşaq obrazı yalnız ailə üzvü deyil, emosional kontrast yaradan poetik vasitədir. Müəllif uşağın uzun təsvirini vermir; "pişik balası kimi" bənzətməsi onun kövrəkliyini və müdafiəsizliyini bir neçə sözlə ifadə edir. Bu, Mir Cəlalın bədii qənaət prinsipinə sadiqliyini göstərir.
Hekayənin etik mərkəzi isə Mürsəlin davranışında açılır. O, öz fiziki ağrısından çox dostunun taleyini düşünür və belə deyir: "Dünyada heç dostun, yaxşı dostun olmasın! Bu bir dərd deyil! Dərd odur ki, beləsi ola!... Mən onların məhəbbətinə bələdəm... bu sirri heç olmasa dava bitənə qədər saxlayın!" Bu mətn parçası Mir Cəlalın etik dünyagörüşünü anlamaq üçün açar rolunu oynayır. Mürsəlin seçimi məcburi deyil, o, həqiqəti dərhal söyləyə bilərdi, lakin yazıçı qəhrəmanı mərhəmət və məsuliyyət arasında etik seçim edən insan kimi təqdim edir. Beləliklə, süjeti irəli aparan əsas amil hadisə deyil, mənəvi qərardır və "Leyla" hekayəsinin filoloji təhlili göstərir ki, Mir Cəlalın psixoloji nəsri xarici dramatizmdən daha çox daxili gərginliyə əsaslanır. Yazıçı bu gərginliyi üç əsas poetik vasitə ilə yaradır: sükutun semantikləşdirilməsi- deyilməyənlər deyilənlər qədər məna daşıyır; sual sintaksisi və daxili nitq- psixoloji narahatlıq dilin quruluşunda əks olunur; etik seçim- süjetin hərəkətverici qüvvəsi hadisələr deyil, qəhrəmanların vicdani qərarlarıdır. Bu xüsusiyyətlər isə "Leyla"nı təkcə müharibə hekayəsi deyil, insanın mənəvi dözümlülüyü və etik məsuliyyəti haqqında psixoloji novella kimi dəyərləndirməyə əsas verir.
Mir Cəlalın yaradıcılığında xüsusi çəkisi olan satirik-yumoristik diskursun poetikasını onun hekayə yaradıcılığında izləmək maraqlıdır. Bu cəhətdən "Dostumun qonaqlığı" hekayəsinin filoloji təhlili ümumilikdə Mir Cəlal Paşayevin satirik-yumoristik hekayələrinin Azərbaycan realist nəsrində xüsusi yerinin göstəricisi kimi də maraqlıdır. Həmin hekayələrdə gülüş heç vaxt məqsəd deyil, müəllifin etik mövqeyini ifadə edən bədii vasitəyə çevrilir. Yazıçının gülüşü insanı alçaltmır, onu mənəvi özünüdərketməyə sövq edir. Bu baxımdan "Dostumun qonaqlığı" hekayəsi Mir Cəlalın yumor poetikasını öyrənmək üçün ən xarakterik nümunələrdən biridir. Hekayənin süjeti zahirən sadədir: kənddə tanış olduğu Mirzə Qulam danışığı, səmimiyyəti və qonaqpərvərlik vədləri ilə müəllifin təhkiyəsində olduqca inandırıcıdır, lakin sonradan onun davranışı tamamilə başqa məzmun kəsb edir. Mir Cəlal bu situasiyanı məişət hadisəsi kimi yox, insanın sözlə davranış arasındakı uyğunsuzluğunu göstərən etik model kimi qurur. Hadisələrin gedişində oxucu personajın özü və davranışı arasındakı ziddiyyətin içinə düşür. Hekayənin əvvəlində Mirzə Qulam müəllimi tərifləmək üçün söz və ifadələrin seçimində xəsislik etmir: "...sənin kimi müəllimləri görəndə ürəyim dağlar boyda böyüyür... Çünki görürəm siz maarif barəsində, elm-ürfan barəsində doğrudan da çalışırsınız..."
Filoloji baxımdan burada diqqəti çəkən cəhət təkrar və hiperboladır. "Maarif barəsində", "elm-ürfan barəsində", "ürəyim dağlar boyda böyüyür" kimi ifadələr nitqin təbiiliyini deyil, onun nümayişkaranəliyini göstərir. Mir Cəlal oxucuya birbaşa "Mirzə Qulam ikiüzlüdür" demir, o, demək istədiyini özünəməxsus şəkildə, yalnız nitqin strukturu ilə hiss etdirir. Bu üsul isə klassik satiranın mühüm prinsiplərindən biridir: xarakter müəllif hökmü ilə deyil, personajın nitqinin mahiyyətində açılır. Burada müəllif danışmır, danışan personaj özü-özünü ifşa edir və həmin ədəbi priyomun açılışı zamanı yumorun yaranma mexanizmini müşahidə edirik.
Səbirli oxucu bu detalı hekayənin ən güclü komik situasiyası Mirzə Qulamın qəfil pul istəməsi zamanı görür. Onun artıq qonaqlıq süfrəsini gözlədiyi məqamda Mirzə Qulam qəfildən dillənir: "...oradan cibindən bir on beş manat da mənə ver, vacib iş var..." Burada Mir Cəlal komik effekti gözlənti ilə nəticə arasındakı ziddiyyət üzərində qurur. Oxucu düşünür: qonaq gələcək, süfrə açılacaq, ev sahibi xidmət göstərəcək. Əksinə, ev sahibi qonaqdan borc alır. Bu gözlənilməz dönüş Aristotelin "peripetiya" anlayışını xatırlatsa da, Mir Cəlalda o, faciə yox, yumor doğurur. Məhz yaranan situasiyada müəllifin psixoloji ironiyasının şahidinə çevrilirik. Mirzə pulu götürüb gedəndən sonra müəllif uzun müddət gözləyir. Burada hadisə baş vermir, ancaq psixoloji proses gedir. Mətn bunu çox incə təsvir edir: "...Gözüm qapıda, qulağım səsdə idi..." Bir, cəmi bircə cümlədir, lakin burada bütöv bir psixoloji vəziyyət ifadə olunur. Oxucu da qəhrəman kimi gözləməyə başlayır və beləliklə, Mir Cəlalın oxucunu hadisənin müşahidəçisinə yox, iştirakçısına çevirdiyini görürük. Bu, narrativ empatiyanın çox uğurlu nümunəsidir.
Müəllif yaradıcılığının ustalıqla toxunduğu məqamlarda onun məişət poetikasını necə incəliklə təqdim etməsini izləmək mümkündür. Bu, müəllifin təsvir etdiyi həyət səhnəsində belə təqdim edilir: "...arxın bulanıq suyundan, divar dibində eşələnən toyuqdan, əncir ağacının altında yatan ağ pişikdən başqa bir şey görmədim..." Bu təsvir zahirən neytraldır, əslində isə müəllif oxucunu hara qədəm basdığı və orada hansı mənzərələrlə rastlaşacağı barədə xəbərdar edir. Burada həyat dayanmışdır, sükut hökm sürür, oxucu başa düşür ki, heç bir qonaqlıq hazırlanmır. Ətraf mühit qəhrəmanın aldadıldığını ilk xəbər verən "şahid"ə çevrilir. Burada Yuri Lotmanın - görkəmli eston ədəbiyyatşünası, mədəniyyətşünas və semiotikin dediyi kimi, “təsvir edilən semantik məkan prinsipini xatırladılır: məkan sadəcə fon deyil, məna yaradan elementə çevrilir”. Ona görə də müəllif ironiyasının xüsusiyyətləri Mir Cəlalın qəhrəmanını məsxərəyə qoymur, əksinə, “aldadılan” oxucuya hadisələrin gedişatı müəyyən sadəlövhlüklə təqdim edilir. Bu səbəbdən oxucu Mirzəyə yox, daha çox insan təbiətinə gülümsəyir və qeyd edək ki, həmin təqdimat forması Mir Cəlal yumorunun ən mühüm xüsusiyyətidir.
Onun gülüşündə kin və qəzəb axtarmağa da dəyməz, çünki onun yumorunda nə bunlar, nə də insanı alçaltmaq istəyi yoxdur. Əksinə, Mir Cəlal üçün gülüş etik maarifləndirmə vasitəsidir. Orada nitqin xarakterik funksiyası elə o həqiqəti çatdırmağa hesablanıb ki, Mirzə Qulamın dili onun xarakterinin ifadəsinə çevrilsin və beləcə, müəllif portret vermədən onu danışdırır. Məsələn, ardıcıl andlar, təkrarlar, şişirdilmiş komplimentlər, "sənin canına", "məni qəbirə öz əlinlə qoyasan" kimi ifadələr xalq danışıq üslubunun elementləri olsa da, burada səmimiyyət yox, nitq manipulyasiyası yaradılır. Deməli, Mir Cəlal dialoqu informasiya ötürmək üçün yox, psixoloji ifşa vasitəsi kimi qurur. Bu, onun dramaturji təfəkkürünün də göstəricisidir.
Etik mənanı tapmasını oxucunun özünün öhdəsinə buraxmaq da müəllifin yaradıcılığında zərif elementlərindən biri kimi görünür. Mirzə Qulam qonağı yox, onun şəxsində insan etibarını istismar edir. Beləliklə, hekayənin əsas konflikti məişət konflikti deyil, etik konfliktdir. Burada bir daha təsdiqlənir ki, Mir Cəlal üçün süjet hadisələrin inkişafı deyil, mənəvi münasibətlərin sınağıdır. Beləliklə, "Dostumun qonaqlığı" hekayəsində Mir Cəlalın satirik poetikasının əsas xüsusiyyətlərini aydın şəkildə nümayiş etdirdiyini izləyirik. Bunun üçündür ki, nitqin semantikası- qəhrəmanın dilinin öz xarakterini müəllif şərhi olmadan açdığını, komik peripetiyasının yumor gözləntisi ilə nəticə arasındakı ziddiyyətdən yarandığını, məişət detalının poetikasında isə həyət, otaq, gözləmə və sükutun hadisənin etik mənasını dərinləşdirdiyini, ironiyanın humanist xarakterini- müəllifin insanı deyil, onun naqisliyini hədəfə aldığını görə bilirik. Bunlarla bərabər, bir hekayənin nümunəsində müəllifin etik diskursunu- gülüşün sosial tənqid vasitəsi olmaqla yanaşı, oxucunu etimad, səmimiyyət və mənəvi məsuliyyət haqqında düşünməyə sövq etdiyinin şahidi oluruq. Bunun üçündür ki, Mir Cəlalın “sosialist realizmi” yox, "etik realizm" konsepsiyasından danışmağa üstünlük verməkdə israrlıyıq.
Ona görə də onun satirik hekayələri üçün daha dəqiq bir anlayış təklif etmək olar: "etik yumor". Bu anlayışla biz belə bir xüsusiyyəti nəzərdə tuturuq: Mir Cəlalda gülüşün məqsədi yalnız qüsuru ifşa etmək deyil, onu islah etməklə oxucuda mənəvi özünüdərketmə yaratmaqdır. Bu termin, əlbəttə, mövcud ədəbiyyatşünaslıq terminologiyasını əvəz etmir. Biz onu bu tədqiqatın analitik modeli kimi təqdim edib, konkret mətnlər üzərində əsaslandırmaqla ortaya qoymağa çalışdıq və düşünürük ki, bu yanaşma Mir Cəlalın yumor poetikasını daha dəqiq izah etməyə kömək edəcək. Yeri gəlmişkən, indiyədək alimlər Mir Cəlalı daha çox realist yazıçı, satirik və psixoloq kimi xarakterizə ediblər. Biz isə təqdim olunan yazıda göstərməyə çalışdıq ki, Mir Cəlalın realizmi hadisələrin realizmi deyil, vicdanın realizmidir. Onun əsərlərində insanın xarici taleyindən çox daxili mənəvi taleyi təsvir olunur. "Etik yumor" terminini yuxarıda təsadüfən işlətmədik.
Düşünürük ki, Sabirin satirası, M.F.Axundzadənin komediyası, Cəlil Məmmədquluzadənin ironiyası ilə Mir Cəlalın yumoru eyni hadisə deyil. Mir Cəlal gülüş vasitəsilə insanı cəzalandırmır, onu vicdanı ilə üz-üzə qoyur. Bu, etik yumordur. “Psixoloji sintaksis” ifadəsi də yazıda təsadüfi ifadə deyil və fikrimizi xüsusilə inkişaf etdirmək istərdik. Azərbaycan filologiyasında çox vaxt dil və psixologiya ayrı-ayrı araşdırılır, halbuki Mir Cəlalda cümlənin quruluşu insanın daxili vəziyyətini ifadə edir. Mir Cəlal çox vaxt danışmır, susur, amma oxucu məhz o sükutda ən böyük mənanı tapır. Bu, sükutun poetikasıdır və qeyd edək ki, Azərbaycan nəsrində kifayət qədər araşdırılmamış sahədir. Etik diskurs müəllifin bütün yaradıcılığında diqqəti xüsusilə çəkir. Oxucu onun da fərqində olur ki, Mir Cəlal üçün dil təkcə ünsiyyət vasitəsi deyil.
Dilin əxlaqı var. Nitqin vicdanı var. Sözün məsuliyyəti var və bunlar çox ciddi filoloji məsələdir. Ədəbiyyatşünaslıqda bədii detal haqqında çox yazılıb, ancaq Mir Cəlalda bəzi detallar sadəcə təsvir elementi deyil, obraz kimi danışır. Məsələn, bir stəkan, bir qapı, bir çinar, bir məktub, bir yol, bir pəncərə, bir susqunluq... Bunların hər biri mətnin fəlsəfi mərkəzinə çevrilə bilir. Ona görə də biz bunu "danışan detal" adlandırmaq, bu kiçik məqaləni isə Mir Cəlalı yenidən oxumağın metodu olaraq qəbul edilməsini istərdik. Fikrimizcə, əsl filoloji tədqiqat məhz bunu bacarmalıdır: müəllif haqqında yeni faktlar toplamaqdan daha çox, onu yeni oxuma üsulu təklif etməlidir. Ona görədir ki, təqdim olunan kiçik yazıda onun hekayələri barədə danışmaq yox, onun mətnini danışdırmağa” daha çox əhəmiyyət verdik. Hesab edirik ki, bu, filologiyanın başlıca vəzifələrindəndir: yazıçının əsərinə öz fikirlərimizi zorla tətbiq etməmək, əksinə, mətnin daxili məntiqini üzə çıxarmaq. Bu formatda yanaşma o həqiqəti ortaya qoyur ki, Mir Cəlal böyük yazıçı olduğu üçün böyük alim deyildi, böyük alim olduğu üçün böyük yazıçı idi və onun filoloji təfəkkürü bədii təfəkkürünü formalaşdırmışdı.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru,
filologiya elmləri doktoru, professor Mahirə Hüseynova
Baxış sayı: 90
Friedrich Merz: Germany-Azerbaijan relations are developing dynamically
Foreign Ministry: Azerbaijan repatriates 16 more citizens from Syria
FM Jeyhun Bayramov: De facto peace exists between Azerbaijan and Armenia
President Ilham Aliyev thanked U.S. President Donald Trump
Azerbaijan’s Foreign Ministry issues travel warning on high-risk areas

