Sadiq QURBANOV
Milli Məclisin deputatı
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Nizami Gəncəvi
Bəşər tarixinin ən qiymətli sərvəti qızıl, torpaq və hakimiyyət olmayıb: sivilizasiyaları ayaqda saxlayan əsas qüvvə düşüncədir. Hər böyük dövlət əvvəlcə bir insanın zehnində yaranıb, sonra cəmiyyətin şüuruna keçib, daha sonra qanuna, dövlət idarəçiliyinə və ictimai nizama çevrilib. Tarixin hər dövrü bu həqiqəti yenidən təsdiqləyib.
Misir ehramları memarların zəkasını yaşadır. Çin səddi dövlət iradəsinin rəmzinə çevrilib. Afina bu gün də Sokratın sualları ilə xatırlanır. Roma imperiyasından çox Roma hüququ yaşayır. Bağdadın şöhrətini xəlifələrin sarayları yox, Beytülhikmədə çalışan alimlər qoruyub. Gəncənin adı isə əsrlərdir Nizami ilə birlikdə çəkilir. Tarix daşdan tikilən abidələri qoruyur, düşüncədən yaranan irsi isə əbədiləşdirir.
Hər sivilizasiya öz zirvəsinə düşünən insanın çiyinləri üzərində yüksəlib. Bu insanlar müxtəlif adlarla tanınıblar: peyğəmbər, filosof, alim, müəllim, mütəfəkkir, şair, maarifçi. Onların fəaliyyət sahəsi fərqli olub, məqsədləri isə eyni istiqamətə yönəlib. İnsan kamilləşdikcə cəmiyyət inkişaf edib, cəmiyyət inkişaf etdikcə dövlət möhkəmlənib.
İnsanlığın mənəvi tarixində ilk böyük məktəbi peyğəmbərlər yaratdılar: onlar cəmiyyətə inam bəxş etdilər, vicdanı oyatdılar, ədalət anlayışını həyatın mərkəzinə gətirdilər. Qanunun müqəddəsliyi, əmanətə sədaqət, haqqın qorunması, zəifin müdafiəsi və biliyə ehtiram həmin məktəbin əsas sütunlarına çevrildi.
Musa peyğəmbər öz xalqına azadlıq qazandırmaqla yanaşı, qanunun dövlət həyatındakı yerini müəyyənləşdirdi. Daş lövhələrə həkk olunan hökmlər təkcə dini göstərişlər daşımırdı. Onlar ictimai nizamın, məsuliyyətin və hüququn əsaslarını ifadə edirdi.
İsa peyğəmbər insanın daxili aləmini ucaltdı. Mərhəmət, bağışlama və ləyaqət anlayışları sonrakı əsrlərdə hüquq, humanizm və sosial ədalət düşüncəsinin formalaşmasına güclü təsir göstərdi.
Məhəmməd peyğəmbər Mədinədə müxtəlif tayfaları və dini icmaları vahid hüquq sistemi ətrafında birləşdirdi. Qurani-Kərimin çağırışı həmin cəmiyyətin düşüncə istiqamətini müəyyənləşdirirdi:
"Allah sizə əmanətləri öz sahiblərinə verməyi və insanlar arasında hökm etdikdə ədalətlə hökm verməyi əmr edir".
Başqa bir ayədə isə insanın dəyəri biliyin meyarı ilə ölçülür:
"Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?"
Bu iki çağırış dövlətçilik tarixinin dəyişməyən dayaqlarını göstərir: ədalət və elm.
Tarix boyu həmin iki dayağı qoruyan insanlar xalqın mənəvi sütunlarına çevriliblər. Zaman keçdikcə onlar üçün yeni bir ad formalaşıb - ziyalı.
İnsan cəmiyyəti böyüdükcə idarəetmə də mürəkkəbləşirdi. Qanunlar yazılırdı, şəhərlər salınırdı, dövlətlər yaranırdı. Hər yeni mərhələ yeni suallar doğururdu. Hakimiyyət nəyə söykənməlidir? Dövlətin məqsədi nədir? İnsan cəmiyyət qarşısında hansı məsuliyyəti daşıyır? Bu sualların ətrafında yaranan fikir məktəbləri bəşər tarixinin istiqamətini dəyişdirdi.
Qədim Çində Konfutsi dövlətin təməlini insanın mənəvi tərbiyəsində görürdü. Onun fikrincə, ailədə formalaşan əxlaq dövlət idarəçiliyinin xarakterini müəyyən edir. Hökmdarın nüfuzu taxtından yox, davranışından doğur. Xalq qanundan əvvəl nümunəyə inanır.
Qədim Yunanıstanda düşüncə daha fərqli istiqamətdə inkişaf edirdi. Şəhər meydanlarında aparılan mübahisələr dövlətçilik elminin əsaslarını yaradırdı. Sokrat insanı sual verməyə alışdırdı. Həqiqət axtarışı onun həyatının mənasına çevrildi. Afina məhkəməsinin hökmü qarşısında geri çəkilmədi. Ölüm hökmü bir insanın taleyi idi, vicdanın qələbəsi isə bəşəriyyətin qazancı oldu.
Platon müəlliminin ideyalarını dövlət fəlsəfəsinə çevirdi. "Dövlət" əsərində yazdığı filosof-hökmdar modeli hakimiyyətin mənəvi məsuliyyətini izah edirdi. Ağıl, hikmət və ədalət dövlətin əsas dayaqları kimi təqdim olunurdu.
Aristotel siyasi fikri həyatın özündən çıxarırdı. O yazırdı: "İnsan təbiət etibarilə ictimai-siyasi varlıqdır". Bu fikir dövlətçiliyin mahiyyətini bir cümlədə ifadə edirdi. İnsan cəmiyyət qurur, cəmiyyət qanun yaradır, qanun isə dövlətə sabitlik gətirir. Dövlətin qüdrəti vətəndaşın ləyaqəti ilə ölçülür.
Yunan fəlsəfəsinin mirası əsrlər sonra Şərqdə yeni inkişaf mərhələsinə yüksəldi. Bağdadda fəaliyyət göstərən Beytülhikmə dünya elminin mərkəzlərindən birinə çevrildi. Burada qədim yunan əsərləri tərcümə olunur, müzakirə edilir, zənginləşdirilir, yeni elmi istiqamətlər yaranırdı. Şərq alimləri keçmişi qorumaqla kifayətlənmədilər. Onlar bəşəriyyətin elmi xəzinəsinə yeni səhifələr əlavə etdilər.
Əl-Fərabi "Fəzilətli şəhər" əsərində dövləti mənəvi məqsəd ətrafında birləşən insanlar birliyi kimi təqdim edirdi. Fəzilətli insan fəzilətli cəmiyyət yaradır, fəzilətli cəmiyyət isə güclü dövlət qurur.
İbn Sina elmi insanın kamilləşmə yolu hesab edirdi. Onun həyatı bir həqiqəti təsdiqləyirdi: bilik insanı ucaldır, əxlaq həmin biliyə istiqamət verir.
Nəsirəddin Tusi "Əxlaqi-Nasiri" əsərində yazırdı ki, insanın özünü idarə etməsi cəmiyyətin nizamına, cəmiyyətin nizamı isə dövlətin möhkəmliyinə çevrilir. Bu fikir əsrlər keçsə də, öz dəyərini saxlayır.
Şərq hikməti ilə Qərb fəlsəfəsi müxtəlif dillərdə danışırdı. Məna isə ortaq idi. Dövlət insanın ağlı ilə qurulur, vicdanı ilə yaşayır, elmi ilə inkişaf edir. Tarix həmin dəyərləri yaşadan insanları hər dövrdə xalqın önündə görüb. Ziyalılıq da məhz bu uzun mənəvi yolun davamı kimi formalaşıb.
Şərqin elm və hikmət məktəbi dünya düşüncəsinin əsas sütunlarından birinə çevrilmişdi. XII əsrdə Gəncədə yaşayan bir mütəfəkkir həmin irsi poeziyanın dili ilə yeni zirvəyə qaldırdı. Nizami Gəncəvi şeir yazmırdı, insan, cəmiyyət və dövlət haqqında fəlsəfə yaradırdı. Onun əsərlərində hökmdar qılıncın gücü ilə yox, ağlın və ədalətin qüdrəti ilə ucalırdı.
"Sirlər xəzinəsi" insanın daxili aləmini kamilləşdirən mənəvi məktəbdir. "Xosrov və Şirin", "Leyli və Məcnun" və "Yeddi gözəl" insan xarakterinin müxtəlif tərəflərini açır. "İsgəndərnamə" isə dövlət idarəçiliyi haqqında yazılmış ən dərin bədii-fəlsəfi əsərlərdən biridir. Nizaminin İsgəndəri yalnız fateh kimi təqdim olunmur. O, səfər etdikcə öyrənən, alimlərlə söhbət edən, hikmət axtaran hökmdardır. Qələbə onun üçün məqsəd yox, məsuliyyətdir.
Böyük Nizamidən yazıya epiqraf kimi verdiyimiz iki misra əsrlər boyu Azərbaycan düşüncəsinin istiqamətini müəyyən edən ən güclü fikirlərdən birinə çevrilib. Burada dövlətin gələcəyi, xalqın rifahı və insanın kamilliyi eyni mənbəyə - elmə bağlanır.
Nizami hökmdarın qarşısına alimləri çıxarır, müdriklərin dilindən həqiqəti söyləyir. O, dövlət başçısına tərif yazmır. Dövlət idarəçiliyinin mənəvi ölçülərini göstərir. Ədalət, mərhəmət, elm və məsuliyyət həmin ölçülərin əsasını təşkil edir. Buna görə də Nizaminin əsərləri ədəbiyyat tarixindən daha çox dövlətçilik fəlsəfəsinin xəzinəsinə aiddir.
Azərbaycan fikir tarixinin sonrakı mərhələləri də həmin irsin üzərində yüksəldi. Nizaminin yaratdığı hikmət məktəbi əsrlər boyu alimlərə, şairlərə və dövlət adamlarına təsir göstərdi. Bu ənənə XIX əsrdə yeni məzmun qazandı. Dünya sürətlə dəyişirdi. Sənaye inqilabı, yeni elmi kəşflər, mətbuatın inkişafı və Avropada formalaşan maarifçilik ideyaları Qafqaza da çatırdı. Azərbaycan ziyalıları qarşılarında yeni vəzifə görürdülər. Milli kimliyi qorumaq, xalqı maarifləndirmək və gələcək dövlətçiliyin intellektual təməlini yaratmaq.
Həmin dövrdən başlayaraq Azərbaycan ziyalılığı dünya fikir tarixinin davamçısı olmaqla yanaşı, öz milli məktəbini də formalaşdırmağa başladı. Burada Şərqin hikməti, Avropanın elmi və Azərbaycan xalqının tarixi təcrübəsi bir düşüncə məkanında qovuşurdu.
XIX əsrin ikinci yarısı Azərbaycan tarixində milli oyanış dövrü kimi yadda qaldı. Bu oyanışın mərkəzində siyasi təşkilatlar yox, fikir adamları dayanırdı. Məktəb açmaq, qəzet nəşr etmək, kitab yazmaq, teatr yaratmaq, ana dilini qorumaq həmin dövrün ən böyük milli xidmətləri sayılırdı. Xalqın gələcəyinə aparan yol savaddan, elmə maraqdan və milli özünüdərkdən keçirdi.
Mirzə Fətəli Axundzadə xalqın tərəqqisini düşüncə azadlığı ilə əlaqələndirirdi. Onun əsərlərində cəhalət tərəqqinin qarşısını alan əsas maneə kimi təqdim olunur. Yazdığı hər sətirdə eyni məqsəd görünür: insanın düşüncə imkanlarını genişləndirmək. Bu baxış Azərbaycan maarifçiliyinə yeni istiqamət verdi.
Həsən bəy Zərdabi həmin ideyanı xalqın gündəlik həyatına gətirdi. "Əkinçi" qəzeti xəbərlər toplusu deyildi. O, cəmiyyətlə aparılan açıq söhbət idi. Kəndlinin zəhməti, müəllimin məsuliyyəti, həkimin xidməti, elmin faydası, təhsilin əhəmiyyəti eyni məqsədə xidmət edirdi: düşünən və məsuliyyət daşıyan vətəndaş yetişdirmək.
Maarifçilik hərəkatı zaman keçdikcə milli ideologiyanın təməlini formalaşdırdı. Əli bəy Hüseynzadə irəli sürdüyü "Türkləşmək, islamlaşmaq, müasirləşmək" düsturu ilə xalqın tarixi yaddaşını, mənəvi dəyərlərini və gələcəyə baxışını vahid sistem halına gətirdi. Bu fikir cəmiyyətin inkişaf istiqamətini müəyyən edən intellektual proqram idi.
Əhməd bəy Ağaoğlu hüquq mədəniyyəti, vətəndaş məsuliyyəti və azad düşüncə haqqında yazıları ilə Azərbaycan siyasi fikir tarixində yeni mərhələ açdı. Onun əsərlərində dövlətin gücü qanunun aliliyi, təhsilin səviyyəsi və vətəndaşın məsuliyyəti ilə ölçülürdü.
Bu ideyalar XX əsrin əvvəllərində siyasi iradəyə çevrildi. Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları uzun illər formalaşan milli düşüncəni dövlət quruculuğunun əsasına çevirdilər. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti təsadüfi siyasi hadisə deyildi. O, onilliklər boyu aparılan maarifçilik hərəkatının, milli mətbuatın, yeni məktəblərin və yetişən ziyalı nəslinin məntiqi nəticəsi idi.
Cümhuriyyət cəmi iyirmi üç ay yaşadı. Bu qısa zaman ərzində qəbul olunan qərarlar Azərbaycanın gələcək inkişaf istiqamətini müəyyənləşdirdi. Parlament idarəçiliyi, milli ordu, dövlət dili, müasir təhsil sistemi və qadınlara seçki hüququ həmin dövrün siyasi mədəniyyətini ifadə edirdi. Dövlət süqut etdi, ideya yaşadı. Çünki düşüncə tarixdə sərhəd tanımır. O, bir nəsildən digərinə keçir, zamanı yetişəndə yenidən dövlətə çevrilir.
Azərbaycan ziyalılığının gücü də məhz buradan qaynaqlanır. O, xalqın yaddaşını qoruyur, milli məqsədi müəyyən edir və gələcəyin istiqamətini göstərir. Dövlətçilik həmin düşüncənin siyasi ifadəsinə çevriləndə millətin tarixi yeni mərhələyə qədəm qoyur.
1920-ci ilin aprelindən sonra Azərbaycanın siyasi taleyi dəyişdi. Dövlət müstəqilliyi sona çatdı, Cümhuriyyətin qurduğu institutlar fəaliyyətini dayandırdı. Tarix isə yeni bir sınaq dövrünü başladı. Həmin dövrün əsas sualı belə idi: milli düşüncə yaşaya biləcəkmi?
Cavabı Azərbaycan ziyalıları verdi.
Onlar xalqın tarixini araşdırdılar, klassik ədəbiyyatı nəşr etdilər, ana dilini inkişaf etdirdilər, elmi məktəblər yaratdılar, milli musiqini və incəsənəti qorudular. Hər yazılan kitab, hər açılan auditoriya, hər elmi tədqiqat gələcək müstəqilliyin görünməyən dayaqlarına çevrilirdi. Dövlət siyasi müstəvidə mövcud olmasa da, milli şüur yaşayırdı.
XX əsrin yetmişinci illərində bu proses daha ardıcıl xarakter aldı. Heydər Əliyev insan kapitalını dövlət siyasətinin strateji istiqaməti kimi müəyyənləşdirdi. Respublikada yeni ali məktəblər inkişaf etdirildi, elmi müəssisələrin fəaliyyəti genişləndirildi, minlərlə azərbaycanlı gənc keçmiş ittifaqın aparıcı ali təhsil ocaqlarına göndərildi. İdarəçilik, mühəndislik, hərb, hüquq, tibb və digər sahələr üzrə milli kadr ehtiyatı formalaşmağa başladı.
Bu siyasətin mühüm nəticələrindən biri Azərbaycan dilinin ictimai mövqeyinin möhkəmlənməsi idi. Ana dili məktəbdə, universitetdə, elmdə və mədəniyyətdə daha geniş yer tutdu. Tarixi irsin araşdırılması, klassiklərin yubileylərinin dövlət səviyyəsində keçirilməsi, milli mədəniyyət nümunələrinin qorunması xalqın tarixi yaddaşını gücləndirdi. Ziyalı ilə dövlət arasında qarşılıqlı etimad mühiti formalaşırdı.
Tarix bəzən öz qiymətini uzun illər sonra verir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə ölkənin müxtəlif sahələrində çalışan peşəkar milli kadrlar artıq yetişmişdi. Dövlət idarəçiliyindən elmə, təhsildən iqtisadiyyata qədər formalaşmış insan potensialı yeni dövlətin əsas dayaqlarından birinə çevrildi.
Müstəqillik böyük sevinc yaratdı. Qarşıdakı vəzifələr isə daha böyük məsuliyyət tələb edirdi. Yeni dövlət qurulurdu. Yeni Konstitusiya hazırlanmalı, ordu yaradılmalı, iqtisadiyyat yenidən təşkil edilməli, beynəlxalq münasibətlər sistemi formalaşdırılmalı idi. Tarix Azərbaycanın qarşısına ən çətin imtahanlardan birini çıxarmışdı. Bu imtahanda ziyalının sözü, təcrübəsi və dövlətçilik mövqeyi əvvəlki dövrlərlə müqayisədə daha böyük əhəmiyyət daşıyırdı.
1992-ci il Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən illərdən biri oldu. Müstəqillik qazanılmışdı, dövlət idarəçiliyi isə hələ möhkəm bünövrə üzərində qurulmamışdı. Qarabağda müharibə genişlənirdi. Xocalıda törədilən soyqırımı xalqın qəlbində dərin yara açmışdı. Şuşa və Laçının işğalı cəmiyyətə ağır zərbə vurmuşdu. Cəbhədə itkilər artır, ölkə daxilində siyasi qarşıdurma dərinləşirdi.
Bir tərəfdə uzun illər formalaşmış sovet idarəetmə sistemi dağılmışdı. Digər tərəfdə milli azadlıq hərəkatının yetirdiyi yeni siyasi qüvvələr dövlət idarəçiliyinin mürəkkəb mexanizmi ilə üz-üzə qalmışdı. Səmimiyyət, vətənpərvərlik və fədakarlıq xalqı mübarizəyə ruhlandırırdı. Dövlət idarəçiliyi isə təcrübə, strateji baxış və institutlar tələb edirdi. Tarixin həmin məqamında bu iki reallıq bir-biri ilə toqquşurdu.
Belə bir şəraitdə Azərbaycanın tanınmış elm, ədəbiyyat, mədəniyyət və ictimai fikir nümayəndələrindən ibarət 91 ziyalı xalqa və dövlətə qarşı məsuliyyət hissi ilə hərəkət etdi. Onların Heydər Əliyevə ünvanladıqları müraciət siyasi polemika nümunəsi kimi yox, dövlətçilik sənədi kimi tarixə daxil oldu. Müraciətin ruhunda bir fikir aydın görünürdü: dövlətin taleyi hər cür siyasi fərqdən uca dayanır.
1993-cü ilin iyun hadisələri bu narahatlığın əsaslı olduğunu göstərdi. Gəncədə baş verən qiyam ölkəni vətəndaş qarşıdurmasının astanasına gətirdi. İdarəetmə zəifləyirdi, silahlı qarşıdurma genişlənirdi, müstəqillik təhlükə qarşısında qalırdı. Xalqın diqqəti təbii olaraq dövlətçilik təcrübəsinə yönəldi.
Sonrakı mərhələdə ölkədə sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi, hüquqi islahatların başlanması, iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsi və milli ordunun gücləndirilməsi yeni inkişaf mərhələsinin əsasını qoydu. Dövlət idarəçiliyi ardıcıllıq qazandıqca cəmiyyət də öz gələcəyinə daha inamla baxmağa başladı.
Bu hadisələr Azərbaycan ziyalılığı üçün mühüm nəticə ortaya qoydu. Ziyalının missiyası gündəlik siyasi mübahisələrdə tərəf tutmaqdan daha geniş məna daşıyır. Onun sözü xalqın mənəvi birliyini möhkəmləndirməli, dövlətçilik şüurunu gücləndirməli, gələcək nəsillərdə məsuliyyət hissi formalaşdırmalıdır. Tarix məhz belə mövqeləri uzunömürlü edir. Zaman keçir, hadisələr dəyişir, insanlar dəyişir. Dövlətə xidmət edən fikir isə xalqın yaddaşında yaşayır və hər yeni nəslin düşüncəsinə yol göstərir.
XXI əsr yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də gətirdi. Rəqəmsal texnologiyalar dövlətlərin inkişaf sürətini dəyişdirdi, süni intellekt elmi araşdırmaların və iqtisadiyyatın ayrılmaz hissəsinə çevrildi, informasiya qlobal güc amili qazandı. Dünya yeni mərhələyə qədəm qoydu. Bu mərhələnin əsas sərvəti neft, qaz və ya təbii ehtiyatlar yox, bilik oldu.
Azərbaycan da həmin prosesin iştirakçısıdır. Azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işləri, yeni nəqliyyat dəhlizləri, rəqəmsal infrastruktur, müasir universitetlər, elmi tədqiqat mərkəzləri və texnoloji layihələr gələcəyin konturlarını müəyyənləşdirir. Bu inkişafın arxasında mühəndisin düşüncəsi, müəllimin zəhməti, alimin araşdırması, həkimin biliyi, hərbçinin peşəkarlığı, hüquqşünasın məsuliyyəti dayanır. Hər biri eyni məqsədə xidmət edir: güclü Azərbaycan.
Yeni dövrün təhlükələri də fərqli mahiyyət daşıyır. İnformasiya təhrif olunur, tarix saxtalaşdırılır, milli yaddaş hədəfə çevrilir. Belə şəraitdə ziyalı cəmiyyətin düşüncə təhlükəsizliyini qoruyan əsas qüvvələrdən biridir. O, faktı ehtimaldan, həqiqəti təbliğatdan, milli marağı emosional çağırışlardan ayırmağı bacarmalıdır. Elmi dürüstlük onun peşə keyfiyyəti, vətəndaş məsuliyyəti isə mənəvi ölçüsüdür.
Tarixə nəzər saldıqda bir qanunauyğunluq görünür. Güclü ordular sərhədləri qoruyur, güclü iqtisadiyyat rifah yaradır, güclü elm isə dövlətin gələcəyini təmin edir. Elmə münasibət gələcəyə münasibətdir. Təhsilə qoyulan sərmayə sabahın dövlətinə qoyulan sərmayədir. Ziyalı həmin gələcəyin memarlarından biridir.
Azərbaycan dövlətçilik tarixinin müasir mərhələsində Ümummilli Lider Heydər Əliyev azərbaycançılığı milli həmrəyliyin, dövlətə sədaqətin və milli kimliyin ideoloji dayağı kimi formalaşdırdı. Bu ideya fərqli baxışları bir məqsəd ətrafında birləşdirdi: güclü, müstəqil və inkişaf edən Azərbaycan. Bu düşüncənin yaşaması və gələcək nəsillərə ötürülməsi ilk növbədə ziyalıların mənəvi məsuliyyətidir. Çünki ideologiyalar qanunlarla qəbul olunur, düşüncə ilə yaşayır.
Bu siyasi-fəlsəfi xətt bu gün İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Elmə, təhsilə, mədəniyyətə, gənclərin hazırlanmasına, rəqəmsal texnologiyalara, innovasiyalara və insan kapitalının inkişafına göstərilən diqqət Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Bu istiqamət yeni imkanlar yaradır. Həmin imkanların milli uğura çevrilməsi isə bilavasitə ziyalıların düşüncəsindən, elmi potensialından, peşəkarlığından və milli məsuliyyətindən asılıdır.
Mənim təsəvvürümdə ziyalı diplomu ilə seçilən adam deyil. Vəzifəsi ilə tanınan adam da deyil. Ziyalı öz biliyini vicdanla birləşdirən, xalqının tarixini dərindən bilən, dövlətinə məsuliyyət hissi ilə yanaşan, həqiqəti şəxsi maraqlardan üstün tutan insandır. Onun sözü cəmiyyəti ayırmır, düşündürür. Onun fəaliyyəti şəxsi nüfuz yaratmır, milli güc yaradır.
Tarix insanlardan iki sual soruşur. Nə qazandın? Nə qoyub getdin?
Birinci sualın cavabı zaman keçdikcə unudulur. İkinci sualın cavabı isə xalqın yaddaşında yaşayır. Sokratdan qalan suallar, Nizamidən qalan hikmət, Tusidən qalan elm, Axundzadədən qalan maarifçilik, Zərdabidən qalan mətbuat, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından qalan dövlətçilik düşüncəsi bu gün də yaşayır. Onların irsi bir həqiqəti təsdiqləyir: insan ömrü məhduddur, fikir ömrü isə xalqın yaddaşı qədər uzundur.
Ziyalı haqqında düşünərkən mən həmin yaddaşı qoruyan insanı görürəm. Millətin mənəvi dayağını möhkəmləndirən, dövlətçiliyi bilik və vicdanla yaşadan, gələcək nəsillərə yol göstərən insanı görürəm. Azərbaycanın sabahkı uğurları, elmi nailiyyətləri, iqtisadi qüdrəti, mədəni yüksəlişi və yeni qələbələri həmin düşüncənin gücündən qidalanacaq. Güclü dövlət güclü düşüncə üzərində yüksəlir. Güclü düşüncənin müəllifi isə ziyalıdır.
Baxış sayı: 105
Dutch portal highlights Azerbaijan-Armenia peace process
Azerbaijan and Türkiye discuss military cooperation
U.S. Congress hosts international conference on right of return
Baku hosts official opening ceremony of OIC Parliamentary Union Conference
Presidents Ilham Aliyev and Serdar Berdimuhamedov viewed bullet-riddled busts of Azerbaijan’s prominent figures in Shusha
