FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Səssiz qəhrəmanlıq
24-06-2025, 11:00 | MƏDƏNİYYƏT
Səssiz qəhrəmanlıq

İrəvanlılar... Mənim üçün bu ad təkcə bir coğrafi mənsubiyyət deyil. Bu adın içində itirilmiş evlərin qoxusu, köç zamanı susub dözən qadınların baxışları, bir də özünü tanıyandan millətə xidmət edən insanların izləri var. Onlar səs-küy salmadan gəlir, səssizcə yaşayır, öz işlərini görür və bir gün arxalarında silinməyən iz buraxaraq bu dünyadan köçürlər. Elə Cəlil müəllim kimi...

Bu fikirlər İrəvan şəhər İcmasının sədri, professor Fəridə Səfiyevanın “Səssiz qəhrəmanlıq: Cəlil müəllimin ömür hekayəsi” sərlövhəli yazısında yer alıb. Fact-info.az yazını təqdim edir.

Cəlil Tarıverdiyev... Onu ilk dəfə görəndə elə bildim illərdir tanıyıram. Baxışlarında o doğma tanışlıq, o dərin məğrurluq vardı – doğma torpaqdan qopub gəlmiş, amma ruhunda o torpağın hər daşını, hər kölgəsini daşıyan bir İrəvanlının baxışları. Oturuşu, danışığı, söhbət zamanı əlini masanın kənarına toxundurması – bunların hamısı nəsə unudulmuş, amma qayıtmağa can atan bir yaddaş oyadırdı.

Cəlil müəllim danışanda insanın diqqəti səsinə yox, dediklərinin arxasında dayanan şəxsiyyətə yönəlirdi. Hər sözü, hər xatirəsi bir daş kimi yerini tapırdı. O, İrəvan ailəsindən olduğunu tez-tez dilə gətirməzdi, amma onunla bir az ünsiyyətdə olan hər kəs anlayardı: bu adam bir şəhərin – köçürülmüş, susdurulmuş, amma heç vaxt unudulmamış bir şəhərin övladıdır.

Ailə tarixindən, babasından, əmisi oğlanlarından danışarkən, göz önündə İrəvanın daş döşəməli küçələri, yastı damlı evləri, Azərbaycan türkcəsində danışan insanları canlanardı. Onun üçün bu xatirələr tarix kitabından kəsilmiş parçalar deyildi – canlı, nəfəs alan, səssiz danışan ruhlardı.

Peşəkar həyatında o, sadəcə mühəndis deyildi – o, quran və yaradan insan idi. 1972-ci ildə rəhbərlik etdiyi zavoddan çıxan dəmir-beton plitələr Gülüstan sarayının, Əl oyunları sarayının tavanlarına çevrildi. Həmin illərdə memarlıq üslubu ilə xalqın ruhu birləşirdi. Cəlil müəllim isə bu birliyin səssiz qəhrəmanlarından biri idi – adını lövhələrə yazdırmayan, amma hər daşın altında izi qalan insanlardan...

Cəlil müəllimin ictimai fəaliyyəti də zəngin idi. Xətai rayonundan iki dəfə deputat seçilmiş, Kənd Təsərrüfatı Komitəsində sədr müavini vəzifəsində çalışmışdı. 1989-cu ildə “Azərittifaq”da sədr müavini olarkən Qarabağa ezam edilmiş, o zaman münaqişənin yenicə alovlandığı günlərdə müdafiə istehkamlarının, səngərlərin tikintisinə rəhbərlik etmişdi. Birinci Qarabağ müharibəsinin veteranı idi.

Amma Cəlil müəllimin həyatında ən dəyərli səhifə ailəsi idi. Həyat yoldaşı Rəna xanım İbrahimbəyova təkcə Azərbaycanın tanınmış alim və ziyalısı deyil, həm də böyük İbrahimbəyovlar nəslinin ləyaqətli davamçısıdır. Eksperimental psixologiya elminin banisi Fuad İbrahimbəyovun qızıdır. Rəna xanımın əmisi oğlanları ədəbiyyat və kino sahəsinin görkəmli simaları – Rüstəm və Maqsud İbrahimbəyovlardır.

Bakı Dövlət Universitetində Rəna xanımın tələbəsi olmaq xoşbəxtliyi mənə nəsib olub. Onun zərif duruşu, nitqindəki kübarlıq əsil ziyalılığın simvolu idi. O, təkcə elmi bilik vermirdi – insan ruhuna işıq saçırdı..

Cəlil müəllimlə Rəna xanım birlikdə bir iş də qurmuşdular – kəlağayı. Bu söz bir dövrün, bir estetik düşüncənin, bir mədəniyyətin adı idi. Onlar bu qədim sənəti müasir dövrə daşıdılar. Əsl ipəkdən, əsl naxışla hazırlanmış kəlağayılar təkcə baş örtüyü deyil, bir kimlik bəyanı, mədəniyyət çağırışıdır. Bu işi onlar bir biznes kimi yox, bir missiya kimi qəbul etdilər. Bu missiyanı sevgi ilə, səbirlə, zövqlə həyata keçirdilər.

Cəlil müəllimin bir arzusu vardı – qədim İrəvan kəlağayısının naxışını tapıb onu yenidən millətə qaytarmaq. Dəfələrlə deyərdi: “Gərək o ornamenti tapıb yaşadaq. O naxış itibsə, İrəvanın bir nəfəsi də onunla itib...”

Biz çox adamlarla danışdıq, çox qapılar döydük – hələ ki, o naxış tapılmayıb. Amma mən inanıram – nə vaxtsa bir nənənin sandığından, bir xatirə qutusundan çıxacaq. O zaman Cəlil müəllimin ruhu rahatlıq tapacaq.

Cəlil müəllimin və Rəna xanımın mənə hədiyyə etdiyi bir kəlağayı var – ipək kimi yumşaq, xatirə kimi dərin. Hər dəfə onu taxanda mən yalnız bir zinət əşyasını yox, bir ömrün niyyətini, sevgisini, səssiz qəhrəmanlığını başıma salıram. O kəlağayının içində Cəlil müəllimin baxışı, səsi, sükutla danışan hekayəsi var.

Bu gün Cəlil müəllim haqq dünyasına qovuşub. Amma onun əlləri ilə yaratdığı işlər yaşayır. Sarayın tavanında, kəlağayının naxışında, Rəna xanımın davam etdirdiyi yolda yaşayır. Cəlil müəllim və Rəna xanım – bu adları düşünəndə ağlıma bircə cümlə gəlir: Səssizcə sevən, səbirlə yaradan, sayğı ilə yaşayan insanlar...




Baxış sayı: 120
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30